Yarı(ma)yan yaxşılıqlar...  

 

 

 

Şaxta, taxta, bazar. Fəhlələrdən biri siqareti siqaretə calayıb keçmişdə qazandığı bəlkə yəqin ki, xəyali milyonlarından danışır yoldaşına, danışdıqca xoşbəxt olur, sevindikcə köksü şar kimi qabarır, şişir, şişir... birdən, yoldaşı əlindəki xırda iynəni ehmalca batırır şara: “Ayıb çıxmasın, bəs hanı o milyonlar, bəs onda burda neynirsən?”

Şar partlayır, araya ağır bir sükut çökür mən tüstü-duman düşünürəm: əcəba, kimdir günahkar, boş havayla şişən bu al-qırmızı şarmı, yoxsa ona sancılan bu yöntəmsiz iynə...?

İgidin qazandığını yox, gətirdiyini danışarlar, əzizim, bu, ta binayi-qədimdən belə. Yoxsa hansımızın olmayıb ki, uşaqlıqda, çayda, guya qaçırdığımız iri-iri balıqlar, bığlar, zığlar, hətta balinalar... hansımıza deyilməyib ki, bala, balıq yalnız tavaya girərsə balıqdır, gerisi təfərrüat!

Açıb oxuyuram: “Hər kəs bir yaxşılıq gətirərsə...” - buyuran Ana Kitab da elə bunu demirmi: “Hər kəs bir yaxşılıq edərsəyox, məhzgətirərsə”. Hara? Onun dərgahına, təbii! Yəni məsələ əlindəkini qoruya bilməkdir, çatdıra bilməkdir son ünvana. Yəni yalnız tutduğumuz balıqları sayacaqlar O gün, qaçırdıqlarımızı deyil.

Xeyli yaxşılığını (dostunu, əzizini) yarı yolda əlindən düşürən bir insan kimi yazıram sizə, hamısı qəsdimizə duracaq bir gün, etiraz səslərini ucaldacaqlar tribunalarından:

Götürməyəcəyiniz şeyi toxunub ləkələməyəydiniz!!!

Amma o dost...

Onu tanıyanda dəhşətə gəlmişdim, demişdim, ilahi, kaş dünyadakı bütün, bütün yaxşılıqları o icra edə bu sarsılmaz əzmiylə çatdıra hamısını kama; razıydım, hətta öz ovcumdakıları da ona verməyə razıydım, kim istəməz ki, yaxşılıqları yarıyanlardan olsun?!

Silahını hər gün silib-təmizləyən köhnə kişilər kimiydi, əməllərinin tozunu alardı gecələr, bir baxardın, saldı suya, bir görərdin, yudu, qurutdu, ütülədi... biz özümüzçün qazandıqlarımızı, o başqalarıyçün xərclədiklərini hesablayardı ay sonları həmişə narazı qalardı:

Bu ay da heç edə bilmədim...

Çox gördüm mən, azadlıq şüarıyla düyünlənən yumruqların dəmir dalana dəyən kimi laybalay açılıb dilənçi ovcuna çevrilməsini, lakin onun qaşının belə düyününü aça bilmədi daş divarlar... lap Rəbbinin dediyi kimi etdi...

ALLAH dedisözünün üstündə durdu!

 

 

İlqar KAMİL

 

525-ci qəzet.- 2019.- 30 mart.- S.24.