Rafael Hüseynov:
"İkinci nəfəsi Azərbaycana prezident İlham Əliyev
gətirir"
"525"in müxbirinin suallarını akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin
sədri Rafael Hüseynov
cavablandırır.
- Rafael müəllim, 2018-ci ilin
11 aprel prezident seçkilərindən, dövlət
başçısı İlham
Əliyevin növbəti
prezidentlik dövründən
təxminən bir il ötür.
Ötən bir ili, xüsusilə
də, ölkə prezidentinin mədəniyyət
siyasətini necə dəyərləndirərdiniz?
- Azərbaycan son dərəcə
əlamətdar bir tarixi dövr içərisində yaşayır.
Yəni Azərbaycanın Prezident İlham Əliyevlik inkişaf dövrünün
15 illik ilk mərhələsi
başa çatıb,
artıq 2018-ci ildən,
xüsusilə, 11 aprel
seçkilərindən və
2019-cu ilin ilk günlərindən
ölkəmiz inkişafın
növbəti mərhələsini
yaşayır. Mən 15 illik
bu dövrə ilk mərhələ adını
da təsadüfən
vermirəm. Əslində, bu ifadəni işlətməyimin ideyası
bizim cənab prezidentin özündən
gəlir. Çünki o bəyan edib ki, Azərbaycan inkişafın tam yeni bir mərhələsinə
qədəm qoyub, islahatların büsbütün
yeni və daha yüksək bir səviyyəsində irəliləməyə başlayırıq.
Ona görə keçdiyimiz yol haqqında danışarkən həm
o 15 ilə qiymət verməliyik, həm də başlanan bu yolun ilk günlərindən
bu günəcən nə uğurlar əldə etmişik, onların haqqında danışmalıyıq. Çünki bu müqayisədə artıq
Azərbaycanın nələrə
nail və nələri
əldə etmək əzmində olduğu görünəcək. Cənab prezidentin
2018-ci ildə, "Cümhuriyyət
İli"mizdə - Azərbaycan
istiqlalının 100 yaşının
tamam olduğu ildə yenidən dövlətimizin başçısı
seçilməsi, yenidən
xalqımızın etimadını
qazanması çox rəmzidir. Həm də ona görə rəmzidir ki, biz Cümhuriyyət, bir müstəqil dövlət olaraq öz inkişafımızın
ikinci əsrini başlayırıq. Yenə İlham
Əliyevlə başlayırıq
və onun içərisinin yeni arzularla, yeni ideallarla və yeni yüksəliş nailiyyətləri ilə dolu olduğu bir səviyyəsində başlayırıq. Mən,
sadəcə, mədəniyyətlə
bağlı cənab prezidentin heç seçildiyi gündən
üzü bəri müddətdə yox, yalnız elə bu Novruz ərəfəsində,
martın ilk günlərində
gördüyü işləri
sadalasam və bu həcmə, bu miqyasa biz nəzər salsam, çox şey görünəcək. Həm o görünəcək
ki, cənab prezidentin "inkişafın
yeni mərhələsinə
qədəm qoymuşuq"
ideyası nə deməkdir. Həm o görünəcək ki, cənab prezidentin "biz islahatların
büsbütün ayrı
bir səviyyəsini başlayırıq" ideyası
nə deməkdir.
Həm də o aydın görünəcək ki,
Azərbaycanın sabahı
və konkret olaraq mədəniyyətimizin
gələcəyi hansı
uğurları, hansı
zirvələri fəth
edə bilər.
Ötən ilin büdcə müzakirələrində
mən dəfələrlə
söyləyirdim ki, Azərbaycanın dövlət
büdcəsində mədəniyyətə
ayrılan vəsait 0,8 faiz təşkil
edir və bu, əlbəttə ki, azdır. Çünki yalnız Azərbaycan
neft ölkəsi, inkişaf edən, iqtisadi cəhətdən güclü, kənd təsərrüfatı günü-gündən
irəliləyən və
haçansa inkişaf
eləmiş, amma inkişafdan dayanmış
sahələrini indi dirçəldən və
irəli aparan bir ölkə deyil. Bunların hamısından daha
əvvəl Azərbaycan
mədəniyyət ölkəsidir.
Çünki Azərbaycan dünyaya
mədəniyyəti ilə
tanınan, tanıdan və öz uca boyunu hər
yerdə göstərə
bilir. Ona görə də biz mədəniyyətə vəsaiti
büdcə içərisində
0,8 faiz deyil,
bundan 2-3 dəfə artıq eləməliyik. Ötən ilin büdcəsində ənənəvi olaraq Azərbaycan kinosuna yalnız bir milyon yarım vəsait ayrılmışdı.
Cənab prezidentin bu ilin mart günlərində imzaladığı sərəncamla, milyon yarım qalıb yerində, Azərbaycan kinosunun inkişafı üçün altı milyon əlavə vəsait ayrıldı. Bir milyon yox, milyon yarım yox, yəni yüz faiz, 150 faiz, 200 faiz artırılmadı, birdən-birə 400 faiz artırıldı kinoya ayrılan vəsait. Yaxud iki milyon manat teatr sənətimizin inkişafına, Azərbaycan teatrının inkişafına ayrıldı. Həmçinin, ayrı-ayrı yaradıcı təşkilatların hamısının inkişafı, ayaq üstə daha möhkəm durması, daha böyük zirvələr əldə etməsi üçün imkan yaradacaq vəsaitlər ayrıldı. İndi bunların hamısını üst-üstə götürəndə görəriniz ki, o ideyaları ki, biz qaldırırdıq, o fikirləri ki, biz söyləyirdik, bunlar bizdən daha əvvəl cənab prezidentin içərisində imiş. Birdən-birə belə artımlar, belə yanaşmalar, bu miqyaslar, bu həcmlər "mədəniyyətdə və digər sahələrdə Azərbaycan inkişafın tamam yeni bir mərhələsinə qədəm qoyur" məsələsini dərk etmək üçün artıq çox şey deyir. Yeni inkişaf mərhələsi, islahatların təzə yüksəlişləri o deməkdir ki, əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək. Sadəcə, inkişaf 10 faiz, 20 faiz, 50 faiz bir dəfə, iki dəfə yox, qat-qat dəfələrlə yüksək olacaq. Nəzərdə tutulan ideyaların gerçəkləşdirilməsi üçün bu cür qətiyyətli addımlar atılacaq. Ona görə də inanıram ki, Azərbaycan mədəniyyəti qarşıdakı illər içərisində çox böyük uğurlara çatacaq. Mən, sadəcə, balaca bir sahənin içərisində bir neçə gün ərzində cənab prezidentin imzaladığı sərəncamlarla nə qədər ciddi dəyişikliklərin yaşanmasından danışıram. Mətbuat səhifələrində oxudum, az öncə kinoya ayrılan vəsaitdən şikayətlənən, gileylənən, bununla kinonu inkişaf etdirmək çətin olar söyləyən ən müxtəlif düşüncə və mövqe sahibi olan kino xadimlərinin əksəriyyəti yenidən müsahibələr verir və bəyan edirlər ki, cənab prezidentin kino ilə bağlı atdığı addımlar Azərbaycan kinosuna yeni bir nəfəs verməkdir. Bu o deməkdir ki, əslində, bir az böyük ölçüdə götürsək, Azərbaycan teatrına da, Azərbaycan mədəniyyətinin digər sahələrinə də yeni nəfəs verilir. Ikinci nəfəs gəlir Azərbaycanın inkişafı üçün. Bu ikinci nəfəsi Azərbaycana Prezident İlham Əliyev gətirir və inanıram ki, bu ikinci nəfəs bütün digər sahələrdə də böyük yüksəlişlər üçün təkan olacaq.
- Vəsait ayrıldı, bu, çox müsbət və təqdirəlayiq addımdır. Bəs bu vəsaitlər Azərbaycan kinosunun əvvəlki şöhrətini qaytaracaqmı, ötən əsrin 50, 60 və 70-cı illərindəki uğurlarının davamını gətirəcəkmi? Eləcə də, böyükdən kiçiyə hər kəsin böyük zövq və maraqla izlədiyi "O olmasın, bu olsun", "Axırıncı aşırım", "Bir cənub şəhərində", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Nəsimi", "Uzaq sahillərdə" və sair kimi möhtəşəm filmləri yenidən görə biləcəyikmi?
- Azərbaycan kinosunda çox istedadlı gənclər yetişib. Çox maraqlı rejissor şəbəkəsi yaranıb ki, onlar dünya kinosuna və dünya kino arenasına çıxıb sözlərini deyə bilərlər. Arxada qalan bir neçə ildə bütün məhdudiyyətlərə, imkansızlıqlara baxmayaraq, qısametrajlı, həcmi çox da böyük olmayan filmlər çəkiblər və dünyanın müxtəlif kino müsabiqələrinə iştirak edərək yer tutublar, uğurlar qazanıblar, laureat adlarını əldə ediblər. Yəni istedadlı kino xadimlərimiz çoxdur, özü də əksəriyyəti cavan insanlardır. Mənə elə gəlir ki, bu baş verən hadisələr Azərbaycan kinosundakı yeni bir intibah üçün təkan verəcək. Çünki çatmayan maddi vəsait idi, maddi vəsaiti, qayğını da artıq dövlət göstərir. Həmçinin, istedadlı gənclik var. O gəncliyə, sadəcə, özlərini inkişaf elətdirmək üçün əlavə bir kömək, dəstək lazım idi. Yalnız bir məsələ qalır ki, onun da həll olunması ilə artıq Azərbaycan kinosunun sizin söylədiyiniz və hamımızın arzuladığımız 50-ci, 60-cı illərin yalnız Azərbaycan insanı üçün deyil, Azərbaycan ekranından kənara çıxaraq dünya insanları üçün də maraqlı olan əsərlər yaratmasına gətirib çıxaracaq...
- Söhbət hansı məsələdən gedir?
- Bildiyiniz kimi, biz "Kinematoqrafiya haqqında" mükəmməl bir qanun hazırlamışıq və orada kino sənətinin inkişafını təmin edə biləcək imtiyazlar nəzərdə tutmuşuq. Bu, vergilərlə, gömrük rüsumları ilə, digər belə müəyyən güzəştlər və imtiyazları nəzərdə tutan məqamlarla bağlı olan məsələdir. Bu güzəştlər və imtiyazları da əlahiddə şəkildə götürməmişik. Belə güzəştlər və imtiyazlar digər ölkələrdə də var, onları da qoyuram qırağa. Bizim özümüzün qanunverciliyində təbabət sahəsində, idman sahəsində, digər sahələrdə müvafiq qanunlarda bu cür imtiyazlar, bu cür güzəştlər nəzərdə tutulub. Yəni səhiyyənin, idmanın inkişafını təmin etmək üçün belə güzəştlər nəzərdə tutulub. Güman edirəm ki, əgər müvafiq, artıq nümunəsi olan o güzəştlər, o imtiyazlar kinematoqrafiya haqqında qanunda da nəzərə alınsa, bu, Azərbaycan kinosunun inkişafına güclü bir təkan olacaq. Bu da hər zaman, gündə baş verən hadisə deyil ki? Avadanlığı bir dəfə gətirdin onu illərlə, aylarla işlədirlər. Ona görə düşünürəm ki, bu köməkliyin də kinoya göstərilməsi sadaladığım digər amillərlə bir yerdə Azərbaycan kinosunun arzuladığımız və umduğumuz səviyyəyə çatmasına imkan verəcək.
Kamil
HƏMZƏOĞLU
525-ci
qəzet.- 2019.- 29 mart.- S.5.