Mirzə Cəlilin
sevdası
(Romandan parça)
“Allahlar, ey allahlar! Gecə yer necə kədərli görünür! Bunu yorulan bilir”.
M.Bulqakov,
“Master və Marqarita”
Mirzə
Cəlil, metronun qapılarına əksi düşən
hicablı qadına gözlərini zilləyib donmuş
bakılı, ötən əsrin ən parlaq imzalarından
biri, yoldaş Stalinin istefa əmrinə səbəb olan o dahi
(bəlkə də yox) baş redaktor, ümidli sevdanın
aşiqi, Həmidənin əri və sair. İlk
dəfə idi ki, içindəki səbəbsiz təlatümü
bu qədər aydın hiss edirdi. İllər əvvəl
yaşadığı travma ona Həmidə xanımı
unutdura bilməmiş, təəssüf! Məşhur ədibə
iyirmi birinci əsrdə yaşamaq çətin
görünür, günlərini mağaza kassalarının
qarşısındakı növbələrdə, ya da
metrodakı sıxlığın gözə görünməz
dərinliyində itirməkdən yorulmuş,
üzücü! Yaşamaq bu qədər
çətin olmamalıydı. Gecələr iş
otağında divana uzanıb viskidən qurtumlayanda
İbrahimin mənfur kölgəsini divarda sezir, biixtiyar onunla
söhbət edir və yalnız səhərə yaxın
yuxuya gedə bilirdi.Yetmiş üç il
idi, hər səhər oyananda masasında soyuq kofe ilə dolu
qırmızı fincan tapırdı.
“Qırmızı yaşıldan zəifdi. Mavi
hamısından böyükdü. Və
qara hər üçünü öldürə bilər.
Ondan ehtiyatlan!”
Hər şeyə uşaq anasına öyrəşən
kimi öyrəşmişdi. O fincana da, o cümlələrə
də. Metroda bu cür heykəl kimi adamların
üzünə donmuş ifadə ilə baxmağı da
sıradan idi. İndi firuzəyi hicab
geyinmiş qadının uzun barmaqlarına, o barmaqlarından
birindəki üzüyə, əlbisənin uzun qolunun
altından əlinin üstünə düşən mavi
muncuq bilərziyə yazıçı hissiyatı ilə
baxıb köks ötürməyi də adətdəndi.
Mirzə qocalmışdı, çox
qocalmışdı. Onun aşiq olan
yaşları lap keçmişdə - Tiflisin daşlı
küçələrində itib-batmışdı. Həmidə xanım özüylə ailə
qayğısını da Mirzənin sinəsi üzərindən
ağır yük götürən kimi
götürmüşdü.
“Elmlər Akademiyası” stansiyası”.
Avqustda
yağan qarın bəyazlığı “Akademiya parkı”nı metrodan “Texniki Universitet”ə qədər
bürümüşdü. Mirzənin gözləri
qaraldı. Kürəyini kafellə
döşənmiş divara söykəyib qalstukunu
boşaltdı. Köynəyinin düymələrindən
ikisini açdı.
“Yaxşısınız?”
Metroda avqust qarı kimi qəfil ruhuna narahatlıq yayan həmin
hicablı qadını uzun barmaqlarından, əlinin
üstünə sürüşən bilərzikdən
tanıdı.
Başını qaldırıb iri badamı
gözlərinə baxanda anladı ki, bu qadın da
İbrahimin növbəti oyunlarından biridi. İblis qarşısında dayanmışdı elə
bil. Hürkdü.
“Yaxşıyam”.
Qadın gülümsəyib biləyindəki bilərziyi
oynadıb getdi. O gedən kimi də İbrahim dayandı Mirzənin
qarşısında. İbrahim
tanıyırdı o qadını, o bilərziyi, o firuzəyi
rəndi, o mavi rəngi. O qadını Stalinə də
göstərmişdi. Stalinin vurulduğu
qadına indi Cəlil nifrət etmişdi. Onun
simasında iblisi tapdığına görə, bəlkə
Tiflisi, bəlkə məğlub olduğu maarifçiliyi.
Mirzənin muncuqlu bilərziklərə
qarşı antipatiyası olduğu üçün də.
Həm də... daha da pis... Həmidə
xanıma bənzəyirdi hicablı qadın.
Mirzə Cəlil Həmidə xanımla Tiflisdə,
payızın milçəkləri iştaha gətirdiyi
ayların birində - hansında? Yadına düşmürdü... -
mavi kitab dükanında tanış
oldular. Həmidə xanımın
işıltılı gözləri mavi divarları səma rənginə
çevirir, kitabların tozlu üz qapaqlarını
işıqlandırırdı. Əllərinin
içində saxladığı firuzəyi dəsmalı
Mirzəyə verib qapıdan göz qırpımında
çıxdı. Mirzə dünyanın ən
gözəl ətrini burnuna, sonra ciyərlərinə, sonra həyatına
əbədi çəkdi. Bəlkə həmin
gün qarşı küçədəki kafedə
İbrahimi görməsə, həyatının ən bədbəxt,
ən narahat günlərinin başlanğıcı olmasa idi
o gün, həmin təqvimi bir qədər unudar - hər halda
bu yaşında unudardı. O isə dünən
olmuş kimi xatırlayır, Həmidə üçün
burnunun ucu göynəyirdi.
Addımları zamandan və özündən
keçirdiyi illəri qayçı kimi kəsə-kəsə
Akademiyaya aparırdı. Hərdən başını
qaldırır, adamlara baxır və bu ölkəyə, bu
şəhərə nə qədər yad olduğunun fərqinə
varırdı. Safucada keçirdiyi günlər
ona xatirələrin ən şirinini, həm də ən
acısını daddırmışdı. Stalin Mirzəni o şoran torpaqlara sürgün edəndə
başlamışdı hər şey. Lap
elə onda. Kim bilir, Kremlin divarlarına
hörülmüş sosialist ruhların biri də qorili
çar idi. Ya da Safucadakı
dağdağan ağaclarının altında hələ də
öz əcəlini gözləməklə məşğul
olur Stalin. Bu dünyada üç nəfər
ölə bilmədi. Üçü də
Safucanın əsiri oldu. Bakıya
apokalipsis dövrü gəlsə, bu şüşəli
binalar, bu daş binalar, bu soyuq adamlar, bu lal adamlar, bu ümid
ovçusu, sevinc ovçusu şəhərin yəqin Safucadan
bir fərqi olmayacaqdı.
Necə
ağır idi Həmidənin həsrətini ağ
şallara bağlayıb ağac budaqlarından asmaq. Necə yorğun keçirdi Həmidənin
sevdası.
Mirzə akademiyaya çatana qədər gecə
düşdü. Günəş binaların arasında yox
çıxdı, Ay sonuncu ümid işığı olub
şəhərin qara buludlu səmasında yandı. Ulduzlar yox idi, onlar buludların arxasında hardasa Mirzənin
yorğun cüssəsinə bayatı qoşurdular. Günorta yağan qarın ardından göylərdən
hikkəylə yağan leysan sırada payızın
olduğuna işarə verirdi. Keçən il bir qədər gecikmişdi payız. Qışdan sonra ancaq Bakı yarpaqlarını
ağ-sarı boyamış iydə ağaclarına tamaşa
edə bilmişdi. Bu leysanda skamyalar da
yaş, yəqin akademiyanın qapıları da
bağlıdı. İllərdi yazıb
hazırladığı, indi isə müdafiə etmək istədiyi
dissertasiyanı bu yolların, bu küçənin gecə və
gündüzünə qurban verirdi. Evə
qayıtmaq vaxtı idi. İbrahim çoxdan
özünü Mirzənin iş otağının
divarlarına pərçimləyib. Bu gün
onunla nədən danışsın?! Həmidədən.
Qoca ədib addımlarını yeyinlətdi.
Metro vaqonlarının uğultusunu eşidir, qorxur.
Yenə gözlərini qızının
saçlarını qulaqlarının ardında səliqəyə
salmaq istəyən qadına zilləyib, donub.
Evinə girəndə özünü “Molla Nəsrəddin”
dövründə olduğu kimi şux, əhvalı xoş
hiss edirdi.
Gülümsəyir, əllərini bir-birinə
şappıldadır, qışqırırdı:
“Allahlar, ey allahlar! Mən gəldim!”
Bərkdən, lap ucadan gülür, viskiyə buz
atıb başına çəkirdi.
Güzgüyə baxanda özünü yox, Stalini
görüb diksindi. İbrahim kresloda oturub “Ölülər”i
vərəqləyirdi. O “Ölülər” ki, Mirzəni
Stalinə təqdim etmişdi. O “Ölülər” ki, Mirzə
hələ də Bakının dolanbac küçələrində,
kəndlərində, məscidlərində onu oxuyur, oxuyur,
amma bitmir. O “Ölülər” ki, elə İbrahimin
özü də onun içindən çıxıb gəlmişdi
- Nəsrullahı - Molla Nəsiri öldürüb.
Mirzəni görüb kitabı kənara tulladı. İndi ona bənzər
kimsə, adı İbrahim olan bir kimsə Safucada - Stalinin
yanında idi, Cəlil bunu anlamaqda çətinlik çəkmirdi.
Çünki İbrahimin gözlərində həm
o, həm də Stalin vardı. Göz bəbəklərindən
biri Stalinə, digəri ona baxırdı elə bil.
“Qırmızı yaşıldan zəifdi. Mavi
hamısından böyükdü. Və
qara hər üçünü öldürə bilər.
Ondan ehtiyatlan!”
“Bunları
eşitmək istəmirəm, mənə Həmidədən
danış”
“Həmidə! O gözəl qadın! Tiflisin qədim
küçələrində pəncəsi üzərində
dayanıb rəqs edən gözəl. Mavi
kitabxananın işığı. Səninlə də
orada - o kitabxananın miniatürlərlə bəzədilmiş
divarına söykənib gürcü
nağıllarını vərəqləyəndə tanış oldu. Yalnız mən,
mən görə bildim ikinizin də çiyni üzərindən
aşıb ürəyinizə tərəf sürətlə
axan sevgi işığını. O işıq Həmidənin
gözlərindəki işıqdan da parlaq idi. Sənin
əllərin titrəyəndə o sakit idi. Bilirdi, hiss edirdi. Hiss edirdi ki, sən onun əbədi
xoşbəxtliyi və həmişəlik bədbəxtliyi
olacaqsan. Tiflisdə doğulan xoşbəxtlik
böyüyüb pis uşaq olacaq və Bakıda öləcək.
Elə onda, sənin ona baxdığın andaca
gözlərindəki işıq söndü. Üzündəki təbəssüm isə həqiqətlə
qarşılaşmağının verdiyi fərahlıq idi.
Firuzəyi dəsmalı sənə verib
Bakıya qayıtdı. Sən isə
bütün vacib işlərini təxirə salıb onun
ardınca getdin. Bütün gecəni sizin sevgi hekayənizi
danışmaqla keçirə bilmərəm, Mirzə, amma Həmidə
qarşısında borcunu ödəməyincə ölmə!
Stalin sənin gözəl Həmidənə
aşiq olub Safucada. Bunu bilirdin?”
Mirzənin kefinə soğan doğradılar. Həyatını
bu bütün içində qurdalanmaqla keçirməyə
məhkum idi. Allahlar onun üçün
bu taleyi yazmışdılar və onu yaşamalı idi.
Həyat bütün gözəlliklərini
adamlar güzgüyə baxanda itirir. İbrahim
illər əvvəl bu cümləni bir neçə dəfə
Mirzə üçün təkrarlamışdı.
İndi bu dəbdəbəli otağın dəbdəbəli
təkliyi ilə baş-başa qalıb bir az
düşünmək, Safucada qoyub gəldiyi Stalini
xatırlamaq və Həmidəni yenidən sevmək istəyirdi.
İbrahimdən Həmidəni Stalindən gizləməyi,
onu bu hekayədən uzaq tutmasını xahiş etmək gəldi
içindən. İbrahim isə
çoxdan pəncərədən uçmuşdu. Uçub göylərə getmişdi. Getmişdi ki, Safuca üçün yeni nələrsə
düşünsün. Düşünsün
və Stalinin əzabını artırsın. Artan isə təkcə Stalinin bədbəxtliyi
deyildi, həm də Mirzənin keçmiş əzabları
idi, Həmidə xanımın xatiratları idi. O
xatiratlar ki, indi bu italiyan sayağı bəzədilmiş evin
hər küncündə onlara rast gəlmək olardı. Vaxtsız ölümü Mirzəni on ballıq zəlzələ
şəhəri silkələyən kimi silkələmişdi.
İndi bütün onsuz dəqiqələrini
onu sevməklə və onu gözləməklə həyatın
zaman küləyində sovururdu.
İllər əvvəl yazdığı “Safuca” hekayəsi
bütün sovet ölkələrində iğtişaşlar
yaratdı. Əlli illik SSRİ silah bazasının sirri
açıldı və Birləşmiş Ştatların
hücumları başladı. 46-cı ilin
soyuq qış günündə Stalin Kremldən Safucaya
qaçdı. Həmidə xanımın
intihar məktubu tapıldı. Mirzə Cəlil
Safucaya sürgün olunsa da, Murovu aşıb Laçına
keçdi. Elə həmin günlərin
yeganə şahidi İbrahim də kabus kimi girdi həyatlarına.
Gözlərində kölgəsi,
qulaqlarında təkrarlamaqdan doymadığı cümlələri
əsir qaldı. Necə məsum idi o ədib
ki, indi bu zadəgan sarayına oxşayan evindəki təkliyi
də o qədər böyük deyildi. Mirzə
indi mənsub olduğu millətinin ağrılarını
çəkə bilmir, fəsilləri
qarışdırır, zamanın oxundan tək əllə
sallanırdı.
Safucada isə payızın birinci yağışı
yağmışdı. Stalin mavi bilərzikli qıza aşiq
olmuş, onu hər gün eyni saatda bulağın
başında gözləyirdi. İbrahimin
vahiməsi də indi ona xoşbəxtlik gətirirdi. Onu
bu dünyada yetmiş üç il sonra həyata
bağlayan bir ümid peydə olmuşdu. Kürd
Nədimin qızı Həmidə. Kürəyini
dağdağan ağacına söykəyib onu
düşünür, kartonlardan qurduğu balaca “ev”ində
şoran torpaqların yanıq iyini ciyərlərinə
çəkir və yenidən özündəki o Stalin
duruşunu hiss edirdi.
“Sevgi necə qorxunc şeydi!” pıçıldayıb
başını İbrahimin çiyninə söykədi. Gözləri
uzanıb gedən rəməliklərdə, ağlı isə
adını yalnız İbrahimdən eşitdiyi Həmidədə
qalmışdı.
“Nə düşünürsən, İbrahim?”
“Qırmızı yaşıldan zəifdi. Mavi
hamısından böyükdü. Və
qara hər üçünü öldürə bilər.
Ondan ehtiyatlan!”
Sonra cibindən qəzet səhifəsini
çıxarıb Stalinə uzatdı. 1946-cı ilin
“Moskva” qəzeti idi. Manşet xəbərinin
altındakı anonsda belə yazılmışdı:
“Stalin
itkin düşüb...
Məşhur
ədibin həyat yoldaşı intihar etdi!
Çində siyasi vəziyyət stabilləşib”.
Rəvan
CAVİD
525-ci qəzet.- 2019.- 30 mart.- S.22.