Unudulmaz ədəbiyyatşünasın
unudulması
Anadan olmasının 120 illiyi keçən il tamam olan, amma haqqında o qədər də danışılmayan Əmin Abidin əvvəlcə ömür yoluna ümumi nəzər salmaq, bu görkəmli ədəbiyyatşünasın çoxları üçün naməlum olan bioqrafiyasından bəzi vacib faktları xatırlatmaq lazım gəlir. Xatırlatmalı vacib faktlardan biri barədə ədəbiyyatşünas İslam Ağayev məlumat verir.
Əmin Abidin qardaşı şair Əliabbas Müznib haqqındakı monoqrafiyasında İslam Ağayev bu qardaşların Bakı xanı Hüseynqulu xanın nəslinə mənsub olduqlarını bildirir. Məlum olur ki, Gəncənin müsəlman əhalisinə divan tutmuş general Sisiyanov Bakıda öldürüləndən sonra Hüseynqulu xan Bakını tərk etmək məcburiyyəti qarşısında qalır. Xanın Bakıdakı qohum-əqrabası çar ordusunun amansız cəza tədbirləri ilə üzləşir. Xan nəslindən sağ qalan tək-tük adamlardan biri Novruz adlı bir uşaq olur. Min bir əzab-əziyyətlə böyüyüb boya-başa çatan və ailə-uşaq sahibi olan Novruz Əliabbas Müzniblə Əmin Abidin babasıdır. Əliabbas Müzniblə Əmin Abidin ataları Mütəllib də atası Novruz kimi çox çətin gün-güzəran keçirməli olub. Daşyonan usta olan Mütəllibin çörəyi daşdan çıxıb. Anaları Reyhan tikiş tikməklə, uşaqlara və qadınlara Quran oxumağı öyrətməklə çörək pulu qazanıb, ailənin dolanışığını az-çox yoluna qoymaqda ərinə arxa-dayaq olub. 1898-ci ildə Bakıda doğulan Əmin Abidə ata-anası Zeynalabdin adını qoyub. Ədəbiyyatşünas Bədirxan Əhmədli və Əli Şamilin Əmin Abid haqqındakı oçerkindən məlum olur ki, yazıb-oxumağı evdə anasından öyrənən Zeynalabdin Bakıdakı III Aleksandr Oğlan gimnaziyasında təhsil alıb. Gimnaziyada təhsilini bitirdikdən sonra “Babayi-Əmir” və “Dirilik” jurnallarında - Əliabbas Müznibin redaktorluğu ilə çap olunan mətbuat orqanlarında çalışıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə pedaqoji təhsil almaq üçün İstanbula gedib. 1921-ci ildə təhsilini başa vurub Bakıya qayıdan Əmin Abid təhsilini Darülfünunda davam etdirmək məqsədilə yenidən İstanbula göndərilib. İstanbul Darülfünunda oxuduğu illərdə Azərbaycan ədəbiyyatı tarixinə aid məqalələr üzərində çalışmaqla yanaşı, şeirlər yazıb və həmin şeirləri Gültəkin imzası ilə “Yeni Kafkasya” jurnalında çap etdirib. Azərbaycan mühacirlərinin nəşr etdikləri bu jurnal Əmin Abidi antisovet ruhlu şeirlər müəllifi kimi tanıdıb.
Bədirxan Əhmədli və Əli Şamilin yazdıqlarından o da məlum olur ki, Əmin Abid ədəbiyyat tarixi üzərində çalışarkən İstanbulda axtarışlar aparmaqla kifayətlənməyib, bu axtarışları Qəzvinin, Ərzurumun və Avropadakı bir çox şəhərlərin kitabxanalarında və arxivlərində davam etdirib. İstanbulda ədəbiyyat tarixinə aid yazdığı məqalələri Əmin Abid Bakıda ayrı-ayrı jurnallarda nəşr etdirməyə başlayıb. İstanbuldan qayıdandan sonra Pedaqoji Texnikumda və Universitetdə dərs deyən Əmin Abidi bir müəllim və araşdırıcı kimi daha çox düşündürən məsələ “Dədə Qorqud” dastanı olub. İstər məruzələrində, istərsə də dövri mətbuatda çap etdirdiyi məqalələrində Əmin Abid “Dədə Qorqud” dastanına xüsusi yer verib. “Dədə Qorqud”un Drezden nüsxəsinin surətini ilk dəfə Azərbaycana gətirən də bu əvəzsiz dastan barədə Azərbaycanda ilk elmi fikir söyləyən də, bu abidəni bizdə ilk dəfə nəşrə hazırlayan da Əmin Abid olub. Amma ürək ağrısı ilə demək lazım gəlir ki, Əmin Abid “Dədə Qorqud”u Azərbaycanda nəşr etdirə bilməyib. Qorqudşünaslığın Azərbaycanda Əmin Abiddən başlaması uzun müddət çoxumuzdan ötrü naməlum olaraq qalıb. Uzun müddət Əmin Abidin “Dədə Qorqud”la bağlı təməl fikirlərindən istifadə olunub, amma onun adı çəkilməyib. Bədirxan Əhmədli və Əli Şamil həmin məsələyə bu şəkildə aydınlıq gətirirlər: “Azərbaycan qorqudşünasları Əmin Abidin ən çox “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr” məqaləsindən istifadə ediblər. Lakin dövrün təzyiqlərindən ehtiyatlanan ədəbiyyatşünaslar yararlandıqları mənbəni göstərməkdən ehtiyatlanıblar”. Tale belə gətirib ki, haqqının tapdanması halları ilə Əmin Abid öz sağlığında üzləşməli olub. 1929-cu ildə çap olunan “Ədəbiyyatdan iş kitabı”nda Atababa Musaxanlı “Dədə Qorqud”dan bəhs edərkən və Əmin Abidin bu abidə ilə bağlı fikirlərindən yararlanarkən Əmin Abidin adını çəkmir. Əmin Abid bu haqsızlığa öz etirazını bildirir: “Oğuznamə” (“Dədə Qorqud” - M.K.) indiki vəziyyətinə görə Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir. “Ədəbiyyatdan iş kitabı” adlı dərs kitabında mənim ilk dəfə olaraq irəli sürdüyüm bu fikir eynilə kopya edilmiş və məndən alındığına aid heç bir işarə qoyulmamışdır. Halbuki bu fikri 27-ci ildə Bakı Darülfünunda verdiyim məruzədə irəli sürdüyüm kimi, yenə də eyni sənədə Bakı Pedaqoji Texnikumunda və 28-ci sənənin başlanğıcında Bakı Maarif Evi Ədəbiyyat Dərnəyində “Azərbaycan ədəbiyyatının başlanğıcı” mövzusunda verdiyim məruzədə təkrarlamışdım. Bundan başqa, 1927-ci ildə Ruhulla Axundov yoldaşa təslim etdiyim “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” adlı əsərimdə uzun-uzadı izah edilmişdir”. Bu sözlərin yazıldığı 1929-cu ildən cəmi bir neçə il sonra bir çox başqa ədəbiyyatçılarımız kimi, Əmin Abidə qarşı da siyasi hücumlar başlayır. Pantürkist adı altında ittiham edilib repressiyaya məruz qalandan sonra Əmin Abid adının çəkilməməsi artıq adi hala çevrilir. Beləliklə, Əmin Abid həqiqəti illər boyu pərdə arxasında qalır və bu həqiqət dilə gətirilmir.
İllər boyu dilə gətirilməyən Əmin Abid həqiqəti nədən ibarətdir? Bu suala cavab verməkdən ötrü, təbii ki, Əmin Abidin ədəbi irsi haqda az-çox təsəvvür yaradılmalıdır. Qeyd olunmalıdır ki, Əmin Abid, hər şeydən qabaq, bir ədəbiyyat tarixçisidir. XX əsrin 20-ci illərində Tiflisdə nəşr olunan “Yeni fikir” qəzetinin İstanbul üzrə müxbiri Əli Şahbazovun 1926-cı ildə həmin qəzetdə verdiyi məlumata görə, Əmin Abid 6 cilddən ibarət olan ədəbiyyat tarixi üzərində çalışır. Çox təəssüf ki, Əli Şahbazovun qeyd etdiyi 6 cild bütövlükdə əldə yoxdur. Bədirxan Əhmədli və Əli Şamilin axtarışları hesabına Əmin Abidin ədəbiyyat tarixinə aid cəmi iki kitabı və 20-ci illərdə ayrı-ayrı jurnallarda çap olunmuş bir neçə məqaləsi üzə çıxarılıb. Kitablardan biri “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”, ikincisi isə “Azəri ədəbiyyatı tarixi”dir. Əmin Abidin bir ədəbiyyatşünas kimi unudulmasının ən acınacaqlı faktlarından biri bu kitabların uzun müddət çap olunmaması, ədəbi ictimaiyyətin ixtiyarına verilməməsidir. Xatırladaq ki, “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” bir neçə məqalə ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu xəttilə, nəhayət ki, 2016-cı ildə nəşr olunub. Həmin İnstitut bu il Əmin Abidin ikinci kitabını - “Azəri ədəbiyyatı tarixi”ni çap etmək fikrindədir.
Əmin Abidin ədəbiyyat tarixçiliyində ən prinsipial məsələlərdən biri ümumtürk ədəbiyyatı kontekstinin ciddi şəkildə nəzərə alınması, Azərbaycan ədəbiyyatının mənşəyinə xüsusi diqqət yetirilməsidir. Azərbaycan ədəbiyyatı tarixini ayrıca götürüb tədqiq edərkən ümumtürk ədəbiyyatının ən qədim çağlardan süzülüb gələn inkişaf istiqamətlərini nəzər-diqqətdə saxlayan Əmin Abid istər-istəməz Azərbaycan, azərbaycanlı və azəri adları üzərində geniş dayanmağı vacib bilir. İlk Cümhuriyyətimizin Azərbaycan adlanması, Türkiyədə ziyalıların Azərbaycan xalqını azəri adlandırması hesabına Əmin Abid Azərbaycan ədəbiyyatı, azəri ədəbiyyatı istilahlarından istifadə etsə də, həmin istilahların yanlış yerə yozulmasına kəskin etirazını bildirir. Əmin Abidin kəskin etiraz etdiyi məqamlardan biri Azərbaycan və azəri adlarının birbaşa və dolayı şəkildə İranla əlaqələndirilməsi, Turandan ayrı salınmasıdır. Turan-türk etnik-mədəni dünyasını əsas ünvan kimi nişan verən və bu ünvan üzərində israrla dayanan Əmin Abid “Zərdüşt türkdür, atəşpərəstlik türkün doğma etiqadıdır”, “Midiya tarixi də türkə bağlıdır” kimi şirnikləndirici mülahizələri belə əsassız sayır, o cür mülahizələri irəli sürən Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz kimi mötəbər simalara qarşı çıxmaqdan çəkinmir. Yeri gəlmişkən qeyd edək ki, istər “Azərbaycan türklərinin ədəbiyyat tarixi”ndə, istərsə XX əsrin 20-ci illərində çap etdirdiyi məqalələrində, istərsə də Folklor İnstitutunun bu il nəşr edəcəyi “Azəri ədəbiyyatı tarixi”ndə Əmin Abidin məsələlərə prinsipial mövqedən yanaşmasının, Kunoş, Köprülüzadə kimi nüfuzlu elm adamları ilə polemikaya girməsinin, yeri gəldikcə Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq və b. məşhur yazıçıları belə tənqid etməsinin şahidi oluruq. Belə prinsipial mövqe tutmağın arxasında, söz yox ki, araşdırılan problemlərə dərindən bələd olmaq amili və öz mövqeyində israrlı olmaq məsələsi dayanır.
“Azərbaycan türklərinin ədəbiyyatı tarixi”ndə əsas araşdırma predmeti ağız ədəbiyyatı, o cümlədən, “Dədə Qorqud” Oğuznaməsidir. Əmin Abid “Dədə Qorqud” haqqında maraqlı fikirlər irəli sürür. Aydın olur ki, bu dastan haqqındakı təməl fikirlərin bir çoxu məhz Əmin Abidə məxsusdur. Belə fikirlərdən biri həmin dastanın yazıya alınma tarixi ilə bağlıdır. Dəvadariyə əsaslanıb Oğuznamənin fars dilindən ərəb dilinə IX əsrdə tərcümə edilməsini, həmin abidənin türkcədən farscaya tərcüməsinin isə daha əvvəlki tarixə gedib çıxmasını nəzərə alan Əmin Abid Drezden nüsxəsinin hansısa daha qədim əlyazmadan köçürülməsi qənaətinə gəlir. Həmin qənaət Qorqudşünaslıqda bu gün də qüvvədə qalmaqdadır.
Dədə Qorqud kimdir və eposda onun əsas funksiyası nədən ibarətdir? Qorqudşünaslardan bir çoxunu düşündürən bu suala Əmin Abidin inandırıcı cavabı vardır. Sual ətrafında öz sözünü deməmişdən əvvəl Əmin Abid tarixi qaynaqlara baş vurub Dədə Qorqudun real tarixi şəxsiyyət olması barədə ən səciyyəvi məlumatları gözdən keçirir. Belə qaynaqlardan biri Osmanlı hökmdarlarından II Muradın zamanında - XIV əsrin sonu, XV əsrin əvvəllərində (Əmin Abidin fikrincə, “Dədə Qorqud”un ilk əlyazmalarından xeyli sonra!) qələmə alınmış “Tarixi-Ali Səlcuq”dur. “Tarixi-Ali Səlcuq”un verdiyi məlumata görə, Dədə Qorqud ərəb xəlifəsi Əbubəkr zamanında Türküstandan Ərəbistana gedib və orada müsəlmanlığı qəbul edib. Dədə Qorqudun tarixi şəxsiyyət olması ilə bağlı Əmin Abidin müraciət etdiyi başqa bir qaynaq Əbülqazi Bahadır xanın XVII əsrə aid “Səcərei-tərakimə” əsəridir. Həmin əsərin verdiyi məlumata görə, Qorqud oğuzların hökmdarı İnal xanın və ondan sonra daha dörd xanın vəziri olub və doxsan beş il ömür sürüb. Əmin Abid XII əsr müəlliflərindən İmadəddin İsfahani, Cürcani və Qəzviniyə əsaslanıb digər bir tarixi şəxsiyyəti də diqqətə çatdırır: “Bayatıların mənsub olduqları oğuz zümrəsinin vaqtilə başında durmuş olan Qorqud bin Əbdülhəmid”. Əmin Abid Dədə Qorqudun tarixi şəxsiyyət olmasını əsaslandırmağa yönəlmiş faktlar sırasında bir maddi “sübut” kimi qəbir məsələsini də xatırlatmağı unutmur. Bəli, Əmin Abid Dədə Qorqudun Dərbənddəki qəbrindən, eləcə də türkmənlər, qırğızlar və qazaxlar arasında geniş yayılmış “Qorqudun qəbrini qazma” zərb-məsəlindən söhbət açır. Və bütün bu xatırlatmalardan sonra Əmin Abid Dədə Qorqudun kimliyi məsələsinə əsl folklorşünas yekununu vurur: “Qorqudun şəxsiyyəti haqqında əfsanəvi olaraq bizə ən bol məlumat verən kitab “Dədə Qorqud”un özüdür. Qorquda verilən mənqəbələr tərkib edildiyi zaman Qorqudun iki mühüm sifət sahibi olduğu meydana çıxar: birisində ötədə-bəridə qopuz çalaraq qəhrəmanlar və xanlar-bəylər haqqında hekayə düzüb-qoşan bir ozan, məddah, müğənni; ikincisində xalqın, hətta rəislərin hörmət etdiyi və dinlədiyi əql və mühakimə sahibi şeyxdir”. Əmin Abidin bir folklorşünas kimi ustalığı tarixi şəxsiyyət və dastan qəhrəmanı əlaqəsinin estetik mahiyyətini və qanunauyğunluğunu dəqiq şəkildə nəzərə ala bilməsindədir. Əmin Abid nəzərə alır ki, tarixi şəxsiyyətin həyatı ilə bağlı müəyyən ştrixlər xalqın təsəvvüründə qabaqcadan hazır olan hər hansı obrazın canlandırılmasında yardımçı element funksiyası daşıyır, obraz tarixi faktdan yox, tarixi fakt obrazdan asılı olur. Konkret olaraq eposdan danışsaq, eposda, o cümlədən, “Dədə Qorqud”da tarixi fakt obrazın məzmun və mahiyyətinə uyğunlaşır. Dədə Qorqudun bir obraz olaraq başlıca mahiyyəti ilahi mənşəyə bağlı müdrik ozan olmasındadır. Xalqın təsəvvüründə bu cür sənətkarın qüdrəti yalnız söz qoşmaq, dastan söyləməklə bitmir, gələcəkdən xəbər verib cəmiyyətdə ən müşkül işləri yoluna qoymaq kimi cəhətləri də əhatə edir. Əmin Abid Dədə Qorqud obrazını məhz bu yöndə araşdırır: “Əski ozanların sifət və mahiyyətləri düşünüləcək olursa, yuxarıda göstərilən siniflərin həpsi bir insanda toplanırdı. Ozanlar yalnız dərəbəglərin məddahı, çalğıçısı, müğənnisi deyildi, onlar eyni zamanda, xurafatı nəşr edən bir ruhani, kəramət satan bir mübhəm mahiyyətdə idi. Bu cəhətdən kitabda ...Qorquda verilən həkim və müşavirlik sifəti də ozanların məziyyətlərindəndir”. Dədə Qorqudun kimliyi barədə Əmin Abidin söylədiyi fikirlər bu gün də qüvvədə qalmaqdadır.
Bu günün özündə belə tam həllini tapmayan, müzakirə və mübahisə mövzusu olaraq qalan məsələlərdən biri “Dədə Qorqud”da şifahi və yazılı sözün sərhədlərinin müəyyənləşdirilməsi məsələsidir. Əlimizə yazılı şəkildə gəlib çatan “Dədə Qorqud” mətni birbaşa şifahi ifadan qeydə alınıb, ya kimsə oturub bu mətni hansısa qaynaqlar əsasında bir bədii əsər kimi yazıb? “Dədə Qorqud” şifahi mədəniyyət abidəsidir, ya yazılı mədəniyyət? Bu məsələyə Əmin Abidin münasibəti belədir: “Qorqud kitabındakı müqəddimə parçaları, gərək hekayələrin həpsi “xanım hey” xitabilə başlıyor. Bu cəhətdən “Min bir gecə” hekayələrində gecə başlamalarına çox bənziyor. Hər hekayə nəticədə əski bir molla tərəfindən yapılan dua kibi xanın ömrünə dua ediliyor, ona Məhəmməddən şəfaət diləniyor. Bundan kitabın bir xan adına yazıldığını çıxarmaq mümkün olduğu kimi, əskidən çadır və sonradan saraya da mal olan xan və bəg qonaqlıqları əsnasında bir xana xitabən söyləndiyi ehtimalı da uzaq degildir”. Göründüyü kimi, Əmin Abid “Dədə Qorqud” mətnində həm şifahi, həm də yazılı mədəniyyətin elementlərini görür. Amma müqayisə məqsədilə hər hansı başqa bir abidəni yox, “Min bir gecə” nağıllarını xatırlatması göstərir ki, Əmin Abid “Dədə Qorqud” mətnində şifahi təhkiyəyə məxsus əlamətlərin qabarıq şəkildə hiss olunması qənaətindədir. Əmin Abid bu qənaətini eposun nəzm və nəsr məsələlərindən danışarkən bir daha ortaya qoyur: “Cümlələrin qısalığı, bir çox kəlmə və sifətlərin təkrar edilməsi və zəif olsa da, səcilər yazılması ibtidai bir mənzum ahəngi veriyor. Bu ahəng etibarilə “Qorqud”un çox yarısı nəzm ilə nəsr arasında xüsusi bir şəklə malikdir. Bu şəkil zamanında daha çox musiqi ilə bərabər söylənildiyini, yaxud ahəngdar bir səslə oxunulduğunu ifadə edər”. Bu fikirlərdən bir daha aydın olur ki, Əmin Abid “Dədə Qorqud”un bədii sistemindəki aparıcı cəhətləri üzə çıxarmaq istərkən şifahi ifa prosesinə mühüm amil kimi yanaşır və nəsri nəzmə, nəzmi isə nəsrə yaxın olan bu dastanın özünəməxsus poetikasının formalaşmağında musiqi sədaları altında mətn söyləməyin mühüm rol oynamasını xüsusi diqqətə çatdırır. Əmin Abidin şifahi ifaçılıqla bağlı fikirləri Qorqudşünaslıqda bu gün də qüvvədə qalmaqdadır.
“Dədə Qorqud”un ahəngdar nəsri və bu dastanda heca standartlarına uyğun gəlməyən nəzm parçaları Əmin Abidi Orxan-Yenisey yazılarından, Kaşqari “Divan”ındakı “qoşuq”lardan üzü bəri türk şeirinin ən qədim çağlarına aparır və o, heca vəzninin yaranıb təşəkkül tapma tarixinə aid ciddi elmi-nəzəri araşdırmalar çap etdirir. “Heca vəzninin tarixi” belə nəzəri araşdırmalardan biridir. 1927-ci ildə “Maarif işçisi” jurnalında çap etdirdiyi həmin məqalədə Əmin Abid heca vəzninin tarixini məhz dastanlardakı “vəznli nəsr”dən başlayır: “Bunlar (dastanlar - M.K.) saz cinsindən telli çalğılar çalınaraq, yüksək səslə söylənirdi. Dastanların sözlərinə çalğının havası (melodiyası) verilir və bu surətlə oxunan sözlər, bir vəzn qazanmış olurdu. Dastanların özləri də az-çox ahəngdar bir şəkildə idi: cümlələrin sonlarına bir takım zəif səcilər konulması, cümlə və sözlərin təkrar edilməsi və yaxud bəzi nida ədatının cümlə başına və ya sonuna dəfələrlə əlavəsi, adəta ibtidai bir vəzn və qafiyə deməkdir. Zaman keçdikcə türkcənin təkamülü bu ahəng hərəkətlərindən öz vəznini yaratdı. Bu gün heca vəzni dediyimiz vəzn meydana çıxdı”. İstər “Dədə Qorqud”un ahəngdar nəsrindən və nəsrə yaxın şeirindən bəhs edəndə, istərsə də heca vəznli şeirimizin təşəkkül tarixindən danışanda Əmin Abidin xüsusi diqqət yetirdiyi məsələlərdən biri ifa konteksti məsələsidir. Düzdür, “ifa konteksti” folklorşünaslıqda son dövrlərdə yaranan istilahdır və Əmin Abid, təbii ki, həmin istilahdan istifadə etmir. Amma fakt faktlığında qalır. Fakt budur ki, Əmin Abid folklor mətninin hansı şəraitdə və hansı şərtlər daxilində ifa olunub ortaya çıxdığını xüsusi olaraq nəzərə alır. Əmin Abidin bir həssas folklorşünas kimi folklor mətninin yaranmasında xüsusi nəzərə aldığı amillərdən biri musiqidirsə, başqa biri də mərasimlərdir. Təsadüfi deyil ki, “Türk xalq ədəbiyyatında mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti” adlı çox sanballı məqaləsində Əmin Abid bayatıların musiqi sədaları altında bədahətən söylənməsini qeyd etməklə yanaşı, bu janrda olan nümunələrin bir çox hallarda falabaxma, yas və toy mərasimlərinin tərkib hissəsi kimi meydana çıxmasını xatırlatmağı vacib sayır.
Əmin Abidin 1925-26-cı illərdə İstanbulda yazdığı “Azəri ədəbiyyatı tarixi” adlı əsəri Azərbaycan ədəbiyyatının XX əsr mərhələsindən bəhs edir. XX əsr Azərbaycan ədəbiyyatı haqda aydın təsəvvür yaratmaq üçün Əmin Abid elmi təhlillərini ədəbi istiqamətlər üzrə qurur: “Qəzetəçilik və təkamülü” (Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Haşım bəy Vəzirov, Məmməd Əmin Rəsulzadə), “Vətənpərvər şeir məktəbi” (Məhəmməd Hadi, Əliabbas Müznib), “Mizah ədəbiyyatı” (Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli Nəzmi Kefsiz, Ömər Faiq Lağlağı, Haşım bəy Birisi), “Hekayəçilik” (Nəriman Nərimanov, Sultanməcid Qənizadə), “Tamaşa ədəbiyyatı” (Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Hüseyn Cavid), “Cocuq ədəbiyyatı” (Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov), “Heca cərəyanları” (Əhməd Cavad). Əsərin adındakı “azəri” sözündən də bədii olduğu kimi, bu əsərdə Türkiyə ziyalılarının, Türkiyə ədəbiyyatı və ədəbiyyatşünaslığının güclü təsiri vardır. XX əsrdə yazıb-yaratmış Azərbaycan yazıçılarının əsərlərinə qiymət verərkən Əmin Abidin əsas götürdüyü başlıca meyar Türkiyə ədəbi dili, Namiq Kamal, Tofiq Fikrət, Əbdülhəq Hamid və b. sənətkarların yaradıcılığı ilə təmsil olunan Türkiyə ədəbiyyatıdır. Türkiyə ədəbi dilində və Namiq Kamal, Tofiq Fikrət, Əbdülhəq Hamid kimi sənətkarların üslubunda əsərlər yazan Məhəmməd Hadi, Əliabbas Müznib, Hüseyn Cavidi Əmin Abid az-çox təqdir edir. Sadə xalqın anlayacağı bir dildə və üslubda “mizahi” əsərlər yazan Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabiri isə, Əmin Abid “əsl ədəbiyyat” nümayəndələri saymaqda çətinlik çəkir.
Bu cür subyektiv və mübahisəli fikirlərin də yer aldığı “Azəri ədəbiyyatı tarixi” əsərinin ən qiymətli cəhətlərindən biri bu əsərdə Əmin Abidin, imkan daxilində öz məsləkinə sadiq qalması, antikommunist mövqeyini hiss etdirməsidir. Belə bir mövqe əsərin sonundakı “Kommunizm dövründə fikri cərəyanlar” bölməsində daha qabarıq şəkildə özünü göstərir. “Kontr bolşevizm cərəyanları”, “İstiqlal və mücadilə ədəbiyyatı” başlıqları altında Əmin Abid bolşevizmə qarşı ədəbi mübarizə aparan və milli istiqlal ideyalarını irəli sürməkdən çəkinməyən yazarlar sırasında Gültəkinin də adını çəkir və onun Türkiyə mətbuatında çap etdirdiyi “Qılıncım və başım”, “Buzlu cəhənnəm” kimi antisovet ruhlu şeirlərindən böyük parçalar nümunə gətirir.
Gültəkin təxüllüsünün
Əmin Abidə məxsus olduğunu düşündükcə
bir məsələ bizlərə bir daha aydın olur: Əmin
Abid və Əmin Abid kimi neçə-neçə tədqiqatçımız
öz əsərlərində kommunist rejiminin şəninə
söz demək məcburiyyətində qalsalar da, qəlbən
bu rejimlə barışmayıblar, onların şifahi və
yazılı ədəbiyyatımız haqda söylədiyi
bir çox fikirlər milli istiqlalla bağlı
düşüncələrin ifadə vasitəsinə
çevrilib. Belə tədqiqatçılarımız
arasında Əmin Abidin xüsusi yeri var. Əmin Abidin ədəbiyyatşünaslığımız
tarixindəki layiqli yerini doğru-düzgün görüb
qiymətləndirməyin başlıca yolu isə onun əsərlərini
üzə çıxarıb çap etmək, çap edib
oxumaqdır.
Muxtar KAZIMOĞLU
525-ci qəzet.- 2019.- 30 mart.- S.10-11.