Qadınlardan siyasətə, dinə və tarixə qədər: Ərdoğanla Atatürk söhbəti...

 

 

 

Səhərin erkən saatlarında buludların arasından doğub dənizin üstündən boylanan günəş şüalarının suda bərq vurduğunu seyr edirsən.

 

Sənə elə gəlir ki, dünyadakı bütün bəyaz rəngli daş-qaşı yığıb suyun üzünə töküblər. Par-par parıldayan görüntüdən gözlərin qamaşır, göz qapaqların yavaş-yavaş qıyılır. İzlədiyin mənzərə səni sehrinə salır. Günəşin bu qədər uzaqkən istisi ilə üzünə, gözünə, çölün, çəmənin, dağın, dərənin, bir sözlə, qosqoca kainatın dərinliyinə qədər necə işlədiyini öz aləmində dərk etməyə çalışırsan. Sonra yadına düşür ki, axı, burada təəccüblü nə var, dünya yaranandan günəşin işinin adı bu olub. Bəs, çox uzaqda - kainatın ta o başında, torpağın altında - nəfəs alan və almayan insanlar səni hansı güclə isidə və ya üşüdə bilirlər? Fikirləşirsən ki, ürəyinin ritmini, nəbzini, təzyiqini yerindən oynadıb, həm sevincə, həm təbəssümə bürüyən insanların yanında günəşin etdiyi nədir ki? Sonra israrla yaddaşını qurdalamağa başlayırsan. Artıq özünə də maraqlı gəlir, günəş kimi dərinliklərinə işləyən adamların kimliyi... Xatırlayırsan! Susub, bayaqdan bəri gözünü qamaşdıran dənizin sonsuz maviliyinə qərq olursan. Yavaş-yavaş suya doğru gedib ayağını yumşaq, sarı, daşsız, tikansız, od kimi yanan qum dənələrinin üstünə basır, üzünü topa-topa pambıq kimi ağ buludların dolaşdığı mavi səmaya çevirərək onu xəyal edirsən. Birdə baxırsan ki, 1881-ci ildən 1938-ci ilə qədər davam edən əsrarəngiz dönəmdəsən. Mustafa Kamal Atatürk dönəmində! Osmanlı-türk paşası, islahatçı, siyasətçi, dövlət xadimi, ölkəsində monarxiyanı ləğv edib respublikanı quran, Türkiyəni Türkiyə edən bu böyük şəxsiyyət məhz həmin günəş kimi insanlardandır. Vəfatından uzun illər keçməsinə, buz kimi torpağın qucağında uyumağına rəğmən, hələ də hərarəti ilə isidir, qoyub getdikləri ilə arındırır, duruldur, yaratdıqları ilə güc verir. Hərə bir zərrə işığından tutaraq yaşayıb gedir...

Yazıçı, rejissor, ssenarist, musiqiçi, siyasətçi Zülfü Livaneli ilə növbəti söhbətimizdə mövzumuz qadınlar olsa da, söhbət o qədər dərinləşdi ki, qadından siyasətə, siyasətdən dinə, dindən tarixə və böyük Müstafa Kamal Atatürkə qədər gedib çıxdıq...

“Qadın kişi ilə ya bərabərdir, ya da daha üstündür”

- Dünyanı ayaqda tutan ən böyük güc qadınlardır. Çünki qadın nəsil artırır, doğmağın sancılarını, ağrısını bilir, uşaq böyütməyin çətinliklərinə bələddir. Buna görə də, onun üçün hər canın qiyməti var. Kişilər tarix boyu daha çox müharibə oyunlarının içərisindədirlər. Siyasətdən, bir-birini öldürməkdən, qırmaqdan, yox etməkdən doymurlar... Bəs, bütün qanlı-qadalı savaşların sonu hara dirənir? Hə, qadınların mərhəmətinə. Axıdılan qanları dayandıran, yaraları sarıyan, sağaldan yenə qadınlar olur. İnsanlığın yeni nəsillərə ötürülməsi, aşılanması qadınlar sayəsində mümkündür. Amma çox təəssüf ki, dünyada tək güc olmasına rəğmən, xüsusilə təktanrılı dinlərdə qadınlar üzərində bir basqı var. Daha əvvələ baxıram, köhnə dinlərdə belə deyil. Qadın ya kişi ilə bərabərdir, ya da daha üstündür.

“Bu, mənim xanımdır, mən isə hamınızın...”

- Çingiz xanın hekayəsini ən gözəl örnəklərdən biri kimi çəkə bilərəm. Bəllidir ki, monqol qadını kişilərin toplantısında iştirak edə bilməzdi. Lakin Çingiz xan bu qaydanı pozur. Atasının sağlığında 11 yaşlı Timuçin Onqirat qəbiləsinin başçısı Bilgədayın qızı 9 yaşlı Börtə ilə nişanlanır, 19 yaşında evlənir. 20 yaşında Merkit qəbiləsi üzərində qələbədən sonra Qurultay çağırır. İtaət edən bütün qəbilələrin başçıları toplantıda iştirak edir. Hər kəs oturub Çingiz xanın gəlməsini gözləyir. Bir azdan Timuçin və qadını Börtə gəlir. Əyləşirlər və xaqan qadını sağ tərəfində oturdur. Ənənəyə uyğun olaraq soldan başlayaraq, qəbilə başçıları özlərini təqdim edirlər. Son qonaq özünü tanıdandan sonra növbə Börtəyə çatır. Burada sözü Çingiz xan alır və “Mən hamınızın xanı, bu da mənim xanım Börtə” - deyir. Hətta “xanım” sözünün oradan gəldiyi deyilir. O dönəmlərdə dövləti xan və arvadı bərabər idarə edirdilər. Bəzi cəmiyyətlərdə, matrialxal toplumlarda qadın daha da üstün idi. Anadolunun ən böyük simvolu “Kibele” ana-tanrısıdır.

“Qadın üzərində basqı səngimir”

- Tarixə nəzər yetirsək, hələ lap qədimlərdə qadın uğrunda savaş açan dövlətləri görə bilərik. Misal olaraq Troyanı göstərmək olar. Yunan mifologiyasına əsasən hələ Homer eposuna qədər mövcud olmuş hadisədir. Troya şahzadəsi Paris öz gözəlliyi ilə məşhur olan Sparta çariçası Yelenanı qaçırdır. Qisas almaq üçün Axeylilər qoşun toplayaraq, böyük bir donanma ilə Troyaya hücuma keçirlər. Onillik müharibədə çox itkilər verilir. Nəticə etibarilə Troya bir hiylənin qurbanına çevrilərək süqut edir.

Görürsənmi, bir qızın sevgisi şahzadənin onu qaçırtmasına, dövlətlərin qarşı-qarşıya gəlməsinə, sayı-hesabı bilinməyən insan ölümünə, illərlə davam edən savaşa səbəb olur. Amma bu qədər dəyərli olmasına rəğmən, qadınlar üzərində basqı səngimir.

“Dünya kişilərin hegemonluğu altındadır”

- Əsas da təktanrılı - yəhudi, xristian, müsəlman dinlərində qadın arxa plana atılaraq, evə qapadılaraq inkişafı əngəllənir. Kişilər üçün yaradılan fürsətlərdən qadınlar məhrum qalır. Elmdə, idmanda, digər zəka oyunlarında, qəzetçilikdə, hansı sahədə olur-olsun, əsrlər boyu belə davam edib. Bütün bunlara rəğmən, Madam Kuri və dünyanın müxtəlif yerlərindən onun kimi böyük qadınlar çıxıb. Amma bu gün dünya yenə də kişilərin hegemonluğu altındadır.

“Çirkin olan qapansın, gizləyəcək qüsuru olmayan açılsın”

- Demək olar, hər yerdə, elə Amerikanın özündə də,  bu yöndə bərabərsizlik var. İstər maddi, istərsə də mənəvi bərabərsizlik! Türkiyədə isə vəziyyət getdikcə daha da pisləşir. Bizim qadınlarımız Cümhuriyyət dönəmində, Mustafa Kamal Atatürkün devrimləri ilə bərabər azadlıq əldə etdilər. Doğrudur, bu azadlığa qovuşmaq onlar üçün çətin, keşməkeşli olmadı. Həmin dövrdə kişi geyimləri ilə bağlı qanun çıxdı. Orada göstərilirdi ki, kişilər şapqa və qərb qiyafələri geyinməlidir. Amma qadınlarla bağlı heç bir qanun çıxmadı. Hətta bir fransız jurnalist Atatürkdən müsahibə alarkən bununla bağlı maraqlı dialoqları olmuşdu:

- Əfəndim, ölkənizdə bütün qadınlar başlarını açdılar. Artıq müsəlman qadınlar açıq saçlarla gəzirlər. Bunu necə bacardınız?

- Bir gün dedim ki, çirkin qadınlar özlərini qapatsınlar, gözəl, gizləyəcək qüsuru olmayanlar açsınlar. Buna görə də, indi hamısının başı açıqdır.

Təbii ki, Atatürk bunu zarafatla demişdi.

“Qadının geyiminə toxunma, öldürərlər”

- Amma başqa daha dəhşətli bir həqiqət var. Əfqan kralı Emanullah xan Türkiyəyə Atatürkü ziyarətə gəlir. Atatürk reformlarına heyran qalır. Deyir ki, mən də geri dönəndə eyni işləri görəcəm. Bizdə də qadınların başı belə açıq olmalıdır. Bununla bağlı qanun çıxaracam. Atatürk ona deyir ki, bunu qanunla etmə. Zorla tətbiq edərək qadının geyiminə toxunma. Hələ dini geyimlərə qətiyyən müdaxilə etmə. Bu, çox təhlükəlidir. Səni öldürərlər! Həqiqətən belə də oldu. Emanullah xanı bu qanunu tətbiq etdikdən sonra öldürdülər. Sən heç bir müsəlman qadının baş örtüyünə əl uzada bilməzsən! Hətta tutduğun yüksək vəzifənə arxayın olub qanun çıxarmaqla da bunu reallaşdırmaq olmaz. Bu, ancaq könüllü şəkildə mümkündür. Bizdə belə oldu.

1930-cu illərdəki fotolara baxanda bunu aydın görmək olur. İstanbulda da deyil, Anadolunun şəhərlərində, Samsun, Çorum, Hatay kimi rayonlarda qadınlar inanılmaz dərəcədə modern, qısa, açıq-saçıq geyimlərdə idilər. Mənim nənəm 1900-cü ildə doğulub. Rəsmlərə baxıram, nə nənəmin, nə də anamın başı örtülüdür.

Türkiyəyə qapanma prosesi 2000-ci illərdə, Ədalət və İnkişaf Partiyası ilə birlikdə gəldi. Ortaya özəl bir baş bağlamaq növü çıxdı. Bundan siyasi simvol olaraq istifadə elədilər. İqtidara gəlmək üçün bu üsulu seçdilər. Millət vəkili olduğum dönəmlərdə Cümhuriyyət Xalq Partiyası və digər partiyaların “qadınlar belə gəzməsin, başlarını örtməsinlər” müdaxiləsinə həmişə qarşı çıxdım. Həmin vaxtlar bununla bağlı çox çıxışlar elədim. İcazə verilməlidir ki, insanlar istədiyi kimi geyinsin, hicaba bürünmək istəyirlərsə, bürünsünlər, bundan qurtulmaq istəyirlərsə qurtulsunlar. Kimə nə?!

İslamda qadının örtünməsinin təməli

- Ümumiyyətlə, İslamda qadının örtünməsi çox əcaib bir təmələ dirənir. Yəhudilikdə din anadan keçir. Ana yəhudidirsə, uşaq da yəhudidir. Müsəlmanlıqda isə atadan keçir. Qədim zamanlarda yəhudilikdə Allah qarşısında uşağın dini önəmli idi. Uşağın dini kimliyini yanlış bəyan etməmək, Allaha yalan söyləməmək üçün körpənin yəhudi qadının bətnindən çıxması yetərli sayılırdı. Bilinirdi ki, bu uşaq yəhudidir, burada problem yoxdur. Amma müsəlmanlıqda atadan keçdiyi üçün atasının müsəlman olduğundan əmin olmaq, Allahı aldatmamaq lazımdır. Bundan əmin olmağın üçün isə qadının üzünü örtüb qəfəs arxasına qapadacaqsan, yəni kilidləyəcəksən.

Nə üçün müsəlmanlıqda qadınlar belədir, niyə qapadılır, bu qədər qəfəs arxasına salınır? Bax, səbəb budur! Çünki müsəlmanlıqda din atadan keçir. Bəs, əgər həmin uşaqlar yəhudi süd satanın, xristian satıcının uşağıdırsa?

“Osmanlı 150 il qərbləşməyə çalışdı”

- Mustafa Kamal Atatürk Türkiyədə çox böyük inqilablar etmiş insandır. O, bunu elə-belə, öz yanından eləmədi. Osmanlı 150 il qərbləşməyə çalışdı. Bu yolda o qədər çox mübarizələr aparıldı ki, islahata meylli bəzi padşahlar öldürüldü. Üçüncü Səlimi Topqapı sarayında, öz otağında öldürdülər. İkinci Mahmud ölümdən canını zorla qurtardı. Türkiyə tarix boyu islahatlara qarşı çıxıb, çağdaşlıq, qərbə meyllilik əngəllənib. Fəqət, Atatürk, onun tərəfdaşları və həmin dönəmdəki bütün aydınlar gördülər ki, bunun sonu yoxdur, bu şəkildə çox getmək mümkün deyil. Məsələn, o dönəmin çox məşhur bir şairi vardı - Ziya Paşa. Onun bu misraları bütün aydınların dilində əzbər idi:

Diyari küfrü gezdim,

beldeler kaşaneler gördüm

Dolaştım mülki İslami,

                   bütün viraneler gördüm.

Deyir ki, gəzdiyim qərb ölkələrində baxımlı, abad paytaxtlar, gözəl tikililər gördüm. Amma gəzdiyim bütün müsəlman ölkələrində başdan-başa xarabalıqların, yoxsulluğun, geridəqalmışlığın şahidi oldum.

Artıq Osmanlı elə bir mərhələyə çatmışdı ki, Şərq dünyasında ərəblərlə və islamla inkişaf yolunun qeyri-mümkünlüyü yaxşı başa düşülürdü. Artıq buna padşahların da şübhəsi qalmamışdı.

Avropa, Qərb mədəniyyəti ilə bağlantılar xeyli irəli getmişdi. Dolayısı ilə Qərb mədəniyyətinə doğru getmək, üzünü Qərbə tərəf çevirmək istəyi 150 illik bir mübarizədən keçmişdi. Osmanlı İmperatorluğu süqut etdi, Atatürk dostları ilə bu missiyanı həyata keçirməyi bacardı. Doğrudur, dostları da bu yolda onu tam anlamadılar. Amma Atatürk məqsədinə çatdı.

Saloniki fikirlərin, düşüncələrin qaynadığı, 16 dildə qəzet çıxan maraqlı bir yer idi. Atatürk orada yetişdiyi üçün Qərbə yaxşı bələd idi. Makedoniyada manastırda əsgər məktəbində oxuyur. Sonra İstanbulda hərbi məktəbi bitirir. O dönəmdə Qərbin model olmağı Mustafa Kamalla birlikdə bütün aydınların beynində idi. Bu mövzuda Rəcəb Tayyib Ərdoğanla bir söhbətimiz olmuşdu. Bunu ilk dəfə jurnalist kimi sənə danışacam...

Ərdoğanla Livanelinin söhbətindəki ziddiyyət...

- Tədbirlərdən birində Rəcəb Tayyib Ərdoğanla söhbət etdik. Öz düşüncələrimi, hər ölkənin qoruyucu dəyərləri olduğunu dedim. Amerikada Corc Vaşinqtonla, Tomas Cefersonla, Fransada Şarl De Qoll ilə heç kimin çəkişmədiyini söylədim. Çünki onlar hər kəsin qəbul edilən ortaq dəyəridir. Türkiyədə də Atatürk qurucu dəyərdir, siyasi oyunlardan kənar qalmalıdır, dedim. Ərdoğan dedi ki, hə, mən də elə düşünürəm, haqlısan. Bizim istiqlal hərbimizin komandanıdır. Fəqət, belə bir problem var: bizim Cümhuriyyətimizin qurucuları Salonikidən - imperatorluğun ən ucundan  - Qərbdəndirlər. Bu adamlar avropalıdırlar, ordan gəldilər. Gələrkən öz həyat tərzlərini, mədəniyyətlərini, içkilərini, içkiyə olan münasibətlərini, “balo”larını, ziyafətlərini gətirdilər. Trakyanı, İstanbulu, Egeni, İzmiri öz təsirləri altına sala bildilər, amma Anadolunun dərinliklərinə girə bilmədilər. Biz Şərqə - ərəb mədəniyyətinə daxilik.

Güldüm. Amma sonra düşündüm, dediklərində haqq var idi. Əgər Atatürk islahatları davam etdirə bilsəydi, Türkiyə bu gün çox fərqli nöqtədə olardı.

“Son dönəmlərdə qadın haqlarında geriləmə var”

 

Bizim tariximiz həmişə belə olub, yerində durmayıb, elə hey oynayıb: gah sağa - dincliyə can atıb, gah da sola - qarışıqlığa. İstanbulun fəthində, Fatih dönəmində də vəziyyət belə idi. Bizdə həmişə iki qanad olub. Axı, Şərq və Qərbik, körpü kimiyik! O körpüyə gah Şərq, gah da Qərb mədəniyyəti hakim olur. Bununla bağlı bir bənzətməm var. Türk aydını bir akrobatçıya bənzəyir: Şərq iplərindən tutub, Qərbə doğru yellənirik, ordan tutmaq istəyərkən digər ipləri buraxırıq, alınmır, boşluqda qalırıq. Belə davam edə-edə qadınlar da qazanılmış haqlarının çoxunu itirdilər. 1930-cu illərdə Avropanın bir çox yerindən qabaq türk qadını səsvermə hüququ qazandı. Səs verdilər, məclisə girdilər, mühüm vəzifələrə keçdilər, idarəçi oldular. Qapalı İslam toplumundan bura keçə bilmək möhtəşəm idi. Fəqət, son dönəmlərdə, xüsusilə 2002-ci ildən sonra qadın haqlarında çox böyük geriləmə oldu.

“Qadınların gözardı edildiyi cəmiyyətdə mədəniyyət ola bilməz”

- Atatürk Sofiyada Türkiyənin hərbi təmsilçisi olduğu vaxtlarda oradan çox təsirlənib. Sofiyadan əvvəl Fransada, Berlində, Avropanın fərqli ölkələrində olmuşdu. Amma Sofiyanın Osmanlıdan qopduqdan sonra bu qədər inkişaf etməyinə, opera binasına, mədəniyyətlərindəki zənginliklərə, qadınların azadlığına baxıb heyrətlənmişdi. Bu, yazdığı məktublarda da öz əksini tapıb. Deyirdi ki, bir mədəniyyət ancaq qadın və kişi ilə bərabər qurula bilər. Qadınların gözardı edildiyi, onların ikinci plana atıldığı cəmiyyətdə mədəniyyət ola bilməz. Bu mövzuda fikirləri o qədər qətidir ki... Türk qadınının da qərbdəkilər kimi modern, təhsilli, cəmiyyətin quruluşunda, siyasətdə, elmdə, universitetlərdə yer alması üçün çalışırdı. Bu, onun üçün ən vacib məsələlərdən biri idi. Etdi, həqiqətən bunu bacardı! Ona görə də indi Türkiyədəki Atatürkçü qadınlar ona qarşı böyük bir şükranlıq hissi içindədirlər. Bunu itirmək istəmirlər. Bilirsən də, Atatürk 1881-ci ildə doğulub. Bu gün Türkiyədə yüz minlərlə gənc qız onun imzasını, doğulduğu ili, adını qollarına, çiyinlərinə döymə etdirir və qürurla gəzirlər. Bunu hansı güc yaradır? Dövlətin əmri, qanunu, basqısı ilə belə bir sevgi selini yaratmaq mümkündürmü? Yox, əsla! Buna səbəb həm də minnətdarlıq duyğusudur! Bu gün bizi xilas edən məhz qadınlarımızın məsələyə bu cür yanaşmasıdır. Amma o biri deyir ki, biz Şərqə - ərəb mədəniyyətinə daxilik. Qadınlar qapanacaq evə, işləməyəcək, başlarını da örtüb uşaq böyüdəcəklər. Görürsən də, Şərqlə Qərbin ən çarpıcı şəkildə ziddiyyətdə olduğu yer Türkiyədir!..

Zülfü Livaneli ilə söhbəti bitirdik. Diktafonu söndürdüm. Sonra Atatürkdən danışdıq. Növbəti müsahibələrdən birinin bütünlüklə onunla bağlı olacağına söz verdi...

Mən isə beynimdə dolaşan milyon fikri götürüb, yenidən Ağdəniz sahilinə üz tutdum. Artıq günəş bərq vurmurdu, mən qayıdana qədər uzaqlaşmışdı. Amma dənizlə göy üzünün maviliyi hələ də yerində idi. Bir-birinə qarışıb, sanki uzaqda əsrarəngiz harmoniya yaratmışdılar. Mən isə dayanmadan Livanelinin misralarını təkrarlayırdım:

Ah deniz, ah mavi sonsuzluk

Büyük, dürüst ve temiz

Ahh! Denize benzeyen insanlar

Nerdesiniz? Nerdesiniz?..

 

 

Türkan TURAN

 

525-ci qəzet.- 2019.- 30 mart.- S.12-13.