Nizami Xudiyev: pedaqoq-alim və
ictimai xadim portreti
Əməkdar
elm xadimi, professor Nizami Manaf oğlu Xudiyevin
yaşının üstünə yaş gəlir, 70
yaşı tamam olur. Nizami müəllim
maarifimizin tarixində mühüm rolu olan Azərbaycan Dövlət
Pedaqoji Universitetinin yetirməsidir.
O,
1966-cı ildə bu ali məktəb
ocağının filoloji fakültəsinə daxil
olmuşdur. Təhsil illərində həm dərs
əlaçısı kimi müəllimlərinin sevimlisi
olmuş, Nizami Gəncəvi təqaüdü ilə
oxumuş, həm də universitetin ictimai təşkilatlarında
öz qabiliyyəti ilə fərqlənmişdir. O, hələ
tələbə vaxtı ümidverən gənc kadr kimi
ustadı, əziz müəllimi, görkəmli elm xadimi
professor Ə.Dəmirçizadənin diqqətini cəlb
etmişdi. Pedaqoji universiteti fərqlənmə
diplomu ilə başa vuran Nizami müəllim elmi
şuranın qərarı ilə universitetdə
saxlanmış, Ə.Dəmirçizadənin rəhbər
olduğu Azərbaycan dilçiliyi kafedrasına müəllim
təyin edilmişdir. Bildiyimiz kimi,
Əbdüləzəl müəllim görkəmli
dilçi-türkoloq Bəkir Çobanzadənin Azərbaycanda
yetirdiyi üç-dörd tanınmış alimdən biri
olmuşdur. Bəkir Çobanzadənin bu
yetirməsi ADPU-da dilçilik məktəbi
yaratmışdır. Bu məktəbin
yetirmələri arasında Afad Qurbanov, Ağamməd
Abdullayev, Həsən Balıyev və başqalarının
adları elmi ictimaiyyətə yaxşı
tanışdır. Ə.Dəmirçizadə
Azərbaycan dilçiliyində dil tarixi, xüsusilə ədəbi
dil məsələlərinin öyrənilməsində
özünəməxsus yer tutur. Onun qələmindən
çıxan “Azərbaycan ədəbi dili tarixi” dərslik-monoqrafiyası
bu sahə üzrə Azərbaycan dilçiliyi tarixində ilk
mükəmməl mənbə, qiymətli tədqiqat əsəridir.
Ə.Dəmirçizadə məktəbinin
tanınmış yetirmələrindən biri də bu gün
filologiyamızın, xüsusilə dilçiliyimizin cəfakeşlərindən
biri kimi tanınan professor Nizami Xudiyevdir. Nizami müəllim
sələfinə layiq alim kimi yetişdi. Professorun
rəhbərliyi altında namizədlik və doktorluq
dissertasiyası yazdı. Bu
tanınmış alim dilçiliyimizdə daha çox
öyrənilməyə ehtiyac olan ədəbi dil problemi ilə
məşğul olur. Təxminən əlli
ilə yaxındır elm və maarifimizin inkişafında
yorulmadan külüng vuran Nizami müəllim bu gün öz
müəlliminin estafetini layiqli şəkildə davam etdirir,
ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasına
başçılıq edir, həmin fənni tədris edir, gənc
kadrların yetişməsində əzmlə
çalışır. Nizami müəllimin
filologiya üzrə fəlsəfə doktoru dissertasiyası
“Abdulla Şaiqin dili” (1978) adlanırdı. Məlumdur ki, yazıçı və dil problemi ədəbi
dil tariximizin mühüm bir sahəsini təşkil edir.
Bu baxımdan Nizami müəllimin bu
dissertasiyası Azərbaycan dilçiliyi tarixinin, ədəbi
dil tarixinin inkişafı üçün layiqli bir xidmətdir.
N.Xudiyev bundan sonra çox sevdiyi müəllimi
Dəmirçizadənin başladığı, amma
ömür vəfa etmədiyi üçün bitirə bilmədiyi
(Ə.Dəmirçizadənin “Azərbaycan ədəbi dili
tarixi” dərsliyi ancaq ölümündən sonra işıq
üzü gördü) dil tarixi və ədəbi dil tarixi məsələlərinin
tədqiqi ilə daha dərindən məşğul olmağa
başladı. Nizami müəllim
1990-cı ildə “Azərbaycan ədəbi dili tarixi”
mövzusunda doktorluq dissertasiyasını uğurlu şəkildə
müdafiə etdi. Bu tədqiqat işi
1995-ci ildə kitab şəklində nəşr olundu. Sonralar ehtiyaca görə onun yeni nəşrləri
meydana gəldi. Elə Nizami müəllimin 14 cilddən
ibarət olan “Seçilmiş əsərləri”nin birinci cildini də (2012) bu monumental tədqiqat
işi təşkil edir. Elm adamlarının təqdirlə
qarşıladığı bu əsərdə xalqın
tarixi ilə dili vəhdətdə araşdırılır.
Alimin bu kitabı xalqın qədim tarixini
elmi-linqvistik və tarixi materiallar işığında
obyektiv şəkildə şərh edən kompleks bir əsər
kimi diqqəti cəlb edir. Kitabda mövzu ilə
bağlı özündən əvvəl yazılmış
elmi ədəbiyyatları nəzərdən keçirib
ümumiləşdirən tədqiqatçı yazır:
“Sovet tarixşünaslığında belə bir ənənə
formalaşmıdı ki, guya türklər Azərbaycan ərazisinə
sonralar, yəni III-IV əsrlərdən IX-XI əsrlərə
qədərki dövrdə gəlmişlər. Belə
mülahizələr Azərbaycan xalqının və dilinin
tarixini tamamilə təhrif edir. Sovet
dövründə, xüsusilə 30-cu illərdən etibarən
Qafqaz bütünlüklə türklərdən
alınıb qeyri-türklərə verildi. Beləliklə, Azərbaycan xalqının və
dilinin tarixi faktlar əsasında yox, hakim ideologiya əsasında
şərh edilirdi”.
Yeri gəlmişkən
onu da qeyd edək ki, Azərbaycan xalqının və dilinin
soykökü məsələləri böyük elmi və
ideoloji mahiyyət daşıdığından müəllif
tədqiqatlarını ümumiləşdirib doktorluq
dissertasiyası müdafiəsindən xeyli əvvəl həmin
mövzunu ayrıca olaraq tədqiq etmiş və “Azərbaycan
ədəbi dilinin təşəkkülü” adı ilə nəşr
etdirmişdir. “Azərbaycan ədəbi dili”
adlı əsərin əvvəlkilərdən əsas fərqli
cəhəti ondan ibarətdir ki, o, ədəbi dilimizin tarixini
daha qədimdən başlayıb XX əsrin II yarısına
qədər, yəni bütöv halda davam etdiribdir.
N.Xudiyev öz sələfindən bir az fərqli
dövrləşmə üzrə tədqiqat
aparmışdır: 1. Təşəkkül dövrü. 2.
Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında
formalaşması və inkişafı dövrü. 3. Azərbaycan
ədəbi dilinin milli dil əsasında formalaşması və
inkişafı dövrü.
Bu araşdırmasında müəllif ədəbi
dilimizin təşəkkülünün başlanmasına qədər
Azərbaycan türk dilinin müxtəlif mərhələlərdən
keçib gəldiyini şərh etdikdən sonra bu təşəkkülün
başlanmasını və gedişini izləyir. O, həmin dövrə aid
faktik dil materiallarına, elmi mənbələrə əsaslanır
və bütün bunları ümumiləşdirərək nəticələrini
irəli sürür. Müəllifin nəticələri
bundan ibarətdir ki, 1. Ümumxalq Azərbaycan
ədəbi dili III-VI əsrlərdə
formalaşmışdır. 2. Azərbaycan ədəbi
dili ümumxalq dilinin formalaşmasından dərhal sonra müəyyənləşməyə
başlamış, IX-XI əsrlərdə Azərbaycan ədəbi
dilinin təşəkkülü başa
çatmışdır. N.Xudiyev əsərin
ikinci fəslini “Azərbaycan ədəbi dilinin ümumxalq dili
əsasında formalaşması və inkişafı
dövrü” adlandırır və bunu XIII-XVII əsrlərə,
ədəbi dilimizin milli dil əsasında formalaşmağa
başlamasını isə XVII əsrə aid edir. Beləliklə, alim ədəbi dilimizin ən qədim
dövrlərdən XX əsrin son rübünə qədər
keçdiyi tarixi inkişaf yolunu mərhələ-mərhələ
tədqiq etmiş və dəyərli bir tədqiqat əsəri
ərsəyə gətirmişdir.
Professor
N.Xudiyevin Azərbaycan ədəbi dilinin tarixinə həsr
etdiyi əsərlərdən biri də 336 səhifəlik
“Xalqın tarixi haqqı: dilimiz, varlığımız” (2004)
əsəridir. Bu kitabda müəllif ədəbi
dilimizin tarixi ilə bağlı əvvəlki əsərlərindəki
fakt və qənaətləri, problemləri daha da inkişaf
etdirmiş və dərinləşdirmişdir. Müəllif
tədqiqat sonucunda gəldiyi nəticə və qənaətlər
diqqəti cəlb edir: “Azərbaycan ədəbi dili Azərbaycan
ümumxalq dili əsasında və kifayət qədər
mürəkkəb etnolinqvistik proseslərin nəticəsi kimi
təşəkkül tapmışdır”. Və ya başqa
bir maraqlı mülahizə: “Ədəbi dil tarixi dil tarixi ilə
eyni dövrə təsadüf etmir, o, dilin müəyyən
inkişaf mərhələsində özünü təzahür
etdirir”.
Amma bu bir həqiqətdir ki, ədəbi dil tarixi dil
tarixi ilə vəhdət təşkil edir və bu məfhumlar
bir-birini tamamlayır. Elə professor N.Xudiyevin 600 səhifəlik “Qədim türk
yazılı abidələrinin dili” dərslik-monoqrafiyası
da Azərbaycan dili hadisəsinin, anlayışının
qaynaqlarını öyrənmək baxımından
böyük elmi əhəmiyyət daşıyır. Qədim türk yazılı abidələri türk
xalqlarının milli düşüncə tərzini, mənəvi
dünyasını və zəngin dil tarixini əks etdirən
möhtəşəm sənət nümunələridir.
Azərbaycan və digər türk dillərinin
tarixi inkişaf istiqamətləri, fonetik, leksik və qrammatik
kateqoriyaların yaranması və formalaşması bu
yazılar əsasında müəyyənləşir. Çağdaş türk xalqlarının ədəbiyyat
və mədəniyyətlərinin əsasında qədim
türk mədəniyyəti dayanır. Buna görə də
qədim türk abidələrinin öyrənilməsi, nəşri,
ali məktəblərdə tədrisi
türkün tarixinin, mədəniyyətinin,
yazısının öyrənilməsi istiqamətində
mühüm tələbdir. Nizami müəllimin
bu dərsliyi əvvəlkilərdən əsaslı şəkildə
fərqlənir. Belə ki, 9 fəsildən
ibarət olan bu irihəcmli dərslikdə tək göy
türk və qədim uyğur abidələri deyil, fənnin
proqramına uyğun olaraq, XI əsr və orta dövr
ümumtürk abidələri də əhatə edilmişdir.
Alimin uzun illər tədris prosesində əldə
etdiyi təcrübələr əsasında dərsliyə qədim
türklərin istifadə etdiyi əlifba sistemlərindən
nümunələr, fənnə aid sual və
tapşırıqlar və geniş həcmli qədim türk
lüğəti daxil edilmişdir.
Söy-kökümüzə, qədim türk mədəniyyətinə,
dilinə aid ilk ümumiləşdirilmiş dərslik-monoqrafiya
olan bu əsər 4 il bundan əvvəl nəşr
olunmasına baxmayaraq, tələbat çox olduğundan onu əldə
etmək müşkül məsələyə
çevrilmiş, artıq yeni nəşrinə ehtiyac
yaranmışdır. Professorun bu əsəri tələbə,
magistr, mütəxəssislər üçün dəyərli
bir töhfədir.
Professor Nizami Xudiyev peşəsini, sənətini sevən,
müəllimliyi ilə fəxr edən pedaqoqdur. Təsadüfi
deyildir ki, o, indiki ADPU-da 50 ilə yaxındır ki,
çalışır və 1994-1996-cı ildə bu qədim
təhsil ocağının rektoru olmuşdur. Bu gün də
həmin ali məktəbdə Azərbaycan
dilçiliyi kafedrasına başçılıq edir, dərs
deyir, öz sənətini gənclərə sevdirir. Yaradıcı, zəhmətkeş pedaqoq, elm
adamı olan Nizami Xudiyev 1995-ci ildə Azərbaycan
Respublikası Milli Məclisinə deputat seçilmişdir.
Nizami müəllimin millət vəkilliyi 3
çağırış (I, II, III) dalbadal davam etmişdir.
Nizami müəllim 1996-cı ildə Azərbaycan
radio televiziya şirkətinin sədri təyin olunmuş, bu vəzifəni
10 ilə yaxın davam etdirmişdir. Televiziyadakı
iş təcrübəsi və müşahidələr alimə
televiziya dili haqqında ümumiləşdirici əsər
yazmaq üçün xeyli material vermişdir. Müəllif
bu materiallar üzərində uzun illər araşdırma
işi apararaq dilçiliyimiz üçün çox
maraqlı bir monoqrafik tədqiqat əsəri ərsəyə
gətirmişdir. Həmin kitab belə adlanır: “Radio,
televiziya və ədəbi dil”. Bu əsər müəllifin
650 səhifədən ibarət olan “Seçilmiş əsərləri”nin III cildində verilmişdir. Bu
cildin təxminən 300 səhifəsində sırf radio və
televiziyada dil probleminin nəzəri və təcrübi məsələlərindən
bəhs edilir. Onu da qeyd edək ki,
şifahi nitqlə bağlı Nizami müəllimdən əvvəl
həmin sahəyə aid bir neçə kiçik həcmli əsərlər
nəşr olunsa da, bu əsərlər nitq mədəniyyətimizin
inkişafı üçün yetərli sayıla bilməzdi.
Müəllifin bu əsəri bir neçə
baxımdan diqqəti cəlb edir. Burada, hər
şeydən əvvəl, Azərbaycan xalqının mədəni
tərəqqisində mühüm rol oynayan radio və
televiziyanın yaranma tarixi, inkişaf yolları sənədlər
əsasında ətraflı şəkildə
araşdırılmışdır. Bu qiymətli
əsərdə son dövrlərdəki bir sıra populyar
verilişlər, eləcə də tamaşaçı və
dinləyicilərin marağına səbəb olan proqramlar
haqqında məlumat verilir, həm də bu ekran və efir məhsullarının
dil xüsusiyyətlərindən söz edilir.
Qeyd etmək lazımdır ki, müasir ədəbi
dilimizin inkişafında, onun lüğət tərkibinin zənginləşməsində,
mövcud qrammatik normaların daha cilalanmasında televiya və
radio çox önəmli faktordur. Sosial həyatımızın
müxtəlif sahələrini öz ifadə vasitələri,
ilk növbədə söz və təsvirlərlə əks
etdirən teleradioda dilimizin ictimai funksiyası daha da genişlənir,
burada bir sıra dil hadisələri özünü büruzə
verir. Professor N.Xudiyev həmin dil hadisələrindən
çıxış edərək elmimiz üçün yeni
və əhəmiyyətli olan elmi mülahizələr
söyləyir. Müəllifin də
göstərdiyi kimi, dildə gedən dəyişmələr
insanların fəaliyyəti ilə bağlı olduğu
üçün mürəkkəb proseslərdir. Bu proseslərin geniş şəkildə tədqiqi
teleradio dilinin, burada səslənən şifahi nitqin ən
nümunəvi danışıq səviyyəsinə
qaldırılması prosesinin araşdırılması bu
gün dilçilərimiz qarşısında duran ən
mühüm vəzifələrdən biridir.
Məhz bu baxımdan müəllifin “Radio, televiziya və
ədəbi dil” əsəri kütləvi informasiya vasitələrinin
ən inkişaf etmiş qolu olan teleradio
jurnalistikasının, ekran və efirin dil məsələlərinin
öyrənilməsi baxımından elm və mədəniyyətimiz
üçün dəyərli bir töhfədir.
Nizami Xudiyev televiziya və radio şirkətindəki işi, Milli Məclisin deputatı kimi bir sıra xarici ölkələrə səfər etmiş, neçə-neçə dövlətlərarası rəsmi görüş və tədbirlərdə iştirak etmişdir. Mühüm bir orqanın rəhbəri kimi, o, Ulu öndər Heydər Əliyevlə ünsiyyətdə olmuş, bu dahi şəxsiyyətin dövlətçilik, təşkilatçılıq fəaliyyəti, eləcə də natiqlik fəaliyyəti üzərində uzun illər müşahidələr aparmışdır. Ona görə də Heydər Əliyev irsinin ayrı-ayrı məsələlərini tədqiq edən, işıqlandıran dəyərli əsərlər qələmə almışdır. Müəllifin bu mövzuda qələmə aldığı əsərləri onun “Seçilmiş əsərləri”nin X cildində (2013) yer almışdır. Bu cilddə verilmiş qiymətli tədqiqat əsərlərindən biri “Heydər Əliyev və Azərbaycan dili” monoqrafiyasıdır. Bu əsər mədəniyyətimiz, dövlətçiliyimiz və dünya siyasəti tarixində fenomen şəxsiyyət olaraq əbədi yaşayan ulu öndər Heydər Əliyevin dilçilik görüşlərinin araşdırılması sahəsində ilk təcrübə, ilk təşəbbüs olmuş və ilk dəfə 1997-ci ildə kitab şəklində nəşr edilmişdir. “Heydər Əliyev və Azərbaycan dili” kitabında alim dövrümüzün ictimai-siyasi natiqlik məktəbi sayılan ümummilli liderin mükəmməl natiq obrazını təbii və canlı boyalarla yaratmışdır. Əsər tək dilçiliyimizdə deyil, mədəniyyətimizin tarixində mühüm hadisədir. Nizami Xudiyev Ulu öndər haqqında belə yazır: “Xalqın böyük lideri, nəhəng siyasətçi H.Əliyevin müasiri olmaq mənə də nəsib olub. Onun müasiri olub ondan öyrənmək özü bir xoşbəxtlikdir. Mən bu gün fəxrlə deyirəm ki, Heydər Əliyev dövrünün yetirməsiyəm, onun zəmanəsinin övladıyam, onun liderlik məktəbində dərs almışam”.
Məlumdur ki, sovet hakimiyyəti böyük Azərbaycan xalqın varlığının əsas atributlarından biri kimi qədim kökləri olan dilimizi inkar edir, onun rəsmi ünsiyyət vasitəsi kimi inkişafına hər vasitə ilə mane olurdu. Belə bir şəraitdə ulu öndər Sovet dövlət nümayəndəsi olsa da, qorxmadan öz milli kimliyinə, ana dilimizə sahib çıxdı, onun qorunub saxlanması, inkişafı üçün var qüvvəsi ilə çalışdı, onun Azərbaycan konstitusiyasında əks olunmasına nail oldu, bu sahədə çox mühüm işlər gördü. Eyni zamanda, o, danışıq tərzi, dildən istifadə sahəsində natiqlik sənətində əsl nümunə oldu. Bu büyük siyasət və dövlət xadiminin sayəsində müstəqillik dövründə dilimiz dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bütün bu məsələlər Nizami müəllimin kitabında faktlar əsasında hərtərəfli şəkildə tədqiq edilmişdir. Kitabda dilimizin funksional məsələlərinin inkişafında və onun tədrisi məsələlərinin yaxşılaşdırılması istiqamətində ulu öndərin həyata keçirdiyi tədbirlər geniş şəkildə işıqlandırılmışdır. Kitabın böyük bir hissəsi ulu öndərin nitq mədəniyyəti və natiqlik məharətinin tədqiqinə həsr olunmuşdur. Bu qiymətli əsər layiqli bir mənbə kimi bu gün də tədqiqatçıların tez-tez müraciət etdiyi kitabdır.
Nizami müəllimin tədqiqat dairəsi çox genişdir. Cənubi Azərbaycanda ədəbi dil məsələləri, Azərbaycan mədəniyyəti tarixində Cavad Heyət möcüzəsi mövzuları da bu görkəmli alimin yaradıcılığında özünəməxsus yer tutur və həmin məsələlər onun “Seçilmiş əsərlər” çoxcildliyinin IX cildində verilmişdir. Ümumiyyətlə, müstəqil Azərbaycan ölkəsinin elmi və pedaqoji fikrinin, dövlətçiliyinin inkişafında əməkdar elm xadimi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, professor Nizami Xudiyevin də öz payı vardır.
Görkəmli pedaqoq-alim və ictimai xadim Nizami Xudiyevin 70 yaşı tamam olur. Bu münasibətlə dostu, həmkarları, ümumiyyətlə, Azərbaycan ziyalıları adından yubiliyarı təbrik edir, ona cansağlığı, pedaqoji və elmi fəaliyyətində böyük yaradıcılıq uğurları arzulayıram.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü
525-ci qəzet.- 2019.- 20 mart.- S.14.