"Ölənlərə rəhmət! Qalanlara ibrət!"

"AZƏRBAYCAN" QƏZETİNİN 1919-CU İL 31 MART TARİXLİ XÜSUSİ SAYI

Solmaz Rüstəmova-TOHİDİ

Tarix elmləri doktoru

 

1918-ci il XX əsr Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi tarixində ən əlamətdar və əhəmiyyətli bir zaman kəsiyidir.

Belə ki, Azərbaycan ziyalılarının böyük bir nəslinin Azərbaycan dövlətçiliyinin yaranması yolunda  XIX əsrin sonları - XX əsrin əvvəllərində başladıqları nəhəng və çətin bir  proses  28 may 1918-ci il tarixində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi  ilə özünün məntiqi,  qanunauyğun həllini tapmışdır.  

1918-ci ildə  Azərbaycan milli mətbuatı xadimlərinin uzun onilliklərdən bəri can atdıqları  daha bir arzusu da - ölkənin və xalqın adını daşıyacaq qəzet çıxarmaq - nəhayət ki, reallaşmış, 1918-ci il sentyabrın 15-də,  Gəncədə "Azərbaycan" adlı qəzet nəşrə başlamışdır. Elə həmin gün -  1918-ci ilin 15 sentyabrında Bakı şəhəri yad qüvvələrdən azad edildikdən sonra  artıq 4 sayı çıxmış "Azərbaycan" qəzeti öz fəaliyyətini Bakıya keçirmişdir. Bütün nəşri dövründə Azərbaycan və rus dillərində gündəlik çap olunmaqla qəzet sözün tam mənasında Azərbaycan dövlətçiliyi mövqeyində durmuş, Azərbaycan Xalq Cümhuriyyətinin milli maraq və siyasətini əks etdirmiş, Azərbaycan xalqını bu dövlət ətrafında sıx birləşdirməyə çalışmışdır. Azərbaycan istiqlalının müdafiəsi ideyası qəzetin ümumi siyasi xəttini ifadə etmişdir.

Lakin 1918-ci ilin  bu əlamətdar hadisələrindən  əvvəl bütün Azərbaycan xalqı üçün   ümumi faciəyə çevrilmiş, hətta onun mövcudluğunu belə şübhə altında qoymuş  hadisələr baş vermişdir. Bakıda və Şamaxıda 1918-ci ilin mart qırğınları bu qanlı  zəncirin başlanğıcı olmuşdur. Bir neçə gün ərzində bu şəhərlərin və onun  ətraf kəndlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən talan və qırğınlar, əzilmək, əsir alınmaq, qarət edilmək kimi görünməmiş dəhşətli cəza aksiyalarına, şəhər və kəndlər isə yanğın və dağıntılara  məruz qalmışdır. Daha sonra bu kütləvi qırğınlar Azərbaycanın demək olar ki, bütün qəzalarını əhatə etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti  hələ Gəncədə ikən, son dərəcə  mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq,  böyük uzaqgörənlik və operativlik  nümayiş etdirərək ölkə ərazisində dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi zorakılıq hallarına ən yüksək və ciddi şəkildə  münasibət bildirməyi və konkret  tədbirlər görməyi  vacib saymış,  1918-ci ilin iyul ayının 15-də  bu hadisələrin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyası (FTK)  adlı bir qurum yaratmışdır. Cəmi bir  ildən  artıq müddətdə  FTK  dinc müsəlman  əhaliyə və onların əmlakına qarşı erməni-daşnak qüvvələrinin, bolşevik şüarları altında milli və dini zəmində həyata keçirdikləri kütləvi qırğın və qətliamlara dair 36 cilddən artıq istintaq materialı toplamış və tərtib etmiş, 196 cinayətkarın  konkret adlarını müəyyənləşdirmiş  və onların bir hissəsini cinayət məsuliyyətinə cəlb etmişdir.

Təbii ki, dövrün mətbuatı, xüsusilə  "Azərbaycan" qəzeti də bu hadisələrə biganə qalmamış, öz səhifələrində 1918-ci il Bakı quberniyası qəzalarında  baş vermiş soyqırımı hadisələrini, Qarabağın erməni əhalisinin və Ermənistan Respublikasının hərbi qüvvələrinin isə İrəvan, Naxçıvan  Qarabağ-Zəngəzur  bölgələrində  azərbaycanlı əhaliyə qarşı hələ də davam edən silahlı hücumları və zorakılıq aktlarını geniş işıqlandırmışdır.

Bu yazıların arasında "Azərbaycan" qəzetinin 1919-cu il 31 mart tarixli nömrəsi ayrıca qeyd edilməlidir. Belə ki, həmin tarix Azərbaycan hökuməti tərəfindən bütün ölkə ərazisində ümum, matəm günü kimi qeyd edilmiş, şəhidlərin xatirəsi geniş anılmış, şəhərin müxtəlif  binalarında  əza məclisləri  qurulmuşdur.  "Azərbaycan"  qəzeti isə bütünlüklə öz səhifələrini Bakı, Şamaxı və digər qəzalarda baş vermiş kütləvi qırğın hadisələrinə  həsr etmişdir. "Azərbaycan" qəzetinin 1919-cu il 31 mart tarixli  sayı  1918-ci il azərbaycanlıların soyqırımı mövzusuna həsr edilmiş ilk Xüsusi buraxılışdır.  Lakin bu buraxılışın əhəmiyyəti onun yalnız "ilk" olması ilə məhdudlaşmır. Belə ki, qəzetin həmin sayında dərc olunmuş yazılar sonralar istər  soyqırımı mövzusunun işıqlanmasında, istərsə də onların müəlliflərinin əsərləri arasında xüsusi yer tutmuşdur. Bu yazıların arasında qəzetin birinci səhifəsində yer almış Məhəmməd Əmin Rəsulzadənin "Unudulmaz faciə" adlı baş məqaləsi və qəzetin redaktoru Üzeyir bəy Hacıbəylinin "31 mart"  redaksiya yazısı  bu gün Azərbaycan mətbuatı tarixində həmin hadisələrə həsr olunmuş  klassik  nümunələr sayılır. Rəsulzadənin  özünəməxsus canlı, yüksək emosional ruh və  güclü bədii dildə yazılmış məqaləsində 31 mart Bakı qırğınlarının törədilmə səbəbləri konkret surətdə açıqlanır,  minlərlə günahsız dinc insanın, o cümlədən, qadın, uşaq və qocaların  qətlinə, on minlərlə Bakı sakinlərinin fəlakətinə səbəb olmuş bolşevik-erməni qüvvələri ifşa edilir, bu qırğınların birbaşa azərbaycanlıların  azadlıq hərəkatı və  istiqlal arzusu  ilə bağlı olduğu göstərilirdi:

"Martın 31-i bizə Azərbaycan tarix siyasətində unudulmaz üç günü xatırlatıyor...  İctimai bir inqilab adı ilə və pərdəsi ilə ortaya çıxıb milli bir ədavət icra edilmişdı. Daşnaqlar intiqam alırdı. Həqiqətdir ki, martın 18-dən 21-nə qədər Bakı türk demokratiyasının başında partladılan toplar, müsəlmanların haqqında rəva görülən  zülmlər Azərbaycan fikrini daşıyan, müxalifət və istiqlal əqidəsi ilə pərvərdə olan vücudları məhv etmək üçün idi.

Fikir öldürülmək  istənilirdi. Millət kəsilirdi.

 

Fəqət özləri "inqilabçı" ikən inqilabın böyük düsturunu unudurdular: Azadlıq fikrinin məşəli qanla sönməz. Martda tökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan müqəddəs  atəşini söndürə bilmədi! 

... Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu dəfə müstəqil bir hökumət şəklində  parladı. Bakı bir qan və bir fitnə ocağı deyil, paytaxtımız oldu!"

Üzeyir Hacıbəyli də öz yazısında 31 mart qırğınlarının ictimai-siyasi mahiyyətini vurğulamaqla, milləti ayıq olmağa, bu hadisələrin bir daha təkrar olunmasına yol verməməyə çağırırdı: "Mart hadisələri  Azərbaycan tarixində mühüm bir səhifə olub Azəri türklərinin istiqlal yolunda can verib qan tökdüklərini gələcək nəslə oxutduracaqdır. Bugünki vəzifəmiz isə o qara günləri yaddan çıxartmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, bu hadisələr bir də təkrar edilərsə, müdafiəsinə qadir olalım. Bunun üçün həm hökumətimizin və həm də millətimizin yaşaması lazımdır".

"Azərbaycan" qəzetinin bu Xüsusi sayında dövrün tanınmış mühərrirlərindən olan  Xəlil İbrahimin "18-31 mart" adlı yazısında elan edilmiş  matəm günü münasibətilə şəhərdə dolaşan abu-hava və  görülən tədbirlər ətraflı  təsvir edilirdi: "Bu gün bütün hökumət və camaat idarələri, məktəblər, qəzətələr, bazar, dükan, emalatxana və sair müəssisələr tətil ediyorlar; şəhərdə həyat dayandırılıyor. Zira, bu gün gözəl ideya, böyük şüar altında qara fikir yürüdən bir taqım alçaq qaragüruhun əlində məqtul düşənlərin (öldürülən) illiyidir. Bu matəmdə azərbaycanlılar məscidlərə yığılaraq günahsız ölənləri irzü-namusuna toxunulmuş məzlumələri, canilər əlində tələf olmuş məsum cocuqları yad edəcək, Quran oxuyacaq, məzlumlara rəhmət, zalımlara lənətxan olacaqlardılar. Təzəpir məscidində - həman keçən il bu günlərdə düşmən mərmiləri dəydikcə yaralanan, pəhlivan kibi nərə çəkərək güya zəban halilə "Ey türk milləti! Namusun qəbul etməsin! Allah, götürmə bu zülmü!" deyə fəryad edən bu böyük məscidin həyətində cəmi-kəsirin iştirakı ilə ictima tərtib verəcəklərdir".

Xəlil İbrahim bu  yazısında  Bakıda, Şamaxıda, Qubada və digər yerlərdə baş vermiş faciələrin miqyasını və dərinliyini göstərməklə  bərabər, azərbaycanlıların  özlərinin də vəziyyətin bu qədər acınacaqlı hal  almasında  "təqsiri" olduğunu bildirirdi. Bu sırada   camaatımın  bir qisminin "maska geymiş canilərə inanaraq onlarla sosyalist kibi rəftarda bulunmaqla özlərini aldatmış oldugu", digər tərəfdən "firqəbazlıq xatirinə özünü üzə çıxarmaq və tərəf müqabili nəzərdən salmaq niyyətilə xalqı yoldan çıxardığı, heç bir fitnə və fəsaddan çəkinmədiyi" kimi səbəblər göstərilirdi. Yazı çox  səciyyəvi bir kəlamla bitirdi: "Ölənlərə rəhmət! Qalanlara ibrət!"

"Azərbaycan" qəzetinin bu tarixi sayında dərc olunan yazıları  xüsusilə maraqlı və əhəmiyyətli edən bir cəhət də məqalə müəlliflərinin baş vermiş cinayətlərdə erməni-bolşevik qüvvələrinin rolunu açıqlamaqla yanaşı, Azərbaycan cəmiyyətinin bu hadisələrə nə üçün hazır olmadığının səbəblərini, qanlı mart günlərində millətin həqiqi rəhbərlərinin Bakıda olmadığından istifadə edən ayrı-ayrı zümrələrin, xüsusilə molla və qoçuların xalqa "böyüklük" etmək iddialarının hansı nəticələrə gətirib çıxardığını araşdırmaq  cəhdləridir. Bu baxımdan  Ə.Bədi imzası ilə "Acı həqiqətlərim"  adlı bir məqalə xüsusi maraq kəsb edir. Belə ki, mart hadisələri ərəfəsində şəhərdə hökm sürən abu-havanı saatbasaat  təsvir və təhlil edən müəllif "Dikiy diviziyanın" (azərbaycanlılardan ibarət "Vəhşi diviziya)  hərbçilərinin erməni-bolşevik dəstələri tərəfindən tərksilah edilməsi və bu münasibətlə  şəhərin müsəlman əhalisinin nümayəndələrinin "İsmailiyyə" binasında və Təzəpir məscidində keçirilən toplantıları barədə geniş məlumatlar verir, Erməni Milli Komitəsinin üzvlərinin və  daşnakların hadisələr ərəfəsində müsəlmanların həqiqətən silahlandığı və hər hücuma hazır olduqlarını düşünərək ilk günlər, hətta hadisələrin başladığı ilk saatlarda da həqiqətən gözləmə mövqeləri tutduqlarını və yalnız müsəlmanların silahsız olduqları aydınlaşandan sonra geniş hücuma keçdikləri, bu zaman azərbaycanlıların tam nizamsız halda müqavimət göstərmək cəhdlərinin uğursuzluğu kimi məlumatları öz şəxsi şəhadəti əsasında  konkret faktlar  gətirməklə şərh edirdi. Maraqlıdır ki, bu müəllif də həmin dövr Azərbaycan milli qüvvələri arasında  siyasi  firqələr  yaratmaq meylini, o cümlədən, "İttihad və tərəqqi"  adı ilə  yenicə yaradılan partiyanı cəmiyyətin birləşməsi yolunda bir əngəl sayır.

Hər sətrindən  böyük təlaş və həyəcan duyulan bu yazıda müəllif  təhlükənin qarşısını almaq, yaxud ona hazır olmaq üçün əməli tədbirlər tələb olunurkən qarşılaşdığı reallıqdan nə üçün ümidsiz hala düşdüyünü  canlı və emosional bir dildə şərh edirdi: "Durmaq zamanı deyil, sonda olsun birləşmək lazım, bu axşam hər partiyaya baş vurdum, əksərisində bir adam yox, kəndi-kəndimə yalnız bu sözü təkrar ediyordum: hey, zavallı millət!... Məhəllələrə dağıldıq, hər kəslə bərabər bən də bağırıyordum: "Müsəlman olan, silah başına!" Silahı olan çığırır, silahı olmayanlar da İsmailiyyəyə qoşuyordu. Zavallılar bilməyirdilər ki, millətin bir tüfəngi belə yox. Var isə belə, verən yox... Millət birləşmişdi... Ayın on səkkizindən (martın 30-dan)  millət qeyri-müntəzəm, bir silah başda saxta qoçularımız olduqları halda İsmailiyyə binasında mitinq yapıyordu. Böyüklərin artıq bu məclisdə heç bir qiyməti qalmamışdı. Hər kəs, bilxassə, qoçularımız ağzına gələn sözü söyləyir, küfr ediyor, kimsəyə danışmaq haqqı vermiyordu. Danışanlara da qulaq asan yox... Birlik var, böyük yox! ... Millətin başında bu gün böyüklər deyil, saxta, cahil qoçularımız duruyordu".

Bu yazıda da  mart hadisələri zamanı  "Bakı qoçuları"nın fəaliyyəti mövzusunun  gündəmə gətirilməsi  diqqətçəkən məsələdir. Belə ki, o dövr Bakı cəmiyyətinin xüsusi bir zümrəsini təşkil edən    qeyrət, qəhrəmanlıq, cəsurluq rəmzindən tutmuş qorxaq, qəddar, cani  kimi sifətlərə qədər hallandırılan qoçularun  "millətin böyüksüz  qaldığı"   həmin günlərdə  həqiqətən qabağa çıxdığı və hətta öz aralarındakı barışmaz münasibətlərə müvəqqəti son qoyub barışaraq düşmənə müqavimət göstərdiyinə dair müxtəlif  və ziddiyyətli fikirlər mövcuddur. "Acı həqiqətlərim" adlı bu yazıda da həmin o ziddiyyət öz əksini tapır:

"Mollalarımız əmmamələrini, qoçularımız papaqları əllərində sallayır, bəziləri papaqlarını yerlərə vuruyordu : "Bizə bu papaqlar artıq haramdır, namusumuz ləkələndi" deyirlərdi... Nə yapdıqlarını bilməyən qoçularımız da tamaşakaranə atəş səslərinə atəşlə cavab veriyordu. Biz çoxlarımız sokaklarda (küçələrdə): "atma, qardaş, atma" deyə bağırıyordu... Saxta qoçularımızın isimlərini şəxsiyyətini sevmədiyim üçün yazmayıram. Millətim kəndisi bilir və bir gün cavablarını verər - kimisi qəsdən kəndini namərd və alçaqcasına düşmənə təslim etdi. Əksəriyyəti evindən dişarı çıxmadı. Çünki bu alçaqlar yalnız məsum müsəlman qanı tökməklə şöhrət qazanmışdılar".

 

Bununla yanaşı, müəllif  bəzi tanınmış qoçuların həqiqətən azərbaycanlı əhalinin, xüsusilə qadınların silahlı  müdafiəsinə qalxdıqlarını və əsl qəhrəmanlıq nümunələri də göstərdiyini qeyd edir ki, bu da bir daha həmin məsələyə ümumiləşdirilmiş şəkildə deyil, fərdi  yanaşmanı daha məqbul edir:

"Ölən Adilə rəhmət, (Kürdəxanlı qoçu Adil nəzərdə tutulur),  Nəcəfqulu Rzayev və yoldaşlarına burada qadınlarımız namına təşəkkür etmədən keçəməyəcəyəm. Bu dilavərlər bir çox fədakarlıqlarla heç olmazsa ricət yolumuzu təmin etmişlərdi. Millət həddən ziyadə qeyrət etdi. Əfsus ki, nanəcib düşmənə məğlub olduq".

Ə.Bədinin "Acı həqiqətlərim"  məqaləsini mart  hadisələrinin tarixi və bugünkü tədqiqatları üçün maraqlı edən daha bir cəhət Bakının orta ruhani nümayəndələrinin  həmin  ərəfədə gözlənilən təhlükənin aradan qaldırılması, yaxud düşmənə müqavimət göstərilməsi üçün  millətin önünə çıxması  və xüsusi fəallıq nümayiş etdirməsidir. 

1918-ci il azərbaycanlıların soyqırımı tarixşünaslığında hələ də ayrıca və dərindən araşdırılmamış bu məsələyə ilk dəfə Əlimərdan bəy Topçubaşov diqqət yetirmiş,  1918-ci ilin aprelindən   mayın sonlarına kimi  erməni  həbsində  olarkən qələmə aldığı  "17-26 mart 1918-ci il tarixlərdəki hadisələrinin mənə məlum olan təfərrüatları və epizodları" adlı  qeydlərində  Bakının ruhani xadimlərinin rolundan danışmışdır.  Burada qeyd edilməlidir ki, Müsəlman ruhaniliyi  həmin hadisələrə bilavasitə mart  günlərində deyil, ondan daha əvvəl,  Bakıda ermənilərin böyük canfəşanlıqla guya "müsəlmanların şəhərin xristian əhalisini qırmağa hazırlaşdıqları" kimi  geniş təbliğat kampaniyası apardıqları,  xristian və yəhudi əhalisini silahlanmağa çağırdıqları, özlərinin isə artıq çoxdan silahlandıqları bir zamanda başlamışdı.  FTK-nın materiallarından da aydın olduğu kimi, şəhərdə gəzən və bütün  əhali arasında  dərin təlaş doğuran bu şayiələri aradan qaldırmaq üçün rus-pravoslav, erməni - qriqoryan və müsəlman ruhani xadimləri, yəhudilərin də iştirakı ilə rus və erməni kilsələrində, eləcə də Təzə-pir məscidində dua mərasimləri keçirmiş, şəhər əhalisini sülhə və əmin-amanlığa dəvət etmişdilər. Bu baxımdan mart hadisələri  ərəfəsində H.Z.Tağıyevin oğlunun dəfninə gəlmiş 48 nəfər azərbaycanlı zabit və əsgərlərin tərksilah edilməsi ilə müsəlman əhalisi arasında başlanan  narazılıq və etirazların məhz Təzəpir məscidində mitinqə çevrilməsi, daha sonra "İsmailiyyə" binasında, şəhərdə olan ayrı-ayrı ictimai xadimlərin  (Azərbaycanın siyasi partiyalarının rəhbərlərinin və  üzvlərinin böyük əksəriyyəti bu vaxt Tiflisdə və Gəncədə idi)  və yenə də din nümayəndələrinin fəal   iştirakı ilə davam etməsi təbii idi. Topçubaşov öz qeydlərində   bu yığıncaqlarda, eləcə də bolşeviklər və ermənilərlə danışıqlarda iştirak edən Hacı Mir Mövsüm, Hacı Molla Cavad, Molla Məmməd Hənifə  və digərlərinin adlarını çəkir (Hacı Mir Mövsüm hadisələr başlanandan sonra erməni və rus sülh nümayəndə heyəti üzvləri ilə birlikdə erməni əsgərləri tərəfindən öldürülmüşdür).          

Bununla belə, "Azərbaycan" qəzetindəki  "Acı həqiqətlərim" adlı məqalədə müəllif bu qəbildən faktlara, ruhanilərin müsəlman əhalisinin çıxışlarının başında durmasına, artıq yuxarıdakı nümunələrdən də göründüyü kimi,  birmənalı mənfi münasibət bildirir: Qoçular..."ancaq kəndilərini cihada dəvət edən mollaları alqışlayırdı. Mollalarımız əmmamələrini, qoçularımız papaqları əllərində sallayır, bəziləri papaqlarını yerlərə vuruyordu... İsmailiyyədəki mitinqdən bir nəticə çıxmadı. Camaat dağıldı... Təəssüflər olsun ki, Təzəpirdə tərtib edilən ikinci bir mitinqdə millət edamını kəndi əlilə imza ediyordu. Qərar verildi: ya həyat, ya ölüm!.... Cihad elan edən mollalarımızdan heç bir əsər görünməyirdi..." 

Mart hadisələrinin bu günümüzdən tədqiqi göstərir ki, Bakının, eləcə də Şamaxının və digər bölgələrin dinc, əsasən silahsız müsəlman əhalisinə qarşı qabaqcadan hazırlanmış və planauyğun surətdə nizami qoşunlar tərəfindən həyata keçirilən kütləvi qırğınların qarşısını almaq qeyri-mümkün idi. Bununla belə, mart faciələrinin bir illiyinə  həsr edilən Xüsusi sayında qəzetin  Azərbaycan cəmiyyətinin özünün  bu hadisələrə tam hazırlıqsızlığının səbəblərini araşdırmaq, müəyyən zümrələrin əliyalın xalqı döyüşə çağırmaqla qırğınların başlanmasına rəvac verməsi kimi  (bu məqam sonradan  bolşevik-erməni qüvvələrin  "vətəndaş müharibəsi" haqqında  bəyanatlarına bəhanə olacaq),   və digər  məqamları tənqid etmək cəhdləri redaksiya heyətinin yalnız matəm ruhuna uymayaraq bu məsələlərin işıqlandırılmasında da maraqlı olduqları və obyektiv  mövqe tutduğuna bariz nümunə idi. Təsadüfi deyil ki,   "Acı həqiqətlər"dən müvafiq nəticə çıxaran  müəllif  öz yazısını  ciddi bir çağırışla bitirir: "Ey millət başçıları! Bugün başsızlıq üzündən qəhr olduğumuz matəm gününü yad edirkən, həqiqi surətdə birləşəlim. Əvət birləşəlim! Daxili və xarici düşmənlərimiz görsünlər ki: qarşılarında çəlikdən daha mətin bir qala vardır. Birləşiriksə yıxılmarız, yıxılsaq da mərdcəsinə yıxılar, tarixdə altun hərflərlə qeyd ediləriz".

"Azərbaycan" qəzetinin 31 mart 1919-cu il xüsusi sayında dərc olunmuş daha bir  redaksiya yazısı -  "Mart hadiseyi-əliməsinin müxtəsər tarixçəsi" -  Bakı qırğınlarının  əsl səbəbləri və onun törədilməsində maraqlı olan qüvvələrin məqsədlərinin  açıqlanması baxımından böyük əhəmiyyət kəsb edir və bu gün üçün də qiymətli bir mənbə sayıla bilər. Belə ki, 1914-cü il birinci dünya müharibəsinin ilk günlərindən ermənilərin Türkiyə ərazisində  geniş fəaliyyətindən  başlamış Bakıda mart qırğınları ərəfəsinə qədər apardıqları geniş hazırlıq işlərinin müfəssəl şərhi  "Azərbaycan" qəzeti mühərrirlərinin  artıq öz zamanında bu hadisələrə dair  kifayət qədər geniş məlumatının, dərin və obyektiv baxışlarının olduğunu göstərir.

"Keçmiş Mart günləri" adlı başqa bir məqalədə isə mart qırğınlarının "bolşevik" libasına bürünmüş rus və erməni əsgərlərinin əsas hədəfinin  məhz türk-müsəlman əhalisi, o cümlədən, günahsız qadınlar və uşaqlar olduğuna diqqət çəkilir. 

Qəzetin digər yazıları da istər mövzu, istərsə də janr və üslub  baxımından rəngarəngliyi ilə fərqlənir. Burada emosional təsir gücünə görə yəqin ki, A.Rüfət imzası ilə "El yazı" adlı xatirə-esse xüsusilə vurğulanmalıdır. Məlumdur ki,  kütləvi mart qırğınları ermənilər tərəfindən aldadıldıqlarını başa düşən  rus əsgər və matroslarının ultimatumu və gürcü bolşeviki Caparidzenin səyləri nəticəsində aprelin 2-də dayandırılmış, yalnız bundan sonra şəhərdən meyitlərin yığılmasına başlanılmışdı. Küçələrdən, meydanlardan, karvansaralardan, müxtəlif məktəb, teatr, mağaza, hamamlar, idarələr və  digər binalardan,  tam yiyəsiz qalmış  məhəllələrdən  meyitlər arabalarla şəhərin böyük əraziləri olan yerlərinə, Təzəpir məscidi, Gömrük, Yük daşınma və bu kimi idarələrin həyətlərinə yığılırdı,  sağ qalmış sakinlər günlərlə öz yaxınlarının eybəcər hala salınmış cəsədlərini  bu həyətlərdə  axtarır və bəzən də heç  tapmırdılar.

 

"El yazı" məqaləsində bu baxımdan "bəxti gətirmiş" bir qadının hekayəti qələmə alınmışdır. Dəniz kənarındakı Gömrükxananın  həyətində: "İslam qardaş! İslam qardaş! Bana müavinət ediniz!" - deyə  çağıran   "üzü, sinəsi məxrub" (yaralı, dağılmış) gənc bir müsəlman qadınının   "ilticaedici, ürəkyandırıcı, qəlb patladıcı" sədası eşidilir.  Bu sədalar beş nəfər qohumunu və ömür-gün yoldaşını - "nərədəsiniz?" deyə axtaran boynu qaralı, qəlbi yaralı bir bədbəxtə" - yazı müəllifinə xitabən ucalıb.

Gömrükxana həyətindəki pambıq tayalarının arasında yan-yana düzülmüş müsəlman kişi və qadın  meyitləri ətrafında azərbaycanlı qadınların "oğul vay", "ata vay", "qardaş vay" -  deyə dolaşaraq  "mühiti-məmat (ölüm, yoxluq mühiti) musiqisinə məxsus "Vay" zənguləsilə zingildədikləri halda"  kömək  diləyən qadının müraciəti müəllifi ona yaxınlaşmağa məcbur edir. Yeddi nəfər yaxınını itirmiş, evi talan edilmiş və tamamilə  yandırılmış qadın  "Benim meyitlərimi arabaya qoyunuz da qəbiristana aparayım!" - deyə araba axtarmağı  xahiş edir. Müəllif ətrafı dolaşaraq böyük çətinliklə iki şəhər zibil arabası tapıb gətirir və   qadının  7 nəfər əzizinin cənazələrini   bir tərəfə çəkib ayırdığını,  özünü də onların arasında   "lalə qöncəsi kimi oturub, çənəsini ovcuna almış" vəziyyətdə  görür. Cənazələr - ağ saqqalı və ağ birçəkləri  qırmızı qana bulaşmış iki ixtiyar  qoca, biləklərində incə mərcan qolbaq, dodaqlarında məsum bir təbəssüm zərif  bir qızcığaz, "geniş alınlı, yüksək kökslü, şümşad qollu gənclər və onların arasında üzü, gözü xain əllər tərəfindən vəhşiyanə bir surətdə süngülənmiş başqa bir gənc!” 

Qadının vəziyyətini  təsvir etməkdən qələm acizdir!  Onun - "Qardaş, buldunuzmu?"  sualına "Buldum" -  cavab verən Müəllif  göz yaşları içində  boğularaq daha sözünə davam edə bilmir. Bu zaman qadın -   "Qardaşım, mənə yazığın gəlir, deyilmi?   Əvət! Bən yazığam. Zira bütün əqvamım məqtuldur (öldürülmüşdür). İstinadgahım yox, məlcəm (sığınacaq, dəstək) yox, ümid qapılarım bağlanmış, deyilmi?" - soruşur  daha sonra əlavə edir: "Xayır, belə deyil, hamısı məqtul, mən də, sən də, o da, o birisi də məqtul, El yaşayır, yaşayacaq. El hər sənə (il)  mart ayında başlayaraq..."

Bu zaman həyətdə ucalan oxşama, ağlaşma sədaları qadının sözünü yarımçıq qoyur və o, dinməz  Müəllifin köməyi ilə meyitləri arabaya yığaraq qəbiristanlığa yollanır. Bu hadisədən sonra o  qadını bir daha görməyən müəllifin qulaqlarında həmin yarımçıq cümlə uzun müddət  həkk olaraq ona rahatlıq vermir və yalnız bir neçə aydan sonra, Bakının türk qoşunları tərəfindən azad edilməsi ərəfəsində onun təxəyyülündə  qadının xəyalı surəti  canlanır və   yarımçıq "El hər sənə   mart ayında başlayaraq..." cümləsi  "sentyabr ayınadək matəm saxlar"  kimi tamamlanır.

Mart qırğınlarının nəticələrinin bir qadının sözlə ifadə edilməz acı taleyi nümunəsində təsvir edildiyi bu yazı insanın ən ümidsiz vəziyyətdə belə  öz şəxsi  faciəsini  Elin  ümumi faciəsindən ayırmadığı və bütün xalqı öldürməyin qeyri-mümkünlüyü   kimi  müdrikliyin yüksək  nümayişi ilə artıq  fəlsəfi bir məna kəsb edir və güclü emosional təsir oyadır. 

Burada cəmi bir epizod üzərində qurulmuş real əhvalatın  çox həzin və bədii  dildə ifadə üslubu,  eləcə də essenin Elin işğaldan azad olunması ilə bütün bu müsibətlərə nəhayət ki, son qoyulacağına  olan  nikbin sonluqla bitməsi də mühüm rol oynayır. Bu baxımdan həmin yazı öz məna və təsir gücünə  görə heç də qəzetin ciddi publisistik məqalələrindən az əhəmiyyət daşımır.

Qeyd edilməlidir ki, "Azərbaycan" qəzetinin  nəzərdən keçirilən bu xüsusi sayında obrazlı - bədii üslubda yazılmış digər yazılar da vardır.  "Piri" imzası altında   (qəzetin əməkdaşı Piri Mürsəlzadə), Sədinin iki beyti ilə başlanan "Xəyalat" adlı   kiçik bir yazıda  Aşiq  bütün varlığına hakim olan Məhbubunu ən yüksək poetik sözlərlə vəsf edir, eyni zamanda, onun yolunda çəkdiyi  iztirab,  əzab, hicran və s. kimi hisslərindən danışır, son nəticədə "Xəyalımın, mövcudiyyətimin əbədi bir ruhu, qəvi bir əzəməti"  ilə vüsalə yetişdiyi bildirərək "Onu bir daha buraxamam" - deyə Sevgilisinin adını açıqlayır:  İstiqlal!

Əli Əsgər Ələkbərzadənin  "İthaf" adlı məqaləsi  Mart qırğınları günlərində həlak olmuş şəhidlərə,  o cümlədən,  "istiqlali-milliyyənizi elan edərək, sənələrdən bəri bu talesiz diyarda dalğalanmayan bayrağınızı təməvvüc (burada - tərpəniş, hərəkət, yelləndirmək) etdirmək üçün" millətə qurban gedən Azərbaycan  gənclərinə həsr edilir. "Qəddar və zalım" düşməni dərin nifrətlə lənətləyən müəllif  Tarixin Azərbaycanın xilası yolunda şəhid olmuş  bu şanlı övladlarının ruhunun daimi yaşayacağını, onların adının tarixə yazılacağı və  daim hörmətlə salamlanacağına inamını bildirir.

 

Qeyd olunmalıdır ki,  Şəhidlər mövzusu  qəzetin bütün yazılarında qırmızı xətlə gedir və  dövrün tanınmış romantik şairi Məhəmməd Hadinin "Şühədayi hürriyyətimizin ərvahına ithaf"  adlı 16 sətirlik  şeiri ilə özünün çox gözəl poetik həllini tapir:

 

"Sizin məzarınız iştə qülubi-millətdir!

Bu sözlərim yürəgimdən qopan həqiqətdir.

Sizi unutmayacaq şanlı millətim əsla,

Əmin olun buna, ey ziynəti-cəhani-fəna.

Sizinlə buldu bu millət şərəfli istiqlal,

Sizinlə buldu bu millət həyati-pür-iqbal.

Bu gün də etmədə əhli-vətən sizidir yad,

Salamlayır sizi iştə bu milləti-azad".

 

Nəzərdən keçirilən bu yazılardan başqa,  qəzetdə həmin gün Təzə-Pir məscidindən başlayaraq  Bakının müxtəlif idarə, məktəb və cəmiyyətlərində, eləcə də ayrı-ayrı təkyə və evlərdə  Şəhidlərin ruhuna keçiriləcək matəm - əza məclisləri haqqında məlumatlar verilir və  millət bütün bu məclislərə  dəvət edilir. Əlavə olaraq  "İttifaqi-Mütəəllimin İdarəsi"nin  (Bakı türk müəllimləri İttifaqı) bu münasibətlə "Camaatə xitabən"  çap etdiyi "İntibahnamə"nin mətni  bütünlüklə dərc edilərək  bu cəmiyyətin Birinci Realnı  məktəbin binasında keçirəcəyi  əza  məclisi haqqında xəbər verilir.

 

Qəzetin redaktoru Üzeyir Hacıbəyov öz imzası ilə şəhər əhalisini Azərbaycan Hökumətinin   29 mart 1919-cu il tarixli əmri ilə tanış edir,  martın 31-də  Bakıda  mart hadisələrinin münasibəti ilə dövlət müəssisələrində iş olmayacağı barədə hökumətin qərarını oxucuların  nəzərinə çatdırır.

Beləliklə, "Azərbaycan" qəzetinin təkcə bir - 1918-ci il qırğınlarının 1-ci ildönümünə həsr edilmiş Xüsusi buraxılışında  soyqırımı  mövzusunun ən müxtəlif çalar və janrlarda, siyasi-tarixi publisistikadan tutmuş bədii-poetik yazılara kimi nə qədər geniş və dərindən araşdırıldığını görürük. Məhz bu amil "Azərbaycan" qəzetinin 1919-cu il 31 mart tarixli, 147-ci sayı -1918-ci il azərbaycanlıların   soyqırımının dövlət səviyyəsində  ümümxalq matəm günü kimi ilk dəfə qeyd edilməsinin  tarixi nümunəsi kimi  ayrıca və  müfəssəl  şəkildə nəzərdən keçirilməsini şərtləndirdi.

Qeyd olunmalıdır ki, nəşr olunduğu bütün dövr ərzində  soyqırımı mövzusunu   "Azərbaycan" qəzeti   (hər iki dildə - Azərbaycan və rus dillərində çıxan)  daim gündəmdə saxlamış,   Bakıda və bölgələrdə həmin hadisələrə dair müxtəlif yazılar, şəkillər dərc etmiş, Fövqəladə Təhqiqat Komissiyasının  fəaliyyətini geniş işıqlandırmış,  onun  əhaliyə müraciətlərini və  elanlarını dərc etmişdir. 1920-ci il 30-31 mart tarixli saylarında da qəzetin  1918-ci il hadisələrinə  dair müxtəlif səpgili məqalələr, xatirələr, bədii nümunələr dərc etmişdir. "Azərbaycan" qəzetinin bütün bu yazıları  bu gün də həmin hadisələrin  öyrənilməsi və tədqiqində  qiymətli bir mənbə kimi əhəmiyyətini saxlayır.

1920-ci il aprel işğalı ilə əlaqədar sonuncu - 27 aprel 1920-ci il tarixli sayı ilə "Azərbaycan" qəzetinin nəşri dayandırılmışdır.

525-ci qəzet  2019.- 29 mart.- S.4.