Mədəniyyətimizin
susmaz duyğusu
Azərbaycan mədəniyyəti tarixinin Cəfər Cabbarlı səhifəsini vərəqlədikcə, heyrətlənməmək mümkün deyil. Belə ki, 35 illik həyatının 20 illik peşəkar yaradıcı fəaliyyətinə bir neçə sənətkar ömrü, şair, nasir, tənqidçi, tərcüməçi, dramaturq, rejissor ömrü sığışdıran C.Cabbarlını mübaliğəyə qapılmadan mədəniyyətimizin möcüzəsi hesab etmək olar.
Ədibin çoxşaxəli fəaliyyəti mədəniyyətimizin müxtəlif sahələrini əhatə etsə də, C.Cabbarlı dedikdə ilk olaraq dramaturq Cabbarlı yada düşür. Dəyişkən ictimai-siyasi hadisələr dövründə yaşayıb-yaradan, böyük yaradıcılıq qüdrətinə malik olan sənətkar, xüsusən, dramaturji yaradıcılığında dövrünün nəbzini tuta bilir, sosial-ictimai həyatın naqisliklərini tənqid etməklə oxucu və tamaşaçıların diqqətini həlli vacib problemlərə yönəltməyi bacarır. Elə bu səbəbdəndir ki, mövzu seçərkən onu ilk növbədə dövrünün ictimai-siyasi əhəmiyyətə, geniş mündəricəyə malik məsələləri narahat edir.
Odur ki, hələ ilk qələm təcrübələrindən sayılan “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” əsəri ailə-məişət dramı olmasına baxmayaraq, əsərdə cəmiyyətin əsas mövcud problemləri ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adət-ənənələrə sadiqliyi, pulun cəmiyyətə göstərdiyi pozucu təsir kəskin tənqid olunur. Professor Ə.Sultanlının təbirincə desək, “Cəfər Cabbarlı hadisələri həm ailə çərçivəsində, həm də geniş ictimai şəraitdə alır, lakin hər iki sahəni bir-birindən təcrid etmir. Ailədən cəmiyyətə, cəmiyyətdən ailəyə gedən qapıları bağlamır”. Əksinə, ailə ilə cəmiyyət arasındakı mənəvi bağları möhkəmləndirir.
Ümumiyyətlə, C.Cabbarlının dramaturji yaradıcılığında pul hərisləri bir qayda olaraq ifşa edilir. Belə ki, “Solğun çiçəklər” pyesində pulun təsir gücü önə çəkilmiş, “Aydın”da altunun, kapitalın ailəyə gətirdiyi bədbəxtliklər kifayət qədər qabardılmışdır.
Xalq teatrı yaratmaq uğrunda çalışan yorulmaz mədəniyyət mücahidi Oqtayı (“Oqtay Eloğlu”) da tutduğu müqəddəs yoldan mənfur altun dünyası sapındırır, ona maneçilik törətməyə çalışır.
C.Cabbarlı dövrün konkret bir hissəsini
özündə əks etdirən tarixi dram əsərlərində
də mühitinin ictimai-siyasi
ziddiyyətləri ilə ötən tarixi zaman daxilində
baş verən gerçəkliklər arasında əlaqə yarada bilir. Məsələn,
Babək hərəkatından bəhs edən “Od gəlini”
pyesində Rusiya imperiyasının
işğalçılıq missiyasına dair işarə və
əlamətlər də az deyildir. Bu barədə
ilk dəfə C.Cabbarlının yaxın dostu və tələbə
yoldaşı olmuş, 1923-cü ildə xaricə mühacirət
etmiş M.B.Məhəmmədzadə ədibin vaxtsız
ölümü münasibətilə “Qurtuluş”
jurnalının 4-cü sayında dərc olunan “Cəfər
Cabbarlı: Diriliyi, yaratdıqları və vaxtsız
ölümü” adlı məqaləsində belə
yazır: “Od gelini”nin sembolik bir eser olduğunu herkes anlar. Bunun için ufak bir
degişme, mesela: “arap” yerine “rus” kelimesi koymak kafi gelir. Millet de
hep böyle yapıyor: “Arap”ı “rus”, “İslam”ı ise
“bolşevizm” ile degişerek öyle dinler...”
Görkəmli
ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadə də
“Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində
demək olar ki, əsərin ideya mündəricəsini təxminən
eyni ifadələrlə işıqlandırır: “Mənzərənin
rəmziliyi göz qabağındadır.
Tamaşaçılar üçün “ərəb” və
“islam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini
qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir”.
C.Cabbarlı sonralar, 1930-cu ildə qələmə
aldığı “1905-ci ildə” əsərində də
şəxsən şahidi olduğu hadisələri -
Bakıda baş verən mart qırğınını,
bolşeviklərin ölkəmizə soxulmasını, ermənilərin
hakimiyyəti tədricən ələ keçirdiyini, bunun Azərbaycan
üçün fəlakət gətirdiyini qələmə
almışdır. Qəhrəman qoca Baxşının
bunları “mən öz gözümlə görmüşəm,
qulağımla eşitmişəm, öz əlimlə
yazmışam” deməsi, məhz buna işarədir.
Qeyd edək
ki, dövlət senzurasını həyata keçirməyə
meylli olan 20-30-cu illərin əsasən, bu və ya digər sənətkarın
mövcud quruluşun ideoloji meyarına nə dərəcədə
sadiq yanaşmasına qiymət
verən ədəbi tənqidi əsərin sətiraltı deyil, birbaşa,
müstəqim məzmununu əsas tutaraq ona münasibətini bildirmişdir. Məsələn,
20-30-cu illərin ədəbi prosesində fəal iştirak
etmiş görkəmli Azərbaycan tənqidçisi Əli
Nazim “1905-ci ildə” pyesinin parlaq ifadəli, qüvvətli
obrazlar və tipik xarakterlərlə zəngin bir əsər
olduğunu qeyd etməklə yanaşı, eyni zamanda, o
dövr üçün qəbul edilmiş “qüsurunu” da
göstərirdi: “Bütün bu müsbət keyfiyyəti ilə
bərabər “1905-ci ildə” xüsusilə ilk variantlarda bir
sıra istər bədii, istərsə fikri-bədii
nöqsanlardan azad deyildir. Məsələn, ilk
variantlarda bolşeviklərə terrorizmin istinad edilməsi, əlbəttə
ki, doğru deyildir ki, çünki bolşevik
partiyasının proqramına fərdi terrorizm hər zaman zidd
olmuşdur”.
Onu da qeyd edək ki, uzun illər boyu məlum səbəblərə
görə tarixi hadisələrə pərdə çəkmək
məqsədilə “1905-ci ildə” pyesinin mövzu və
ideyası kimi xalqlar dostluğunun tərənnümü
ön plana çəkilmişdir.
C.Cabbarlı
hadisələrin şahidi kimi mart qırğınının
törətdiyi acınacaqlı mənzərəni başqa
bir əsərində, “Əhməd və Qumru” hekayəsində
belə təsvir edir: “Böyük pəncərələri
qara kömürlərə dönmüş, altun divarları
matəmlərə bürünmüş İsmailiyyənin
önündən keçirkən xarabalıqlara, daha
doğrusu, əti tökülmüş baş iskletlərinə
bənzər bu möhtəşəm bina, bu
canavarlığın, bu cinayətin macərasını ərz
edincə, bir çox kəsilmiş yoldaşlarım və
bir çox müdhiş şeylər yadıma
düşdü. Müdhiş mart deyə, gözlərimi
yumdim... Başım kəndi-kəndimə
köksümə sallandı”.
Dramaturqun
obrazlı desək, hələ də itkin taleyini yaşayan “Bakı
müharibəsi” əsərində də 1918-ci ilin
martında Bakıda baş verən qanlı hadisələr,
ermənilərin azərbaycanlılara qarşı etdiyi
zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman
xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən
xilas etməsindən danışılırdı.
Müəllifin
“Almaz”ı, “Yaşar”ı, “Sevil”i konkret ictimai-tarixi mühitin məhsuludur
və zəmanəsinin mədəniyyətini, əxlaqını,
düşüncə tərzini təcəssüm etdirir. Dövrünün tipik xüsusiyyətlərini,
ictimai-estetik problemlərini əks etdirən surətlər isə
ölməzdir və həmişə müasir səslənir.
Ümumiyyətlə, sovet quruculuğu dönəmində
qələmə aldığı əsərlərində
C.Cabbarlı heç vaxt sovet gerçəkliyinin kor-koranə
tərənnümçüsü olmamışdır. Qısa
yaradıcı həyatı boyu səmimi olan sənətkar
yalnız qəlbən inandığı, inanaraq təqdir
etdiyi hadisələri əsərlərinə mövzu
seçirdi. Həmin dövrdə
“iqtisadiyyatda inqilab, insan şüurunda inqilab”ı təqdir və
qəbul edən sənətkar qələmi ilə də mədəni
inqilaba qoşulur və əsərlərinin mövzusunu daha
çox bu istiqamətə yönəldirdi. Təsadüfi
deyildir ki, ötən əsrin 30-cu illərində
ayrı-ayrı əsərlərinin mövzusunu real həyatdan
almış, dram əsərlərində dövrün elmi
nailiyyətlərini (“Yaşar”), kütləvi
savadsızlığın ləğvini (“Almaz”), qadın
azadlığı (“Sevil) və s. problemləri xüsusilə
qabartmışdır. Bu mövzuların
seçimində o, ilk növbədə ürəyinin səsini
dinləyir, cəmiyyətin təkamülünə kömək
edən süjetlərə üstünlük verir və əbədiyaşar
səhnə əsərləri meydana gətirirdi.
Belə əsərlərin
sırasında “Sevil” pyesini xüsusi qeyd etmək
lazımdır. Onu
da əlavə edək ki, mövzu müəllifin diqqətini
20-ci illərin əvvəllərindən cəlb etmiş,
C.Cabbarlı əvvəlcə “Sevil”in hekayə
variantını işləmiş, “Balaca hekayə” sərlövhəsi
ilə 1924-cü ildə “Qızıl tələbə”
jurnalının 2-ci, 3-cü saylarında “Sancaq” imzası ilə
çap etdirmişdir.
1928-ci ilin oktyabrında tamaşaya qoyulan “Sevil” ədəbi
ictimaiyyət tərəfindən birmənalı
qarşılanmamışdır. “Kommunist”, “Gənc
işçi”, “Bakinski raboçi” qəzetlərinin səhifələrində
Cabbarlını bu əsərə görə ittiham edənlər
də olmuşdu.
Zamanında əsərin bədii təsir gücündən
danışarkən əlamətdar fakt olaraq onu qeyd etmək
lazımdır ki, “Sevil”in tamaşası zamanı yüzlərlə
qadın öz çadrasını atmışdı. Professor Cəfər Cəfərov
tamaşa haqqında belə yazır: “Tamaşaçıya
göstərdiyi müstəqim təsir mənasında o
dövrün “Sevil”ə bərabər ikinci əsərini
tapmaq çətindir. Teatra çadralı gələn
qadınlar teatrdan çadrasız qayıdırdılar... “Sevil” tamaşası Azərbaycan
qadınlarının sənət cəbhəsinə gəlməsi
üçün bir stimula çevrildi; səhnədə gənc
azərbaycanlı aktrisalar görünməyə
başladı”.
Ümumiyyətlə, qadın azadlığı probleminə
baxış Cəfər Cabbarlı
yaradıcılığında təkcə “Sevil” pyesi ilə
məhdudlaşmır, bu mövzu dramaturqu bütün
yaradıcılığı boyu
düşündürmüşdür. Bəlkə elə bu səbəbdəndir
ki, hekayələrinin böyük bir qismində (“Gülzar”,
“Gülər”, “Firuzə”), pyeslərinin bir neçəsində
(“Vəfalı Səriyyə, yaxud göz yaşı
içində gülüş”, “Aydın”, “Sevil”, “Almaz”) məhz
qadın azadlığı problemi ön sıralardan birində
durur. Ədibin qəhrəmanı Aydın Gültəkinin
çarşafını göstərərək: “Bircə səni
bu səyyar həbsxanadan qurtara bilsəydim”, arzusunu bildirirsə,
bu istəyi
Sevil gerçəkləşdirir. O, “yazıq yeddiillik
ömrümü onun heçliyinə qapanaraq, bu qara dustaq
içində sürünmüşəm. Artıq al!”, deyərək çarşafını
atır. Lakin sonralar Sevil özü də
başa düşür ki, “qadının qəti
azadlığı üçün yalnız
çadrasını atması bəs deyildir. Qadına ən başlıcası iqtisadi azadlıq
lazımdır”.
C.Cabbarlının
dramaturji yaradıcılığına nəzər saldıqda ayrı-ayrı qəhrəmanlarının
dilindən işlədilən, hikmətinə görə hətta aforizm səviyyəsinə yüksələn
ifadələrə də rast gəlirik: “Azadlıq mənim
haqqımdır. Azadlıq sədəqə
deyil” (Almaz), “Ədiblərin fikri əsri qabaqlamalıdır”
(Gülsabah), “Bu, həyat şərtlərinin mənə
verdiyi tərbiyədir” (Aydın), “İntiqam alçaq
könüllərin işidir” (Elxan), “Qadına başlıca
iqtisadi azadlıq lazımdır” (Sevil) və s.
Məlumdur ki, dramaturji əsərlər səhnəyə
qoyulmaq üçün yazılan əsərlərdir. Cəfər Cabbarlı da
yalnız səhnə əsəri yazmaqla kifayətlənmir,
eyni zamanda, pyeslərinin səhnələşdirilməsi
işində də
yaxından iştirak edirdi. Belə ki, teatrda ikinci
rejissor və rejissor assisenti kimi fəaliyyət göstərərkən
A.Tuqanovla birlikdə “Almaz” əsərini (ilk tamaşası isə
1931-ci il 13 aprel tarixində göstərilmişdir), 1931-ci ildə
Vladimir Lütse ilə birlikdə “1905-ci ildə” pyesini
tamaşaya hazırlamışdır.
Sonralar o,
müstəqil olaraq ilk nümayişi 1931-ci il 10 dekabr tarixinə təsadüf
edən “Sevil” əsərini, ilk tamaşası 1932-ci ilin 20 oktyabrında oynanılan
“1905-ci ildə” əsərini
yenidən səhnələşdirmişdir.
C.Cabbarlının
teatr sənəti qarşısında xidmətləri
yalnız dramaturji yaradıcılığı və pyeslərinin səhnə təcəssümü
ilə məhdudlaşmır. O, eyni zamanda, R.Daraplı və
İ.Hidayətzadə ilə birlikdə səhnələşdirdiyi
C.Məmmədquluzadənin “Ölülər” əsərinin
(ilk tamaşası 1933-cü il 16 fevral
tarixində göstərilmişdir), müstəqil olaraq isə
A.Afinegenovun “Qorxu” (ilk nümayişi 1932-ci ilin 18 fevralında
baş tutan) tamaşasının müəllifi idi.
Təbii ki, C.Cabbarlının çoxsahəli fəaliyyəti,
eyni zamanda, səhnə sənəti qarşısında xidmətləri
dar çərçivəyə sığmayacaq qədər
intəhasızdır. Gənc
yaşında
qırılan həyatının 120 illik müdriklik
çağını
yaşayan Cəfər Cabbarlı millətimizin mənəvi həyatında
anılmaqdadır. Bəli, o, bir susmaz duyğu
kimi daim ürəklərdə yaşayacaq və milli mədəniyyətimizin
C.Cabbarlı səhifəsi həmişə heyrətlə
oxunacaq.
Afət QƏDİROVA
Filologiya üzrə fəlsəfə doktoru,
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin elmi işçisi
525-ci qəzet.- 2019.- 30 mart.- S.18.