Türk
düşüncə və siyasət adamı - Əhməd bəy
Ağaoğlu-150
(Əvvəli ötən sayımızda...)
Türkiyədə keçən
ömür
Ə.Ağaoğlu Türkiyəyə gəldikdən dərhal
sonra yeni cəmiyyətə tez uyğunlaşır. O zamanlar Osmanlıda
böyük tarixi proseslər baş verirdi. Əhməd
bəy bir-birini əvəz edən siyasi proseslərdə
siyasi-ictimai fəaliyyətini daha da genişləndirir.
Əvvəlcə "İslam məcmuəsi",
"Sirati-müstəqim", "Hikmət", "Haqqa
doğru", "Türk yurdu" qəzet və dərgilərində
məqalələrlə çıxış edir. İstanbulda fransızca nəşr edilən "Le
Jeune Turk" qəzetinə də yazılar yazan
Ə.Ağaoğlu özünün qəzetini açmaq
haqqında düşünür və ilk mətbuat
orqanını "Tərcümani-həqiqət"i nəşr
edir. Tezliklə azərbaycanlı
mühacir burada baş verən ictimai-siyasi proseslərin mərkəzinə
düşür. Onun evinə Türkiyənin
gələcəyi üçün çalışan insanlar
gəlirdi. Qızı Sürəyya
Ağaoğlu yazırdı ki, "Türk
ocağı"nın, "Türk yurdu"nun
çalışmaları, dövrün siyasi və fikir
inkişafı bizim evimizdə yaşanırdı. Bir
yandan Ziya Göyalp, Hüseynzadə Əli bəy, Cəlal
Sahir, Həmdullah Sübhi, Yusif Akçura, Fuad
Köprülü, Abdullah Cövdət, göz həkimi Əsəd
Paşa, Həlim Sabit, Ömər Naci bəy kimi
yazıçı və türkçülər, Ənvər
və Tələt paşalar, digər tərəfdən Seyid
Tahir Əfəndi, Əbdürrəşid Əfəndi kimi
din adamları tez-tez evimizə gəlirdilər. Məhz
bu cür görüşlərdə türkçülük
ideyaları formalaşır, gələcək Türkiyə cəmiyyətinin
konturları cızılırdı. 1911-ci ildə
türkçülük ideyalarını yayan təşkilatlardan
biri "Türk yurdu cəmiyyəti", "Türk
yurdu" dərgisi, "Türk ocağı"nı
quranlardan biri də Ə.Ağaoğlu idi. "Türk
ocağı"nın qurucuları
sırasında Ə.Ağaoğlu ilə birgə Məmməd
Əmin Yurdaqul, Əhməd Fərid bəy, doktor Suat Sabit bəy
də təmsil olunurdu. İlk toplantıda təşkilatın
nizamnaməsi də qəbul edilmişdi.
Ə.Ağaoğlunun Türkiyəyə getmə səbəblərindən
biri də getdikcə siyasi proseslərə tərəf istiqamətlənməsi
olmuşdur.
Azərbaycandakı fəaliyyətinin ilk illərində daha
çox ədəbi, mədəni, dini fəaliyyət əsas
yer tutsa da, son illərində artıq siyasi həyata, proseslərə
qoşulmuşdu; ermənilərlə Tiflisdəki sülh
danışıqlarında fəal iştirakı,
"Difai" partiyasının yaradılmasındakı və
fəaliyyətindəki rolu onu getdikcə siyasət
meydanına atılmasına səbəb olmuşdu.
Ə.Ağaoğlu Osmanlıda olarkən siyasi, hərbi hadisələrin
tez-tez dəyişməsi, Osmanlının
düşdüyü vəziyyət və s. bu proseslərə
və cəmiyyətdə gedən tendensiyalara münasibət
bildirməyi tələb edirdi. Əgər ilk
getdiyində o, Avropa ölkələrində fəaliyyət
göstərən rusiyalı müsəlman
türk-tatarların haqlarını müdafiə Komitəsinin
üzvü idisə, bir qədər sonra İttihad və Tərəqqinin
sıralarında yer alaraq partiya adından
çıxış etmiş və fəaliyyət göstərmişdir.
İstanbul Darülfünunun ədəbiyyat
fakültəsində yeni açılan Türk Mədəniyyəti
Tarixi kafedrasının müdiri olması və burada
türk-moğol tarixindən dərs verməsi onun fəaliyyət
istiqamətini genişləndirir. Bu dönəmdə
artıq o, "Sirati müstəqim" və
"Sebilürreşad" kimi dərgilərdən daha
çox, diplomatik çevrələrə yönəlik
çalışma sferasına daxil olur və bu çevrələrə
yaxın fransızca "Hilal" və "Le Jeune Turc" qəzetlərində
məqalələrlə çıxış edir.
Ə.Ağaoğlunun Türkiyə siyasi həyatında
son dərəcə yaxından iştirakı və proseslərin
içində olması onun Maltaya sürgünü ilə nəticələnir. Ə.Ağaoğlu
da daxil olmaqla 61 nəfər sürgün həyatı
yaşayanların əksəriyyəti İttihad və Tərəqqi
partiyasının rəhbərləri, üzvləri, yaxud
onlara yaxınlıqları ilə tanınan görkəmli
fikir adamları idi. Məlumdur ki, 1919-cu ildə
Maltaya sürgün edilərkən Ə.Ağaoğlunun
üzərində onun haqqında ingilis generalı Tomsonun
Parisdəki ingilis əskəri atteşesinə
yazdığı bir tövsiyə məktubu və Azərbaycan
Cümhuriyyətinin diplomatik pasportu var idi. Buna baxmayaraq, İstanbulda həbs edilmiş və
ittihadçılarla birlikdə Maltaya göndərilmişdi.
Onun ingilislər tərəfindən Maltaya sürgün edilməsinə
səbəb kimi Alman dəstəkli "Tərcümanı Həqiqət"
qəzetində "Erməni qırğınını təşviqedici
yazılar yazması" da var idi. Doğrudur,
Ə.Ağaoğlunun həmin qəzetdə yazıları dərc
edilirdi, ancaq bu yazıların heç birində erməni
qırğınına təşviqdən söhbət gedə
bilməzdi. Görünür, Almaniyanı
dəstəkləyən bir mətbuat orqanında yazılar
yazması ingilisləri razı salmamışdı.
Ə.Ağaoğlu Maltada da mübarizəsindən
qalmır, siyasi düşüncələrini,
etirazlarını davam etdirirdi. Xüsusilə, bu mərhələdə
Maltada ingilis rəsmilərinə qarşı qorxmadan, son dərəcə
açıq və sistemli şəkildə, təkzibolunmaz
arqumentlərlə mübarizə aparır, onları tənqid
etməkdən də çəkinmirdi. İngilislərin
özbaşınalığına qarşı
özünün kəskin etirazını dönə-dönə
yazılı şəkildə bildirmişdi. Özünün azad olunmağa haqqı olduğunu
dönə-dönə irəli sürərək bu tələblə
ingilis rəsmilərinə məktub yazmışdı.
Bu məktubların birində yazırdı: "Lütf, ya da
əfv istəmirəm. Ədalət istəyirəm.
Bir məhkəmə önünə
çıxarılmağımı və bu məhkəmənin
qərarına boyun əyməyi öncədən qəbul
edirəm. İngilislər dünya
miqyasındakı gücləri ilə mənim kimi bir
çox müdafiəsiz insanları əzə bilərlər.
Lakin bu, İngiltərənin şöhrətinə
nə əlavə edəcək? Bütün
bunları sizdən mərhəmət diləmək
üçün söyləmirəm. Xeyr! Mərhəmət, ya da
bağışlanmağı əsla qəbul etmirəm.
Mən ədalət istəyirəm!"
Ə.Ağaoğlu
Malta sürgünündən döndükdən az müddət sonra Ankara hökumət rəsmilərinə
yeni idarəetmədə yer almaq istəyilə bağlı
müraciət etmiş və müsbət cavab
almışdı. Bu vaxtlar Ankara xalq arasında
təbliğat aparmaq məqsədilə Anadoluya qruplar göndərməyi
qərara almışdı. Ə.Ağaoğlu
Qara dəniz sahilindən Qarsa qədər gəzərək
Milli mücadilə və kamalist hərəkatın lehinə
təbliğat aparmağa başlayır. Bu
yöndə ilk işi Qarsda bir gündəlik qəzet qurmaq və
bir məktəb açmaq olur. Onun bu
yöndə çalışmaları hökumət tərəfindən
yaxşı qarşılanır. 1921-ci ildə
Mətbuat və İstihbarat ümum müdirliyinə gətirilir.
Bu zaman Ankaraya gələn bolşevik diplomat
Aralovu müşayiət etmişdi. Milli
mücadilə illərində bolşeviklərlə Anadolu
hökuməti arasında əlaqələrin qurulmasında
Ə.Ağaoğlunun rolu böyük olur. Bu illərdə Ə.Ağaoğlu üç
dönəm Qarsdan millət vəkili seçilmişdir.
Eyni zamanda, Ankara Hüquq fakültəsində
Anayasa hüququ dərsləri verməklə yanaşı,
yeni Anayasanın yazılmasında da yaxından iştirak
etmiş, Komisyon üzvü olmuşdur. Cümhuriyyət
Xalq Partiyasının Nizamnaməsinin yazılmasında da
yaxından iştirak etmişdir. Xüsusilə hökumətin
rəsmi yayın orqanı olan "Hakimiyyəti Milliyyə"nin baş redaktoru olması və Cümhuriyyətin
ilk dönəmində Avropa üslublu qəzetçiliyin əsasını
qoyması Ə.Ağaoğlunun göstərdiyi xidmətlər
içərisindədir.
Ə.Ağaoğlu Azərbaycandan Türkiyəyə
köçərkən ilk vaxtlar müəllim kimi fəaliyyət
göstərmişdir. Türk tədqiqatçısı E.Kayabaş onun ilk fəaliyyət
dövrü ilə bağlı yazır: "1909-cu ilin
oktyabrından etibarən İstanbul Darülfünunda Türk
moğol tarixi və rus dili müəllimliyi etdi. Darülfünundakı vəzifəsi tarix və dil
öyrətmək ilə məhdudlaşmamış, bunlarla
yanaşı, Ədəbiyyat fakültəsi öyrətim
üzvləri məclisinin və fakultə islahat
komisiyasınınn başçılığını da
etmişdir. Ayrıca bu dönəmdə
Əbdürrəhman Şərəf bəydən sonra
boşalan Ədəbiyyat fakültəsi dekanlığına
da atanmışdır". Holly
Şisslerin "İki imperatorluq arasında Əhməd
Ağaoğlu və yeni Türkiyə" adlı tədqiqatında
yazdığına görə, Ə.Ağaoğlunun tədris
etdiyi bu Türk-Moğol dərsi Türk tarixinin önəmli
hissəsi olaraq Darülfünun tarixində ilk dəfə
Ağaoğlu ilə tədrisə girmişdir.
Ə.Ağaoğlunun Türkiyədə ictimai-siyasi cəbhədə
yorulmaz fəaliyyəti cəmiyyətin gözündən
qaçmır və tezliklə öz bəhrəsini verir. Artıq o,
Türkiyə həyatının üçüncü ilində,
1912-ci ildə tutduğu məmur vəzifələrindən
istefa edərək Afyon-Qarahisardan Osmanlı Məclisi Məbusanına
(parlamentinə) vəkil (deputat) seçilir. Çar Rusiyasında yaşayan qeyri-rus xalqların
Lozannada 1915-ci ildə keçirilən konfransında Azərbaycanı
təmsil edir.
Mühacirət illərində Ə.Ağaoğlu Azərbaycanı
heç zaman yaddan çıxarmırdı. 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra onu alqışlayanlardan
biri də Ə.Ağaoğlu olur. Ancaq o,
Cümhuriyyəti yalnızca təqdir etmir, onun işində
yaxından iştirak etməyə
çalışırdı. Qafqaz
İslam ordusunun Bakıya gəlməsində onun da rolu
olmuş, Nuru Paşanın müşaviri olaraq Azərbaycana gəlmişdi.
O, bir müddət burada qalaraq Cümhuriyyətin ilk parlament
seçkilərində iştirak etmiş və parlamentə
üzv seçilmişdi. Beləliklə,
Ə.Ağaoğlu iki ölkənin parlament üzvü kimi fəaliyyət
göstərən ilk azərbaycanlı millət vəkili
olmuşdur.
1920-ci illər Ə.Ağaoğlunun Türkiyə fəaliyyətinin
zirvəsi hesab edilə bilər; belə ki, bu illər
Hüquq məktəbində professor olaraq
çalışmaqla yanaşı, həm də iki dönəm
Qars millət vəkilliyini etmişdir. Bu illər, eyni zamanda, Cümhuriyyət
Xalq Partiyasının İdarə heyətinin üzvü kimi
fəaliyyət göstərmiş, 1924-cü ildə
Atatürkün istəyi üzərinə Anadolu Xəbər
Agentliyini quraraq bir dönəm müdiri olmuş və Yönətim
Kuruluna (İdarə Heyəti) başçılıq
etmişdir. Bundan başqa, 1921-1924-cü illər
Böyük Millət Məclisində Anayasa dəyişikliyi
Komisyonunun üzvü kimi də müəyyən işlər
görmüşdür. Türkiyə
Cümhuriyyəti Anayasasının yazılmasında
yaxından iştirak etmişdir.
1920-ci illərin sonuna doğru Ə.Ağaoğlu liberal
görüşləri müdafiə etdiyindən üzvü
olduğu Cümhuriyyət Xalq partiyasından ayrılır. Lakin
Atatürkün təkidi ilə könülsüz şəkildə
yaradılmaqda olan Sərbəst Firqəyə qoşulur.
Bu zaman Ə.Ağaoğlu iqtisadiyyatda liberal
görüşləri müdafiə edərək İsmət
İnönü hökumətini tənqid etməkdən belə
çəkinmirdi. Lakin Sərbəst Firqənin
ömrü o qədər də uzun olmur. Partiya
qapandıqdan sonra isə yenidən CHP-yə girməmiş,
liberal görüşlərini mətbuatda davam etdirmişdir.
Bundan sonra Ə.Ağaoğlu parlamentdən kənarda
qaldığından İstanbula köçmüş və
hüquq professoru olaraq çalışmışdır.
1931-1933-cü illərdə İstanbul
Dürülfünunun Hüquq fakultəsində dərs
demişdir. Eyni zamanda, "Axın" qəzetini
nəşr edir və məqalələrində hökuməti
tənqid edirdi. 1933-cü ildə baş
redaktoru olduğu "Axın" qəzeti bağlanmaqla
yanaşı, professor kimi çalışdığı
İstanbul Universitetindən də islahat adı ilə təqaüdə
göndərilmişdir. Bundan sonra o, qəzetçi
həyatından, eləcə də, demək olar ki, fəaliyyətdən
uzaqlaşdı.
Həyatının son illərini Nişandaşındakı evində keçirən Ağaoğlu ömrünün sonlarında qaraciyər, ürək və nəfəs darlığından əziyyət çəkirdi. O, 19 may 1939-cu ildə İstanbulda gözlərini həyata yummuşdur.
Mədinə
KARAHAN
Xəzər
Universitetinin doktorantı
525-ci qəzet 2019.- 29 mart.- S.6.