"Azərbaycanda elmə yüksək səviyyədə diqqət və qayğı göstərilir"

 

 

Müsahibimiz AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıldır.

- Zülfiyyə xanım, ölkəmizdə elmin inkişafı dövlətin diqqət və qayğısı əhatəsindədir. Bu sahədə görülən işləri necə qiymətləndirirsiniz?

- Elm işçilərdən biri kimi böyük fəxr hissi ilə qeyd edə bilərəm ki, ölkəmizdə elmə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu sahədə həyata keçirilən işlər və onların uğurlu nəticələri göz qabağındadır. Azərbaycan elmin inkişafında, nailiyyətlərin əldə olunmasında Ümummilli lider Heydər Əliyevin adını xüsusi qeyd etməliyik. Ölkə elminin inkişafını hər zaman diqqət mərkəzində saxlayan ulu öndər hələ ötən əsrin 60-70-ci illərində mühüm tarixi qərarlara imza atıb. Belə ki, ölkənin böyük elm məbədi olan Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat institutlarının yaradılması, onlar üçün yeni binalar inşa edilməsi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, iş şəraitinin yaxşılaşdırılması, habelə ölkədə ixtisaslı kadrların yetişdirilməsi üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi Heydər Əliyevin Azərbaycan elminə böyük töhfəsi idi. Dahi öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrlə yanaşı, Azərbaycan elminin inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. Ulu öndərin 15 may 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyasına çevrildi. Ümummilli liderimizin genişmiqyaslı xidmətləri sırasında mən deyərdim ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması ilə bağlı 7 avqust 2002-ci ildə imzaladığı tarixli sərəncam mühüm yer tutur. Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanda da elmin inkişafına xüsusi diqqət yetirən dahi şəxsiyyətin ölkə elmi-mədəni həyatında mühüm elmi, siyasi və tarixi əhəmiyyətli həmin sərəncamından sonra muxtar respublikada elmin bir çox istiqamətində daha da geniş elmi-tədqiqatların aparılması üçün zəruri imkanlar yaradıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının səmərəli fəaliyyətləri üçün hər cür lazımi iş şəraiti yaradılan və müasir tələblərə cavab verən binalar elm işçilərin istifadəsinə verildi. Məhz bu diqqət və qayğının bariz nümunəsidir ki, Bölmədə yaradılan 6 elmi-tədqiqat müəssisəsində bu gün muxtar respublikanın qədim və zəngin tarixi, arxeologiyası, etnoqrafiyası, folkloru, ədəbi və mədəni mühiti, onomastikası, biomüxtəlifliyi, təbii ehtiyatları və digər sahələri daha dərindən araşdırılır, öyrənilir, tədqiq və təbliğ edilir. Ötən müddət ərzində bölmənin elmi və elmi-təşkilati fəaliyyətində bir çox uğurlar, naliyyətlər, mühüm elmi nəticələr əldə edib ki, bütün bunlar da Naxçıvan elmini zənginləşdirməklə yanaşı Azərbaycan elminə yeni töhfələr verir.

- Ölkə başçısı İlham Əliyev "Elm günü"nün təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla bağlı təəssüratlarınızı da bilmək istərdik...

- Öncə qeyd edim ki, Prezident İlham Əliyevin bu sərəncamı elm adamlarının, ümumiyyətlə, ölkə ictimaiyyətinin sevincinə səbəb oldu. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən elmin inkişafına yönəlmiş bu siyasətə sadiq qaldığını həyata keçirdiyi diqqətəlayiq tədbirləri ilə təsdiqlədi. Ölkə başçısının respublikada elmin inkişafı üçün bir sıra tarixi qərarları, elm adamlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində sərəncamları buna əyani sübutdur. Azərbaycanda "Elm günü"nün təsis olunması prezidentimizin elmə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Bu əlamətdar gün ölkə elm və təhsil ictimaiyyəti tərəfindən elm bayramı kimi yüksək səviyyədə qeyd edilir. Heç şübhəsiz ki, Azərbaycanda elmin inkişafı üçün imzalanan müxtəlif fərman və sərəncamlar biz elmi işçilər qarşısında çox mühüm vəzifələr qoyur...

- Zülfiyyə xanım, sizin də qeyd etdiyiniz kimi, akademiyanın tarixində ilk dəfə olaraq təsis edilən "Elm günü" ilə əlaqədar ölkənin, eləcə də muxtar respublikanın elm və təhsil müəssisələrində bir sıra silsilə tədbirlər keçirilir. Siz bu istiqamətdə həyata keçirilən tədbirləri necə xarakterizə edərdiniz?

- Bəli, "Elm günü" ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Naxçıvanda, eləcə də AMEA-nın Naxçıvan Bölməsində də bu bayram böyük qürur hissi ilə keçirilir. Bu da səbəbsiz deyildir. Çünki qısa zaman kəsiyində Naxçıvan Bölməsi həyata keçirdiyi elmi-tədqiqat işləri ilə uğurlu nəticələr əldə edib. Elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərilən diqqət və qayğı bütün elm ocaqları kimi Naxçıvan Bölməsinə də öz müsbət təsirini göstərir. Bölmənin elmi-tədqiqat müəssisələrinin səmərəli fəaliyyətləri üçün yaradılan iş şəraiti Naxçıvan elmi mühitin canlanmasına və inkişaf etdirilməsinə öz töhfəsini verir. Qeyd edək ki, Bölməmizdə ayın 15-dən start verilən "Elm həftəsi"ndə məzmunca müxtəlif səpkili silsilə tədbirlərin keçirilməsi, sərgilərin təşkili, alim və tədqiqatçıların elmi fəaliyyətlərini əhatə edən hesabatların hazırlanması hər kəsin elmi yaradıcılığına ayna tutmaqla bərabər, məsuliyyət hissini də artırdı. "Elm həftəsi" obrazlı ifadə etsək, cəmiyyət və elm, həmçinin elm adamları arasında körpü yaratmağa xidmət etdi. Ötən həftə ərzində elmi məsələlər ətrafında geniş müzakirələrin aparılması, insanların ən yeni elmi nailiyyətlərdən, elmi nəticələrdən məlumatlı olmasına imkan yaratdı. Nəticə olaraq "Elm həftəsi"nin muxtar respublikamızda geniş miqyasda keçirilməsi elmin nüfuzunun artması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində əhəmiyyətli rol oynadı.

- Ölkə başçısı sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycan xalqının intellektual gələcəyinin təmin etməyin yeganə yolunu məhz elm və təhsilin ən müasir tələblər səviyyəsinə çatdırılmasında görür...

- Heç şübhəsiz ki, Azərbaycanda elmin, təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkə başçısı da hər zaman inamla səsləndirir ki, başlıca məqsəd maddi kapitalı insan kapitalına, intellektual sərvətə çevirməkdir. Təbii ki, hər sahədəki inkişaf da elm sahəsindəki yeniliklərdən asılıdır. Bu sahədəki potensial gücləndikcə, digər sahələr də yüksək templə inkişaf edəcəkdir. Müasir dünyanın tələbi də budur ki, əgər ölkənin intellektual gələcəyini müasir standartlar səviyyəsində qurmaq istəyirsənsə, elm və təhsilin inkişafı üçün innovativ metodlar tətbiq olunmalıdır.

- Bu gün ölkəmizdə uğurla həyata keçirilən elm siyasəti Naxçıvan Muxtar Respublikasında da ən yüksək səviyyədə dəstəklənir, elm sahəsində çalışanlara yüksək diqqət və qayğı göstərilir...

- Bəli, qeyd etdiyiniz kimi, muxtar respublikamızda da digər sahələrlə yanaşı, elm sahəsi də dövlətin diqqət və qayğısı əhatəsindədir. Son illər muxtar respublikamızda elmə göstərilən diqqət və qayğı, elmi işçilər üçün yaradılan şərait elmi tədqiqatların imkanlarını genişləndirib və səmərəli nəticələrin əldə edilməsinə zəmin yaradıb.

... Ali məktəbi bitirən gün tədqiqatçılığa olan marağım məni Naxçıvan Muxtar Respublikasında yeganə elm ocağı olan Naxçıvan Elm Mərkəzinə gətirdi. Bu müqəddəs ocağın bugünkü səviyyəsini o günlərlə müqayisə etmək mümkün deyil. O vaxt ikimərtəbəli, köhnə binada təmirsiz otaqları, qırıq-tökük avadanlıqları olan iş yeri xəyalında daha fərqli iş otağı arzulayan bir gənc üçün təəssüf hissindən başqa bir şey deyildi. İndi isə vəziyyət tamamilə fərqlidir. Müasir tipli inzibati bina, hər cür şərait yaradılan iş otaqları, kompüterlər, lazımi avadanlıqlar, bir sözlə həmin dövrlə müqayisə aparanda indi elmə verilən yüksək qiymət, yaradılan şərait bizlərdə fəxarət hissi yaradır, hər bir əməkdaşı da daha yaxşı işləməyə sövq edir. Bütün bunlar müasir dövrümüzdə dahi öndərin inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun elmə göstərdiyi diqqət və qayğının nəticəsidir. Elmi işçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan Bölməsinin də əməkdaşından bir neçəsinin mənzillə təmin olunması, gənclərə ipoteka kreditlərinin verilməsi, əməkdaşların elmi əhəmiyyəti ilə seçilən əsərlərinin dövlət mükafatlarına layiq görülməsi elmin inkişafına verilən dəyərin göstəricisidir.

 

Türkanə BƏYLƏRLİ

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı

 

525-ci qəzet.- 2019.- 28 mart.- S.6.