Türk düşüncə və
siyasət adamı - Əhməd bəy Ağaoğlu-150
Azərbaycan fikir tarixinin ən diqqətəlayiq türk düşüncə
və siyasət simalarından olan və haqqı hələ də tanınmamış nəhəng
fikir adamı Əhməd Ağaoğlunun
ömür tarixi və əsərləri ilə yaxından tanışlıq onun ədəbi fəaliyyətinin
yeni, maraqlı səhifələrini açır.
Əhməd bəy istər Azərbaycan və Rusiya, istərsə də Türkiyədə baş verən böyük tarixi hadisələrin içində
özünəməxsus yeri
olan bir aydındır. Milli siyasi və fikir həyatımızda silinməz izlər qoyan az
sayda şəxsiyyətlərimizdən
biri kimi Ə.Ağaoğlu haqqında
Sovet dövründə
mənfi çalarlarda
fikirlərin səsləndirildiyini
nəzərə almasaq,
haqqında dərin araşdırmaların son illərdə
aparıldığını söyləyə bilərik.
Əhməd Ağaoğlu kimliyi
Şuşa şəhərində dövrünün
gözüaçıq adamlarından
olan Həsən bəyin ailəsində anadan olan Ə.Ağaoğlunun
babası İbrahim dövrünün adlı-sanlı
ilahiyyat alimlərindən
hesab edilirdi. Atası Mirzə
Həsən və əmisi Mirzə Məhəmməd Şərq
təhsili görmüşdü.
Onların hər ikisi ərəb və fars
dillərini bilməklə
yanaşı, dünyəvi
elmlərə də maraq göstərirdilər.
Qırxdan çox ailə
üzvü olan nəsillə bağlı
qərarları sərt
xarakterli Mirzə Məhəmməd verirdi.
Böyük əmisi Hacı
Mirzə Məhəmməd
Əhməd bəyə
çox ümid bəsləyir və bu üzdən də onu gələcəkdə
müctəhid görmək
istəyirdi. Görünür,
buna görə də gənc Əhmədə xüsusi
müəllimlər ərəb
və fars
dillərini öyrədirdilər.
Lakin Ə.Ağaoğlu dini deyil, Şuşadakı rus gimnaziyasında təhsil almağa üstünlük verərək
əmisindən xəbərsiz
dayısının vasitəsilə
rus gimnaziyasına getdi. Rus gimnaziyasında təhsil
almaq olduqca çətin idi; ona görə ki, burada ancaq
erməni uşaqları
oxuyurdu, bu da milli və
dini fərqlilikdən
dolayı azərbaycanlı
şagirdlərə çətinliklər
yaradırdı. Buna baxmayaraq, buradakı mühitin gənc Əhmədin formalaşmasında
rolu böyük olur. Bu elə
bir mühit idi ki, onun
həyatını dəyişdiyi
kimi, fəaliyyət istiqamətini də dəyişdirir. Belə ki,
rus gimnaziyasında özündən başqa
cəmi dörd nəfər azərbaycanlı
oxuyurdu ki, onlar da erməni
uşaqlarının hər
gün davam edən hücumlarına məruz qalırdı.
O günləri Ə.Ağaoğlu
sonralar xatırlayaraq yazırdı: "Bu beş
nəfərin illər
boyu davam edən təhsil həyatında erməni çocuqlarından çəkdikləri
zülmü təsvir
etmək imkan xaricindədir. Tənəffüslərdə
biz, beş türk çocuğu cəld tərpənib arxamızı divara dirəməyi qənimət
bilirdik. Yüzlərlə erməni çocuğu
qəflətən üstümüzə
hücum edirdi. Biri başımızdan papağı alıb atır, qalanları dörd-beş altun qiyməti olan Buxara dərisindən tikilmiş papaqları təpiklə kos
kimi ora-bura vururdular. Bəziləri qiymətli, əksərən
dəvə yunundan toxunmuş pencəklərimizin
ətəklərindən yapışır,
o yan-bu yana çəkir, parçalayır,
dartıb tikişlərini
sökürdülər". Müqavimət göstərmək fikrinə düşənlər
yumruq, qapaz, təpiyə "qonaq"
edilirdi. Bəzən isə
gizlində sözü
bir yerə qoyub üzərlərinə
böhtan atır, üzlərinə duraraq şahidlik edir və cəza verdirirdilər. Bu cür çətin şəraitdə gənc
Əhmədin dostlarının
çoxu bu zülmə dözə bilməyib məktəbi tərk etmişdilər.
Son sinfə keçərkən
türklərdən yalnız
Ə.Ağaoğlu qalmışdı.
Həyatının dönüş mərhələləri
XIX əsrin sonlarında Fransa və Azərbaycanda, 1909-cu ildən
sonra isə Türkiyədə yazıb-yaradan
böyük ictimai fikir adamı olaraq, onun siyasi,
ictimai, ədəbi-bədii
yaradıcılığı mövzu və problematika baxımından
son dərəcə zəngin,
zəngin olduğu qədər xalqının
ictimai-siyasi həyatı
ilə də birbaşa bağlıdır.
Yaradıcılığının ilk illəri çarlıq üsuli-idarəsinə düşən
Ə.Ağaoğlu ali təhsil dalınca getdiyi Fransada yüksək təhsil almaqla yanaşı, Avropa mühitini dərindən öyrənmiş və bu ölkənin ziyalı mühiti ilə yaxından tanış olaraq Qərb dəyərlərini
dərindən mənimsəmiş
və bir şərqşünas kimi
tanınmışdır.
Sorbonna Universiteti Paris Hüquq məktəbində təhsil
alan Ə.Ağaoğlu
Fransa mühitində Ceyms Darmstater, Ernst Renan, Şefer və Barbiye de Meynar kimi alimlər, "La
Nouvelle Revue" dərgisinin sahibi Cülyetta Adamla tanış olur. Bu illərdə Parisdə nəşr edilən "La Nouvelle Revue", "La Revue bleue politique et literaire", "Journal des debats"
kimi nüfuzlu qəzet və dərgilərdə Azərbaycan
və bu regionda yaşayan xalqların mədəniyyəti,
tarixi və ədəbiyyatı haqqında
məqalələrlə çıxış
edir. Ə.Ağaoğlu altı illik
Paris həyatında yalnız
təhsil almamış,
həm də fransız alimləri və Fransada yaşayan gənc türklər ilə sıx əlaqə quraraq gündəmi məşğul edən müzakirələr aparır.
Dövrün böyük Şərq
mütəfəkkiri, filosofu
və islahatçısı
Şeyx Cəmaləddin
Əfqani ilə tanışlığı onun
fikirləri, ideyalarında
mütərəqqi və
islahatçı meylləri
gücləndirir. Fransa alimlərinin
burada qalıb elmi işlə məşğul olmasına
dair təkliflərinə
baxmayaraq, ölkəsinə
dönüb xalqına
xeyir verməyi düşünən Ə.Ağaoğlunun
həyatı və yaradıcılığının ən zəngin və çətin bir mərhələsi başlayır.
Bu mərhələdə onun yaradıcılığında jurnalistlik fəaliyyəti əsas yer tutur. Çar Rusiyasının Azərbaycan xalqını əzdiyi, haqq və hüquqlarını tapdaladığı, torpaqlarını işğal etdiyi bir zamanda milli və siyasi maarifçiliyi əsas götürərək mübarizəyə başlayır. Rusca "Kaspi" qəzetindəki məqalələri ilə xalqın milli ictimai mücadiləsinə start verən publisist sonrakı fəaliyyətində bu prioritet istiqaməti axıradək qoruyub saxlamışdır. Publisist kimi fəaliyyətini milli mətbuatda davam etdirən Ə.Ağaoğlu "Həyat" qəzetində cəmiyyəti məşğul edən ictimai, dini, milli problemlər qaldırırdı.
1905-ci ildə Qafqazda çar Rusiyası siyasətinin davamı olaraq baş verən erməni terrorizmi Ə.Ağaoğlunun da fəaliyyət sferasının yönünü və istiqamətini dəyişir. Ə.Ağaoğlu bu fəaliyyəti ilə milli kimliyi tanıtdığı kimi, çar Rusiyasının Qafqazda erməniləri müdafiə etdiyini, terrora dəstək verməsini də açır. "Difai" təşkilatının yaradılması da məhz xalqın milli müqavimət hissini qaldırmaqdan irəli gəlmişdir. O, "Difai" təşkilatının hərəkətverici qüvvələrindən biri olması ilə milli mücadilə yolunda yeni bir mərhələnin başlanğıcını qoyur. Lakin Qafqaz canişini Vorontsov Daşkovun onu həbs etdirərək sürgünə göndərmək istəməsi ilə Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır. Beləcə, onun zəngin yaradıcılığı və ictimai-siyasi fəaliyyətinin böyük bir hissəsi Türkiyə ilə bağlanır və həyatının otuz ili burada keçir. Bu müddətdə o, həm Azərbaycan, həm də Türkiyə cəmiyyəti üçün ölçüyəgəlməz dərəcədə işlər görmüşdür. Bu işlərdən biri Azərbaycan və Türkiyə, eləcə də türk dünyası siyasi tarixində xalqın şüurunda milli düşüncəni inkişaf etdirmək idi. Bu cəhətdən milliyyətçilik onun yaradıcılığının ilkin mərhələsində başlıca yer tutur. Onun həm yaradıcılığında, həm də fəaliyyətində milliyyətçilik, vətənçilik, türkçülük amili mühüm rol oynayır. Türk yazarı Özcan Ufukun yazdığı kimi, Ə.Ağaoğlu Türkiyədə milliyyətçi hərəkatın gəlişməsində birinci dərəcədə təsirli olmuş adamlar arasında yer alan, bununla birlikdə hərəkatın yerli üzvlərindən fərqliliklərilə diqqətçəkən bir ziyalı kimi tanınır.
Əhməd bəyin yaradıcılığının və fəaliyyətinin əsas istiqamətlərindən biri isə Türk-müsəlman dünyasında qərbləşmə, modernləşməni nəinki təqdir etmək, həm də onun yollarını göstərməkdən ibarət idi. Bu istiqamət onu uzun müddət türk dünyasında türkçü kəsim olaraq tanıtsa da, sovet elmi tərəfindən isə pantürkist kimi damğalanaraq vətənində yaradıcılığının araşdırılması uzun müddət qadağan olunmuşdur. O, həm də sovet rejimi tərəfindən bir islamçı, panislamist kimi qələmə verilmişdir. Bu da onun islamın dünəni, bugünü və problemlərilə bağlı elmi yazılarının dərc olunmasından, yeni fikir və ideya müəllifi olmasından irəli gəlirdi. Ə.Ağaoğlunun Türkiyədəki yaradıcılığında türk-islam istiqamətləri birləşməklə yanaşı, onların yanaşı hərəkət etmələrinin nəzəri əsasları da yaradılmışdı. Görkəmli fikir adamının Türkiyədəki dərnəkçilik və mətbuat fəaliyyəti sistemliliyi, yenilikçiliyi ilə yeni bir yolun, ictimai-siyasi tendensiyanın əsasını qoydu.
Bütün bu sıx ictimai, siyasi fəaliyyətlə yanaşı, Ə.Ağaoğlu həm də zəngin bir yaradıcılıq yolu keçir. Onun yaradıcılığı ilə fəaliyyəti bir-biriylə qırılmaz şəkildə bağlıdır. Onlarla ədəbi, elmi, alleqorik, didaktik əsərlərində yeni cəmiyyət, dövlət, din, islam, hökumət, əxlaq və fərd, demokratiya, cəmiyyət və s. anlayışlarına yeni düşüncə stereotipləri nöqteyi nəzərindən yanaşmışdır. "Türk təşkilatı əsasiyyəsi", "İngiltərə və Hindistan", "Dövlət və fərd", "Sərbəst insanlar ölkəsində", "1500 ilə 1900 arasında İran", "İran və inqilabı", "Üç mədəniyyət", "Mən nəyəm", "İxtilalmı, inqilabmı", "Könülsüz olmaz", "Sərbəst firqə xatirələri", "Etrusk mədəniyyəti və bunların Roma mədəniyyətinə təsiri", "Peyami Səfaya axirətdən məktublar", "Türk tarixinin ana xətləri" və s. onlarla fundamental ədəbi, bədii, didaktik əsərləri Türkiyə və Azərbaycan ədəbi düşüncəsini zənginləşdirən əsərlərdəndir.
(Ardı var)
Mədinə
KARAHAN
Xəzər Universitetinin doktorantı
525-ci qəzet.- 2019.- 28 mart.- S.6.