A.A - Ağ adam, Ağrılar adamı...   

 

 

 

Az qala hamı bilir, dünyada Gülüş günü kimi qeyd olunan 1 aprel həm də tanınmış yazıçı, jurnalist, millət vəkili Aqil Abbasın doğum tarixidir.

Aqil Abbas “525-ci qəzet”, onun kollektivi üçün sadaladığımız bu titullardan əlavə, həm də sevimli bir insan kimi doğma və əzizdir. Az qala ənənəyə çevrilib, hər il 1 aprel günü ərəfəsində “525” bu əziz və doğma insanın doğum gününü mütləq bir yazı ilə qeyd etməyə çalışır.

Bu dəfə də belə oldu. İki-üç gündür, Aqil müəllimin budəfəki ad gününü hansı yazı ilə qeyd edəcəyimizi düşünürdük ki, “Ədalət” qəzetinin baş redaktoru, yazıçı, publisist, sevimli İradə Tuncayın “A.A - AĞ ADAM, AĞRILAR ADAMI...” adlı yazısı dadımıza çatdı. Bu iltifatına və belə gözəl yazısına görə əziz İradə xanıma təşəkkürümüzü bildirir, sevimli Aqil müəllimi isə doğum günü münasibəti ilə təbrik edir, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Və yazını “525”in oxucularına təqdim edirik.

“525” 

Hara gedirik...

Maşının radiosu danışır - əsirlikdə qalan qız-gəlinlərimiz...

İndiyə qız-gəlin qalar - deyirəm dodağımın altında. Guya mövzunu dəyişir ...

Bəlkə yüzüncü dəfədi eyni söhbəti dinləyirəm:

- Ağdamda bir qonşumuz vardı. Davada olmuşdu. Plen olanda orda azərbaycanlı zabit aparıb öz bağında işlətmişdi onu, Fransada. Sorğu-sual eləmişdi ki, inansın. Yolu soruşmuşdu - demişdi, bir Ağdamdan Gəncəyə gəl görüm. O da izah eləmişdi. Sonra qaçmağa kömək eləmişdi.

- Əsirlikdən qaçmağa?

- Hə ...

- Nemeslər bəs? O zabit sonra nə cavab verib? Deməyiblər bəs, hara getdi plen?

- Həə, deyib mənim əl-qolumu bağlayarsız. Bir yumruq da vurarsız inanarlar.

- Kino danışırmış sənin o qonşun.

- Nə kino, bala? Həmişə ağlayırdı davadan danışanda. Həm də deyirdi kinoda ukrainləri düz göstərmirlər. Hamısı satqın olub.

- Kimi satıblar?

- Soveti.

- Həə... Xalqlar dostluğu prinsipin gözləyiblər də. Siyasət belə idi o vaxt. Ağlamağı da yəqin Fransadan qayıdıb burda yaşamağına görəymiş. Bəs, tutmamışdılar onu? Özün demişdin axı tutulub.

- Hə. Tutulmuşdu. Burda istintaq edən də bizimkilərdən imiş. On il veriblər gedib. Ordan gətirmişdi arvadını da. Sibirdən...

- Arvadını görmüşdüm. Yazıq rus dilini də unutmuşdu. Danışırdım cavabı bizim dildə verirdi. Klava xala... Ağdamda kimlə rusca danışsın ki?

Susur bir anlıq. Bilirəm indi də hərbi hissədəki rus uşaqlarından, rus məktəbindən, “Üfüqdə parıltı” oyunundan danışacaq. Ağdamda rus dilini bilənlərin az olmadığından danışacaq... Və ən böyük kompleksidi rus dilini istədiyi kimi bilməməyi... Kanalı dəyişim radioda...

***

- Qarabağ Kiçik Qafqazdı. Ona görə buralardan fərqlənir iqlimi. Ağdamda yayın istisində sərin olurdu hava.

- Ağdamda? Mən həmişə istidən bişmişəm orda. Sərin nədi...

- Nə danışırsan eeyy? Suyu sərin, havası sərin ...

- Şuşada sərin idi, hə. Ta Ağdamda yox ki.

- Nə bilirsənee sən..

- Niyə bilmirəm? Hər il aparırdın da (Zornan apardığını demirəm. Durum gərgindi. Yol gedirik. Sükan onun əlində. Xatalıdı qıcıqlandırmaq).

***

Nəsə qəribədi, yolda belə söhbətlər çox olur. Və bütün söhbətlər hərlənib-fırlanıb Ağdamın üstündə dayanır. Anlamağa çalışıram. Eyni söhbətləri eşitdiyimi büruzə verməməyə çalışıram. İllərin üstünə il gəldikcə məzmun daha da qatılaşır. İdeallaşdırmaq daha da artır: Can, Ağdam. Bizim küçələr necə enli, geniş idi. Can, Ağdam. Neçə zavod vardı. Can, Ağdam. Bizim meşələrdə hər meyvədən var idi. Can, Ağdam. Hamı dolanırdı. Kasıb adam yox idi. Can, Ağdam... Torpaq necə bərəkətli idi... Can, can, can...

***

Bu çevik, zirək, qıvraq, şən adamın Canı orda qalıb, bilirəm. Hər gözəllik ona Ağdamı xatırladır. Və təbii ki, Ağdam QALİBDİ bütün müqayisələrdə. Uduzduğumuz Ağdam...

***

İndi yol gedə-gedə gəncliyimizi də xatırlayıram. Universitetin dəhlizində mənə tərəf boylanan yaraşıqlı oğlanı da xatırlayıram. Fəqir, kasıb gəncliyimizi xatırlayıram. O vaxt maşınımız yox idi, yolda söhbət edək. Evimiz də yox idi ki, ürək dolusu gülək. Ailə qurandan sonra ata evində yaşamaq da bir ayrı məşəqqət olur. Hər nəsnəyə xəcalət çəkirsən. İndi anlayıram niyə evdə qalmaq istəmədiyini, evdən qaçdığını. Və bundan doğan soyuqluğu. Və soyuqluğun üşütməyini... Və sonra müharibə başladı.

Elə bilirəm bu lənətə gəlmiş müharibə də çox adamı üşütdü. Lap dondurdu da. Amma bəzən mənə elə gəlir ki, bizim həyatımız da müharibə ilə iki yerə bölündü - əvvəl və sonra. Dəyişdi tamam. Maşını vardı indi - sursat, ərzaq daşıyırdı maşında. Evi vardı indi - qaçqın düşən qohumları barındırırdı...

Yəqin gəncliyin verdiyi arxayınlıq idi - getdiyi yerlərdən qayıdacağını bilirdim. İki uşaq böyüyürdü evdə. Onlarla başım qarışırdı. Heç nəyin dərinliyinə varmaq istəmirdim. Hərdən elə bilirəm beynim format olunub - xatırlamaq istəmirəm.

***

- Bunu danışmısan, bilirəm.

- Yox, onu demirəm.

- Bax, mənə danışırsan eybi yox, amma hamının yanında eyni söhbətləri nə qədər danışmaq olar? Bəsdi də. Lağ eləyirlər, axı.

- Maa lağ eləyənin əbəjdadın... (Və arxasınca gəlir folklor nümunələri. Bu folklordan əməlli bəhrələnmişəm. Maarifçilik işi gedib bu neçə ildə. İndi mən də nəsə xoşuma gəlməyəndə adamların yeddi arxa dönənin xatırlayıram).

***

Qarşımızdan toy karvanı keçir. Xeyir-dua verir gənclərə:

- Bir həyətin itləri kimi dolansınlar...

Gülürəm ... Bir həyətin itləri kimi... Əcəb obrazdı... Sonra özümüzü xatırlayıram anidən. İt-pişik obrazı gəlir gözümün önünə. Amma sakit canlılar. Pişik mən olaram da yəqin. Hərdən cırmaq atan, hərdən miyoldayıb haqqını istəyən. Amma sonra gənclik bitəndə qəribə metamorfoz baş verir. Pişik pələngə dönür. Nərildəyən pələngə... Müharibə də bitdi, sülh də başladı - sən yenə öz bildiyindəsən? Mən bezmişəm!!! İşiynən məşğul olmayan məmurların əvəzinə də qaç ora-bura, arvadıynan məşğul olmayan ərlərin də əvəzinə çalış...

Divanı da çıxardım, tulladım iş otağından...

***

- Bəlkə bu il gedək Naxçıvana? Özü də maşınnan.

- Bəh-bəh ... Hər il deyirsən də bunu. Qışda planlar cızılır, yayda da unudulur.

- Yox, gedərik. Mən nə vaxt sənə yalan danışmışam? Ay, içimdə bir komediya var ki:

- Sən və yalan? Heç bir araya gələn şey deyil. Mənə ümumiyyətlə, danışmamısan ...

Bu dəfə o məni yola verir deyəsən. Susur... Nərildəməyimdən çəkinir.

Amma Naxçıvana maşınla getməyimizi xatırladım. Arazın o tərəfində xaraba kəndlər görünürdü yol boyu. Yolun bu tərəfi Qaradağ, o tərəfi Qarabağ...

***

- Qarabağda sanatoriyalar vardı. Buralarda hələ indi otel-zad tikirlər. Amma Sadıq Murtuzayev sovetin vaxtında Ağdamda tikmişdi istirahət mərkəzləri.

- Turistlər də gəlirdi? (bilirəmee gəlmirdi, söhbəti davam eləmək lazımdı)

- Kolxozçular üçün, nə turist? Bu otellərdən yaxşı idi.

- Neyləyək deyirsən? Müharibə oldu da.

- Hə... Olmasa gözəl dolanırdı camaat... Yollar varee getdiyimiz - onlar da qısa idi. Laçından Gorusa, ordan da Qarsa ... Ağılsız erməni - indi yaşayırdıq...

- Onlar yaşayır...

- Əşşi nə yaşayır?..

Dinmirəm... Xatırlayıram Qara dəniz sahilləri ilə irəlilədikcə məsafələr belə ölçülürdü - bura Ağdamdan Tərtərə, bura Ağdamdan Yevlaxa, bura Ağdamdan Şuşaya qədər olan yol qədər... Məsafə də Qarabağ vahidi ilə...

- Nooldu, niyə dayandın?

Baxıram, gözlərini silir. Son vaxtlar yaş öz işini görür, deyəsən. Yaş göz yaşlarını gizlədə bilmir. Planşeti əlindən almışam neçə dəfə. Ağdamın görüntülərinə baxıb ağlayır, Qədiri dinləyir ağlayır...

- Mövzunu dəyişəkmi? Bax, İsveçrədəki yaşıllığa bənzəyir bura da...

Yenə xatırladım. İsveçrədə bizi gəzdirən dostumuz Vurala oraların Kəlbəcərə bənzədiyini deyirdi...

- Mən yoruldum axı ... Cavanlığım müharibə həşirində, indi də belə çürüdürsən...

(Seyran Səxavət zəng eləmişdi bu günlərdə. Deyir, son hekayəsin oxudum, şedevrdi. Deyirəm, abi, nə şedevr? Ağrılarını yazıb. Hamı üçün deyil o hekayə. O yerlərin həsrətin yazıb da. Seyran abi də belə dedi - sən bilməzsən bunu...)

- Çox paxıllıq eləyirəm öz evləri olan adamlara...

- ???

- Yəni rayonda öz evlərinə gedə bilən adamlara... Biz gedə bilmirik...

- Adamlar elə bilir sizin dərdiniz-filan yoxdu. Sən də onlara paxıllıq eləyirsən. Görürsən nə cani-dildən söyürlər? Fikir vermişəm öz ağdamlıların da çooox ürəkdən “like” eləyir o söyüşləri.

- Kiri. Onlar nə bilir dərd nədi. Ağdam görüblər onlar? Uşaqdılar...

(Bir dəfə getdiyimiz yerə Tansunu da aparırdıq. Uşaqdı darıxırdı bizim yanımızda, telefonun qulaqcıqların taxıb öz musiqilərin dinləyirdi. Babası irad tutdu:

- Tansu, maşında qulaqcıq taxmaq olmaz. Qadağandı.

- Niyə? Kim verib o qərarı?

- Biz.

- Niyə səs vermisən?

Pauza və sonra:

- Mən səs verməmişəm. Amma çoxluq qəbul edib.

- Dəyişin. Doğru qərar deyil...

Bu da uşaq. Ən böyük müxalifət öz evində. Bunu danışanda da dostlar - hamının gücü ancaq ona çatır dedilər. Məmləkətin bütün problemlərinə sipər eləyiblər. Harda nə olsa yada düşür. Daha doğrusu, yada salırlar. Hər iki tərəfdən özü də. Mərkəzdə durub hamıya əl uzadan adamların əlini qırmaq tapşırığı verilib)

***

- Bax, qarabağlı olasan, həm də oxuya bilməyəsən... Belə dərd olar?

- Böyük dərddi, əlbəttə. Amma oxuma. Siz tərəfdə oxuyandı da hamı.

- Danışmağa da qoymursuz axı.

- Bizə qulaq asırsan ki? Danışan kimi marıqda durublar, hay düşür virtuala. Bizə də rəhmin gəlsin. Yorulmuşuq... Çox yorulmuşuq... Bu qədər zəhmətin cavabı belə oldu... Ağ deputatsan ee sən. Ağ şəhərlərə gedirsən - Ağdam, Ağcabədi, Ağsu, Ağdaş... Və sairə. Kef elə. Yoxsa o birilərin samalyotda canı çıxır - qara Avropanın qara şəhərlərində.

- Boş ver. Ad günüm yaxınlaşır.

- Heç yalan danışmayan adamın ad günü. Aldatmaca günündə.

- Hələ dilimə yalan gəlməyib.

- Hə, yalan danışmaqdı, şöhrət sevməkdi - bunlar sənlik deyil.

- Əlbəttə...

- Çatırıq deyəsən... Şirvan cənnətə döndü, yaddan çıxdı...

- Çıxmaz!!!

 

 

İradə TUNCAY

 

525-ci qəzet.- 2019.- 30 mart.- S.15.