Məşhur diplomatın qeydlərində
Naxçıvan
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş "Oxunması zəruri olan kitabların Siyahısı"na daxil edilən, Reyhan Mirzəzadənin yazdığı "Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat" əsərində məşhur diplomatın Naxçıvanla bağlı son dərəcə əhəmiyyətli qeydləri yer alır.
İstər siyasi, istər coğrafi və mənəvi bir çox mövzunu özündə əks edirən bu bioqrafik əsər o dövrlərdə yaşayan diplomatın gözü ilə Naxçıvana baxmağımıza kömək edir. Əsərdə ölkəmizin bir çox şəhərlərində olan şair-diplomatın 1819-cu ildə Naxçıvanla tanış olması, burada qalması, onun yazılarında Naxçıvan, Qazançı, Culfa, Sədərək kimi şəhər və kəndlərin adlarının çəkilməsi, Naxçıvanla bağlı qeydləri, xatirə və digər yazılarından bəhs olunur.
Bu barədə akademik İsmayıl Hacıyev öz çıxışında bildirir: "Aleksandr Qriboyedov diplomatik fəaliyyəti dövründə Şərq aləminə, Azərbaycana və azərbaycanlılara dərin hörmətlə yanaşıb. O, 1818-ci ildə İrandakı rus diplomatik nümayəndəliyinin katibi təyin olunandan sonra İrana gedərkən yolunu hər zaman Azərbaycandan salıb. Əsərdə ölkəmizin bir çox şəhərlərində olan şair-diplomatın 1819-cu ildə Naxçıvanla tanışlığı, burada qalması, onun yazılarında Naxçıvan, Qazançı, Culfa, Sədərək kimi şəhər və kəndlərin adlarının çəkilməsi, Naxçıvanla bağlı qeydləri, xatirə və digər yazılarından bəhs olunur".
Qriboyedov haqqında bir çox fərqli yanaşma olsa da, bu mülahizələrin əksəriyyəti hələ də öz təsdiqini gözləməkdədir. Haqqında bəhs edəcəyimiz "Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat" əsərində Naxçıvanla bağlı bir çox məqamlar var, biz onları qısaca sizlərin nəzərinə çatdırmaq istəyirik.
Qriboyedov iş səyahətləri ilə bağlı bir çox ölkəni gəzmiş, getdiyi yerlərdən maraqlı məlumatları öz dəftərinə qeyd etmişdi. Xüsusilə Şimali və Cənubi Azərbaycanda olarkən yazılarında Təbriz, Naxçıvan, Şuşa, Qazançı, Sədərək kimi şəhər və kəndlərin adını çəkməklə qalmamış, orada baş verən hadisələri qısa və əhəmiyyətli izahlarla qeydlərində əbədiləşdirmişdi.
Rusiya tərəfindən edilən işğal ərəfəsində Naxçıvan xanlığı haqqında da çox qiymətli məlumatlara, həmin dövrdə diplomatik fəaliyyət göstərən görkəmli rus yazıçısı A.S.Qriboyedovun yazılarında da təsadüf edilir.
Qeydlərdən aydın olur ki, o Naxçıvanda bir aydan artıq yaşayıb. Bu barədə Reyhan Mirzəzadənin "Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat" əsərində oxuyuruq: "Qriboyedov 22 iyun tarixli qeydində Sədərəkdə gecələməsini xatırlayır".
Naxçıvanla bağlı digər bir qeydində isə 26 iyun 1827-ci ildə diplomatın Naxçıvanı seyri və bu əsrarəngiz diyarın onda doğurduğu maraqlı təəsürratlar yer alır. "Naxçıvan vadisinin geniş sahəsi nəzəri cəlb edir, şimal-şərq istiqamətində Qarabağ mənzərələri füsunkar təbii cizgilərlə insanı valeh edir. Sonra İlandağ və Arazın o tayında ona bənzər iki dağ görünür, nəhayət, qərb tərəfdə Ağrı ucalır".
Bu sətirləri oxuyarkən insanın ruhu bu trayektoriya ilə səyahət edir...
Öncə xarı bülbülə bir salam verib, limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəng Qarabağ atlarına qoşulub yaylalarda qaçmaq, sonra Naxçıvanın sədaqətli, vəfalı dağlarına sığınmaq keçir insanın könlündən".
İlanlının zümzüməsini eşidirik diplomatın qeydlərində. Qriboyedov və Abbasqulu Bakıxanovun səsi hopur qayalara... Bəlkə də elə bu cür pıçıldayıb Abbasqulu Bakıxanov Qriboyedova: "Şumer mənşəli qədim əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi yolda Gəmiqayadan başqa bir dağın zirvəsinə də toxunmuş və onu yarıb keçərkən bərk yırğalanmış, bu zaman Nuh peyğəmbər demişdir: "İnan, dağdır". Tədqiqatçılar İlandağ adını bu əfsanə ilə əlaqələndirirlər. Sonralar İnandağ sözü xalq təfəkküründə İlandağ (Elandağ) şəklinə düşmüşdür. İlandağa zirvəsinin formasına görə Haçadağ da deyirlər".
Diplomatın qeydlərindən danışan Reyhan Mirzəzadə də bu məqama toxunaraq qeyd edir: "İlanlı dağ (Haça dağ) Qriboyedovun yazılarında müxtəlif cür qeyd olunur: Pompey qayası, İlanlı qaya və s. Görünür, bu dağın xalq arasında yayılmış və rəsmi sənədlərdə qeyd olunan müxtəlif adları, məsələn, "İlan dağ", "İnan dağ" , "Əylən dağ" adları Qriboyedova məlum imiş.
Qriboyedovun "İrəvan yürüşü" adlı gündəliyində də Naxçıvanla bağlı xeyli qeydlər yer alır. Görünür, Naxçıvan diplomat-yazıçının daim diqqətində olub.
Araşdırmalar göstərir ki, Qriboyedovla yaxın dost olan V.Qriqoryevin də o vaxtlar Qafqazın mərkəzi sayılan Tiflisə ezam edilməsinin əsas səbəbi Naxçıvan əyalətinin iqtisadi-statistik təsirinə aid kitabın yazılması olub. Çünki Tiflisdə A.Bestujev-Marlinski və A.Qriboyedovla görüşəndə onlara da məlumat verir ki, ona belə kitab yazmaq tapşırılıb. A.Qriboyedov ona məsləhətlər verir və uğurlar arzulayır. Hətta onu öz toyuna da dəvət edir. Sonralar V.Qriqoryev Tiflisdə A.Çarçavadzenin qızı Nina ilə A.S.Qriboyedovun toy şənliyində iştirak edir. 1830-cu ildə "Vətən oğulları" jurnalında yazdığı xatirələrdə bu görüş haqda məlumat verib. Naxçıvan haqqında tədqiqatlarının yer aldığı "Naxçıvan əyalətinin statistik təsviri" əsəri də çox qiymətli mənbədir. Maraqlı odur ki, lirik şair və xəzinə məmuru olan Vasili Qriqoryev "Naxçıvan əyalətinin statistik təsviri" kitabı ilə əbədi olaraq Naxçıvan tarixinə öz adını yazıb. Onun "Həyatımdan qeydlər" adlı əlyazması çap edilmədən qalmışdı. Yalnız bəzi hissələr "Sovremennik" jurnalında (1925, ¹ 1) çap edilmişdi.
Naxçıvan bir çox rəssamın, səyyahın və yazıçının əsərlərində öz füsunkarlığı ilə göz oxşasa da, tədqiqatçıların və diplomatların qeydlərində tamamilə başqa bir libasa bürünür.
Bu qeydlərin əhəmiyyəti və dəqiqliyi tarixdə və günümüzdə Naxçıvanla bağlı söylənilən bir çox mənfur iddianı da, çürüdüb bir ovuc külə döndərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fikirlərində də öz əksini tapıb ki, Qazançı qədim tarixə malik olan yaşayış məntəqəsidir. "Tarixi mənbələrdə də bu, öz əksini tapıb. Görkəmli rus şair-diplomatı Qriboyedov öz xatirələrində Naxçıvan şəhərindən Haçadağa, oradan Qazançı kəndinə gəldiyini və buradan Qarabağa, Gəncəyə və Tiflisə getdiyini qeyd edir".
Reyhan Mirzəzadənin "A.S.Qriboyedov: Şair-diplomat" kitabında diqqəti çəkən ən əsas məqamlardan biri də Qriboyedovun 1828-ci ilin oktyabrında Culfa şəhərində yazdığı məktubdur. Qafqazın ali baş komandanı, general Paskeviçə ünvanlanan məktub işğalçı ermənilərin Cənubi Qafqazın əzəli sakinləri olmaları yönümündəki sayıqlamalarına ən tutarlı cavablardan biridir. Qriboyedov həmin məktubunda yazır: "Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi düşünülməmiş bir siyasətdir. Çünki rus hökumətinin belə bir köçə razılıq verməsi Naxçıvanda köklü və yerli əhalinin haqlı etirazına səbəb olur... Bu köçəcən Naxçıvanda çox az miqdarda - barmaqla sayılacaq qədər erməni yaşayıb".
Akademik İsmayıl Hacıyevin "Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti" məqaləsində oxuyuruq: Köçkün axını başlanan kimi heç bir qanuni əsas olmadan erməniləri Naxçıvanda və Qarabağda xan, bəy torpaqlarında yerləşdirməyə başladılar. Qriboyedov bununla bağlı yazırdı: "Ermənilərin ilk dəfə buraxıldıqları torpaqlara əbədi sahib duracaqlarından müsəlmanlar içərisində yaranan qorxunu aradan qaldırmaq üçün mövcud ağır vəziyyətin uzun sürməyəcəyini bildirməklə onları sakitləşdirmək məsələsini biz dəfələrlə götür-qoy etmişik. Lakin Qarabağ və Naxçıvanda çar hökuməti tərəfindən elə bir siyasət yeridildi ki, öz başlarının hayına qalan xalq ermənilərin orada məskunlaşmasını unutmalı oldu".
"Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri" ("Çar Rusiyasının Cənubi Qafqaz siyasətində "erməni məsələsi") adlı fəsildə bu qeydləri oxuyuruq: "Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən, Naxçıvana köçürülməsi ermənilərin kütləvi köçürülməsinədək Cənubi Qafqazda əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Ermənilərin isə bu torpaqlara A.Qriboyedovun təbirincə desək, "ilk dəfə buraxıldıqlarını" o dövrə dair bütün tarixi qaynaqlar yekdilliklə təsdiqləyir".
Nərgiz
İSMAYILOVA
AMEA
Naxçıvan Bölməsi Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 13 mart.- S.4.