Kamil İnsan
Adam öz adını doğruldanda möhtəşəmlik, ad da
ona yaraşanda gözəllik alınır.
Onda olur möhtəşəm gözəllik,
mükəmməl gözəllik,
kamil gözəllik...
Nehrəmin Kamili
Yubilyarımız çox yurdsevərdi. Kəndinə, elinə-obasına bağlı
adamdı, Nehrəmlə
nəfəs alır, indi də bir
ayağı doğma ata yurdundadı. Nerəmli elə bir şair,
yazıçı, alim,
həkim, general, sənət
sahibi yoxdur ki, tanımasın. Onu da hamı tanıyır.
Təkcə tanımırlar, xətrini çox istəyirlər, məclislərinin
yuxarı başına
çəkirlər. Çünki bilirlər ki, Kamil o məclisi ələ alacaq, havasına ovqat qatacaq, onu daha
da rövnəqləndirəcək,
əksəriyyətin ürəyindən
keçənləri deyəcək,
hətta ziyafətə
qanıqara gələnləri
belə çeşmi-xumar
edəcək. İctimai Televiziyada
Naxçıvanın qədim
tarixi, milli-mədəni
irsi, memarlıq abidələri ilə bağlı çoxsaylı
sənədli filmlərin,
doğma Nehrəmi haqqında iki kitabın müəllifidir
Kamil. O kitablarda doğulub boya-başa çatdığı kəndini,
məhəllələrini, evlərini, qohum-əqrəbasını,
qonşularını, müəllimlərini,
yaşıdlarını elə
ürəkdən, elə
sevgi ilə xatırlayır ki, oxucunun müəllifə paxıllığı tutur,
özünü Kamilin
yerində görmək
istəyir. Nehrəmlilərin
özünəməxsus xarakterik
cizgilərini olduğu
kimi, doğma kaloritində, həm də çəkinmədən,
düzyana verməsi isə qibtə olunası cəsarətdir...
Valideynin
Kamili
Ağac
əkmək, ev tikmək, övlad böyütmək.
Kamil nümunəvi vətəndaş,
məsuliyyətli ailə
başçısı və
qayğıkeş ata
kimi bu üç
missiyanın üçünün
də öhdəsindən
şərəflə gəlib.
Üç oğlunu sağlam
böyüdən, üçünə
də təhsil verən, üçünün
də toyunu çaldıran dostumuzun övladları ilə münasibəti bir başqa aləmdir. Kamil onlarla dost, qardaş, yol yoldaşı, lap tay-tuşu
kimi davranır. Hərdən Elşadınmı,
Gündüzünmü, Qayanınmı
ona ləzzət və qürur verən hərəkətini,
döşünə yatan
davranışını görəndə
ciyərparasına şəstlə
dediyi "Kişi adamsan!" xitabını
gərək qulağınızla
eşidib, simasını
gözünüzlə görəsiniz.
Nəvələrini qucağına alanda
baba Kamilin gözlərindəki elektrik
cərəyanının neçə
min volt artdığını isə ifadə eləməyə söz acizdi, bəlkə o parıltını təsvir
etməyə dahi rəssamın fırçasının
qüdrəti yetər.
Onun özündən
də çox, dünyalar qədər sevdiyi anası Səkinə xanımın
(Allah Səkinə anaya
qəni-qəni rəhmət
eləsin) qulluğunda
qul kimi dayandığını isə
eşitmək və görmək az
idi, içindən keçirib duyaydın gərək. Bunu görmək və
duymaq qisməti dəfələrlə nəsibimiz
olub.
Dostun Kamili
Altmış illik ömür karvanının son on dörd
ilini onunla yanaşı, çiyin-çiyinə
yol gəlirik. Çox qısa
müddətdə dostluğa
çevrilmiş bu yol yoldaşlığından
qürur duyuram. Bilirəm, Kamillə dostluğu özlərinə
şərəf sayanların
sayı üç deyil, beş
deyil, yüzlərlədi.
Azərbaycanımızın elə bir rayonu, bəlkə də elə bir kəndi tapılmaz ki, Kamilin orada ərki
çatan tanışı,
dostu olmasın. Onların hamısının dərdinə
şərik olmağı,
sevincinə sevinməyi
bacaran adamdı Kamil. Keçmiş iş yerimiz - İctimai Teleradionun qənşərindəki bizə
məhrəm kafedə,
"Qəribxanada" nahar
fasiləsini keçirdiyimiz
iki saatın ərzində onun telefonu dinclik nədir bilmirdi, zəng-zəngə calanırdı.
Telefonun
o başındakı abonentlər
dəyişsə də,
Kamilin səsinin-sözünün
şirinliyi, səmimiyyəti
dəyişmirdi. O, dostunun
sözünü kimliyindən,
çəkisindən, kürsüsündən,
siyasi ranqından asılı olmayaraq istənilən adamın üzünə mərdi-mərdanə
deməyi bacaran kişidir. Kamil xətrini əziz
tutduğu yoldaşının
yolunda təkcə dağ boyda ürəyini deyil, həm də hər şeyini uf demədən qurban verməyə hazır adamdı.
Məclislərin Kamili
Sinədəftərdi bizim dostumuz. Yorulmadan,
bezmədən saatlarla
şeirdən, qəzəldən
dastan bağlasın, çox dərin mətləblərin poetik
nümunələrlə, ibrətamiz
misallarla izahını
versin. Kamil söz adamıdı.
Məclislər, qonaqlıqlar, xüsusilə
də toy-düyün
mərasimləri onun stixiyasıdır. Etiraf etməliyik
ki, bu müstəvidə
də Kamil xüsusi istedad, əlahiddə bacarıq sahibidir. Dəfələrlə şahidi olmuşuq,
- hansısa məclisdə,
yaxud toy mərasimində
yarana biləcək narahatçılığı, anlaşılmazlığı hiss etdirmədən, elə ustalıqla aradan qaldırıb ki, bir kimsənin ruhu inciməyib. Onun ailə quran iki gəncə xeyir-duası, folklordan, ədəbiyyatımızdan gətirdiyi
ibrətamiz nümunələrə
söykənən nəsihətnamələri
yazıya köçürülməyə
layiqdir. Qaydaya görə
mikrofona söz deməyə dəvət edəcəyi adamların şərəfinə söylədiyi
təqdimat-şərəfnamələr isə bir başqa
aləmdir. Bir dəfə Kamil toy sahibini çoxmərtəbəli
tərif və təşbehlərlə necə
göylərə qaldırdısa,
eşitdiklərindən şoka
düşən, get-gedə
yazıq görkəm
almağa başlayan quda çaşqınlıq
içində, sual dolu baxışlarla yan-yörəsinə göz
gəzdirdi: "Bu, mənəm,
mən deyiləm?"
... Və nərdin Kamili
Bir var həvəs, bir var hobbi, bir
də var azar. Nərd oyunu Kamilin sağalmaz azarıdır,
desək, qətiyyən
mübaliğəyə yol
vermiş olmarıq.
Harada olursa-olsun, haraya gedirsə-getsin, o məkanda mütləq nərdtaxta olmalıdır.
Yoxdursa da, tapıb gətirməlidirlər. Nərddə çox "azartnıy"
oyunçudur. Lazımi
məqamda ürəyi
istədiyi zəri rahatlıqla atmağı bacaran bizim yubilyarın
rəqibini xüsusilə
mars edəndə özü-özünü
alqışlayıb əl
çalmasına kənardan
tamaşa edəsən
gərək. Ondan ötrü
nərd masası arxasında zaman məfhumu qeybə çəkilir. Oyunu alınmayanda,
zər ona arxa çevirəndə isə sağ dirsəyi quş qanadı tək pərvazlanır və bu ovsuna düşmüş
zərin üzünü
gözlənilən rəqəm
cütlüyünə çevirməkdən
başqa çarəsi
qalmır. Budu
ha, "gəldi bahar bayramı"... Yaman bəxtli oyunçudur,
aşkar məğlubiyyətlə
barışmayıb, oyunu
yüz səksən dərəcə döndərməyi
bacaran kamil nərd ustasıdır Kamil. Hərdən bir uduzanda büruzə verməsə
də, ovqatının
yaman təlx olduğunu görmüşəm.
Amma üstündən heç
üç-beş dəqiqə
keçməmiş dostumuzun
şaqraq gülüşü
qulağımızdan ürəyimizə
Nehrəmin nehrə yağı kimi axıb yayılacaq. Və O, həmişəki
kimi, sinəsini qabağa verib dostlarını düzgün
və halal saydığı yolla arxasınca aparacaq. Bu zaman Kamil yolçu nə ləngiyəcək, nə
də tələsəcək;
orta sürətlə
- saatda 60-la gedəcək.
P.S. Fəzlullah Nəimi deyirdi ki, Kamil
insan günəşdən,
aydan, ulduzlardan da əzəmətlidir. Əlbəttə, bu bir bənzətmədir, məcazdır.
Göydəkilərnən işim yoxdu,
amma onu dəqiq bilirəm ki, Kamil çox
Yerlilərdən ötrü
vüqar, əzəmət
rəmzi, xeyli Yerlisi üçün də arxa və
dayaqdır. Belə İnsan
üçün 60 yaş
nədir ki. Tanrıdan diləyim budur ki, 100 yaşına
Göydəkilər və
Yerdəkilər bir yerdə şahidlik eləsinlər, ay Kamil!
İmran BƏDİRXANLI
525-ci qəzet 2019.- 29 mart.- S.8.