Kür meydanı ram eləmək

 

XALQ YAZIÇISI İSMAYIL ŞIXLININ 100 İLLİYİNƏ

 

 

 

Meydan Bizimlə gəlmədi.

Çünki Biz Meydanın İncəsənətini - o Böyük Anların ideal və hisslərinin möhtəşəmliyini, gözəlliyini qoruya bilmədik.

***

Qədim hind təlimi Vastu məkanın energetik təyinatını əsas götürür. Müasir elm də ərazinin enerjisinin düzgün qiymətləndirilməsinin mühümlüyünü təsdiq edir.

***

Biz Azadlığın Meydanını qəlplə safın, isterik oyunbazlıqla danəndə dərinliyinin, saxta millətsevərliklə həqiqi vətənsevərliyin qarışıq qovğasına meydan elədik. Dərk eləmədik ki, bir Topxana ağrısı deyildi bu nəhri çalxayan; millətin illərdi içində sıxılan hiddəti, etirazı qorxu və susqunluqdan sıyrılırdı.

***

Energetik məkanın daha bir məziyyətini şərtləndirən məkanın sakinləridir, zənnimizcə. Ən ağır energetik qəzalar otu atın qabağına qoymayanda baş verir, əslində.

Milli-azadlıq hisslərinin dağıdıcı anarxiyaya aparacağına yol verməmək, bu son dərəcə zərif və təhlükəli, qorxunc və xilasedici hisslərin və arzuların düzgün axara yönəldilməsi xalq-hakimiyyət bağının qırılmamasını tələb edirdi. Bağlarsa qırılmaqdaydı və qırılmaqda olan münasibətlərdə birləşdirici həlqə olmaq məsuliyyətinin altına girən məhz ziyalılar oldu...

***

Emosiyaların mikrofona pülənən qəzəbli tonunun idarəsində olan şəraitin diktə etdiyi şüarlarınmı, soyuq ağlın, uzaqlardan gələn sərvaxtlığın təlqin etdiyi siyasətinmi arxasınca getməli? Cəmiyyət nağıl qəhrəmanının dilemması ilə üz-üzə qalmışdı: qoç, ya qara qoç?

***

Tarixin təcrübəsini fəlsəfə ümumiləşdirir: ancaq şəxsiyyət işığı ətrafında toplaşan kütlə öz təyinatını konkret müəyyən edir və reallaşdırır. Yəni kütlənin yolu şəxsiyyətin işığında görünür.

***

İndi, üstündən illər keçdikcə bir daha əmin olursan ki, o Meydana nemətlərin sözü, hiddətli qəzəb dolu pafos gətirmirdi yüzminləri. Milləti Azadlığın Meydanına onun inandığı, güvəndiyi, onunla birgə olan Ziya Bünyadov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu, Xudu Məmmədov,... onlarla digər adların cazibəsi çəkirdi.

Çünki Azərbaycan onları tanıyırdı.

Çünki Azərbaycanı onlarla tanıyırdılar..

***

Bəlkə elə buna görədir, o meydanın xülyası ilə yaşayanlar bu gün Meydan tapa bilmirlər?!

O meydandan qalanlar, 20 Yanvardan sivişib keçənlər - telinin sığalı, dilinin cığalı ilə - öldürülən inamı yada salanlar, milyonların məqsədini nəfsgir iddialarına vasitə edənlər indi Meydan yoxluğunu yüz yerə yozsalar da, yüz gümana yazsalar da, heç nə dəyişmir:

Meydan Bizimlə gəlmədi... Meydan məhək daşıymış...

***

İsmayıl Şıxlı, Azərbaycan adlı Meydanın hansı tərəfindən baxılır-baxılsın, eyni ucalıqda, eyni əzəmətdə görünən şəxsiyyət-ziyalılardandır. Azlığın cərgəsində belə, onu fərqləndirən də elə budur: sabit ölçülər və sabit mövqe.

Onun tərcümeyi-halını Zaman yazıb, ömür yolunu Zaman yönəldib. Ömrü Zamanın vulkanik silkələnmələrinin xaosunda keçib. Uşaqlığı və ilk gəncliyi kəndin ənənə və dəyərlərinə siyasətin əl qatdığı 30-cu illərin əvvəllərinə düşüb. 18 yaşında Bakıya gəlib, tələbəliyin romantik üslubuna yaradıcılıq sevdasının tamını dadızdırmaqdan saxlaya bilməyib özünü; şeir də yazıb, kiçik nəsr nümunələri də. Fərəh dolu nigaranlığını bölən tələbə yoldaşları “Səadət nədir?” sualının cavabını, “Ayrılıq” dərdinin çarəsini, “Bənövşə”, “İydə çiçəyi” ətrini gənc İsmayılın hekayələrində axtarıblar.

Sanki İsmayılın qələminə yeni mövzular verməkçün müharibə “özünü yetirib”. O da “Kerç suları”nda üzə-üzə müharibə ilə görüşə gedib və “Cəbhə gündəlikləri” ilə qayıdıb. Beş illik cəbhə həyatından roman yazmamaq yazıçılıq sevdasında olan qələm adamı üçün nə deməkdir? Axı indi bircə həftəlik ezamiyyət təəssüratları ilə yekə-yekə roman bağlayanların çevik işgüzarlığı fonunda “belə fürsəti qaçırmaq” təəccüblü görünmürmü?

Bəli, məhz belə fonda təəccüblü görünər, amma... sətirlərindən ölümün qoxusu vuran, yaraların qanı süzülən bu gündəlikləri oxuyanda dərk edirsən ki, cəbhədə keçən illər yazçıya elə mətləbləri pıçıldayıb ki, bu mətləbləri biləndən sonra insan yazmağa, danışmağa, “görünməyə tələsib” qabağa düşməz. Bu, insanın hər hansı məsələnin mahiyyətinə varıb, dərinliklərdə gəzib-dolaşdıqca daha az yazmağa, daha çox susmağa üstünlük verməsinə bənzəyir. Hərdən adama elə gəlir ki, İsmayıl Şıxlının bir azərbaycanlı kimi “genetik yaddaşında daşıdığı zərbənin” ağrısı elə dərin və güclü olub ki, müharibə onun yanında “toya getməli olub”. Çox-çox sonralar yazıçı tarixin dərslərini belə yekunlaşdıracaqdı:

“Dünyaya çox buynuzlu-buynuzsuz cahangirlər gəldi. Biri özündən əvvəlkini bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxaladı, o biri əmin-amanlığa çağırdı. Biri bəşər övladının min illər boyu yaratdığı qayda-qanunları zor ilə tapdaladı və ortalığa yeni həyat tərzi atdı... Hamısı da ədalətdən, vicdandan dəm vurdu...”

İlk mətbu imzası 1947-ci ildə “Həkimin nağılı” ilə görünüb, epik “mən” isə bütün yaradıcılığı boyu obrazlarında özünü göstərib.

“Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır. “Kerç suları” adı altında toplanmış hekayələrdən tutmuş, son yazılarıma qədər, təsvir olunan hadisələr, özümün iştirak etdiyim hadisələrdir. İnsanlar isə yoldaş-larım, həyatda təsadüf etdiyim adamlardır. “Ayrılan yollar”dakı poetik surətlərə qədər hamısının prototipləri var. “Dəli Kür”də də həmçinin. “Mənim rəqibim”, “Qızıl ilan”, “Görüş”, “Namus qaçağı”, “Təyyarə gecikir” adlı hekayələr həyatımla bağlıdır”.

Hələliksə, 60-cı illərin əvvəlləridir və Azərbaycan ədəbiyyatının tarixində qalacaq bir romanın gəlişi ilə, “... ədəbi mühitin sakit, aydın səmasında sanki şimşək çaxdı; 1962-ci ildə “Azərbaycan” jurnalında (¹ 6-8) İsmayıl Şıxlının “Dəli Kür” romanının I hissəsi çap olundu” (İntiqam Qasımzadə). “Dəli Kür” təkcə ədəbi mühitdə deyil, oxucunun genetik yaddaşında - bir az rejimin xofundan, bir qədər unutdurulmaq siyasətinin hesabına bir küncə qısılıb mürgüləyən yaddaşında şimşək kimi parladı. Sovetin qılıncının dalı da, qabağı da kəsən dövrdə sinfi düşmən olan Cahandar Ağaya sözə gəlməyəcək, izah olunmayacaq ehtiram, rəğbət hardandı belə? Niyə, məsələn, Rus Əhməd yox (axı, o, yeni düşüncəni təmsil edirdi?!), niyə Xəlil yox (“Qarlı aşırım” - Fərman Kərimzadə), Kərbəlayi İsmayıl, Cahandar Ağa? Düşündürücüdür, deyilmi? Bu uğura səbəb təkcə yazıçıların gizli rəğbətiydimi yaratdıqları obrazlara? Cahandar Ağa, Kərbəlayı İsmayıl azərbaycanlının, Azərbaycan kəndinin ən böyük, ən güclü arxası - milli ənənələrin, ailə nizamının, el birliyinin qoruyucusudular. Adətən, böyük əkin sahələrinin kənarında qoruyucu zolaqlar salınır, bax, Cahandar Ağa, Kərbəlayı İsmayıl da, Abasqulu bəy də, Ömər Koxa da kəndin, elin-obanın, adət-ənənələrin mühafizəsinə, əmin-amanlığına xələl gətirə biləcək yad əsintiyə, bəd niyyətə qarşı salınan qoruyucu zolaqlardı və nə heyif ki, bütün bunları dərk edib qiymətləndirmək çox böyük itkilərdən sonra “mümkün oldu”.

“Dəli Kür” Azərbaycan ədəbiyyatında yeni bir hadisə kimi dəyərləndirilir və bu hadisənin qəhrəmanı, əlbəttə, Cahandar Ağadır. Ən qəribəsi budur ki, İsmayıl Şıxlı bu obrazla yazıçı adına yeni bir çalar gətirdi: nəsrimizin Cahandar Ağası yazıçı - şəxsiyyət bütövlüyünün eskizlərini təqdim etdi. Oxucu marağını yönləndirən ədəbi tənqidin ilkin rəyini tənqidin nüfuzuna keşikçi olan Mehdi Hüseyn ifadə etdi: “...mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazmağını gözləmirdim...”

***

İsmayıl Şıxlının irihəcmli ilk əsəri “Ayrılan yollar” sanki müharibədən sonrakı kənd həyatının problemləri, maraqlı xarakterləri ilə yazıçının potensialını ifadə edirdisə də, onun dünyasında tamam bir ayrı kənd olduğunu gizlədə bilmirdi. İsmayıl Şıxlı bu mənada öz yazısını - öz dünyasını və öz kəndini yazmağa gəlirdi. Onun kəndi “buynuzlu-buynuzsuz cahangirlərin”, “yer kürəsini qan çanağına çevirənlərin” əlindən nələr yaşandığının bariz nümunəsiydi. Bu iddialar, rejimlər XX əsrdə insana nələr etdi, nələr yaşatdı, nəyin üzərində möhkəmləndi və bütün bunların üstündən - haracan gedə bilərdi? İsmayıl Şıxlı fəlsəfə açmadan, arifanə bir ağrı ilə ömrün sonunda kəndin nağılını - “Ölən dünyam” romanını yazdı. Bu nağıl sinfi ziddiyyət deyilənin bəhanə olduğundan, sinfi mübarizə adı altında axıdılan qanlardan, dağıdılan tifaqlar, viranə talelərdən danışır və son dərəcə dəqiq, aydın, sadə məntiqi sonluqla yekunlaşırdı: Uzunsaçlının ahı yerdə qalmır!!!

“Güllü xanım içəri keçdi. Bir-bir otaqlara baxdı. Divara vurulmuş xalılara, döşəməyə sərilmiş gəbələrə baxdı, yük yerinə yaxınlaşdı. Oğlanlarından sonra ayrıca saxladığı və hər axşam, hamı yatandan sonra, gizlicə qoxuladığı ipək yorğan-döşəyi qucaqladı. O, hər gün bu yorğan-döşəkdən balalarının qoxusunu alırdı. İndi də elə elədi. Yorğan-döşəyi qucaqlayıb, dönə-dönə öpdü, qucaqladı. Ürəyinə dammışdı ki, bir daha əli bunlara toxunmayacaq. Balalarının ətrini bir daha duya bilməyəcək. Birdən onu dəli bir ağlamaq tutdu. Yorğan-döşəyi qucaqlayıb çiyni qalxa-qalxa hıçqırdı. Sinəsinə dolmuş dərdi-qəmi göz yaşı ilə axıtdıqdan sonra, yük yerindən aralandı. Bədənnüma güzgünün qabağından keçəndə özünü tanımadı. Bircə anın içində yumax kimi büzüşmüşdü. Özünə toxdaqlıq verdi, üst-başını düzəltdi. Göz yaşını qurutdu. İstəmədi ki, düşmən onu belə sınğın görsün. Qapıdan çıxanda köksünü ötürdü və qurulu qoyub getdiyi evinə son dəfə baxdı” (“Ölən dünyam”).

Sovet hakimiyyəti kəndi “müzür ünsürlərdən” təmizləyirdi; ailələr sürgün olunurdu - başıpapaqlısı öldürülmüş, qaçaq salınmış qız-gəlin, arvad-uşaq taleyin məchul, qaranlıq yoluna atılırdılar və bu siyasətdən “Güllü xanımın yadında qalın, ucsuz-bucaqsız meşəlik, bir də gəlininin züllə papaq əsgərlərin sürüyüb vaqondan saldıqları meyiti qaldı”. Amma bu kəndin kişiləri güllələnməmişdən əvvəl bolşeviklərin siyasətini fətullayevlərin üzünə oxumaqdan çəkinməmişdilər; demişdilər ki, siz qaçaq-quldurun kökünü kəsməyə gəlməmisiz, siz kişilərin kişiliyini əlindən almağa gəlmisiz, onları qorxutmaq, gözünün odunu almaq, arvad-uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiz. Demişdilər ki, siz qürur nədir bilməzsiz: siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsız. Bu kəndin kişilərinin təzə hökumətdən ağlı bir şey kəsməsə də, onu bilirdilər ki: “cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz”.

Bəli, şura hökuməti kəndin ruhunu yaraladı, ahənginə pəl vurdu. Onun addımları keçən yerlər bakirələyini itirmiş duyğular kimi kədər doğururdu. “Camaat səhər yuxudan ayılıb, pəncərədən boylananda kəndi boş gördü. Rus əsgərləri gecə ikən çıxıb getmişdilər. O gündən sonra qız-gəlin səhər-səhər suya gedəndə təzə ipək paltar geyinmədi. Ziynət taxıb sığallanmadılar. Heç kəsə, heç kimə qımqımı qoşmadılar, zümzümə etmədilər” (“Ölən dünyam”).

***

Amma faciə təkcə bu deyil ki... Faciə “öz rotasına güllə atan əsgər” misallı kənd adamınındı - düşmən dəyirmanına su tökənlərindi və qəribədir ki, belələrinin dönüklüyünü torpaq da bağışlamır.

İsmayıl Şıxlının 90-cı illərin əvvəllərində yazdığı “Ölüləri qəbiristanda basdırın” hekayəsinin qəhrəmanı Cavanşir də, məhz o cavanlardandı ki, bolşeviklər belələrini asanlıqla kəməndə salır, kənddəki maneələri məhz belələrinin əliylə aradan qaldırmağa üstünlük verirlər. Yeni quruluşun verdiyi imkanlar bu gənci çox uzaqlara aparır, hətta o qədər uzaqlara ki, bu uzaqlıqlarda sevgini də, duz-çörəyi də sinfi mənafeyə qurban vermək “mükafatlandırılır”... Vəzifə pillələri onu təkcə kənddən, ailədən, adət-ənənələrdən ayırmadı, sürgünə göndərdiyi nişanlısının qolçomaq atasını öldürən firqəçi gənci çox ağır cəzalandırdı. “Cavanşir özünü yetirəndə artıq evləri yanıb külə dönmüşdü. O, dəli kimi oldu. Özünü oda atdı, tüstü-duman içində anasını axtardı. Anası yox idi... Onu evə yaxın qoymadılar. Anasının yanıb kösövə dönmüş cəsədini göstərmədilər”. Xeyli sonra isə... eldən uzaqlaşan, elin-obanın adət-ənənələrinə, yazılmamış qanunlarına naxələf çıxan Cavanşir keçmiş nişanlısı, kənddən didərgin saldığı Həcərin qisasının qurbanı olur. Onu el qəbiristanlığında yox, ayrıca bağda dəfn edirlər və sonra... restoran döşəməsinin altında qalan məzar yaddaşlardan silinir. Və bu taleyə görə təkcə rejimi günahlandırmağa dəyməz...

***

... Axı, bu kəndin nəsibi belə olmamalıydı. Bu kəndin bircə yazı qarşılamağı bir aləmdi. Bunu duymaq, görməkçün mütləq kəndin ruhundan gəlməlisən dünyaya. Ruhun bətnindən gələndə fəsil dəyişməsinə quruca “yaz gəlirdi” deyəmməzsən, onu elə öz ruhunla, təbiətin ruhuyla duyub dilləndirərsən. Onda görərsən ki, “yaz gəlirdi” əvəzinə daha şairanə, daha diri, puçurlanmış duyğularla danışmaq necə gözəlmiş:

“Çöllər cücərmək istəyirdi. Torpaq şirələşmişdi, quzeylərdə ala-tala qar ağarırdı. Kənd evlərinin bacalarından burula-burula qalxan tüstülər azalmışdı”.

Bəli, İsmayıl Şıxlının kəndi hər halında şairanədir, hətta Kür çayının qəzəbi, yaylaq həyatının qəfil dəyişmələrlə dolu ritmi ilə də... Bircə siyasət dəyişmələri olmaya...

Əslində, bütün əsərlərində, yazdıqlarında belədir: tanış ahəng, həyata, yaddaşa, kökə çağırışı andıran səssiz-sözsüz təlqin gücü. Onun sözü parlaq deyildi, amma dərin bir sadəlik, məxməri yumşaqlığın xoş təsiri vardı bu sözdə. Ona görə də yazdıqlarında şərhə, əlavə təsir cəhdinə yer qalmır, bu yazılanların, hadisələrin, vəziyyətin, ovqatın hər anının içində hiss edirsən özünü. İsmayıl Şıxlının bütün yaradıcılığının mahiyyəti və gözəlliyi elə budur. Cahandar Ağanın çeşidli sərtliyində kobudluq yoxdur, Şahnigarın yalqızlığın usandırıcı yorğunluğundan keçirdiyi tərəddüdlərin acı sonluğuna nə qədər heyfislənsən də, bacı qatili Cahandar Ağanı qınamağa tələsmirsən. Şura hökumətində mənsəb sahibi olan Kəsəmənlinin sonda hökumətə “ağ olub qaçaq düşməsinə” “başqa nə cür olmalıydı ki?” - deyən tərəddüdünü tək qoyursan... Çünki İsmayıl Şıxlıya inanırsan, Onun qələminə inanırsan. İsmayıl Şıxlı o söz adamlarındandı ki, əsərlərinin bədii-sənətkarlıq səviyyəsi oxucu üçün az əhəmiyyətlidir, əsas odur ki, bu, İsmayıl Şıxlıdır. Onu hər oxuyanda adama elə gəlir ki, “elə bil dünyada heç nə olmamışdı”. Baxmayaraq ki, bu yazıçının əsərlərindəki Zaman məhz Dünəndi, Olmuşlardı, bu olmuşlar haqqında düşüncələrin qüssəli ahəngində buludların arasından süzülən qəmli günəş şüalarının ilıq hərarəti “nə yaxşı ki...” təsəllisinə oxşayır, sonacan baş aça bilmədiyin varislik duyğularına sığal çəkir.

İsmayıl Şıxlı bu dünyaya münsif olmaq üçün göndərilənlərdəndi. Buna başqalarını inandırmaq üçün Yaradanı onun yolunu Yazıçılıqdan keçirmişdi, Müəllimlikdən salmışdı; Sözünün qəlp olmadığına inansınlar deyə.

***

Tanıyanlar ipək kimi yumşaq, dəmir kimi möhkəm olduğunu deyirlər. Deyirlər, İsmayıl müəllim ilanla da yola gedə bilən insandı. Amma... deyəsən, İsmayıl müəllim ilanı da onunla yol getməyə vadar edən olub həm də... Səbrli, prinsipial, humanist, qətiyyətli və ədalətli.

***

Ali məktəbdə Antik dövr ədəbiyyatını tədris etmiş İsmayıl Şıxlı çağdaş ədəbi prosesdə aparıcı simalardan olub. “Azərbaycan” jurnalının Baş redaktoru işləyəndə də dövrlər arasında balansı gözləyib və cərrahın işi ilə müqayisə oluna biləcək prinsiplərə söykənib. Ətalətdən qurtulmağın, sağlam orqanizmə nail olmağın yolu: “artıqlardan xilas olmaq”. İsmayıl Şıxlının jurnala rəhbərlik dövrü “Azərbaycan”ın fəaliyyətində dönüş nöqtəsi kimi qiymətləndirilir.

***

İsmayıl Şıxlı deputat kürsüsündə Yerində olan az insanlardandı. Xalq ən qarışıq, qorxulu dövrlərdə onun nüfuzuna, təmkin və müdrikliyinə güvənib, İsmayıl Şıxlının kürsüdə görünməsindən toxdaqlıq tapıb.

***

Ədalətli münsiflərə həmişə, bütün dövrlərdə, cəmiyyətlərdə ehtiyac olub.

Elə bütün dövrlərin, cəmiyyətlərin də dolub-daşan, kürlüyü nigaranlıq və qürur doğuran meydanları olub. Bu meydanların qarşısına çıxmağa mənəvi haqqı olan söz və əməl sahibləri də eləcə...

Və nə yaxşı ki, İsmayıl Şıxlı adlı yazıçımız olub. Keçmişimizlə gələcəyimiz arasında körpü olan, bağ olan Yazıçımız.

İsmayıl Şıxlı dürüst Yazıçı olub - Oxuyun.

İsmayıl Şıxlı dürüst insan olub - Dinləyin.

İsmayıl Şıxlı qana çalxayan yox, qan yatıran tərəfdə olub.

Mikrofonları Ona yönəldin.

Kür Meydanlar kür ağıllara yox, dürr sözlərə və hürr ağıllara ram olur.

 

 

Südabə AĞABALAYEVA

 

525-ci qəzet.- 2019.- 20 mart.- S.16;19.