Gəldim ana!
Özümü itirə-itirə gəldim,
Qollarımı dodaqlarının arasına yemək apara bilməyən
yaşlı adama verdim,
Gözlərimi yolu əlində çəlik keçmək istəyən
nur üzlü qocaya hədiyə etdim,
Əllərim şikəst dilənçinin yanında qaldı,
Ayaqlarımı əlil arabasında oturub
meyvə-tərəvəz satan xalanın yanında qoydum.
Bölündüm ana,
Gəldiyim yolların, keçdiyim küçələrin
hər küncündə bir parçam qaldı.
Çox sadəydi əslində
atom zərrəciyi kimi bölünmək, parçalanmaq.
Gəlib uzanacaqdım qəm topası ilə
bir dirəyini sındırdığım çarpayımın üstə,
Qəm götürəcəkdi məni,
Qəhər boğacaqdı yenə,
Dərdlərin sayı çox, həlli yox.
Bax...
Özümü bütün bunlardan azad etdim, Ana.
Yatağımın üstündə üzümün
kədərini örtəcək
əl də yoxdu artıq,
Baxıb dörd divarda bir vəfasızı görəcək göz də.
Məni
bayıra çıxarıb,
kədər dolu xatirələrə aparacaq
ayaqlar da
daha ağırlıq
eləməyəcək çarpayıma.
Amma bir şeyin sahibini tapmadım, ana,
Çıxarıb kora verəcək
gözüm,
Əlilə verəcək ayağım,
Hər şeyim var idi, hər şeyim,
Təkcə ürəyin sahibini tapmadım.
Yenə
özümlə götürüb
gəlmişəm ürəyimi,
Bu ürəyin içindəkilər,
Onların ağırlığı təkcə dörd ayaqlı çarpayıya
yox,
Bu evə, bu dörd
divara,
Hətta
bir ömrə belə kifayətdi, Ana,
Bir ömrə belə bəs!
***
Söz qurtarıb, deməyə,
Bir cüt soyuq dodaq var.
Bu soyuqda üşü bir az,
Çöldə yaman sazaq var.
Üşü ki, qucaqlayım,
Köksümə tel dağılsın.
Gözlərinə səyahət,
Vallah şirin
nağıldı.
Hardan gəlirsən belə,
Son görüşmü bu daha?!
Onda ahım, harayım,
Çata bilər Allaha.
Baxışından duyuram,
Görüş həminki deyil.
Dodağına iz düşüb,
Öpüş mənimki deyil.
***
Dərdimə min bərəkallah,
Lap elə ayı
boydadı.
Hərəsi bir tərəfində,
Ulduzun sayı
boydadı.
Şeir
kəsik, söz yarımçıq,
Alov böyük,
köz yarımçıq.
Əlim
donuq, diz yarımçıq,
Həsrəti yolu boydadı.
Ya mən ölü, ya sevgi sağ,
Sinədə qəlb, içində dağ.
Gözümdən axan yaşa bax,
Tülkünün toyu boydadı.
Sevinci pəsdi pişiyin,
Hələ bir azca üşüyür.
Qorxusu məstan pişiyin,
Siçanın payı boydadı.
Qəlb
özünə tay axtarır,
Amma bir az zay axtarır,
Gör
e, sevgi-zad axtarır,
Ağlı da boyu boydadı.
***
Zirvəsindəyəm artıq,
Sən çəkdiyin
dağların.
Ürək ən tez düşənidi,
O solan yarpaqların.
Sürüşüb əllərimdən,
Düşür gözümün yaşı.
Dərd
daşıya bilmirəm,
Gəl, dərdi
məndən daşı.
Sən çəkdiyin dağlara,
Bu gecə qar yağırdı.
Tərəziyə qoy gör ki,
Dərdim ondan ağırdı.
Cəmil CƏMİLBƏYLİ
525-ci qəzet.- 2019.- 28 mart.- S.8.