Rəna Mirzəzadə:
“Cəmiyyətimizdə gözlə görünən və
görünməyən o qədər
çatışmazlıqlar var ki...”
Həmsöhmətimiz
- AMEA Fəlsəfə İnstitutunda şöbə
müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə
elmləri doktoru, “Tərəqqi” medallı Rəna Mirzəzadə
ilə cəmiyyətimizin çatışan və
çatışmayan yönlərindən, davranış mədəniyyətindən
və televiziyanın, mətbuatın bu sahədəki rolundan
danışdıq.
- Rəna
xanım, bir ziyalı kimi cəmiyyətimizdəki
davranış mədəniyyətini necə dəyərləndirirsiniz?
- Bu
gün Azərbaycan gözlə görüləcək qədər
dəyişir, inkişaf edir. Bu, nə Sovet Azərbaycanı,
nə də 15-20 il öncəki Azərbaycandır.
Demək olar ki, kəndlər şəhərləşib,
hər tərəfdə yeni mədəniyyət
görünür. Bu inkişafı yaradan
dövlət, dövlət başçısı və
dövlət rəhbərinin siyasətini dəstəkləyən
Azərbaycan xalqıdır. Azərbaycan
xalqı əsrlərdən gələn özünəxas adət-ənənələrə
malikdir. Elə adətlər var ki, onlar
daşlaşıb, cəmiyyətin qanına hopub, onları dəyişmək
qeyri-mümkündür. Heç mən də
hesab etmirəm ki, hansısa adət-ənənəni dəyişmək
lazımdır. Ancaq dövr dəyişir.
XXI əsr texnologiya, innovasiya əsridir. Bu
gün hər kəs dünyanın istənilən yerində
baş verən hadisələrdən xəbərdar ola bilir. Bütün bunlar balaca
bir telefona, planşetə, komputerə yerləşirsə,
hesab edirəm ki, dünya elə həmin o cihazlar boydadır.
Bəs belə sürətli informasiya
axınında Azərbaycan insanı necə
görünür, davranış qaydaları hansı tərzdədir?
Davranış qaydaları deyəndə, öncə mən
insanların bir-birinə qarşı mədəni
davranışlarını nəzərdə tuturam. Çünki
siyasətdə siyasi mədəniyyət var. Siyasi fəallar
bir-birinə həmin qaydalar çərçivəsində
hörmətlə yanaşırlar. Bəs
adi insanlarda bu necədir? Lap elə ali
statuslarda da oxşar mənzərəylə
qarşılaşa bilirik. Məsələn, açıq
şəkildə deyirəm, bəzən elə bir tədbir
olur, orada kiminsə dilindən eşidirsən ki, belə deyir:
“Hörmətli prezident İlham müəllim”. Dövlət
başçısının statusu var: Prezident və Ali Baş
Komandan. Müraciət forması da birmənalı şəkildə
belə olmalıdır: “Cənab (hörmətli, möhtərəm
və s.) prezident (və ya Ali Baş
Komandan)”. Bu, konstitusiyamızda da belədir, biz də
cəmiyyətə belə təlqin etməliyik. Bəli, vaxtilə oxuyub, müdafiə edib, dərs
deyib və dərs dediyi zamanda müəllim olub. İndi isə ölkənin birinci şəxsi olaraq
xüsusi statusları var və ona bu statuslarla da müraciət
olunmalıdır.
O ki
qaldı “müəllim” müraciətinə, o, “öyrədən”,
“uzman” deməkdir. Biz isə hər kəsə
müəllim deyirik. Kateqoriyalarından
asılı olmayaraq, hər kəsin öz statusu var. Müəllim
də bir statusdur və toxunulmazdır. “Müəllim”
sözünü yalnız müəllimlərə xitabən
işlətmək lazımdır, digərlərinə də
öz statusları ilə müraciət edilməlidir: hörmətli
direktor, cənab nazir və sair. Və yaxud
televiziyada hər kəsə “politoloq”, “sosioloq” deyirlər.
Bu, bir ixtisasdır. Müraciət
olaraq isə əgər siyasətdədirsə, “siyasi fəal”,
ictimaiyyətdədirsə, “ictimai fəal” deyilə bilər.
Bizim bu müraciət formalarımızda, davranış
qaydalarımızda bir çaşqınlıq yaranıb. Ulu öndər
öncə ölkədə iqtisadi sabitliyi tənzimlədi,
sonra siyasətə diqqət yönəltdi. Sonralar bu siyasətin layiqli davamçısı
İlham Əliyev onun yaratdığı xətti rəhbər
tutaraq, bu kursu davam etdirdi. Bu kursda. bu yeniləşmə və modelləşmə
prosesində biz ziyalıların işi cəmiyyətdə
görünən və görünməyən nüanslara
diqqət yönəltmək, ölkə siyasətinə
uyğun şəkildə tənzimləmək
olmalıdır. Bəzən elə hallar olur ki,
onu qanunla tənzimləmək olmur. Davranış
qaydalarıyla bağlı konstitusiyada konkret qaydalar yoxdur.
Televiziyalarda görürük, qadındırsa,
işimiz asanlaşır, hamıya “xanım” deyib müraciət
edirlər. Qalanlara isə “müəllim”. Müğənni
nə vaxtdan müəllim olub? Ola bilər,
məsələn, Arif Babayev preofessordur, müəllimdir.
Amma olmayanlara da müəllim deyirlər axı.
Ondansa, “müğənni”, “xanəndə” filankəs
deyib müraciət edin də. Küçədə,
çöldə-bayırda “ay qız”, “ay arvad”, “ay kişi”,
“ay sarıbaş arvad”, “ay oğlan” və sair kimi jarqon ifadələrə
tez-tez rast gəlirik. Olmazmı ki, yaşlı
qadına “ay ana”, “ay xala” və sair deyək? Kişilərə də öz peşələrilə.
Ya da “qardaş”, “bacı” deyərək. Burda ayıb heç nə yoxdur, yavaş-yavaş
dilimiz öyrəşəcək.
Hər kəs öz statusuyla
adlandırılmalıdır. Bunlar, cəmiyyətimizin
düzələn, ancaq ağrılı məqamlarıdır.
Düzəlməsi üçün də
düşünürəm ki, Azərbaycanın ziyalı
kontingenti bu məsələyə münasibət bildirməli,
dəyirmi masalarda müzakirə etməlidir. Azərbaycan dili çox zəngin dildir, ancaq
müraciət formaları sarıdan kasıbdır.
Qardaş ölkədə müəllimə “hocam”,
“uzman” deyib çox yüksək tuturlar. Bizdə isə
“müəllim” sözü ucuzlaşıb. Ölkəmizdə gedən inkişafın dilimizə,
xüsusən müraciətlərə də sirayət etməsinə
ciddi ehtiyac var.
-
Bütün bunlarda televiziyanın rolu nə qədərdir?
-
Televiziya hər bir evə icazəsiz daxil olan bir fenomendir. Ona görə də televiziyanın insanların həyatındakı
rolu hədsiz dərəcədə yüksəkdir. Televiziyaya çıxan insanların,
aparıcıların, görünən-görünməyən
insanların hamısı bu məsuliyyəti hiss etməlidir.
Çünki xüsusən gələcək nəsil
dediyimiz uşaqlarımız televiziyaya baxaraq böyüyür,
yaxşını da, pisi də oradan öyrənirlər.
Orada göstərilən hər şey
uşaqların beyninə həkk olunur. Məsələn,
o gün görürəm ki, televizorda bir balaca qız
uşağı sevgidən mahnı oxuyur. Şux,
ritmik mahnıdır. Ancaq uşağın
yaşına uyğun deyil axı. Televiziya
bunu efirə niyə buraxır? Hanı
bizim uşaq mahnılarımız? Onları kim oxusun? Televiziya
uşağı efirə çıxarırsa, tələbini
də özü qoymalıdır ki, yaşına uyğun
mahnı oxusun. Bəli, gözəl səsi
var, gözəl uşaqdır, mahnı da yaxşıdır,
amma səsinə və yaşına uyğun deyil axı.
Uşaq efirə uşaq geyimində
çıxmalıdır. Niyə
böyük qadın kimi geyinsin, bəzənsin ki? Bunlar da vacib məsələlərdir. Onda uşaq da uşaqlığını yaşayar.
Uşaqları vaxtından tez böyütməyə
nə gərək var ki? Bu, onun
uşaqlığını əlindən almaqdır və
bunda uşağın heç bir günahı yoxdur. Bunda müəllimlər, valideynlər, biz
böyüklər günahkarıq.
Televiziya böyük qüvvədir və mən
düşünürəm ki, bu cür məsələlər
televiziyalarda, özü də bütün kanallarda canlı
diskussiyaların mövzusu olmalıdır. Bir kanal və
ya bir qəzet bunu götürüb özünün brendinə
çevirməli deyil. Kanallar, qəzetlər,
saytlar bu məsələ ətrafında birləşib cəmiyyətin
diqqətini bu məsələyə çəkməlidir.
- Özəl
günlərə, bayramlara münasibətləriniz necədir?
Hamısı lazımlıdırmı?
- Bayaq da
dediyim kimi, elə məsələlər var ki, onlar adət-ənənəyə
çevrilib və onu heç nə ilə tənzimləmək
olmur. Tutaq ki, 8 mart bayramı. 8 martın tarixinə varanda mən onu bayram kimi qəbul
etməzdim. Sovet dövrü insanların
düşüncələrini bu cür yönəltdi və
bu, sonralar da belə qaldı. Həmin
günü insanlar Qadınlar günü kimi qeyd edir. Bu, qadınlar günüdür, bayramı yox. Çünki o günə gələnə qədər
yüzlərlə qadın canından keçib. Sonralar inqilabçıların təklifi ilə həmin
gün tarixə yazılıb. Olsun! Əgər
həmin gündə qadınlar sevinirsə, kişilər də
bir gün əlavə istirahət edib sevinirlərsə,
heç də pis deyil. Əgər biz indi
durub desək ki, eləməyin, onsuz da bir xeyri olmayacaq. Keçirmək istəyən onsuz da keçirəcək.
Bu, bir əsrdən çoxdur ki, belə
formalaşıb və artıq oturuşub.
Müstəqillik illərində gənclər “Valentin
günü”nü tapdılar. Artıq illərdir ki,
bu da gənclər arasında formalaşıb. Nə etmək olar? Deyə bilmərik
ki, etmə. Ona görə də bu cür
məsələlərə loyal yanaşıb, ancaq öncədən
tarixi mənbəyini açıb göstərərək, cəmiyyəti
maarifləndirmək olar ki, insanların gözü
açılsın, bilsinlər bu günlərin kökü
hardan gəlir. Bəlkə, onda tədricən
bunlar sıradan çıxar. Müraciət
qaydaları tamamilə dəyişməlidir, onda konkretlik
lazımdır. Ancaq bu bayramları edən
etsin, etməyən etməsin, hər kəs özü bilər.
- Gül
bazarına, hədiyyə sektoruna xidmət edən bayramlar...
-
Yaxşı yadıma saldınız. Bizdə
gül mədəniyyəti də ifrat dərəcədədir.
Nəyə lazımdır qucaq-qucaq güllər,
böyük dəstələr? Olmazmı
ki, elə bircə güllə bir-birimizi təbrik edək?
Qalan güllər də bağlarda,
bağçalarda yaşasın? Matəm
günlərində iki gül olan kimi, bayramlarda da güllərin
sayı birə endirilsin. Bir nəfərə
saysız-hesabsız güllər almaqdansa, məsələn,
Qadınlar günündə, tanıdın-tanımadın,
onlarla qadının hərəsinə bir gül
bağışlayıb sevindirmək, məncə, daha gözəl
olar.
- Qardaş Türkiyədə və digər xarici
ölkələrdə “Analar günü” və “Atalar
günü” qeyd olunur. Bizdə isə belə bir xüsusi
günlər yoxdur. Sizcə, buna gərək
varmı?
- Belə günlər qeyd olunsa, çox yaxşı olar. Çünki 8 mart sırf cinslə bağlı yaşından, statusundan asılı olmayaraq bütün qadınların günüdür. Bir də olsun “Analar günü”. Müxtəlif peşələrin özlərinə məxsus günləri var. Niyə anaların, ataların günü olmasın ki? Özü də bunu iş gününə deyil, bazar gününə salmaq daha münasib olardı. Gərək deyil, tarixdən, ədəbiyyatdan nəyləsə uyğunlaşdıraq, əsaslandıraq. Elə-belə, hansısa ayın, məsələn, 3-cü bazar gününü Analar Günü, ya da Atalar Günü kimi qeyd edək. Nəyi pisdir ki? Həmin gün ata (ana) yad ediləcək, adına evdə süfrə açılacaq, övladları, nəvələri, onu sevənlər yığılacaq başına və bayramını qeyd edəcəklər. Bu, gənclik üçün də bir örnək olar. Televiziyada, qəzetlərdə də həmin gün ata (ana) haqqında yazılar gedəcək, cəmiyyətdə xoş duyğular yaranacaq. Qoy, həmin gün ata (ana) haqqında mahnılar oxunsun, verilişlər təqdim olunsun. Bu, həm də bayramdan çıxıb, bir yaddaş, xatırlama günü kimi də dəyərli olar. Bəlkə il ərzində valideynlərini yada salmayan, küçədə görsə, salam verməyən naxələf övlad həmin gün bütün ölkənin bu cür ana, ata haqqında xoş sözlərini eşidib utanar, o da öz valideynlərini axtarar, heç olmasa, bircə gün onları yada salar, rəhmətə gediblərsə, məzarlarını ziyarət edər.
- Bəzən 20 faiz torpaqlarımızın işğal gününün hər il xatırlanmasını istəməyənlər, bunu düzgün saymayanlar olur.
- Bəli, mən də qarşılaşmışam elə insanlarla. Hətta mənə sual veriblər ki, onları hər il yada salmaq şərtdirmi? Əlbəttə, şərtdir. Biz hər il bunları deməklə insanlara yenidən xatırladırıq. İnsan elə varlıqdır ki, unutmağa meyllidir. Əgər bunlar deyilməsə, tədricən unudulacaq. O gün olsun, Qarabağ torpaqları geri alınsın. Biz həm o qələbə günümüzü qeyd edək, həm də işğal günlərimizi xatırlayaq. Böyük Vətən müharibəsində Leninqradın mühasirəsi, mühasirədən azad olunması günləri bu gün də yad edilir. Bu, tarixdir, unudulmamalıdır.
- Sizcə, cəmiyyətimizdə daha nələr çatışmır?
- Təşəkkür və şükür
mədəniyyəti. Sanki bir-birimizə təşəkkür
etməyə xəsislik edirik. Ailədaxili mədəniyyətdə
narahatlıq yaradan məsələlərdən biri də
budur. Sonra bu, cəmiyyətə də sıçrayır. Bundan başqa, dilimizə yad
olan bir söz də var: “Bağışla”. Üzr
istəməyi bacarmırıq. Özümüzdən
kiçik də olsa, böyük də olsa,
“bağışla məni” deməyi bacarmalıyıq. Sanki bunu özümüzə
sığışdırmırıq. Amma
düşünmürük ki, bununla ancaq özümüzə
pislik edirik. Cəmiyyətimizdə bu və
bu kimi gözlə görünən və görünməyən
o qədər çatışmazlıqlar var ki.
İqtisadiyyatı, siyasəti düzəltməyə bir
neçə il bəs edir. Mənəviyyatda,
ədəb-ərkanda, əxlaqda, mədəniyyətdə
düzən yaratmaq, onu formalaşdırmaq üçün isə
bəzən əsrlərlə zamana ehtiyac olur.
-
Bütün bu problemlərin həlli yolunda cəmiyyətə
örnək olacaq şəxslər kimlərdir, sizcə?
- Əgər
fikir verdinizsə, mənim iş otağımda Mehriban
xanım Əliyevanın şəkilləri, haqqındakı
kitablar yer alıb. Bu, onun Birinci vitse-prezident,
ölkənin birinci xanımı olmasından yox, Mehriban
xanımın insanlara münasibətinə olan hörmətimdən,
sevgimdən irəli gəlir. Mehriban
xanım bir qadın kimi çox uğurlu qadındır.
O, ana, bacı, övlad, həyat yoldaşı kimi ən
yüksək keyfiyyətlərə malikdir. O, öz
yaxşılığından, xeyirxahlığından,
özü böyük ola-ola sadə, səmimi münasibətindən
qalmır. Onun üçün görüşə
getdiyi yerdə insanların kimliyi, statusu heç də önəmli
olmur. O, hər kəsə qucaq aça bilir. Onun timsalında mən müqəddəs ananı,
qadını görürəm. Bəlkə,
onun kimi olaq, onu örnək alaq? Deyirlər,
ad insanın həyatının göstəricisidir. Adı da onun xarakterini əks etdirir. Mənim üçün o, öyrənməli,
örnək göstərilməli insandır. Bu xüsusiyyətinə görə ona “müəllim”
də demək olar.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 30 mart.- S.8.