Zülfü Livaneli, AST
Telman və nələr, nələr...
TÜRKİYƏNİN
TANINMIŞ YAZIÇISI, MUSİQİÇİSİ VƏ
REJİSSORU ZÜLFÜ LİVANELİ RUSİYADA YAŞAYAN
AZƏRBAYCANLI İŞ ADAMI TELMAN İSMAYILOV HAQQINDA DANIŞDI
Sərhədləri yarıb keçən, yerlə
göyün arasına sığmağa çətinlik
çəkən, ömür iplərinin üstündə tək
ayaqla irəliləyən, fəzaya qalxıb sonsuza qədər
orada yaşayacağını zənn edən insanlar həmişə
maraqlı görünüblər. Həyatı ilə
çilingağac oynayan, onu riskə-qumara qoyan, hətta
“rus ruleti” kimi bir güllənin ucuna tuşlayanlar hər zaman
düşündürüblər.
Görəsən, insanı özü ilə bu cür rəftar
etməyə yaşadığı hansı zədə
sürükləyir?! Nazim Hikmət, “Yaşamağa dair” şeirində yəqin
bunları nəzərdə tuturmuş. “Yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın...” deyirdi
böyük ustad! Hər dəfə onun həyatından,
atdığı addımlardan söhbət açılanda bu
misralar yadıma düşürdü: həyat, ciddiyyət,
zarafat, oyun, oyun, oyun...
Rusiyada
yaşayan milyarder, iş adamı, “AST”
Şirkətlər qrupunun sahibi, “AST Telman” kimi tanınan Telman
İsmayılovu deyirəm. Beş-altı
aydır onunla bağlı söhbətlərə şahid
oluram. Danışılanları maraqla dinləyir,
özüm üçün analiz edirəm. Etiraf edim ki, mətbuatda haqqında gedən xəbərləri
nə vaxt oxusam, bunun şişirdilmiş olduğunu zənn
edirdim. Ta ki yazıçı, siyasətçi,
musiqiçi, rejissor, ssenarist Zülfü Livanelinin dilindən
eşidənə qədər. “525-ci qəzet”ə
ilk dəfə ötən ilin noyabr ayında müsahibə
verəndə onunla bağlı öz aramızda
danışmışdıq. Sonrakı
görüşlərdə də bənzər mövzular
açılmışdı. Hər dəfə
söhbət dərinləşdikcə bu haqda yazmaq istəyim
daha da güclənirdi. Livanelinin Telman
İsmayılovla bağlı
danışıb-danışmayacağını öyrənmək
üçün dəfələrlə müxtəlif
formalarda eyham vursam da, həmişə tərəddüd
etdiyini görürdüm. Sonuncu dəfə yenə
söhbət açılanda xahiş etdim,
razılaşdı, qarşı tərəfi incitməyəcək
şəkildə bəhs edəcəyini dedi.
“Concorde”dan
başlayıb, “Mardan Palace”dan keçib, Avropaya qədər
uzanan tanışlıq...
- Telman
İsmayılov Azərbaycandan tanıdığım
maraqlı insanlardan biridir. Antalyada “Mardan Palace”
otelini tikdirirdi. Həmin otelin inşaat
işləri, memarlığı ilə dostumun firması məşğul
olurdu. Dostumun Antalyada “Concorde” adlı bir oteli var. Orada
qaldığım günlərdə mənə azərbaycanlı
iş adamından bəhs edərək, nəhəng proje ilə
bağlı anlaşdıqlarından, birlikdə
işə başlayacaqlarından danışmışdı.
Bir gün yenə eyni oteldə qalarkən dostum
zəng etdi. Dedi ki, Telman İsmayılov bizim oteli
görmək istəyir, əgər sənin də vaxtın
varsa, birgə yemək yeyək. Onu ilk dəfə
həmin yeməkdə tanıdım. Uzun
bir masa idi, ətrafda müxtəlif insanlar və təbii ki,
çoxlu sayda rus mühafizəçilər vardı. Elə həmin söhbətdə Telman
İsmayılov Çingiz Aytmatovun dostu olduğumu öyrəndi.
Xeyli ondan, xatirələrdən
danışdıq. Bütün bunlardan
çox təsirləndi. Onda mənə məlum
oldu ki, yazıçılara xüsusi hörməti var.
Elə həmin
görüşdə dedi ki, oğluma Praqada ad günü
keçirəcəm, dəvət etsəm, siz də gələ
bilərsiniz? Elə bir vəziyyət yarandı
ki, qəbul etməli oldum. Tikinti şirkətinin
sahibi olan həmin ortaq dostumuzla Praqaya getdik. Hava limanında hərəkət iflic olmuşdu.
Bütün rusiyalı oliqarxlar orada olduğu
üçün lüks avtomobillərdən keçilməyəcək
vəziyyət yaranmışdı. Praqa
otellərindən birində çox gözəl, dəbdəbəli
doğum günü mərasimi təşkil etmişdilər.
Səhnədə Azərbaycandan və Rusiyadan dəvət
edilmiş orkestrlər, opera sənətçiləri var idi.
Məni görəndə bayaqdan bəri susmayan
musiqini dayandırdı və dəvətini qəbul edib ad
gününə qatıldığım üçün təşəkkürünü
bildirdi, hər kəsə xüsusi təqdim etdi. Sonra masalardan birində əyləşdik.
Stolun üstündə “Belyuqa vodka”lar,
konyaklar, şərablar, kürülər
düzülmüşdü. Demək olar ki, bir
quş südü əskik idi. Elə
hazırlaşırdım əlimi uzadıb kürünün
dadına baxım, həmin an kiminsə
arxadan qollarımı tutduğunu gördüm. Çevrilib
baxdım ki, Telman İsmayılovdur. Dedi ki, stolun
üstündəkilərdən yemə, onlar yaxşı
deyil. Bakıdan sənə ləzzətli yeməklər
hazırladıb gətirtmişəm, onlardan ye. Dolmalar, lüləkabablar, ətlər gətirdi
önümə, nə balıqlara, nə də kürülərə
toxuna bildim. Həmin gün ancaq Bakı yeməkləri
yedim.
“Ən
xırda əyləncə milyon dollardan başlayır”
- Praqada,
təbii ki, mənim qatılmadığım, ancaq kənardan
izlədiyim bir mənzərənin şahidi oldum. Oliqarxlar yığılıb oyun oynayırdılar.
Qız içərisində yalnız biri
brilliant daşlı həqiqi “Cartier” saatı, 9-u isə saxta
olan torba ilə gəlir. Oliqarxlar bəxtini
sınayır. Kimin əlinə saxta saat gəlsə,
gülürlər, originalı tapan isə təbii ki, milyon dəyəri
olan saat qazanır. Sonra “Patek Phlippe”
saatı olan torba gətirilir. Gecə boyu
bu cür oyunlar davam edir. Ən xırda əyləncələr
milyon dollarla başlayır. Telman belə oyunları sevən
adamdır!
“Monika
Belluçi rəhmətlik atamın portretini qaldırmaq
üçün gəlib”
- Sonra belə
bir hadisə oldu. “Mardan Palas” otelinin tikintisi
başa çatdı. Məni otelin
açılışına dəvət etdi. Açılış
mərasiminə çox az türkiyəli
qatılmışdı. Əsas
üstünlüyü Rusiyadan gələnlər, Hollivud
ulduzları və Amerikanın ən tanınmış
simaları təşkil edirdilər. Xeyli dəvətli
vardı. Aparıcılar Riçard Girlə
Şeron Stoun idi. Meri Keri, onun əri Tom Cons və
sayları çox olduğu üçün əksəriyyətini
unutduğum xeyli insan vardı. İzdihamlı
ortam idi. Dolub-daşan yemək masaları,
saysız içki növləri, kürülər,
balıqlar həddən artıq idi.
Dəvətlilərdən biri də Monika Belluçi
idi. Telmandan soruşdum ki, bütün gələnlərin
hamısını anladım, bəs Monika Belluçi nə edəcək?
Dedi ki, o da rəhmətlik atamın portretini qaldıracaq. Atasını çox sevirdi. Onun
portretini əlində tutmaq üçün Monikanı
çağırmışdı. Kim bilir, bu iş
üçün ona neçə milyon vermişdi. Elə dediyi kimi də oldu. Ulduzlar
səhnəyə çıxdılar, kimi mahnı oxudu, kimi
aparıcılıq etdi. Belluçi də
Mərdan İsmayılovun portretini əlində tutmuşdu.
İki gün konsertlər, yeməklər,
şou proqramlar davam etdi.
“Konsertimə
gəlməyəcəyini demək üçün Antalyadan
İstanbula uçdu”
- Bir neçə il əvvəl İstanbulda Harbiye Açıqhava Teatrında konsertim vardı. Hər il orada konsertim olurdu. Təsəvvür edin, cümə axşamı, İstanbul tıxacının ən kritik olduğu gün idi. Saat 16:00-17:00 arası solistlər və orkestrlə axşamkı konsertə hazırlaşırdım. Gələcək olan qonaqlar arasında Telman İsmayılovun da adı vardı. Yer də ayrılmışdı. Daha günəş batmamışdı, bir də baxdım ki, Telman oğlu ilə birlikdə səhnənin yanından yeriyərək mənə doğru gəlir. Təəccübləndim, “Xoş gəldin”, amma konsertə hələ 4-5 saat var, niyə belə erkən gəldin, dedim?! Yox, dedi, mən konsertə gələ bilməyəcəm. Dedim, nə danışırsan, buradasan də, gəlmisən! Dedi, yox, gələ bilməyəcəyimi demək üçün gəlmişəm. Dedim, sən gələ bilməyəcəyini demək üçünmü oradan bura gəlmisən? Hə, dedi! Donub qaldım. Dedim, Antalyadan təyyarəyə mindin, hava limanına endin, cümə axşamı İstanbulun tıxacından keçib, bunu demək üçünmü gəldin? Hə, dedi! Moskvadan çox önəmli qonaqlarım gəlib, onlarla toplantıya qatılmalı olacam, buna görə bütün planlarım dəyişdi. Bu axşam mütləq Antalyada - oteldə olmalıyam! Yaxşı, anladım, zəng edərdin, vəziyyət belədir, mən gələ bilmirəm deyərdin. Yox, dedi, bu, böyük hörmətsizlik olardı, elə şey olar heç, özüm gəldim ki, bunu sizə birbaşa söyləyim. Məəttəl qaldım. Çaşğınlıqla üzünə baxdım, yaxşı, bir çay içək dedim. Kulisə dəvət etdim. Yeri gəlmişkən, İstanbul Harbiye Açıqhava Teatrı xüsusi yerlərdən biridir. Bütün dünya ulduzları orada konsert verir. Fəqət, kulisi həqiqətən də yaxşı deyil. Telman bir sağa baxdı, bir sola baxdı, ətrafa göz gəzdirdi, başdan ayağa süzdükdən sonra belə dedi: “Sizin yaxşı yeriniz buradır? Çox köhnədir. İcazə verin mən buraları təmir etdirim, yeniləyim”.
“Kreml
dietası”: Hennesy XO, ət, quyruq...”
- Növbəti
qarşılaşmamız isə işlə bağlı oldu.
Mustafa Kamal Atatürkün həyatı ilə
bağlı “Veda” adlı film çəkirdim. Dolmabahçe sarayında Atatürkün ölüm
səhnələri vardı. Sarayda isə
çəklişə icazə yoxdur. Hətta
bütün hallarda bu, mümkün deyil. “Mardan Palace”
otelinin pilləkənləri “Dolmabahçe”nin
pilləkənləri ilə eyni idi. Bunu
xüsusi qeyd edim ki, həmin otelə fantastik sayılacaq qədər
çox pul xərcləndi. Fövqəladə
bir şey idi. Həmin filmin səhnələrini
o oteldə çəkməyi təklif etdik.
Razılıq verdi, çox yaxşı
olar, dedi. Antalyaya getdik, dostumun otelinə,
“Concorde”ya yerləşdik. Bir almaniyalı
operator olmaqla qrupdan 10 nəfərlik heyətlə “Mardan
Palace”a çəkiliş edəcəyimiz yerlərə
baxmağa yollandıq. Lazımlı
nöqtələri təsbit edək dedik. Məlumdur
ki, Telman hər zaman orada olmur. Sən demə,
həmin gün orda imiş. Buyurun, xoş
gəldiniz deyib, bizi qarşıladı. Ziyafət
təşkil etdi. Yenə öz hərəkəti
ilə məni təəccübləndirdi. Rus və türk qarsonları
çağırdı, iki tərəfə topladı.
Livanelinin mahnılarını oxuyun, hansınız daha
yaxşı oxusanız sizə çoxlu pul verəcəm
dedi. Biz oturub baxırdıq, qarsonlar da iki tərəfdə
düzülüb oxuyurdular. Biri oxuya
bilirdi, digəri bacarmırdı.
İlk tanış olduğumuz gün mənə dedi
ki, ən bahalı konyak olan “Hennesy XO” içir. Təsəvvür edin, su içmir, sadəcə onu
içirdi. Təyyarəsində bir manqal
vardı, o manqal getdiyi hər yerə enirdi, Azərbaycandan gələn
ətlər, quyruqlar onun üzərində
qızardılırdı, ondan yeyir, “XO”dan içirdi. Başqa heç nə yox. Adamları
da “Hennesy XO” içmək məcburiyyətində idi. Özü də su bardağı ilə içirdilər.
Zərərli olduğunu deyirdim. Yox, yox, çox yaxşıdır, bunun “Kreml dietası”
olduğunu deyirdi. Mənə də həmin su
bardağı ilə konyak doldurdu, iç
dedi. Dedim ki, incimə, mən belə içə bilmərəm,
ölərəm! Məqbul şəkildə bir
qurtum alaram. Nəysə, sonra içmədik.
Həmin yemək zamanı da yenə “Henessy XO”lar, “Bellyuqa”lar, daha nələr-nələr təşkil
elədi. Hər şey əla idi. Birdən
bizim almaniyalı operatora dedi ki, sizin bir fotoaparat
istehsalçısı olan firmanız var, “Lika”mı, nə
deyirsiniz? Operator, hə, dedi, “Like” firmasıdır. Telman təsdiqlədi:
“Hə, o” dedi!
Bizim
operator Piter zənn edir ki, kamera alacaq, o da bu işin peşəkarı
olduğu üçün ondan məsləhət istəyir və
əlavə edir: “Hə, çox keyfiyyətli kameraları
var, əla firmadır. Tövsiyə edirəm.
Oradan məhsul alsanız, yaxşı nəticələr əldə
edəcəksiniz” dedi. Telman İsmayılov, “Yox, biz o şirkəti
satın aldıq, onu demək istəyirdim” dedi. Yenə
baxa-baxa qaldıq.
“Bu qədər
lüks dünyanın heç bir yerində yoxdur”
- Otelin
çox böyük hovuzu var, təsəvvür edirsiniz, 30
dönümlük ərazidə su hovuzu... İçərisində
Osmanlıdan qalan səltənət qayıqları işləyirdi.
Bizi həmin səltənət qayıqlarına mindirdi, otelin
digər ucuna apardı, bütün qrupa üzünü tutub
dedi ki, indi sizə Livanelinin otağını göstərəcəm.
Mən də təəccüb içində
qalmışam, nə danışır, nə otağım
var, nəyim var ki, burada?! Bizi kral dairəsinə
çıxartdı. Min metr otaq... Bu qədər
lüks dünyanın heç bir yerində yoxdur. Mən çox saraylarda olmuşam, amma beləsini
heç vaxt görmədim. Bizi içəridə
gəzdirməyə başladı. Bura Zülfü abinin
sinema mərkəzidir, bura onun yataq otağıdır, bura onun
nə bilim nəyidir... Mən də heyrət
içində baş verənlərə baxıram.
Dedim, mən “Concorde” oteldə qalıram, Telman, hətta əşyalarım
da ordadır. Yox, abi, hamısı burdadır dedi. Həmin vaxt niyə bizim qrupa oranı gəzdirirdi,
bilmirəm. Sonra hamı getdi, təkbaşıma
qaldım. Nə edəcəyimi bilmirdim.
Yenə saysız-hesabsız bahalı içkilər,
məzələr düzülmüşdü. Hər şey də avtomatik idi. Pultu
əlimə alıb düyməsini sıxıram, pərdələr
açılır, digərinə toxunuram pəncərələr
qapanır, başqa düyməyə barmağım dəyir
musiqi başlayır, musiqini qapadım deyirəm, kinoya
keçir, ora açılır, bura qapanır deyərkən,
çaş-baş qaldım. Dedim, mən burada baş
aça bilməyəcəm, ən yaxşısı
yatım. Yatağın kənarını
açmışdım ki, birdən qapıya baxmaq yadıma
düşdü. Sən demə, Telman
qapıya iki nəfər mühafizəçi qoyub,
çıxıb gedib. Açdım qapını,
uşaqlar, hələ də gözləyirsiniz, dedim. Siz məni tanımırsınız? Necə tanımırıq, biz səninlə
böyüdük, dedilər. Dedim, yaxşı, gecə
saat üçdür, mən bu vaxt sizdən nə istəyə
bilərəm? Heç nəyə ehtiyacım
yoxdur, Allah eşqinə, gedin yatın, bu şəkildə mən
çox narahat oluram. Getmədilər, dedilər
biz təlimat almışıq. Dedim siz yatmasanız, mən
də oyaq qalacam, sabah film çəkməliyəm,
çox işim var. Yox, gedə bilmərik dedilər. Nəsə, mən birtəhər yatmağa
çalışdım.
Bir nəfər
üçün əlli nəfərlik səhər yeməyi...
- Səhər
açıldı. Otağıma gəldilər,
nə cür səhər yeməyi istədiyimi soruşdular.
İngilis, fransız, italyan, türk üsulu var
dedilər. Mən səhərlər yemək yemirəm dedim, israr etdilər. Yaxşı, dedim, türk
üsulu olsun. Az-maz zeytun, pendir gələr dedim. Bir də baxdım ki, içəriyə bir-birinin
ardınca yemək maşınları gəlir. Ballar, qaymaqlar, pendirlər, zeytunlar, daha nələr-nələr...
50 nəfərlik səhər yeməyi idi. Nə edəcəyimi bilmədim, çox gülməli
mənzərə idi. Nəsə, bunlar
geridə qaldı. Sonra bizim çəkiliş
heyəti gəldi. Artıq Telman oteldən
ayrılmışdı. Otel idarəçisi
nahar zamanı yaxınlaşdı, italyan, fransız, yapon
restoranlarından hansında günorta yeməyi yemək istədiyimi
soruşdu. Dedim, yox, biz yüz nəfərlik kollektivik, mən
isə onlardan ayrıla bilmərəm. Bizimkilər
harada yesə, mən də onlarla birlikdə orada yeyəcəm.
Dedi ki, onlar işçilərin olduğu yerdə yeyəcəklər.
Mən də işçilərin yediyi yerdə yeyəcəm
dedim. Olmaz, dedilər. İsrar
etdim. Sən demə, işçilərin
yemək yediyi məkan yeraltında imiş. Ağ metlaqlarla örtülü, əlində aluminium
qablar götürüb növbədə dayanırsan, az-az yeməklərdən
götürüb yeyirsən. Fabriki bilirsən
də, bax, oradakı kimi. Məni orada
görən aşpazlar, köməkçilər gəldilər.
Şəkil çəkdirdilər, imza
aldılar. Sonra dedilər ki, Zülfü
abi, biz bu günü unutmayacağıq. Niyə dedim.
Dedilər ki, kral dairəsində qalan heç kim
burada yemək yeməyib, bu, ilk və sondur. Qaldığım
otağın bir gecəsi 15 min avro idi. Nəysə! Filmi çəkdik, bu macəra da belə bitdi.
“Ətin ən
dadlısı Azərbaycandadır”
- Otelinin arxasında bir villası var idi. Üç nəfəri dəvət eləmişdi - turizmlə məşğul olan bir nəfəri, Rəcəb Tayyib Ərdoğanın köməkçisini və məni. Masada əsrarəngiz fransız yeməkləri var idi. Villasıdır, otel də deyil deyə, yeməkləri kimin hazırladığı maraqlı gəldi. Bu necə ləzzətdir, bunları kim bişirir, dedim. Mətbəxtdə Michelin Yıldızlı şef var, dedi. Təsəvvür et, Türkiyədə olmadığı halda, orada varmış. Aşpazı çağırdı. Möhtəşəm dadlar üçün təbrik etdim. Bu məqamda Telman dedi ki, yox, bu yeməklərlə olmaz, bizlik deyil. Mən sizə gözəl kabablar yedirim, dedi. Qolf maşınlarına mindik. Özü sürürdü, bizi sahilə apardı. Orada bir çadırın içində kabablar bişirirdilər. Ocaqda “cız-cız”la qızaran ətin səsi aləmi bürümüşdü. Elə təzəcə yeməyə başlamışdıq, birdən dedi ki, sizdə belə ət yoxdur, ətin ən dadlısı Azərbaycandadır. Dedi ki, siz quzunun dişisini də yeyirsiniz, biz yemirik. Bu söz bizimkilərə möhkəm toxundu. Dedilər ki, bizim Qaziantepin kabablarının, ətlərinin ləzzətini bilirsən? Bilmədiyini, harada olduğunu soruşdu. Əvəzsiz ləzzətdir. Bu ətdən daha dadlıdır... Əlbəttə, Telman buna hirsləndi. Çox iddialı insandır. Köməkçisini çağırdı, təyyarəni hazırla dedi. Qaziantepə gedib kabab yeyəcəyik. Dedim ki, Allah eşqinə, belə şeylər etməyin. Mən belə şeylərdən xoşlanmıram, heç getmək fikrim də yoxdur. Bax, onunku belə bir həyat idi!
“Mardan
Palace”ın içərisində “Rolls Royce”la gəzirdi”
- Bir
gün Rusiyadan bir oliqarx gəlib, günorta ona yemək ziyafəti
verib. Oliqarx deyib ki, süfrədə verilən
özbək plovunu bəyənmədim, dadlı deyil. Axşam təşkil edilən yeməkdə özbək
pilovu gətirdib masaya. Sən demə, təyyarəsini
Moskvaya göndərib, həmin plovu öz restoranından gətirdib,
şam yeməyinə çatdırıb.
Çox qəribə insan idi. “Mardan Palace”ın
içərisində “Rolls Royce” ilə gəzirdi.
Çox sayğılı, hörmətcil oğulları var.
Bir dəfə də olsun onları eyni masada
oturub yemək yeyərkən görmədim.
“Antalya
kimi kütlə turizmi olan yerə elə yatırım etmək
yanlış idi”
-
Doğrudur, çox hörmətcil insandır. Amma
eyni zamanda iddialıdır. Bəhsə
girməkdən ötrü sinov gedir. Fəqət,
bütün müşahidələrimə əsasən və
mənim anladığım qədəri ilə deyə bilərəm
ki, pulla nə edəcəyini bilmirdi. Həddən
artıq pulu, hər cür imkanı vardı, amma edəcək
nəsə tapmırdı. Fikrimcə,
“Mardan Palace” yanlış yatırım idi. Çünki Antalya kimi kütlə turizmi olan bir yerə
o qədər çox pul xərcləmək böyük səhv
idi. Səhv etmirəmsə, “Mardan Palace”ya
xərclədiyi pul bir milyard yarım civarında idi. Divarlara, tavanlara qızıllar işlənmişdi.
Sonra ora əlindən çıxdı. Eyni yatırımı Fransaya etsəydi, onu baş
üstündə gəzdirərdilər. Səhv
addımlar atdı. Necə zəngin oldu,
necə qazandı, bunu da bilmirəm.
“Bu qədər pul xərcləyən insanlar
dünyanın başqa harasında var?”
- Yenə
bir oğlunun ad gününü qeyd etmək üçün
dünyanın ən lüks otellərindən biri sayılan
Dubaydakı “Burc Əl Ərəb” oteli ilə anlaşıb. Hər şey hazır idi. Pullar
ödənmişdi, Rusiyadan oliqarxlar yığışıb
ora gəlmişdi. Oteldə əmirin rəsmi
asılmışdı. Telman deyir ki, əmirin
şəklini çıxardın, onun yerinə bir
günlük mənim oğlumun rəsmi asılsın. Bunun üçün nə qədər pul
lazımdırsa ödəyəcəm. Əvvəlcə
razılaşıblar. Ancaq otelin rəhbərləri
son anda deyiblər ki, sənin oğlunun rəsmini asa bilmirik.
Bu, siyasi hadisə olar, əmir buna sərt təpki
verər. Ona görə də
mümkün deyil. Qalxıb ayağa,
yığışın, gedirik deyib. Rusiyaya
qayıdıblar, bütün hazırlıqlar beləcə məhv
olub. Belə ölçülərlə
yaşayan, həyatı sanki uçurum kənarında
keçən, əlindəki pullarla macəralar quran,
çılğın, nə edəcəyini bilməyən
insanlar var. Ona görə Telman İsmayılov və onun vasitəsi
ilə tanıdığım oliqarxlar mənim
üçün çox maraqlı idi. Rusiyada yüz il əvvəl, ya da 1907-ci illərdə
işçi sinfi, proletariat, bərabərlik uğrunda
milyonlarla insan həlak oldu. Stalinqradda milyonlarla
insan öldü. Hələ Stalin dönəmlərində
nə qədər insan öldüyünü demirəm.
Bu cür mübarizələrdən, qanlardan
sonra ölkə axırda gəlib dünyanın ən bərabərsiz
cəmiyyətinə çevrildi. Bu qədər
oliqarxlar, bu qədər çox pul xərcləyən insanlar
dünyanın harasında var?
Telman İsmayılovu yaxından tanımaq gözəldir. Yaxşı
insandır. İndi nə edir bilmirəm,
illərdir görmürəm. İstanbula gəlib,
“konsertdə iştirak edə bilməyəcəm” deməyi isə
mənim üçün olduqca təqdirəlayiq hadisə
idi...
... Zülfü Livaneli ilə söhbətimiz beləcə,
yekunlaşdı. Öz aramızda danışanda da,
diktafona köçürülən səsdə də, səsi
sətirlərə çevirəndə də beynimdən eyni
misraları keçirdim:
“Yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın”.
Türkan
TURAN
525-ci qəzet.- 2019.- 20 mart.- S.12-13.