İLK
CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ
DÜŞÜNCƏLƏR
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, onlarla və bu
günümüzlə fəxr edək!
(Əvvəli
20 mart sayımızda)
Kəndi şəhadətilə Anadolu-Azərbaycan
Türklügünü əbədi surətdə yekdigərinə
bağlayan, Azərbaycan İstiqlalını Türkiyə
İstiqlalı qədər bənimsəyən və
burasını öz yurdu kibi sevərək uğrunda
canını qəhrəmanca fəda edən Yusif Camal Bəyin
böyük ruhuna ithaf.
***
Qafqasyanın təbiətcə dünyanın ən
gözəl və zəngin qitələrindən biri
olduğu məlumdur. Qafqasya qitəsini iki qismə bölən
uca dağ silsiləsi məruf Qafqasya gözəlliginin ən
bədii və şairanə qismini ehtiva edər. Təbii sərvətcə pək zəngin olan bu
silsilei-cibal (dağ), eyni zamanda keçilməz sərb (uca)
qayalara və alınmaz pək çətin qalalara malikdir.
Qoca
Şamil bu dağlara sığınaraq cahanca məşhur həmasət
(igidlik) dastanını xəlq eyləmiş,
qarşısındakı qüvvətləri yaxaraq
sağa-sola atəşlər püskürən cahangir rus
qüvvəti bu dalğalara çarparaq az
təlafət verməmişdir. Azərbaycandakı
Lənkəran dağları Qafqasya silsiləsinin bir qolunu təşkil
edər. Lənkəran qəzası bir tərəfi
dənizə, digər tərəfi də bu dağ silsilələrinə
dayanır zəngin bir məmləkətdir. Buradakı uca dağlar daima qarlı, buludlu olur.
Hər tərəfdən pinarlar (fantanlar)
fışqırır, çaylar axır, çalğayanlar
qulaqlara bir zövq, qalın ormanlar ürəklərə bir həşaşət
(şadlıq) verir. Talış silsileyi
cibalı namını daşıyan buradakı dağlarda
göy gurultusu nöqsan olmaz. İldırım
gpz qamaşdırıcı şimşəyi ilə
çaqar. Puşkin kibi rus şairləri yüksək
Qafqasya dağlarının zirvəsindən “Uyquya
dalmış” Şərqi seyr etməklə mülhəm olurkən,
bu dağlarda öz həyatını qazanmaqla keçinən
Azərbaycan xalqı başqa bir ilham ilə zövq-yab olur. O,
kəndisinə təsəllüt edən yabancı istiladan
duyduğu acıyı növhə edər kibi ağlar və
sazına sarılaraq, duyduğu pək dərin bir hissi-bədiiyi
ifadə edən laen (parlaq) şairlərin lisanı ilə tərənnüm
edər, yanıq “bir şikəstə” ilə:
“Bu
dağlar ulu dağlar,
Çeşməli,
sulu dağlar.
Burda bir
igid olmuş,
Göy kişnər bulud ağlar.”
- deyə söylər.
Əvət, Azərbaycan “şikəstə”sinin çox
təsadüf edilən məzmunu, ilhamını həp bu
dağlardan alır və qəribədir ki, dağ təsviri,
Azərbaycan xalq şairlərinin təsəvvüründə
heç bir zaman “buludsuz və ildırımsız” olmaz.
- 1 -
İl 1921 idi. Qızıl rus ordusu Azərbaycanı
istila edəli bir sənə olmuşdu. Gəncə,
Qarabağ və Zaqatala üsyanları qanlı surətdə
basdırılmış, hər tərəf atəş və
intiqam qasırğasından keçirilmişdi. Fəqət
Lənkəran ilə Səlyan qəzalarında
müstövlü (işğalçı) rus ordusu ilə Azəri
xalqının müzmin (köhnəlmiş) bir şəkil alan mücadiləsi hala davam ediyordu. Bilxassə Lənkəran dağlarında təhəssün
edən üsyankar milliyyətçilər rus ordusuna pək
böyük zərbələr endiriyorlardı.
İldırım, bu üsyan müfrəzələrindən
(dəstələrindən) birinin rəisinə verilmiş bir
isimdi.
İldırımın
həqiqi ismi və hüviyəti (kim
olduğu), ta sonuna qədər gərək xalqa və gərək
qəsib rus ordusuna məchul qaldı. Fəqət
onun dumanlı dağlarda məskən tutması,
ildırımlar yurdundan zühur və hücum etməsi,
düşmən ordusuna ziyanlar verərək təkrar
dağlara çəkilib dumanlara dalması kəndisini
İldırım deyə tanıtmış və o namla da məruf
(məşhur) etmişdi.
Məchul çetə (dəstə) rəisi kəndisi dəxi
bu şöhrətindən istifadə eyləmiş,
“İldırım” - deyə imza atmağa başlamış,
bu isimlə əmirlər və ultimatumlar göndəriyordu.
Xalq içində İldırım Çetəsi
haqqında əfsanəvi hekayə və qəhrəmananə
şaiyələr dolaşıyordu. Diyorlardı ki
dağlara duman gəldigi, dumanın çoxalaraq,
qalınlaşaraq və ağırlaşaraq yavaş-yavaş
aşağı enməgə başladığı gün,
göy guruldar, ildırım çaxarsa, qəhrəman
İldırımın hücum edəcəgini hər kəs
bəklərdi. Həqiqətən də
yağmur durur, duman çəkilir, günəşin hərarəti
şölələri bəyaz qalpaqlı dağları
parlatmağa başlayınca, ertəsi gün
İldırımın bir yerə, bir rus qitəsinə
hücum etmiş olduğu və bu qitəyə pək
böyük bir ziyan vermiş olduğu meydana
çıxardı. Öylə dindar
ixtiyarlar vardı ki, həqiqətən bir insan
İldırımın mövcud olduğuna şübhə edər,
bu hücum və zərbələrin təbii ildırım tərəfindən
icra edildiginə qane olurlardı. Əvvəllər
bu zəhaba qapılanlar məhdud idi. Fəqət
sonraları bu “qənaət” bilxassə dindarlar arasında
getdikcə genişləniyordu. Deyiliyordu
ki, “ildırımlar, buludlar, binaənileyh Tanrı kəndisi də
rus istilası ilə mübarizə ediyor. Bu
tuluad, bolşeviklərə qarşı mücadilənin nə
qədər müqəddəs olduğuna bir dəlildir.
Xalqdakı bu etiqadı, asi çətənin
mütəfiqləri olub da şəhərlərdə və
köylərdə gizli olaraq yaşayan Azərbaycan milliyətçilərinin
bilxassə təqviyə və tərviç etdikləri rəvayət
olunuyordu. Fəqət, bu rəvayətlərin dərəcəyi-etibarı
bəlli degil idi. Bəlli olan şu qədər
idi ki bu etiqad xalq arasında cidi mövqe bulmuşdu. İldırım Çətəsinə
qarşı əhalidə böyük bir hissi-ehtiram və mənəvi
bir rabitə vardı.
- 2 -
Qızıl Rusya işğal hökuməti Azərbaycan
istiqlalçıları ilə ciddi surətdə mücadilə
ediyordu.
“Çeka” namı ilə məruf və istiqlalçıları
imha (məhv) məqsədilə təşəkkül edilən
komitə, sabiq istiqlalçı firqəyə mənsub olan
zatları və yaxud milli firqəyə hüsni-rəğbət
göstərənləri, üsyançılarla rabitə və
əlaqədə müttəhin edilənləri, tamamilə həbs,
nəfy (sürgün) və edam ediyordu.
Lənkəran qəzasında icrayi-fəaliyyət edən
“Çeka” şöbəsinin başında Tiriniç
namında bir arnavud (alban) duruyordu. Tiriniçin əsil
ismi Əhməd idi. Əhməd Hərbi-Ümumi
zamanında Osmanlı ordusunda hizmət edərdi. Qafqasya cəbhəsində əsir
düşmüş və digər Osmanlı əsirlərilə
Bakı limanındakı məşhur Nargin adasına gətirilmişdi.
O zaman “Türkiyə əsirlərini qaçırmaqla
iştiğal (məşğul)” olan Bakı Türklərinin
komitəsi Əhmədi də xilas etmişdi. Əhməd
bir zaman xəfi surətdə Bakıda böyük ehtiram və
rifah içində yaşamışdı. Rusya inqilabı
ibtidalarında Azərbaycan milliyətçilərinə milli
ordu təşəkkülündə hizmətlər göstərmiş,
1918-ci ildə bolşeviklərə qarşı hərb edən
milliyətçi Azərilər sırasında bulunmuş,
1918-ci ildən 1920-ci ilə qədər Müstəqil Azərbaycan
dövründə “İttihadi-İslam” firqəsinin
katibi-ümumisi və “İttihad” qəzetinin baş mühərriri
idi. Bu zamana qədər millət onu Əhməd
və Əhməd Bədi deyə tanırdı. 1920-ci il nisanından (aprelindən) sonra Rusya
bolşevikləri tərəfinə keçmiş və Azərbaycan
millətçilərini tanıdığı
üçün, ruslara göstərmiş və eyni Nargin
adasında məhkum və edam edilmələrinə dəlalət
etmişdi. Lənkəran üsyanı əsnasında Əhməd
Bədi imha komitəsi rəisi sifətilə Lənkərana
gəlmiş bigünah milliyyətpərvər Azəriləri
həbs, edam, sürgün və talan etməkdə
davam ediyordu. Bu zaman Əhmədin isminə bir də
Tiriniç şöhrəti əlavə edilmişdi. Komunistlər onu “Tovariş Tiriniç” deyə
çağırırlardı. Tiriniç
uzun boylu, sarışın İslav tipində göy göz
bir Arnavud idi. Bakıda yaşayan bir dul erməni
madamiylə izdivac etmişdi.
Tiriniç Lənkəran qəzasında olmazın faciələr
törətdikdən və yüzlərlə günhsız
xalqın qanını axıtdıqdan, bir çox
xanimanları söndürdükdən sonra asilər içərisinə
təfriqə salmaq üçün casuslar əldə etməgə,
terroristlər göndərməyə
başlamışdıysa da arzu etdigi nəticəyi əldə
edəməmişdi. Üsyan bütün şiddətilə
davam ediyordu.
Azərbaycan
Xalq Komisarlar Şurası rəisi masqası altında rus əmir
və buyruqlarını icra edən Nəriman Nərimanov
xüsusi bir bəyannamə ilə asilərə və Lənkəran
qəzası camaətinə müraciət edərək
Qırmızı Orduya tabe olmağı təklif etmişdisə
də bu müraciət kimsəyə təsir etməmişdi.
Üsyan davam ediyor və getdikcə dairəsi
genişliyordu. Asilərin sağ cinahı dağlardan
ovalara enmiş, Astara mahalı doğrudan-doğruya onların əlinə
keçmişdi. Asilərin
hökmranlığı milliyətçilər tərəfindən
Türkiyəli bir çavuşa həvalə edilmişdi.
Tiriniç, Azərilər arasında nə qədər
mənfi və mənfur idi isə Yusif Camal adlanan bu türk
çavuşu, iki o qədər hörmət və etibara
malik idi. Əslən çavuş olan bu fədakar türk əskərinin,
bütün etirazlarına rəğmən xalq
arasındakı ismi Camal Paşa idi. Yusif
Camal Bəy 1919-cu sənədə Lənkəranı
bolşevik-daşnaq çətələrindən xilas etməkdə
böyük yararlıqlar göstərmiş və daha o
zamanda xalq tərəfindən “paşalıq” rütbəsini
almışdı. 1920-ci ilin nisanından
temmuzuna qədər (apreldən-iyuluna qədər)
bolşeviklər tərəfindən Bakıda Bayılov həbsxanəsinə
alınmışdı. Yusif Camal həbsdən
qurtulduqdan sonra üsyan halında bulunan Lənkərana firar edərək
(qaçaraq) Piran mahalındakı asilərin başına
keçmiş və o gündən etibarən üsyan, tədafui
vəziyətdən çıxmış, təcavüzə
başlamışdı.
“Camal Paşa” artıq Astaranı almış, Lənkərana
yaxınlaşmaqda idi. Sovet ordusu böyük bir həyəcan
içində firara hazırlanıyordu. Bu zamanda idi ki
Yusif Camal böyük və müsəlləh bir rus qüvvəsinə
hücum edərkən şəhid düşmüş və
bununla asi müfrəzələr
böyük bir zərbəyə məruz
qalmışlardı.
Hücum zəifləmiş, asilər yenə dağlara
çəkilərək buludlara dalmışlardı. Aralığa
bir sükut gəlmişdi. Yalnız bu
sükutu bildigimiz İldırım Çətəsinin fəaliyəti
xələldar ediyor, təhlükəli və qorxulu
qığılcımları ilə düşmənin təpəsində
çatlıyordu.
- 3 -
Tiriniç qapısında oturuyor, agentlərinin gətirdiyi
yeni məlumat xə xəbərləri nəzərdən
keçiriyor idi. Bu zamanda Qırmızı Ordunun Əskəri
İnqilab Şurası tərəfindən göndərilmiş
fövqəladə təcili və mühüm bir məktub
aldı. Məktubda deyilirdi ki:
“Təcili
və pək mühüm... Qırmızı Ordu Əskəri
İnqilab Şurası dağlarda davam edən və getdikcə
gərək asilərin və gərək xalqın nicat ulduzu
hökmünü almağa başlayan “İldırım” nam,
məchul dağlar qəhrəmanı xüsusunda qəti və
ətraflı məlumat toplamağa, hankı yerdən, nərəli
və kim olduğunu öyrənməyə, nərədə
və kimlərdən ibarət əqrəbası
bulunduğunu bilməgə səy etməli və bunu birinci və
mühüm əskəri vəzifə kimi qəbul etməyi əmr
edər və bir ay içərisində bu vəzifəyi
bacarmanızı təkid edəriz”.
Tiriniç fəaliyətə gəldi, agentlər,
xüsusən Lənkəran qəzasında Romanovlar tərəfindən
iskan (məskan) edilmiş rus müstəmləkəçiləri
(malakanlar), ciddi fəaliyət göstərməgə
başladılar. Nəhayə, Qırmızı Rus Ordusunun Əskəri
İnqilab Şurası böylə bir məlumat aldı:
“Lənkəran qəzası fövqəladə komisyonu,
“Çeka” tərəfindən, dağlarda kəndi müfrəzəsilə
dəhşətlər saçan məchul şəxsin həqiqi
ismi “Aydəmir”dir. Qəzamızın “T” qaryesindəndir. Yaxın əqrəbaları
bu köydə yaşamaqdadır. Ailəsi,
2 qızı və bir oğlu əlan “N” qaryesində gizli surətdə
yaşamaqdadırlar. Qızları 9-12
yaşlarında, oğlu isə 5 yaşındadır. Qəbiləsinin bütün ərkəkləri
onunla bərabər dağlarda bulunuyorlar. Onların
da ailəsi müxtəlif köylərdə
yaşayırlar”.
Bundan sonrası məlum degildir. Məlum olanı budur
ki, işbu müxabirədən (danışıqlardan) bir
qaç gün sonra Aydəmirin ailəsi və
çocuqları həbs edilərək Lənkəran qəzasında
Malakan qaryesi “K”...da qalabənd edildi. Bunlar
ağır bir şərait altında, böyük məhrumiyət
və işkəncələr içərisində
yaşıyorlardı. Kiçik
yavruları ilə bərabər həbsə alınan bu
qadın qocasına məktub yazaraq kəndisini təslimə dəvət
etməyə icbar olunuyordu. Ancaq bu şərt
ilə xilas edəcəkləri onlara elan edilmişdi.
Qadın
buna qətiyən rıza vermədigi üçün bir
gün Tiriniç, kəndisinə təklif olunan məktubu
qadın yazmazsa, o zaman kəndiləri əhvalı Aydəmirə
yazacaqlarını və ailəsinin həbsinə davam edəməyən
Aydəmirin gəlib də təslim olacağını, fəqət
ondan sonra ailəsinin mühəqqəq surətdə məhv
ediləcəyini anlatdı isə də qadın yenə də
razı gəlmədi.
Tiriniç doğrudan da bir məkub yazmağı qət etmişdi. Fəqət məktubu nə yol ilə göndərəcəkdi? Onu biləmiyordu. Bu ağır və çıxılmaz vəziyyətdən kəndisini zeyldəki (aşağıdakı) hadisə xilas etdi: Bir gün Lənkəranın soqaqı ilə bir agent gediyordu. Bolşevik casusu olan bu şəxsin “Çeka”ya mənsubiyətini bildirəcək heç bir əlamət yox idi. Fəqət bununla bərabər mövcubi heyrət bir hadisə üz verdi. Qüvvətli bir əl agenti arxadan sağ omuzundan tutdu. O arxasına döndükdə başı üzərində uca boylu dağlı bir şəxsin yumuruq halında düyümlənən və təpəsinə enməyə hazır duran digər əlini gördü. Çekist dönərkən bir əlini də silaha doğru atmışdı. Fəqət üzü məchul şəxsin üzünə təsadüf edincə əli qurudu və qətiyyən hərəkət edə bilmədi. Uca boylu heybətli şəxs əlini “Çek”istin omuzundan çəkməyərək dedi ki:
- Sakit ol və əlini silahından çək!
Çekist əmrə tabe oldu. Şəxs yenə dedi:
- Sən Çeka məmurusan!..
- Xayır bunu sizə kim dedi?
Əvvəla bən bunu sizə sormuyoram. Çünki buna yəqinim vardır. Saniyən bu sənin gözlərində yazıldığı üçün sormağa da ehtiyac yoxdur. Salisən bən Yıldırım müfrəzəsinin mücahidlərindənəm. Əlan dağdan gəliyoram və Çekaya bir məktubum var, onu zəhmət çəkib götürəcəksən.
- Bən şimdi səni kəndimlə bərabər “Çeka”ya götürürəm, orada məktublarını verirsən və cavabını da alarsan...
Bunu söylər-söyləməz Çekist əlindəki düdügü çıxararaq və yardımına milis çağırmaq qəsdilə ağzına götürmək istədi. Bu anda ağır bir yumuruq Çekistin başına endi və onu yerə yuvarladı.
Çekist bir də xəstəxanədə ayılmışdı. Onu istintaq edən Tiriniç, müavini bir rus tərəfindən böylə bir təkilfə məruz qaldı.
- Bir
arayalım, bəlkə məktub buradadır.
Doğrudan da aranırkən məktub Çekistin cibindən
bulundu. Məktubda
deyilirdi ki:
“...Müharibə
qanun və üsullarına qətiyən riayət etməmək,
beynəlmiləl qərar və ənənələrə
iltifat eyləməmək mədəniyətdən məhrum vəhşilərə
məxsusdur. Halbuki ən əsri və mədəni
bir həyat qurmaq iddiasındasınız. Bu
iddianızın yalan və böhtan olduğuna
şüarlarınızın imperyalizm və
barbarlığınızı qapatmaq üçün birər
pərdədən ibarət olduğuna dəlil, əvvəla
müstəqil və azad yaşamaqdan başqa heç bir qəbahəti
olmayan millətimizi kəndi hakimiyəti milliyəsindən məhrum
eyləməniz, sonra da günahsız Türk Müsəlman
xalqını vəhşətlərə məruz buraxırkən,
qadınlara, çoluq və çocuqlara dəxi rəhm etmək
istəmədiginizdir. Mən sizə ilk və
son dəfə olaraq təklif ediyorum ki inqilab işlərilə,
müharibə və mücadilələrilə qətiyən
əlaqə və rabitəsi olmayan ailəmi və
çocuqları xilas edəsiniz və bu xüsusdakı qərarınızı
bir gün dəxi təviq (təxir) etmədən bizə
Çekanızın qapısında asılmış qəfəsdəki
göyərçin vasitəsilə göndəriniz.
İldırım”
- 4 -
Aydəmir təbii bir qala təşkil edən
“İldırım qalada” oturuyordu. Bu, qayalardan ibarət
olan “İldırım qala” buludlarla muhat bir dağın
başı idi. Ətrafı keçilməz
dərə olan bu qalanın yolu qeyri məlum idi. Dərədən ildırım kibi sürətlə
axan bir çay keçiyor, sahilləri qalın və
keçilməz bir ormanlıq örtüyor idi. Orman ilə qala arasını da buludlar
bürümüşdü. Ormanla qala
arasını da buludlar bürümüşdü. Bir qədər keçdikdən sonra
“İldırım Qala”ya təbii bir yol mövcud olduğunu
kimsə bilmiyordu.
Onun yanında müsəlləh bir qaç mücahid vardı. Ortada atəş yanıyordu. O atəş kənarındakı bir daşın üstündə uca boyu, qalın və geniş arxalı mətin yapısı və quzu dərisindən geydigi siyah papaq altından baxan ildırım kibi şimşək çaxan parlaq gözləri ilə dərinlərə dalmış, tüfənginə dayanaraq baxıyordu. O, gələcək göyərçini, alınacaq cavabı, veriləcək qərarı düşünüyordu. Fikrində nə kibi bir qığılcım parladı isə, güldü. Gözləri parladı.
Matvey, dedi, 50 nəfər mücahid ilə mütləqa “K”dan ailəni çıxara biliriz. Bu nə gözəl olur.
Qətiyən Malakana bənzəməyən və zahiri qılığı ilə müsəlman qiyafəsində olan “Matvey” onun yanına oturdu və dedi ki:
- Bən də o fikirdəyəm. Fəqət əcələ etməliyiz. Cavabı gec göndərir, yerlərini dəgiştirirlər.
Fəqət yerlərini bildigimizi nərədən
biləcəklər. Məktubumuzdan öylə bir şey hiss olunuyormu?
Xayır.
Fəqət bərayi-ehtiyat bunu yaparlar.
Matvey, bən bu qədər müharibələrdə
oldum, bu qədər qələbələr çaldım,
heç olmadı ki qadına, çocuğa zülm və cəbr
edəyim. Öylə bilirəm ki, bolşeviklər də bu
zülmü etməzlər, zavallı çocuqların
günahı nədir. Onlar nə
üçün əsarət altında qalsınlar?
Nikolay ordusunu belə vəlvələlərə salan,
rus kazaqlarını belə firarə məcbur edən və
müharibələrdə, basqınlarda ürəgi bərkimiş
olduğuna qətiyən şübhə olmayan
İldırımın bu anda gözlərində 2 damla
yaş gönündü.
Matvey başını aşağı saldı və bir
söz demədi. Gözlərinin yaşarması pək
mütəəssir olduğunu göstəriyordu. Onun fikrində doğrudan da Aydəmirin bir rus
köyünü, bir kazaq dəstəsini, bir bolşevik
alayını məhv edərkən qadın və
çocuqlara nisbət göstərdigi rəhm, mürüvvət
və ülüvvi cənab canlanıyordu. Bu xatirat Matveyə, bu saat həbsxanədə inləyən
yavruları üçün, Aydəmirin qəlbi nasıl
sızladığını bildiriyordu.
Aydəmir
başını və vücudunu titrətmədən, atəşə
baxmaqda davam edərək dedi ki:
- Matvey, sənin
onları öldürəcəklərinə aid qəti bir
fikrin varmı?
- Əvət...
Bolşeviklər onları mütləqa öldürürlər,
əgər...
- Əgər təslim olmazsam? Öylə mi?
-
Xayır, əgər onlar xilas edilməzsə.
Matvey, etiraf edəlim ki, “Əvət?” deməklə
bolşeviklərin nə qədər zalım və xunxar
olduqlarını göstərmək istəmişdi və
doğrudan da inanıyordu ki o ailə qurtarılmazsa mütləqa
məhv ediləcəkdir. Və doğrudan da
iman ediyordu ki, əgər xilas edilməsələr və
İldırım gedib təslim olsa yenə o ailə xilas edilməyəcəkdir.
Matvey bolşevikləri böylə tanıyordu.
Əslən rus olub da Romanov Rusiyası tərəfindən
Azərbaycana nəql edilən və Azərbaycan türklərinin
mal-qaralarını əllərindən alaraq mülk və
bağlarında oturan bu rus Matveyi asilərə iltihaq etməyə
vadar edən səbəb bolşeviklərin xunxar və cəllad
olduqlarına inandığı və bunu dəlillərilə
isbat etdigi idi.
Matvey və ümumən onun ailəsi, Azərbaycana nəql
edilərkən kəndi arzular ilə gəlmiş degil,
Çar hökuməti və rus Ortodoks kilsəsi tərəfindən
sürgün edilmişlərdi. Rusya Çar idarəsi bu fikir ilə
2 məqsədə nail olmaq istəmişdi. Əvvəla
Rusyada, rus millətinin ana yurdunda yeni məzhəb və din
çıxarmaqla Rus milli din və vəhdətini pozmağa
başlayan Doukxobor və digər Malakan
adlandırdığımız ruslardan Rusyayı təmizliyor,
saniyən də Azərbaycanın Muğan, Şirvan, Mil səhralarına,
Gəncə, Quba, Salyan və Lənkəran kibi qəzalara bu
rus kütlələrini iskan (məskən) etməklə Azərbaycan
türklərinin vəhdəti-milliyəsini pozurdu. Fəqət Azəri türklərinin içində
qalan bu Malakan ruslar, biləks türkləşiyordu. 3-cü nəsilləri tamamilə türkləşmiş,
qızları türklərə getməyi türk mədəniyət
və irfanına hizməti ruslara hizmətdən daha təbii
bilməgə başlıyordu. Malakanların
əksərisi dini etiqadlarına görə dünyada
müharibə olması və qan tökülməsi əlehyinədirlər.
Matvey qismən türkləşmiş, qismən
də bu etiqadın həqiqi mürşidi olduğundadır
ki, xunxar, cəllad və dinsiz bolşeviklərə
qarşı Azərbaycan milliyətçilərinə
qoşulmuşdu.
***
Mağaranın kiçik və təbii bir qapısı
vardı. Oradan dışarı baxarkən uzaqda dumanlara
bürünmüş başları qarlı dağlardan
başqa bir şey görünmüyordu. Hava tutqun olursa
bu da görülmüyor, ağ bir duman dənizindən
başqa heç bir şey seyr edilmiyordu. Matvey
oturub düşünüyordu. Eyni fəaliyətlə
məşğul olan Aydəmir, atəşə diqqət etməkdə
ikən, hərdən birə başını qaldırdı.
Bu zaman mağaranın qapısından bir
kölgənin keçdigini gördü. Bunu
görüncə qalxdı,:
- Göyərçin
gəldi deyə çıxdı və quşcığaz əlində
olduğu halda təkrar daxil oldu.
Aydəmir
kağəzi (məktubu) açdı Matveyə verdi. Göyərçini digər
mücahidlərə uzadaraq oturdu və dinləməyə
başladı. Məktub bu məzmunda idi:
- “Siz əmələ-köylü hökumətinə
çox zərərlər vermişsiniz və verməkdə
davam ediyorsunuz, ona görə əmələ-köylü
hökumətinin inqilab məhkəməsi və onun mənafeini
müdafiə edən inqilab komitəsi qarşısında
cavabdasınız. Biz şimdilik bilmiyoruz ki sizi bu işlərə
vadar edən nədir. Kəndin, əmələ
və köylü sinfindən olduğun halda kəndi hökumətinə
qarşı üsyan bayrağını nə
üçün qaldırdın? Sizin rəhbəriniz
Yusif Camal nə oldu? Gəncə qəhrəmanları
nə oldular? Zakatala və Qarabağ asiləri
nərədə? Babanız “Müsavat” və
onun hökuməti nə oldu? Rusya füqərayi-kasibə
inqilabını boğmaq istəyən Kolcaq, Kaledin,
Budeniç, Denikin, Vrangel və sairləri, onlardan əvvəl
qanlı Nikolay və Kerenskilər nə oldular? Bunların həpsini nəəzərə alıb bu
boş işdən əl çəkməlisiniz və gəlib
füqərayi-kasibənin inilabçı əli olan
“Çeka”ya təslim olmalısınız. İnqilab məhkəməsi sizi mühakimə edər
və şübhə yoxdur ki məsai sinifindən
olduğunuzu nəzərə alaraq sizi bağışlar.
Siz bu qəhrəmanlığınız ilə
kəndi sinfinizin hürriyyət və hakimiyəti yolunda
çalışmaqla təqsir və
günahlarınızı
bağışlatdırırsınız. Şübhə yoxdur ki, siz təslim olandan sonra ailəniz
də xilas ediləcək. Şimdilik
onlardan başqa rəhin götürüləcək bir mal və
mülkünüz olmadığı üçün
onları təhdi-nəzarətə aldıq”.
Bu məktubu
dinlədikdən sonra Aydəmir qalxdı və dedi ki:
-
Çocuqlar, çocuqlara xəbər veriniz. 50 adam “ölüm qapısında” dursun. Bu axşam kəndim “K” köyünə hücum edəcəgəm.
- 5 -
Doğrudan da o kecə “K”ya hücum olmuşdu. Fəqət
hücuma böylə bir təbiət hadisəsi təqəddüm
etmişdi. Birdən birər dağları
və bütün ətrafı qalın bir sis
bürümüşdü. Göy kişnəməgə,
ildırım çaxmağa, bulud ağlayıb göz
yaşlarını sel kibi axıtmağa
başlamışdı. İldırımın ilk
şimşəyi dağlarda parlayıb sönməyə
başladığı zaman “K” cəbxanəsi qapısında
duran 2 rus saldatı gülüşdü, biri-digərinə
dedi ki:
- Bu gecə
İldırım hücuma keçəcəkdir.
Digəri
dedi ki:
- İvan, sən buna inanmıyormusan?
- Qaliba
yavaş yavaş fanatikləşiyorsan. İnşallah
Hindistana erdikdən sonra tamam bir molla olursan!..
- Sənin Hindistana ermək xəyalın nə qədər
həqiqət isə, haqqındakı nəzərin də o qədər
doğrudur. Bən diyoram ki, İldırım falına yalnız
bən degil, böyük “yoldaşlarımız” çekistlər
də inanıyorlar.
- Bunu nədən
bildin?
- Ondan
bildim ki, bu gün İldırımın ailəsəni buradan
“K” köyünə nəql etdilər. Bu təbdili-məkan
ehtiyacını onların “barametrəyə” baxıb bu
axşam yağmur olacağını bildikdən sonra hiss
etdiklərinə qətiyən şək və şübhəm
yoxdur.
- Pəki
yağmur ilə bu məhbusların nə əlaqəsi?
- Onlar
yağmur olacağını bildikdən sonra bu fikrə gəlmişlər
ki yağmurdan əvvəl həmişə dağlara duman gəlir,
göy gurulduyor və ildırım çaxıyor, madam ki
böylədir onlar düşünmüşlər -
İldırım hücum edəcək və ailəsini xilas
etmək istəyəcək, demək ailənin yerini dəyişmək
lazım.
Qızıl saldat daha cavab vermədi və kəndi fikrinə
qərq olub gəzişməyə başladı. İldırım
şiddətlə çaxmaqda idi və göy guruldaması
ara-sıra öylə şiddət ediyordu ki bütün yer və
divarlar titriyordu. Buna mütəaqib şiddətli
yağmur başladı. Rus nəfəri
arqadaşının qarşısına keçib təkrar
sözə başladı.
Vasili
yoldaş!... İldırım bu kecə
doğrudan da hücum edərsə?..
Edəndə edər, nə olur. Biz də nəhayət,
insan İldırım ilə həqiqi ildırımı təfriq
edəriz.
- Fəqət
bu olmaz, burada qüvvət, demək olur ki yoxdur. Məhbuslarla bərabər qüvvəti də
alıb götürdülər.
- Nə
demək istiyorsan İvan?
- Demək
istiyoram ki o zaman biz məhv oluruz.
- Nə
edəlim?...
“K”yə
çəkiləlim...
- Dəli
mi oluyursan İvan? Vəzifədən qaçmaq,
bu olurmu? İnqilab Əskəri
Şurasının qərarı bu xüsusda sərihdir
(aşkardır) zənn edərim.
- Fəqət
biz ağac, daş kibi cansız, hissiz bir “şey” deyiliz ki təhlükə
və ölümü görüb hiss də edə,
ağıl və idrakımızın əmir və təlqinlərini
dinləməyəlim.
-
Xayır, əf edərsən yoldaş, silah bizim əlimizdə
nasıl bir alət isə biz də qırmızı
komandanın əlində öylə bir alətiz. Silahı biz idarə etdigimiz kibi, bizi də onlar idarə
ediyorlar. Nasıl ki silahın müstəqilən
hərəkətə iqtidarı yoxdur, bizim də haq və
ixtiyarımız yoxdur.
- Xeyir, bu
əski rus fəlsəfəsidir. Şimdi bunun
modası keçmişdir. Ancaq komunist
olduğu üçün üzərində komanda etmək vəzifəsini
almış və bundan başqa heç bir fikri, əqli və
mənəvi fayiqiyyəti (üstünlüyü) olmayan
qırmızı komandanın xatiri üçün ölməyi
o qədər də arzu etməm və 5 günahsız məhbus
üçün burada duracaq deyiləm.
- Öylə
isə bunlardan daha günahsız olan İldırımın
çoluq və çocuqlarına bu vaxtadək nədən rəhm
etmədik?
Bunlar kəndi fəlsəfələrilə məşğul
ikən, həbsxanə İldırım mücahidləri tərəfindən
çəmbər altına alındı. İvan və Vasiliyə də
2 mücahid tüfəngi öylə dikildi ki rusların vəziyət
almağa belə imkanları qalmadı:
- Kimsiniz
və nə istiyorsunuz? - deyə sordu.
- Tüfəngləri buraxınız!..
- Sonra nə edəlim, deyə, İvan və Vasili tüfənglərini yerə buraxmaq üçün boyunlarından çıxaryordular. İvanın 2-ci sualı cavabsız qalmışdı. Heç kəs dinmiyordu. Yağmur şiddətlə yağmaqda idi. Göy gur, gur gurulduyor, ildırım boyuna çaqıyordu. İvan tüfəngini yerə qoymuşdu. Vasili isə hənuz boynından çıxarmaqla məşğul kibi görünüyordu. Bu şübhəli hərəkət mücahidlərinin nəzər-diqqətini cəlb etmiş olduğundan olacaq ki:
- Çabuq ol yoxsa... dedilər və cümlənin gerisini tüfənglərin çaxmaqları təkmil etdi.
İvan: bizi öldürməyin də məhbusların yerini söyləyəlim, dedi.
- Məhbuslar
burada degilmi?
- Yox. Burada idi, bu gün götürdülər.
- Nərəyə
götürdülər.
Onları götürdülər... cümlənin sonu,
daha eşidilmədi. Çaxmaq səsini mütəaqib tüfəng
patladı. İvan yerə
yıxıldı. Vasili, tüfəngi yerə
buraxmayıb İvana tövcih eyləmiş, əsrarı
(sirləri) verməmək üçün
arqadaşını öldürmüşdü. Mücahidlərdən biri əlindəki hazır
tüfəngi dər saət çaxmış Vasiliyi də o
öldürmüşdü. Halbuki
qalsaydı bəlkə də işkəncə və cəza
ilə məhbusların yeri öyrənilə bilirdi. Fəqət bu mümkün degildi. Çünki mücahid, Vasiliyi öldürməsəydi
ikisi də ölməsə, biri mütləqa onun əlində
məhv olacaqdı.
Qapıçıların imhasından sonra həbsxanə
aranıb məhbuslar həqiqətən də
bulunmamışdı. Burada yalnız 5 köylü məhbus
buraxılmışdı ki bunlar da təslih olunaraq asilərə
iltihaq etmişlərdi. Ondan sonra “B”
köyündəki evlər aranmış, nə qədər
silah varsa toplanmış, komunistlər imha edilmiş daha sonra
mufrəzə (dəstə) dağlara çəkilmiş,
getmişdi.
Həvadis ətrafa yayılınca xalq İldırımın
müvəffəqiyətsizliginə təəssüflər
izhar etməyə, “Çeka” isə daha müdhiş tədabir
ittixazına məcbur olmuşdu.
(Mabədi
var)
Mühərriri
Mirzə Bala
Ənzəli,
8-9 Mayıs 1924
“Yeni Qafqasiya”, 28 Mayıs, 15 Haziran (iyun) 1924, ¹¹
17, 18
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2019.- 30 mart.- S.20-21.