SƏİD QARABULUD

1962-ci ildə Xoy şəhərində anadan olub. Doğma şəhərində orta təhsil aldıqdan sonra, 1981-ci ildə Təbrizdəki Şəhid Rəcai adına pedaqoji məktəbə daxil olub. 1990-cı ildə Tehran Universitetinin pedaqoji bölümünü bitirib.

Elə həmin ildən də doktorluq dərəcəsi almaq üçün "Mücrəddin Beyləqaninin divanı və Azərbaycan ədəbi-ictimai durumu"adlı tədqiqat mövzusu üzərində işləməyə başlayıb və elmi işini uğurla başa çatdırıb.

S.Qarabulud universitetdə ali təhsilini fars dili və ədəbiyyatı üzrə alsa da, ədəbi yaradıcılığı türk ədəbiyyatı ilə bağlıdır. Elmi tədqiqatını türkdilli şairlərin yaradıcılığı üzərində aparan Səidin fars dilində araşdırmaları da Azərbaycan ədəbi məktəblərinə və Azərbaycan şairlərinə həsr olunub. Onun kürd dilini dərindən bilməsi bu dildə yaranmış ədəbiyyatı elmi tədqiqata cəlb etməsinə səbəb olub, bir sıra kürddilli şairlərin şeirlərini türkcəyə çevirib.

 

Dustaqlıqda qamçı

 

Dustaqda qalmışam bir quş tək,

Səslənir göydə qamçı hürüş tək,

Oddur yapışar cana öpüş tək,

Heç görmüsən qoşa qamçı vuralar?

 

Qələm qorxusu

 

buludlar görərkən dedi:

Yenə

Qələmi ələ alıb

Yel atı tək

Mavi göylərdə

Çapar get.

At oynadıb, duman et -

Sanki buludlarda

Atı qovarkən,

Susqun qaranquya yatıb.

Qorxudan

 Ürəyim titrəyib keçindi!

Qələmin nalından

Bir qor qalxıb sönərkən...

Qayanı tapıb -

Ulduzlara, sönməz qoplara -

Qartı oldum.

Yola düşüb

Saman yolun

Dalda qoydum...

 

Haray

 

Bir harayam, susdurulmuş boğazlardan haraylanıram,

Yağıyam, üsyanam, könüldən qalxıb yaylanıram.

Dənizlərdə dalğayam, könüllərdə çalğıyam,

Damcı qanam, danam, eldən doğulub boylanıram.

Dustaqlardakı zəncirə, boyunlardakı kəndirə,

Kəskin bıçağam, sönməz ocağam, hey oylanıram.

 

Nigarançılıq

 

Arazın o tayından nigaran olmasaydım,

Yanağımdan qanlı yaş damlası yolmasaydım,

Yaşam karvanı ilə bulud tək dolmasaydım,

Ürəkdən yazmaq üçün qələmə ağlamazdım.

Dağında yağı olan Nəbilər olmasaydı,

Açmadan miməklərin bağında solmasaydı,

Analar torpaq üstə saçını yolmasaydı,

Ürəkdən yazmaq üçün qələmə ağlamazdım.

525-ci qəzet  2019.- 29 mart.- S.7.