Vidadi Həsənov: “Teatr tənəzzüldədir”
deyənlər gerçəkliyi görmürlər”
Əməkdar
artist, Mədəniyyət və İncəsənət
Universitetinin müəllimi, “M.Teatr Production”un
bədii rəhbəri Vidadi Həsənovun teatr və kinomuzun
hazırkı vəziyyəti, perspektivləri barədə
müsahibəsini təqdim edirik.
- Vidadi müəllim, teatr sahəsilə
bağlı görülən son işlərə münasibətiniz
necədir?
-
Düşünürəm ki, Azərbaycan prezidentinin ölkəmizin
mədəniyyət xadimlərilə bu günlərdə
keçirilən görüşü çox əlamətdar
bir hadisədir. Son illərdə ilk dəfə
idi ki, birbaşa belə bir ünsiyyət oldu. Ölkəmizin yüksəlişindən tutmuş
problemlərə qədər hər şeydən
danışıldı. Ondan sonra sanki teatr
mühitində canlanma yaranıb. Məsələn, Şuşa Teatrının binası çox
gözəl şəkildə təmir olunub təhvil verildi.
Bu proses növbəti teatrlar üçün də nəzərdə
tutulur. Mədəniyyət nazirinin
keçirtdiyi mətbuat konfransında da dediyi kimi, bizim Yuğ
Teatrı haqqında da düşünülür artıq.
Biz hələ ki, yeri-yurdu olmayan teatrıq
axı (gülür). Bəli, biz Kukla
Teatrının kollektivi ilə çox gözəl münasibətdəyik,
ancaq “el-elə sığışar, ev-evə
sığışmaz” - deyirlər. Biz
demirik ki, bizə cah-cəlallı, əzəmətli bina
verilsin. Sadəcə teatrın öz
funksionallığını bərpa edə biləcəyi,
rahat adaptasiya olacağı yeri olsa, çox gözəl olar.
Bu son hadisələr əslində, çox şeylər
vəd edir. Məncə, bu görüş teatr cameəsi
üçün bir başlanğıc olmalıdır. Teatrlar özü də hərəkətə
keçməli, çıxış yolları
axtarmalıdır. Hər şeyi dövlətdən
gözləmək olmaz. Dünya bizdən
yeni ideyalar tələb edir. Biz birlikdə
buna cavab verməliyik. Teatr əhli
özü yeni ideyalarla çıxış etməlidir.
Eybi yox, qoy, o ideyalar 3-5 ildən sonra işə
yaramasın, ancaq görək ki, hərəkət var.
- Sizin nəzərinizdə
aktyor kimdir?
- Aktyor heç
bir müəlliflik hüququ olmayan fədakar insandır. Baxın, teatr sahəsində daxili xırda çəkişmələrdən
tutmuş, böyük söz-söhbətlərə qədər
bütün problemlərin alt qatında aktyorun tamaşa
oynamaq, rejissorun tamaşa qurmaq istəyi durur. Bu qədər çətin şəraitə baxmadan
onlar işləmək istəyirlər. Ona
görə də əksər ailələr övladlarına
ya “hüquqşünas ol”, ya da “həkim ol” deyirlər.
Heç kim “get aktyor ol” demir. Çünki aktyor sənəti üzdə olan, amma
müəllifliyi olmayan sənətdir. Yazıçı,
ssenarist, rejissor, rəssam, bəstəkar - hamısı öz
əsərinin müəllifidir. Onu onlardan
almaq olmaz. Amma aktyorun belə bir hüququ
yoxdur. Halbuki digər sənətçilər
kimi, sən də zəhmət çəkirsən. Hətta
yazıçı yazdı, rejissor qurdu, rəssam səhnə
tərtibatını verdi, aktyor olmayandan
sonra nəyə lazımdır bu? Onu
tamaşaçıya təqdim edən aktyordur. Bizim işimiz dəniz kənarındakı ləpədöyəndə
qoyulan iz kimidir. İndi nə yaxşı
ki, kino var, serial var, televizor var, tarixə düşür
rollar. Onlar da olmasa heç bir hüququ
olmayan işlə məşğuluq. Amma
bununla belə məşğul olmaq istəyirik.
- Bəzən
son 15-20 illik Azərbaycan teatrından danışarkən bu
dövrü “teatrın tənəzzül dövrü” kimi
xarakterizə edirlər.
- Ümumiyyətlə, bu fikirlə razı deyiləm. Bu, ya bəzi insanların teatra həddindən artıq tələbkarlığındandır ki, indi dünya teatrları insanların ovuclarının içindədir, görürlər, müqayisə edirlər. Ya da o fikrdə olanların heç teatrdan xəbərləri yoxdur. Əvvəl yenə heç olmasa, televiziya kanallarında teatr tamaşaları olardı, aktyorlar göz önündə olardı. Tamaşaçı da görürdü, tanıyırdı. İndi belə şeylər yoxdur axı. Teatra da hər adam gəlmir. Marks demişkən, ədəbiyyatı başa düşmək üçün gərək adamın heç olmasa bir az ədəbiyyat anlayışı olsun. İnsan var ki, onun teatr haqqında heç bir bilgisi, marağı yoxdur. Onun teatra gəlməyinin nə mənası? Teatr tənəzzül edir deyən adamlar gerçəkliyi görmürlər. Teatr canlı orqanizmdir, uğurları da var, çatışmazlıqları da. Əsas olan odur ki, yerində dayanmır, hərəkət edir.
- Nəsillər dəyişir, Yuğ Teatrına da gənclər cəlb olunur. Bu dəyişimlərin fonunda Vaqif İbrahimoğlu ənənələri, Yuğ estetikası nə dərəcədə qorunub-saxlanır?
- Təbii ki, nəsillər dəyişməlidir. Bəzən mən elə getmək istəyirəm, təqaüd yaşımı gözləməyə səbrim çatmır. Bəzən isə yaşı 65-i keçmiş aktyorlarımız belə qalıb işləmək istəyirlər. Çünki alacaqları təqaüd onları təmin etməyəcək qədər azdır.
- Vidadi müəllim, aktyora təqaüd yaşı ölçmək, onu məcbur təqaüdə göndərmək nə qədər doğrudur? Bəs tamaşalardakı qoca rollarını kimlər oynayacaq?
- Vaxtilə problem o idi ki, yaşlı aktrisalarımız
cavan qız rolunu oynamaq istəyirdilər. İndi isə vaxt gələcək
qoca rolunu oynamağa aktyor tapılmayacaq. Məcbur cavan adam onu
oynayanda da biz axıra kimi inanmayacağıq. Amma bütün
hallarda bu məsələlər düzələndir. Dünya
praktikasındakı özəl teatrlarda ştat cədvəli
yoxdur. Hansısa əsəri hazırlamaq istəyəndə
prodüsser rejissoru, rejissor da aktyorlarını seçir, qoca
lazımdı qoca aktyor dəvət edir, müəyyən
müddət hazırlaşıb tamaşanı oynayırlar,
bölgələrə, xarici səfərlərə gedirlər.
Bir sezonu cəmi bir tamaşa ilə yekunlaşdırırlar.
Sezon sonunda hər kəs qazandığını qazanır.
Yeni sezonda yeni əsər və yeni truppa toplanır. Burada
aktyor və rejissorlar üçün bir rəqabət
imkanı olur ki, necə eləsin ona hər zaman tələbat
olsun. Dövlət teatrlarında aylıq maaşdır, oynasan
da, oynamasan da. Nə rəqabət olur, nə həvəs. Orada
yaşlı, cavan aktyor problemi yoxdur.
- Yenidən
qayıdaq “Yuğ”a...
- Teatra gələn
bir nəfər belə özüylə yeni nəfəs, yeni
ruh gətirir. İndi cavanlar işləməlidir.
Vaqif İbrahimoğlu bu estetikanı əldə etmək, təsdiqləmək
üçün 20 il yol gəldi. Vaqif İbrahimoğlu həm də bizim o mənada
nailiyyətimizdir ki, o, özündən sonra bir poetika qoyub
getdi. Yuğ Teatrı bu gün də
çalışır ki, o poetikanı qoruyub saxlasın.
Əlbəttə, bundan sonra da kim
olur-olsun, Vaqif İbrahimoğlu olmayacaq. Amma
bütün sistemlər, poetikalar ona görə
yaxşıdır ki, hər kəs ondan bəhrələnib
özünü ifadə edə bilir.
-
Teatrşünaslarla teatrların qarşılıqlı
münasibəti haqda nə düşünürsünüz?
- Bildiyim
qədərilə, teatrşünaslar üçün
teatrlarda ayrıca ştat yoxdur. Bu isə
teatrların günahı deyil. Onlar
lazımi qurumlara müraciət etməlidirlər bu haqda.
Amma o ki qaldı teatrşünaslarla teatrların
qarşılıqlı münasibətinə, onlar özləri
bir az teatra yaxın gəlməlidirlər.
Teatrşünaslıq olmasa, teatrın
inkişafı olmayacaq. Çünki sıravi
tamaşaçının “bu, xoşuma gəldi, bu, gəlmədi”
fikriylə iş görmək olmaz. Teatrşünas
isə tamaşa haqqında lazımi təhlili verirlər.
Amma son dövrlərdə mən hələ
görməmişəm ki, hansısa teatrşünasın
yazdığı yazıya görə on nəfər gəlib
o tamaşaya bilet alsın. Axı, sənin
yazdığın yazı da teatra fayda gətirməlidir.
Belə teatrşünaslarımız olub. Düşünürəm ki, teatrın
inkişafı üçün lazım olanlardan biri də
“iti diş” teatrşünasların yetişməsidir.
- “M.
Teatr” yaratdınız, amma davam etmirsiniz, deyəsən...
- Biz fəaliyyətimizi dayandırmamışıq, amma davam etmək üçün maliyyəyə ehtiyac var. Nə edək ki, kapitalist zamanında hər şeyi müəyyənləşdirən bir şey var: pul. Özəl teatrların yaranması vacibdir. Artıq yaranmış bir neçə teatra diqqət, qayğı lazımdır. Təəssüf ki, yaratdığın teatrla 3-5 il nəsə eləmək olur, sonra isə alınmır. Özəl teatrlar gənc nəslin yetişməsi üçün çox vacibdir, bir növ tramplindir. Yenə xaricin təcrübəsinə baxsaq, məsələn, Moskvada az qala hər metronun çevrəsində bir teatr var. Şəhər mühitidir, insanlar işdən sonra 1-2 saatlıq yol qət edib teatra gələ bilmirlər. Niyə onların yaşadığı ərazidə kiçik teatr olmasın ki? Orda yetişən aktyorlar sabah aktyorluq məktəbinin davamçılarına, oraya gedən tamaşaçılar isə sonradan böyük teatrların hazırlıqlı tamaşaçılarına çevriləcəklər. Mövcud teatrlarımız kifayət qədər iş görürlər. Ancaq bu, insan düşüncəsinin, qəlbinin, hisslərinin tam həddi deyil axı. Buna görə də teatrlar çox olmalıdır. Tiflisdə teatrların sayı-hesabı yoxdur. İnsanlar da öz zövqlərinə uyğun teatrlara gedirlər. Bizdə də çox olsa, onda insanların mədəniyyətlə ünsiyyəti daha rahat olacaq.
- Siz həm də müəllimsiniz. Bir müəllim kimi gənclərimizdə istedad və zəhmətin nisbətini necə görürsünüz?
- Bunu ölçmək mümkün deyil. Bəzən müşahidələr aldadıcı olur. Şəxsi pedaqoji təcrübələrimdə belə nümunələr var ki, “bundan aktyor” olmaz deyə düşündüyümüz indi ən məşhur aktyorlardan biridir. Mənimçün müəllim tələbənin istedad və potensialını ortaya qoyması üçün şərait yaradan adamdır. Heç bir sənəti onu öyrənmək istəməyən insana öyrətmək olmaz. Onun istəməsi üçün də özünü bu sənətdə göstərmək imkanı olmalıdır. İstedad və zəhmətsevərlik hamıda eyni deyil. Bir qrupdakı 15 tələbənin içindən bir neçə nəfər aktyor çıxır, ya yox. Ona görə də biz teatra gələn istedadlı gəncləri qorumağa çalışırıq. Çünki onlardan çox azdır. Amma bunu əminliklə deyə bilərəm ki, Azərbaycan teatrında heç zaman yaradıcı insan qıtlığı olmayacaq, bu zəncir heç zaman qırılmayacaq. Çünki bu xalqın özü istedadlıdır. Ona istedadını göstərmək üçün şərait yaratmaq lazımdır.
- Bir az da kinematoqrafiyadan danışaq. Çünki son görüşdə bu məsələ də gündəmə gətirildi və orada da irəliləyişi gördük. Bundan sonra kinodan nə gözləyirsiniz?
- Həmişə gözlədiyimizi... Son on ildə kinomuzda görülən işlərə baxsaq, bu zamanda 4-5 film çəkmişik və onlar da beynəlxalq festivallar gəzir. Biz Hollivud, ya da Bollivud deyilik ki, ilə yüz kino çəkək. Hətta cəmi bir kino çəkdiyimiz il olur ki, o kino bütün festivalları gəzir, mümkün nominasiyaların hamısında da mükafatlar qazanır. Qeyri-təvazökarlıq kimi olsa da, “Çölçü” filmini misal göstərim. Ssenari müəllifi və rollardan birində mənəm. Film 25-ə yaxın beynəlxalq festivalda iştirak edib, 17-18 mükafat qazanıb. Elə festival olub ki, mümkün nominasiyaların hamısını alıb. Almadığı bir mükafat qalmışdı: “İkinci plan aktyoru”, onu da bu yaxınlarda getdiyi festivalda qazandı. Film gedir festivalda iştirak edir, mümkün mükafatları alır gəlir, bayrağımızı qaldırır. Nə olsun? Amma baxın, idmançı gedir hansısa yarışda yer tutur, gəlir, ona diqqət, qayğı sonsuz halda göstərilir. O biri idmançı da ona baxıb daha çox çalışır ki, mən də qazanım, mənə də bu qayğı göstərilsin. Onların elədiyini biz də edirik, Azərbaycanın adını tanıdırıq, bayrağını qaldırırıq, amma özümüzdən başqa heç kim görmür. “Azərbaycanda kino yoxdur” deyənlər, kinomuzdakı gözəllikləri, inkişafı görmək istəməyənlərdir. Film çəkirsən, deyir, bu nə filmdir? Necə oldu, bu, getdi dünyada bəyənildi, sən bəyənmədin?
- Həm də ssenarilər yazırsınız. Aqibəti necə olur o yazdıqlarınızın?
- Bu işi əldən qoymuram, yazıram. Aralarında xoşum gələni də var, gəlməyəni də, böyük məbləğ tələb edəni də var, ucuz başa gələni də. Nə zamansa ehtiyac yaransa, ssenarilər istəsələr, aparıb təqdim edəcəm. Ssenari rejissora yazılan məktubdur. Elə rejissor var ki, sənin məktubda yazmadıqlarını da anlayar, eləsi də var ki, “mənim ssenarim deyil” deyib qol qoymaz. Yazılan hər şey tarixdir. Yazmaq çox məsuliyyətli işdir. İnsan ağzına gələni yaza bilər, amma gərək qələmindən hər töküləni yazmayasan. Xüsusən ssenari yazmaq heç də asan iş deyil. Çünki ssenari görüntüdür, ekrandır. “Çölçü” filminin ssenarisini mən başdan-ayağa, sıfırdan düz 22 dəfə yazmışam.
Düşünürəm ki, bu işlərin hamısının axırı yaxşı olacaq (gülürük).
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 20 mart.- S.17.