Milli rəqs sənətinin sütunlarından biri

Bakı Xoreoqrafiya Akademiyası-90

Azərbaycanda şərəfli yol keçib gələn, çox zəngin və möhtəşəm rəqs sənəti vardır. Rəqslərimiz də incəsənətimizin digər növləri kimi ruhumuzu dipdiri, dupduru saxlayır.

Milli rəqslər yalnız özümüzün deyil, həmçinin, başqa xalqların da sevimlisi olmuş, onların ruhunu tərpətmiş və zövqünü oxşamışdır. Müxtəlif məzmunlu, süjetli Azərbaycan rəqsləri keçmiş SSRİ məkanında çox məşhur olmuş, xarici ölkələrdə böyük maraq və rəğbətlə qarşılanmışdır. Bütün bunlar təbii ki, rəqsimzin tutumlu, zövqlü, çoxşaxəli, rəngarəng, geniş məzmunlu, dərin əhvallı olmasından xəbər verir. Peşəkar rəqs sənətimiz yaranaraq ansambllar, yaradıcı kollektivlər tərkibində səhnələri adladıqca, xarici ölkələrin səhnələrini fəth etdikcə sənətin qartalları, canlı heykəlləri olan sənətkarlarımız yetişmişdir. Onların əsl davamçıları olan, gözlərimiz önündə heykəlləşən rəqqaslarımız bu gün də vardır. Elə isə onlardan birini də oxuculara təqdim edək.

Yusif  Əli oğlu Qasımov 1948-ci il noyabrın 22-də Ağdam şəhərində doğulub. Həmin şəhərdəki 1 saylı ümumtəhsil məktəbə daxil olub. Onların ailəsi 1959-cu ildə Bakıya köçüb. O, Bakıdakı 173 saylı məktəbdə oxuyub və təhsili 1967-ci ildə başa vurub. 1961-ci ildən keçmiş 26-lar Mədəniyyət Sarayında B.Məmmədovun rəhbərlik etdiyi özfəaliyyət rəqs kollektivində sənət qaydalarını öyrənib. Ansamblın bütün konsertlərində bacarıqla çıxış edib. Y.Qasımov 1966-1967-ci illərdə Azərbaycanda keçirilən rəqs müsabiqələrinin qalibi olub. Həmçinin, 1967-ci ilin sonunda Sovet Sosialist Respublikalarının paytaxtı Moskvada keçirilən rəqs müsabiqəsinin qalibi kimi ön sıraya çıxıb. O, 1968-ci ildə Polşanın Krakov şəhərində baş tutan Beynəlxalq Rəqs Müsabiqəsində maraqlı oyunu ilə I yerə layiq görülüb.

Artıq rəqs aləmində diqqətdə olan Y.Qasımov 1968-ci ildə Dövlət Mahnı və Rəqs Ansamblına dəvət olunub və burada solist olaraq çalışıb. O, 1969-1973-cü illərdə Havadan Əks Müdafiə hərbi hissəsinin rəqs ansamblının solisti kimi fəaliyyətdə olub. Hərbi ansamblın tərkibində Y.Qasımov 1971-ci ildə İranda səfərdə olaraq solo ifaları ilə rəğbət qazanıb. Yusif bu ansamblda "Moldav", "Matros" rəqslərində, "Əsgər" və "Ukrayna" suitalarında solist olub. O, 1974-cü ildən fəaliyyətini Dövlət Rəqs Ansamblında layiqincə davam etdirib.

Yusif Qasımov 1974-cü ildən 2013-cü ilə qədər Dövlət Rəqs Ansamblında çalışmışdır. Əvvəllər solit-rəqqas, 1993-cü ildən 2000-ci ilə qədər məşqçi, sonra isə baş baletmeyster olmuşdur. Y.Qasımova 1982-ci ildə əməkdar, 1991-ci ildə xalq artisti fəxri adı verilmişdir. 1982-ci ildə o, Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.

Ansamblda çalışdığı illərdə Y.Qasımov "Yallı", "Gənclik" "Qaytağı", "Bulaq başında", "Üç dost" (qaytağı üslubunda), "Neftçilər" suitasında və digər kütləvi rəqslərdə mahir və əsas solist kimi tanınmışdır. O, bütün texniki hərəkətləri, ən çətin elementləri, tullanma, fırlanma (tryuk) məsələlərini ustalıqla və heyrətamiz şəkildə icra etmişdir. Bundan başqa, "Şənlik", "İgidlər", "Şəki", "Qazaxı", "Qılınclarla rəqs", "Çobanlar" (üç oğlan) rəqslərinin solisti kimi öz imzasını qoymuşdur. O, səhnədə daim çoşqun təbi, bədii enerjisi, cəld, həddən artıq çevik hərəkətləri, fırlananmaları, tam şəkildə, ölçülü-biçili yerinə yetirib hər bir rəqsin məzmun və mahiyyətini artıraraq tamaşaçı marağını və zövqünü təmin etmişdir. İstər kütləvi, istər duet, istərsə də tək ifaçı üçün qurulmuş rəqslərdə onun hər bir oyunu, solo ifası rəqsin mahiyyətinə, ideyasına, qayəsinə xidmət edərək tamlıq və bütövlük yaratmışdır. Y.Qasımov ansambl tərkibində dəfələrlə SSRİ-nin müxtəlif məkanlarında, dəfələrlə Fransa, İtaliya, Portuqaliya, Türkiyə, Belçika, Hollandiya, Hindistan, Nepal, ABŞ, Kanada, Pakistan, Sloveniya, Serbiya, Tunis, Əlcəzair, Mərakeş, İsrail, İraq, Misir, İsveçrə, İsveç. Bosniya, Finlandiya, Kipr, İngiltərə, Macarıstan. Tayfan, Çin, Vyetnam, Kamboca, Avstriya və başqa ölkələrdə maraqlı ifalarla çıxış etmişdir.

Y.Qasımov ifa etdiyi bütün rəqslərə öz möhürünü vurub, çətin icra olunan texniki hərəkətlərlə, ustalığı, məharəti ilə onların hər birinə yeni rəng qatıb, zənginləşdirib, məzmun dərinliyi gətirib. Bütün fəaliyyəti ərzində o, solist kimi diqqətdə, daim rəqsin daxilində olub, coşqun, enerjili sənəti ilə seçilib, həmişə bəyənilib, məharət göstərib, sevilib, rəqsimizin səhnə təcəssümünün layiqli nümayəndəsi və onun əsas sütunlarından birinə çevrilib.

Yusif Qasımov 1991-ci ildən Bakı Xoreoqrafiya Məktəbinin (hazırda Bakı Xoreoqrafiya Akademiyası) milli rəqs sinfində dərs deməyə dəvət olunub. Burada çalışdığı 28 il ərzində 100-dən çox rəqs qurub. Müxtəlif illərdə onun şagirdləri on beşdən çox xarici ölkələrin festivallarında çıxış edərək nailiyyətlərə imza atıb. 2007-ci ildə Sloveniyanın Novo Qoritsa şəhərində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin heykəlinin açılışında Yusif müəllimin tələbələrinin çıxışı olub.

Bu sətirlərin müəllifi olaraq bildirirəm ki, 1997-2001-ci illərdə BXM-də Yusif Qasımovun sinfində konsertmeyster olaraq onun məşqlərini və şagirdləri üçün hazırladığı rəqs quruluşlarını müşayiət etmişəm. Həmin vaxt bu adamın nəyə qadir olduğunu, işinin fədaisi kimi sənəti sevdiyini, kifayət qədər dərindən bildiyini, dərslərin daha səmərəli keçməsi, uşaqların çox bilik əldə etməsi, rəqqas kimi yetişməsi üçün böyük əmək sərf elədiyinin şahidi olmuşam. O, istedadlı, gələcəyinə güvəndiyi, sənətə meylli yetirmələri ilə dərsdən sonra əlavə məşqlər apararaq onları milli rəqs sənəti üçün layiqli ifaçılar kimi hazırlamışdır. Xatırlayıram ki, Yusif müəllim həmin yetirmələrini Dövlət Rəqs Ansamblının tərkibinə gətirir, onları işə düzəldərək ştata saldırırdı. Hazırda həmin ansamblın tərkibində Y.Qasımovun yetirmələri çoxdur. Adını qeyd etdiyim yaradıcı kollektivin hazırda bədii rəhbəri, baş baletmeysteri, solisti xalq artisti Rüfət Xəlilzadə də BXM-də Yusif müəllimin sinfini bitirib. Rüfətin təhsil aldığı illərdə mən Yusif müəllimin sinfində çalışırdım. Odur ki, onun R.Xəlizadə ilə qurduğu iş, tədris porosesi, göstərdiyi hərəkətlər, istedadlı tələbəsi ilə hazırladığı solo ifaları indi də xatırlayıram. Əlbəttə, bütün bu qeyd olunanlar az iş deyil, Yusif müəllimin böyük uğurları sırasına daxildir.Y.Qasımov milli rəqs sənətinin tədrisi üzrə əsl pedaqoq olaraq işinə həmişə çox ciddi münasibət bəsləmişdir və elə, əslində, bu gün də belədir.

Onun BXM-də hazırladığı tələbələrin bir qrupu 2006-cı ildə Amerikanın Vaşinqton şəhərində Azərbaycanla bağlı keçirilən tədbirdə çıxış etmişdir. Tədbiri H.Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü (hazırda vitse-prezident) Mehriban xanım Əliyeva təşkil etmişdi. Həmin il Yusif müəllimin dörd nəfər tələbəsi Prezident təqaüdünə layiq görülmüşdür.

2008-ci ildə Mehriban xanımın YUNESKO xətti ilə Fransanın Paris, Belçikanın Brüssel şəhərində təşkil etdiyi tədbirlərdə də Y.Qasımovun yetirmələri xüsusi məharət göstərmişlər. Həmin yetirmələr XIII Beynəlxalq Müsabiqədə Xorvatiya Akademiyasının tələbələri ilə çıxış etmişlər. Bu müsabiqələrin on ikisində Yusif müəllimin tələbələri qalib olmuşlar. 2016-cı ildə Fransada təşkil olunan müsabiqədə də bizimkilər qalib olmuş və Yusif Qasımov şəxsən Fransa Senatının medalına layiq görülmüşdür. Onun BXM-də dərs dediyi müddətdə tələbələrindən səkkizi fəxri adlara, dördü isə Prezident mükafatına layiq görülmüşdür.

Y.Qasımovun özü isə 2008-ci ildən Prezident mükafatı alır. O, Bakı Xoreoqrafiya Akademiyası yarandığı andan bu günə qədər yeddi rəqs kompozisiyasına quruluş verib. 2015-ci ildə Heydər Əliyevə həsr olunmuş kompoziya (50 dəqiqəlik), "Azərbaycan yurdum mənim" adlı kompozisiya (1 saat 10 dəqiqəlik), Qəmər Almaszadə adına Beynəlxalq Müsabiqəyə görə nümayiş üçün kompozisiya və bundan əlavə Q.Almaszadəyə aid kompozisiyanın quruluşunu vermək Y.Qasımaova nəsib olub. O, 2017-ci ildə "Səmayi-şəms" kompozisiyasına da quruluş verib (1 saat 20 dəqiqə). Bu bacarıqlı, işgüzar insan sənətinin yalnız fədaisi deyil, həm də bilicisidir. O, 2018-ci ildə xalqımızın soyqırımına aid kompozisiyanın, həmin ildə dahi bəstəkar Ü.Hacıbəylinin "Arşın mal alan" operettasının rəqs-tamaşasının da quruluşunu hazırlayıb. Bundan əlavə, o, Qəmər Almaszadə adına II Beynəlxalq Müsabiqənin bağlanış kompozisiyasının da quruluş müəllifi olub. Həmin müsabiqədə də Yusif müəllimin tələbələri birincilik qazanıblar.

Göründüyü kimi, Y.Qasımov rəqs sənəti üzrə kamil mütəxəssis olaraq pedaqoji sahədə də geniş və yüksək nailiyyətlər əldə edib. O, hazırda Bakı Xoreoqrafiya Akademiyasının milli rəqs kafedrasında baş müəllim vəzifəsində çalışır.

Y.Qasımovun ömür-gün yoldaşı Səbinə xanım da onunla yalnız Dövlət Rəqs Ansamblında deyil, həm də BXM-də birlikdə çalışıb və hazırda BXA-da fəaliyyət göstərməkdədir. Səbinə Qasımovanın da uğurları çox, pedaqoji sahədə qazandığı nailiyyətlər sayagəlməz qədərdir. Növbəti yazıda təbii ki, Səbinə xanımın misilsiz xidmətləri işıqlandırılacaqdır.

 

Əhsən RƏHMANLI

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

525-ci qəzet 2019.- 29 mart.- S.8.