"Sabaha qədər. Öpürəm. Oskar"

 

 

 

 

Martın 24-də Gənc Tamaşaçılar Teatrı yeni premyera ilə sənətsevərləri sevindirdi. Bu dəfə teatr fransız ədəbiyyatına müraciət etmişdi. Fransız yazıçısı Erik Emmanuel Şmidtin "Oskar çəhrayı dama" əsəri əsasında hazırlanan tamaşa "Tanrıya 14 məktub" adlanır.

 

Pyesin tərcüməçisi tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi  tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev,  Mirsənan Kazımlı, Əməkdar artist Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırırlar.

Əsərin qəhrəmanı 10 yaşlı Oskardır (A.Səfiyev). Uzun müddətdir xəstəxanada yatan Oskar qan xərçəngindən əziyyət çəkir. Vur-tut 10 yaşı olmasına baxmayaraq, o, çox ağıllı hər şeyin fərqində olan bir uşaqdır. Əməliyyatının uğursuz keçdiyini, tezliklə öləcəyini bilir. Amma onun əhvalında təlaş var, qorxu. Elə bəlkə belə olmalıdır. Axı, o, hələ çox balacadır. Ölümün olduğunun fərqində deyil.

Onu incidən tək şey insanların ona qarşı saxtakarlığıdır. Həkimi (A.Pirimov) , həftədə cəmi bircə gün - bazar günü onun yanına gələn valideynləri (B.Həsənov, Z.Quliyeva) , ona qulluq edən tibb bacıları da, digər palatalarda yatan xəstələr onun ömrünün sonuna çox qalmadığını bilirlər hamı onunla ölüm barədə danışmaqdan çəkinir, qaçır. Bax, Oskar bunu anlamır. O, hər vəchlə ölüm haqqında danışmaq, həqiqətləri eşitmək istəyir.

Onun xəstəxana həyatı çox fərəhsiz, maraqsız, sıxıcıdır. Hələ bundan əlavə öyrəndiyi həqiqətlər onun uşaq qəlbini daha da çox sıxır, incidir.

Bu məqamda onun köməyinə "çəhrayı mələk"- Roza nənə (Qəmər Məmmədova) çatır. Roza nənə xəstəxanalarda xəstələrə qulluq edən könüllü tibb bacılarındandır. Onları "çəhrayı mələk" adlandırırlar. Adətən, yaşlı qadınlar olan bu "mələk"lər xəstələrlə xoş vaxt keçirir, onların tənhalıqlarını bölüşür, müalicə müddətində onlara mənəvi dəstək göstərirlər. Roza nənə də Oskarın "mələyidir". Bu yaşlı qadın əvvəlləri həftədə iki dəfə Oskarın yanına gələ bilir. Ancaq onun Oskarla keçirdiyi dəqiqələr uşağa o qədər əziz, o qədər sevimlidir ki, o, Roza nənənin hər gün yanına gəlməyini arzulayır. Onsuz da ölümünə az vaxt qalan uşağı heç kim incitməzdi yəqin ki. Xəstəxana rəhbərliyi də onun üçün qaydaları görməzdən gəlir. Və Roza nənəyə 12 gün Oskarın yanına gəlməyə icazə verilir. Deməli, Oskarın son 12 günü var...

Ağıllı qəhrəmanımız elə həmin an bu  həqiqətin fərqinə varır. Nə qədər hazırlıqlı olsa da, ölümün yaxınlaşan nəfəsi onun da kiçik qəlbini təlaşlandırır. Nə edəcəyini bilmir. Həyatın məhv olduğunu, soyuq, rəngsiz xəstəxana otağında ölüb gedəcəyini düşünür. Xeyirxah Roza nənə isə ona ruhdan düşməyə izin vermir. Ona Tanrıya məktub yazmağı məsləhət görür. Tanrı? Oskar təəccüblənir. Axı, Tanrı yoxdur. Onun olmayan birinə məktub yazmağında nə məna ola bilər ki? Bir də nə yazacaq heç ünvanını belə bilmədiyi Tanrıya? Onun yazdığı tale sayəsində cəmi 10 gündən sonra öləcəyini və oturub ölümü gözlədiyini? Yox!

Roza nənə öz ağıllı və müdrik fikirləriylə öncə o balaca qəlbdə Tanrıya inam hissini yaradır. Sonra isə onu inandırır ki, əgər insan özü istəsə, bir günün 10 il kimi keçirə, özü öz həyatına rəng qata, hər günün bir-birindən maraqlı, doya-doya yaşaya bilər. Və tamaşa Oskarın ömrünün son 10 günündə "yaşadığı 100 il" və Tanrıya yazdığı məktublardan bəhs edir. O, bu 10 günə insanın yaşaya biləcəyi bütöv bir ömrü sığışdırır. Əlbəttə, bunlar onun gələcəklə bağlı xəyalları, arzuları, heç zaman yaşaya bilməyəcəyi gerçəkləri idi. Amma bunlar Oskarı xoşbəxt edir, həm də mənəvi cəhətdən böyüdürdü. O, 10 yaşında həm ilk sevgini dadan yeniyetmə, çılğın gənc, həyat yoldaşını sevən təzə ailə başçısı, xəyanətdə günahlandırılan ər, həm də həyatda yaşamaqdan yorulmuş, amma hələ də doymamış qoca ola bilir. O, Tanrıya yazdığı hər məktubunda bir gününü (yəni xəyalən 10 ilini) anladır. Ən qəribəsi budur ki, bu üsul həqiqətən də onun həyatını rəngləndirə, ona ölümün soyuq nəfəsini unutdura, "bu gün əla gün oldu, çox sağ ol, Tanrı!" - dedirə bilir.

Hər məktubunu "Sabaha qədər. Öpürəm. Oskar" - deyə tamamlayan balaca sabaha daha ümidli, daha inamlıdır. Artıq başı həyatına məktublarına elə qarışıb ki, xəstəliyini belə unudub.

Onu ölümə düçar edən xəstəliyi ilə Oskar fiziki deyil, mənəvi savaş aparır. O sübut edir ki, 10 günü 100 il kimi yaşamaq mümkündür. Yetər ki, daxilində Allah sevgisi, həyat eşqi olsun. Yetər ki, yaşamaq istə!

Kədərli finalı olan əsər insanlarda Allaha inam duyğusunun hər zaman olmasını, ən çətin anlarda belə şükür etməyi bacarmağı təbliğ edir. düşünürəm ki, tamaşa əsərdə qoyulan əsas mesajı biz izləyicilərinə ötürə bildi.

"Tanrıya 14 məktub" maraqlı rejissor yozumu, peşəkar aktyor oyunu, sadə dekorasiyası, fransız sənətindən gəlmə rəngarəng musiqi tərtibatı ilə uğurlu idi. Amma etiraf etmək lazımdırsa, başdan sona istər musiqilərində, istərsə dialoqlarında uğurlu şəkildə fransız ab-havası yaradılan, hətta bir yerdə Tanrı olaraq, xristianların peyğəmbəri İsa Məsihdən söz açılan tamaşanın sonda - Oskarın ölüm səhnəsində "Azan"la bitməsi bəlkə , səhnə əsərinin tək qaranlıq məqamı oldu.

Rejissor bununla ölüm səhnəsinin qüvvətinimi artırmaq istəyib, yoxsa dinindən asılı olmayaraq, qəlbində Allah sevgisi olan insanların mənəvi birliyinimi göstərib, ya da ölüm anında bütün insanların eyni qədəri paylaşdığınımı deyib?! Səhnə təkdir, yozum çox. Ən doğrusunu isə əlbəttə, rejissor bilir...

Bütün hallarda yeni premyerauğurla səhnələşdirilən əsərə görə yaradıcı heyəti təbrik edirik!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 28 mart.- S.7.