Naxçıvanın tarixi ilk dəfə
səhnələşdirildi
Bir
müddət öncə Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında
yazıçı-dramaturq Xaqani Əliyevin Naxçıvan
Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr
etdiyi “Ehsan xan Kəngərli” tarixi dramı tamaşaya qoyuldu.
Bu
münasibətlə əsərin müəllifi Xaqani
Əliyev və tamaşanın premyerasında iştirak edən
aktrisa, bədii qiraət ustası Zülfiyyə
Eldarqızı ilə əsərin yaranma ideyasından,
tamaşadan, eləcə də, Naxçıvan səfəri
ilə bağlı təəssüratlarından
danışdıq.
Naxçıvan
xanlığının tarixi haqda tamaşası hazırlanan
ilk dram əsəri
Z.Eldarqızı:
“Naxçıvan xanlığı ilə bağlı mətbuatımızda
da, elmi və bədii ədəbiyyatımızda çox
versiyalar vardı. Mənim Xaqani müəllimin əsərindən
və tamaşanın hazırlandığından xəbərim
vardı və buna görə də onunla bir müsahibə
hazırladım. Bu tamaşa və
sonrasında keçirdiyimiz görüşlər səfərimizə
xüsusi rəng qatdı”.
X.Əliyev:
“Görüşlərimizin birində Xalq artisti, rejissor Kamran
Quliyev səhnələşdirmək üçün tarixi
dramların azlığından gileyləndi. İrəvan
xanlığının tarixindən bəhs edən “İrəvan
- üzü günəşə baxan şəhər” və
Şəki xanı Hacı Çələbi xana həsr
etdiyim “Qızılqaya xəyanəti” adlı tarixi
dramlarımla tanış olduqdan sonra Kamran müəllim Ehsan
xan Kəngərli haqqında dram əsəri yazmağı məsləhət
bildi. Ehsan xan Naxçıvanın xanı olmayıb,
amma bu xanlığın tarixində böyük önəm
daşıyıb.
Xanlığın tarixini daha dərindən öyrənməyə
başladım. AMEA Naxçıvan Bölməsinin sədri,
akademik İsmayıl Hacıyevin mütəxəssis kimi
verdiyi məsləhətlər maraqlı bir dram əsərinin
ərsəyə gəlməsində böyük rol
oynadı. Pyesin üzərində bir ildən
çox işlədim. Tarixi materialları oxuyarkən
Naxçıvan şəhəri və Ehsan xan haqqında
çoxlarının bilmədiyi maraqlı faktlarla
qarşılaşdım ki, həmin hadisələrdən biri
dramın süjet xəttinin əsasını təşkil
etdi:
1827-ci ilin yayında Naxçıvan xanlığı
rus ordusu tərəfindən işğal olunur. Şah rejimi
ağır məğlubiyyətinin acısını
Naxçıvan əhalisindən çıxaraq onları
zorla, silah gücünə dədə-baba torpaqlarından
şah İranına köçürür. Çarizmin erməni sevgisi hopmuş siyasətini Cənubi
Qafqazda həyata keçirən komandan İ.F.Paskeviç
Urmiya gölü ətrafında yaşayan, Naxçıvana
köç etməyə hazır vəziyyətdə olan,
“farsın çörəyini yeməkdənsə, rusun ot-ələfini
yeməyə hazır” olan 15 min erməni və yunan ailəsini
boşaldılmış Naxçıvanda məskunlaşdırmağa
hazırlaşır. Hətta onlara yola
düşmələri üçün xəbər də
göndərir. Bu baş verərsə, sonralar
böyük fəsadlara səbəb olacağını, şəhərin
həmişəlik itiriləcəyini dərk edən Abbasabad
qalasındakı Kəngərli süvarilərinin
başçısı Ehsan xan qəti siyasi addımlar
atır, A.A.Bakıxanovun və A.S.Qriboyedovun köməyi ilə
İ.F.Paskeviçlə danışıqlar aparır və
ermənilərin köçürülməsinə imkan
vermir, böyük faciələrə səbəb ola biləcək
bu hadisənin qarşısını alır, nankor
qonşularımızın Naxçıvan “arzularını
gözündə qoyur”. Qaçqın
düşmüş naxçıvanlıları boş
qalmış evlərinə qaytarır”.
Z.Eldarqızı:
“Xaqani müəllim bir ədəbiyyatla kifayətlənməyib.
Hətta bizi apardıqları muzeylərdə xanlıqla
bağlı gördüyümüz çox sayda rusdilli ədəbiyyatlar
haqda Xaqani müəllim dedi ki, mən bunların
hamısından bəhrələnmişəm. Əsərin
qəbul olunmağının da kökündə məhz bu
cür tarixi reallığa əsaslanmağı dayanır.
Tamaşa çox möhtəşəm keçdi və orada
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbov qərar verdi ki, əsər
bütün Naxçıvanda göstərilsin. Biz orada olarkən Şahbuzda da nümayiş olundu”.
X.Əliyev:
“Ehsan xan Kəngərli” dramı Naxçıvan
xanlığının tarixindən bəhs edən və əsasında
tamaşa hazırlanan ilk əsərdir. Sözsüz
ki, xanlığın tarixindən dram əsərləri
yazılıb. Amma məhz mənim əsərimin
seçilib-bəyənilərək tamaşaya
hazırlanması mənim üçün qürurvericidir.
Bu ilkə imza atmaqla bu sevinci mənə yaşatmaqda zəhməti
olmuş Naxçıvanın rəhbərliyinə, mədəniyyət
nazirliyinə və Naxçıvan teatrının rəhbərliyinə
və yaradıcı kollektivinə minnətdarlığımı
bildirirəm!
Tarixi hadisələrdən bəhs edən bədii əsərlər
yazanda bəhs etdiyin hadisəyə əlavələr etmək,
başqa səmtə yönəltmək, kontekstdən
çıxarmaq olmaz. Tarix özü həmin hadisəni
olduğu kimi yaddaşına yazıb və baş verən
hadisələri yazmaqda da davam edir. Demək
tarix özü ən yaxşı yazıçıdır.
Onun yazdığı müxtəlif mövzulu
hadisələrin başlanması, inkişafı,
kuliminasiyası və nəticəsi var. Bu nöqtədən
baxanda tarix özü həm də ən yaxşı
rejissordur. Şiller deyir ki, epopeya, roman,
povest, sadə hekayə öz forması ilə hadisələri
bizdən uzaqlaşdırır, indiki zamanı keçmiş
zamana aparır. Dram əsərləri isə
keçmişi bu günə gətirir. Əgər
yazıçı və rejissor tandemi bəhs etdikləri
tarixi hadisəni müasirlik müstəvisində təqdim etməyi
bacarsalar, deməli tarixi tamaşa da alınacaq”.
Z.Eldarqızı:
“Tamaşada rejissorun yaradıcı baxışı
özünü göstərdi. Əsərin əvvəlində
bütün obrazlar qaranlıqdan çıxıb özlərini
təqdim edirlər. Bu da sanki bir filmi
xatırladırdı. Artıq
tamaşaçı bunun vasitəsilə olduğu yerdən həmin
dövrə düşə bilir. Rejissor bu
priyomla tamaşaçını asanlıqla tarixin bəhs edilən
zamanına aparır və beləcə hadisələr
başlayır. Bununla o insanları səhnəyə
bağlayır və bu bağ sona qədər qopmur”.
Eləcə də finalda ümumiləşdirilmiş erməni
obrazından başqa bütün obrazlar qapıdan keçərək
qaranlığa gedirlər. Yüksəkdə
dayanmış Ehsan xan işıqlandırılır. O,
Azərbaycan xalqını ehtiyatlı olmağa,
Naxçıvana iddialı olan mənfur
qonşularımızın bu arzularını həmişə
gözündə qoymağa hazır olmağa, əcdadlarımızın
əmanət qoyub getdiyi vətəni düşməndən
qorumağa səsləyir. Tamaşaçı
Ehsan xanın timsalında görür ki, bu xalqın
uzaqgörən, mərd oğulları hər zaman olub və
var”.
“Mənim
müəllif kimi ürəyimi ağrıdan obraz Kərim xan
oldu”
X.Əliyev:
“Tamaşanın rejissoru Xalq artisti Kamran Quliyev,
quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının
Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı
Əməkdar mədəniyyət işçisi İmamqulu
Əhmədovdur. Xalq artistləri Rza Xudiyev (Ehsan
xan), Rövşən Hüseynov (Kalbalı xan), Həsən
Ağasoy (Kərim xan), Əməkdar artist Bəhruz Haxverdiyev
(Şıxəli bəy), Səyyad Məmmədov (Qriboyedov) və
digərləri maraqlı obraz və personajlar yaratdılar.
Aktyor oyununu xüsusi vurğulamaq istəyirəm. R.Xudiyev
tamaşanın qəhrəmanı Ehsan xan obrazını
böyük ustalıqla canlandıra bildi. O, öz oyunu
ilə Ehsan xanın düşüncələrini, seçim
qarşısında qalarkən keçirdiyi daxili psixoloji
sarsıntılarını məharətlə
çatdırdı.
Tamaşada mürəkkəb obrazlardan biri də Kərim
xan obrazıdır. Hətta məndən soruşsanız ki,
məni ən çox sarıdan, ağrıdan və ən
sevdiyim obraz hansı olub, Kərim xan deyərəm. Bu obrazı H.Ağsoy tamaşaçılara sevdirə
bildi. Taxtını, var-dövlətini
itirməklə bərabər, ailəsi iki yerə
parçalanan Naxçıvan xanlığının son
xanı Kərim xanın faciəsi dəhşətlidir.
Xanlığın istilasından sonra Azərbaycan
da onun ailəsi kimi iki yerə bölündü. Biz bu faciəni indi də yaşayırıq. Aktyor onun ailə faciəsinin fövqündə vətənimizin
ikiyə bölünməsinin nə dərəcədə
faciəli olduğunu öz ecazkar oyunu ilə gözlərimiz
önünə gətirdi və istila ilə barışmayan
Kərim xan obrazını tamaşaçıya sevdirə
bildi”.
Hər daşına tarix hopmuş şəhər
X.Əliyev: “Mədəniyyət Nazirliyinin ilin yekunlarına aid kollegiya iclasında Naxçıvanın Mədəniyyət naziri, hörmətli Natavan xanım Qədimova çıxış etdikdən sonra Mədəniyyət naziri Əbülfəs Qarayev zala müraciətlə hamıya Naxçıvana getməyi, teatrlara, muzeylərə baxmağı, mədəniyyət sahəsində görülən işlərlə tanış olmağı məsləhət bildi. Tale elə gətirdi ki, Naxçıvana birinci dəfə getmək mənə qismət oldu və mən təriflərə layiq bu şəhərlə yaxından tanış oldum.
Naxçıvanda hər addımda tarixlə qarşılaşırsan. Sözün həqiqi mənasında Tarix bu şəhərin bir hissəsidir. Naxçıvan insanın öz keçmişi ilə qarşılaşdığı, dünənini sübut edən faktlarla görüşdüyü, tarixin sirlərini dərk etdiyi və ona toxuna biləcəyi bir yerdir. Burada bizi dünənimizə bağlayan tarix, maddi və mənəvi dəyərlər qorunub saxlanılır, öyrədilir və gələcək nəsillərə ötürülür. Bu mənada Naxçıvan şəhəri özü hər daşına tarix hopmuş, açıq səma altında olan böyük bir muzeydir. Bu muzey-şəhərdə tarixin məhəbbətlə necə qorunduğundan, “əzizləndiyindən” qürur duyursan. Burada yaşayan insanlar isə canlı eksponatlardırlar.
Bu şəhər mənim yaddaşımda muzeylər, tarixi abidələr şəhəri kimi qalacaq. Hər addımda bir muzey, bir abidə var. Naxçıvandakı dünyaca tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahına getmək çoxdankı arzum idi. Bu arzuma çatdım. Həqiqətən də, bu ziyarətgah insanı öz sehrinə salan, möcüzəli bir məkandır. Sədərəyə, Şahbuza, Duzdağa, sərhəddəki Heydərabad qəsəbəsinə getdik. Hər tərəf çox səliqəli, gözoxşayan idi. Naxçıvandakı sakitlik, səliqə-sahman, nizam-intizam məni heyran etdi. Bu şəhər qəlbimi oxşadı, gözəl təbiəti, təmiz havası ilə yanaşı, müasirliyi, abadlığı, könül rahatlığı mənə əsl zövq verdi”.
Z.Eldarqızı: “Ümumiyyətlə, son illərdə Naxçıvanda gedən iqtisadi inkişaf, yenidənqurma işləri təqdirəlayiqdir. Bu səfərin mənim üçün ən yaddaqalan hissələrindən biri Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşümüz oldu. Mən uzun illər İncəsənət Universitetində işlədiyimdən tələbələrlə ünsiyyət mənə hər zaman zövq verib. Biz burada gördük ki, çox gözəl gənclik yetişir. Onlar sərbəst şəkildə, çəkinmədən onları maraqlandıran mövzularla bağlı suallarını ünvanladılar. Burada yetişdirilən kadrların gələcəkdə incəsənətin müxtəlif sahələrinə öz töhfələrini verəcəklərinə inanırıq. Görüşdə bizlə birgə Əməkdar artist Sərvər Əliyev də iştirak edirdi. Biz gələcəkdə bu sənətlə məşğul olacaq gənclərə öz tövsiyələrimizi verdik. Suallardan da aydın görünürdü ki, burada təhsil alan tələbələr incəsənətə çox maraqlıdırlar və bu sahəni sevərək seçiblər. Digər tərəfdən Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının fəaliyyəti istedadlı tələbələrin inkişafında, onların yaradıcılıq bacarıqlarının püxtələşməsində böyük rol oynayır. Xaqani bəy tamaşada bayaq haqqında danışdığımız tarixi onlara da danışdı. Onlarda sənətlə bağlı dərslik çatışmazlıqları var. Mən onlara söz verdim ki, onlara dərsliklər, ədəbiyyatlar göndərəcəm. Artıq yığmışam da, gələn ay yəqin ki, göndərəcəm. Bundan başqa, təklif etdik ki, Bakıdan buraya mütəxəssislər dəvət olunsun. Bu təkliflərimiz də qeyd olundu. Bütün bunlar əlbəttə, o tələbələrin yaxşı kadr kimi yetişməsi üçündür.
Oradakı teatr binası bizi valeh etdi. Naxçıvan
Dövlət Musiqili Dram Teatrında dünya standartlarına
cavab verən bir səhnəni görəndən sonra muxtar
respublikada mədəniyyətə göstərilən
qayğının bir daha şahidi olduq. Bu
əzəmətli bina, möhtəşəm səhnə, bənzərsiz
şərait insanda yalnız yaradıcılıq
şövqü və xoş hisslər yaradır. Adama elə gəlir ki, sanki nağıllar aləmindədir,
buradakı nizam-intizam, səliqə-səhman, peşəkar
aktyor-rejissor heyəti çox möhtəşəmdir. Gələcəkdə Naxçıvan Teatrı və
Dövlət Universiteti ilə birgə daha böyük işlər
görəcəyimizi arzulayır və buna inanırıq”.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 30 mart.- S.19.