Dinclik vermir xatirələr
İllər ötür, insan yaşa dolduqca tez-tez xatirələrə
qərq olur, ömrün acılı-şirinli,
əlçatmaz, ünyetməz
anları vərəqlənir.
Xatirələr, xüsusən də dünyasını dəyişmiş
insanlar yaddaşda daha çox canlanır. Yaddaşımda həkk olunan
insanlardan biri də bizi çox
tez tərk edərək əbədiyyətə
qovuşan, gənc şairlərin hamisi Davud Nəsibdir. O,
2003-cü il mart ayının
26-da qəzaya uğrayaraq
faciəli şəkildə
dünyasını dəyişdiyi
günə qədər
uzun illər "Ədəbiyyat və incəsənət" qəzetində
"Poeziya şöbəsi"nin
müdiri kimi poeziyamıza sədaqətlə
xidmət etmişdir.
Yaradan Davud Nəsibə xeyirxahlıqla
döyünən elə
bir ürək nəsib etmişdi ki, nəinki gənclərin, eləcə
də yaşlı nəslin sevimlisinə çevrilmişdi. Odur ki, onun gözlənilməz itkisi
hamını sarsıtmışdı.
Hardasa oxumuşam, hər hansı bir itki müəyyən təəssüf hissi və məyusluq doğurur. Lakin insan itkisi, həyatda ən ağır, ən əvəzsiz və göynərtili itkidir.
Sənətkar itkisi isə
ikiqat ağırdır.
Çünki bu itki neçə-neçə əsərin
- şeirin əbədi
itirilməsi deməkdir.
Odur ki, Davud Nəsibi
Yazıçılar Birliyində
son mənzilə yola salarkən vida mərasimində ürək
ağrısı ilə
bu böyük itkidən söz saldıq. Mən Vida sözümü - iki saralmış vərəqdə "Xatirə
qovluğu"mda bu gün də saxlayıram. Bu, Davud Nəsib şəxsiyyətinə və
yaradıcılığına ehtiramımdan irəli gəlir. Aktuallığını bu gün də itirməyən Vida sözümün bir cümləsini belə dəyişmədən oxuculara
təqdim edirəm.
Vida sözüm bir daha göstərir ki, necə bir
səmimi, xeyirxah insan, necə sevilən bir şair itirmişik: "Hörmətli mərasim iştirakçıları, neçə
illərdən bəri
"doğma ocaq"
saydığım "Ədəbiyyat
qəzeti" redaksiyasına
gedəndə həmişə
bir yaxın, doğma kimi məni qarşılayan Davud Nəsib bu gün cismən
bizdən ayrılır.
Taleyə baxın ki,
son vaxtlar dünyasını
dəyişən yazıçı
və şairlərimiz
haqqında ürək
ağrısı ilə
vida sözü yazan Davud Nəsibə
bu gün vida sözü deməyə, son mənzilə
yola salmağa yığışmışıq. On il əvvəl
şəkil çəkdirmişdi.
Qolunda saat vardı. Gündüz
saat 1-ə 10 dəqiqə
göstərirdi. Şəkildə qəmli idi. Aradan düz on il keçəndən
sonra gündüz saat 1-ə 10 dəqiqə
işləmiş qəfil
ölüm onu bizdən ayırdı.
Davud həddən artıq xeyirxah, ürəyi yumşaq adam
idi. Onun şeirlərini və
tərcümələrini həyəcansız
oxumaq olmur. Keşməkeşli həyatımızın burulğanlı durumları
ona rahatlıq vermirdi. Bu təbii
idi. Ümumiyyətlə, şair xalqın
görən gözü,
vuran nəbzi, döyünən ürəyidir.
Hər dəfə
"Ədəbiyyat qəzeti"nə
yolum düşəndə
mütləq onunla görüşər, həyatın
gedişatı barədə
düşüncələrimizi bölüşərdik. Davudla yaxınlığımız
oğlu Xəyala Bakı Dövlət Universitetində dərs dediyim vaxt daha
da möhkəmləndi.
Dostluğa çevrildi.
Deyirlər insanın adını valideynləri, yaşını
və qismətini yaradan, qiymətini xalq verir.
Davud Nəsib
xalq arasında sevilən, yaradıcı ziyalılar arasında seçilən, öz yeri olan gözəl
şair və gözəl insan idi.
Bu gün dostumuzu
son mənzilə yola salırıq. Nə edəsən ki,
böyük Səməd
Vurğun demişkən,
həyatın hər vaxt dərk edə bilmədiyimiz qanunları vardır.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir
sirdaşa dünya".
O vaxtdan 15 il
keçib. Poeziyamızda təlatümlərin, cərəyanların, cılızlaşmaların
baş alıb getdiyi zəmanəmizdə
Davud Nəsib kimi sözü, yaradıcılığı və
sanbalı ilə köhnə kişilərə
bənzər şairlərin
yeri görünür.
Davud Nəsib
sıradan şairlərdən
deyildi. Bakı Dövlət Universitetində
təhsil almışdı.
Moskvada ikillik Ali Ədəbiyyat kurslarını bitirmişdi.
Gənc yaşlarından ulduz kimi parlayan gənc
şairin hətta Moskvada "Anama məktublar" (1974), "Ocaq
daşları" (1981), "Müsahibə" (1985) şeir
kitabları çıxmışdı.
1966-cı ildə çap olunan "Gözüm səni axtarır" kitabından
sonra onlarla kitabı çap olundu və o, poeziyasevərlərin ürək
dostuna çevrildi.
İndi bir poema yazıb
çap etdirən bəzi şairlərin iddiası yerə-görə
sığmır. Davud oxuyanda adamı
haldan-hala salan 20 poema müəllifidir.
Əda-iddia nə olduğunu
bilməzdi. Sadə və
səmimi insan, qəlb həmdəmi şair idi.
İki gün fərqlə, o avqustun 25-də,
mən isə 27-də
anadan olmuşuq. Həmişə
deyərdi: "Qardaş,
gəl ad günümüzü
bir yerdə qeyd edək. Xərci özüm çəkəcəm.
Qonorar almışam".
Həqiqətən də çox səxavətli adam
idi.
Qarabağ hadisələri Davuda da dərin təsir
etmişdi, əslində,
onu sarsıtmışdı. Şairdə tarixi qəhrəmanlarımızı
gündəmə gətirmək,
bəzi qeyrətsizləri
qeyrətə gətirmək
arzusu baş qaldırmışdı. Odur ki,
"Cavanşir" (2000) və
"Cavanşirsiz məmləkət"
(2001) romanlarını yazıb
çap etdirmişdi.
Akademik Nizami Cəfərov doğru qeyd edir ki, "Cavanşir" romanını
şairə dövr, zaman yazdırmışdı.
Şairin
ölümündən düz
on il sonra, 2013-cü ildə oğlanları Xəyal və Xəyyam, Davudu hamıdan çox istəyən, onunla fəxr edən əmisi oğlu Nadir şairin hər biri 600 səhifədən
artıq olan ikicildlik "Ata laylası"
adlı şeirlər
və poemalarından ibarət kitabını buraxdılar. Doğrudan da bu əsər Davuda layiq möhtəşəm
abidədir.
Kitabda akademiklər
Teymur Bünyadov və Nizami Cəfərovun Davud Nəsib yaradıcılığına
işıq tutan sanballı məqalələri
yer alır.
Mənə avtoqrafla bağışlanan
I cildi vərəqləyirəm. Davudun atası Məcud kişinin portreti, yazıçı İsa Hüseynov, yazıçı
İmran Qasımov, Gəncə şəhərində
Rəsul Rza, Süleyman Rüstəm, dövlət xadimi və yazıçı Həsən Həsənov,
İsmayıl Şıxlı,
Qasım Qasımzadə,
Xəlil Rza, Anar, Sabir Azəri
ilə şəkilləri
diqqətimi cəlb edir. İkinci cild şairin
anası İnsan xanımın portreti ilə açılır.
Burada şairin Nəriman Həsənzadə,
Süleyman Rüstəm,
Abbas Abdulla, Rəsul Həmzətov, Vilayət Rüstəmzadə, Nüsrət
Kəsəmənli və
Aşıq Kamandarla şəkilləri yer alır. Xəyal məni ağuşuna
alıb unudulmaz Davudlu günlərə aparır. O sevimli günlərin birində ölüm Davudu sıralarımızdan qoparıb
apardı.
Qoy ölüm
sevinməsin, əbədiyyət
qədər əbədidir
şairlər.
14.02.19
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2019.- 28 mart.- S.7.