Anar nəsrinin şəhər fəzası   

 

XX əsrin 60-cı illərindən Azərbaycan ədəbiyyatına xüsusi impuls verməyi qarşısına məqsəd qoyan Anarın yaradıcılığı mövzu və problematika baxımından sonrakı dövlərdə də zənginləmiş və dərinləşmişdir. Bu dövrlərdən yazıçıların bədii təsvir obyektivində dayanan çeşidli "kənd nəsri", öz spesifik mənəvi mühiti və ciddiliyi ilə seçilən "şəhər nəsri", bir qədər sonra "ziyalı mövzusu", "gənclər mövzusu" və problematikası gündəmi daha çox "zəbt" edirdi.

50-ci illərin ikinci yarısı - 60-cı illərdən gələn dəyişikliklər fonunda "istiləşmə", "yumşalma" prosesi baş versə də, cəmiyyət həyatında durğunluğun baş alıb getməsi ədəbiyyatın sosial-ictimai varlığına neqativ təsir göstərsə də, bu nə ədəbi prosesin daxili məntiqini zədələyə, nə də Anar, Maqsud və Rüstəm İbrahimbəyov, S.Əhmədli, İ.Hüseynov, Y.Səmədoğlu, İ.Məlikzadə, M.Süleymanlı kimi yazıçıların bədii axtarışlarına, onların təfəkkür dərinliyinə kölgə sala bilmədi.

Anar yaradıcılığında əvvəllər olduğu kimi, sonrakı illərdə də insan sosial qüvvə və tendensiyaların əlavə mexaniki nöqtəsi kimi dərk edilmir, tarixin, məkanın və zamanın bütün gedişi ilə determinist mənəvi seçim olaraq yox, tarixi mərhələdə tutduğu öz yeri ilə göz özünə gətirilirdi. Anarın yaradıcılığında şəhər ziyalısı obrazı rus A.Astafyev, A.Bitov, Y.Trifonov, V.Makanin, R.Kireyev, gürcü B.Okucava, O.Çiladze, abxaz mənşəli rus nasiri F.İskəndər və digərlərinin əsərlərində həyatın daha aktual problemlərini təsvir etməklə, həm də eyni zamanda, dünyada ən ali mənəvi dəyərlərin əldə edilməsinin nə qədər əzablı olduğunu ifadə etməyə səmt alırdı.

Anar nəsrində mənəvi - fəlsəfi axtarışlar həm aşkarlıq dövründə, həm ondan əvvəl, həm də sonrakı mərhələlərdə mövcud olan ehkamların dağıdılmasına yönəldirdi. Anarın əsərlərində cəmiyyətin dağılıb yenidən qurulması radikal şəkildə ortada dayanmasa da, yazıçı cəmiyyət içində dəyişikliklərin aparılmasına, həyatımızın və varlığımızın ən ağrılı nöqtələrinə diqqət çəkmiş, sosial-mənəvi sferada yer almış tendensiyaları daha çox qabartmağa səy göstərmişdi. Tam əminliklə demək olar ki, çağdaş dövrümüzdə, ictimai-sosial həyatımızda göz önünə gətirilən mənəvi problemlər Anarın qələmə aldığı rakursdan oxuculara obyektivdə daha da böyüdülərək çatdırılırdı.

Anarın "şəhər nəsri"nin qəhrəmanları qeyri-adi olub, başqalarından fərqlənsələr də, hər hansı qəhrəmanlıq etməyə meylli deyillər. Onlar sanki öz qapalı məkanlarında yaşamağa məhkum olduqlarını bilsələr də, həmin dairədən çıxmağa da səy göstərmirlər. Bu baxımdan Anar nəsri rus yazıçıları A.Bitovun və Y.Trifonovun qəhrəmanları ilə ortaq davranışları bölüşməkdədir. Bu yazıçılardan hər birinin bədii baxışlarında qəhrəmanların zəifliyi, onların reflektiv davranışları, cəmiyyətdə mövcud olan və yüksələn xətlə gedən hadisələrin mənəvi tərəfini göstərməyə can atmalarıdır. Bu müstəvidə Anarın 70-80-ci illərdə qələmə aldığı əsərləri sanki az sonra cəmiyyətdə gedə biləcək güclü dönüş nöqtələrinin ortaya çıxacağının müjdəçisi idi.

Anar yaradıcılığında mənəvi axtarış problemi yazıçının öz fərdi üslubu, obrazlar aləmi və varlıqda olanları düşüncəsinin köməyi ilə ciddi şəkildə üzlaşdırmasıyla bağlı olmuşdur. Anar nəsri özünə güclü analitik baxış tələb etməkdədir. O, sanki qəhrəmanlarının davranışını, onların mənəvi dünyasını həm daxildən, həm də kənardan görməyə çalışır. Onun əksər qəhrəmanları Bakı sakinlərinin iki səciyyəvi cəhətini özündə birləşdirir. Burada bir tərəfdən dərin etnik-milli xüsusiyyətlər, digər tərəfdən bu şəhərə kənardan gətirilmişlərin simbiozu görünür. Bununla belə, bu simbioz qəhrəmanlardakı özünəməxsusluqları bir-birindən kənara atmır, inkar etmir. Çünki bir nasir kimi Anar xarakterlərin təqdimatında xronotoplardan elə şəkildə istifadə edir ki, zəngin dünyanın kiçik adamları, öz tale məkanlarında bir-biri ilə üz-üzə dayanır. Sənətkarın əsərlərində qurduğu rebuslar, girintili-çıxıntılı bədii-estetik dalanlar personajların və qəhrəmanların çümləri mental biçimləri ilə maraqlı təsvir olunur. Bu baxımdan "Beş mərtəbəli evin altıncı mərtəbəsi"ndəki obrazlardan bir neçəsinin obrazına ekslüziv nəzər salmaq qeyd etdiklərimizi daha yaxşı illüstrasiya edə bilər. Daxili, mənəvi cəhətdən daim narahatlıqlar içində var-gəl edən Təhminə, hər yerdə, hər şeydə praqmatikliyi ilə seçilən Fuad, özünü realizə elə bilməyən bir qədər infantil Zaur, mənəvi baxımdan içi boş və tənha Dadaş, mənsəbpərəst və satqın Nemət və başqaları... Belə xarakter ayrılığına baxmayaraq, onların hamısını birləşdirən bir mühüm məqam var. Bu obrazlardan hər birini ayrı-ayrı gövdələr yetirsə də, onların hamısı eyni havanı udmaqla, eyni mühitin yetişdirmələrdir. Məhz buna görə də onlar arasındakı bu ümümiliyi diqqət mərkəzinə çəkdiyimiz prizmadan kənarda qoymaq da düzgün olmazdı. Çünki burada hər şey şəxsiyyətin mənəviyyat kodeksi ilə nizamlanmaqdadır.

Yaşamla bağlı mübarizənin ölçüsünün həcmindən asılı olmayaraq, Anar nəsrinin qəhrəmanları daxildə gedən deqradasiyaları, dağılmaları, keyfiyyətsizliklər ilə maskalandıqlarından onların aradan götürülməsi də mümkün deyildir. Bununla belə, onların hamısı sanki qapalı dairədə, məkanda yaşamaqla həmin qapalı dünyanın qaydalarını pozmağa da cəhd etmirlər. Lakin eyni zamanda, ədibin əsərlərində biz onların belə vəziyyətdən çıxa bilməsi ilə bağlı bəzi cəhdlərlə rastlaşsaq da, bu cəhdlərin uğursuzluqla nəticələndiyi də görünməkdədir. Bu onu göstərir ki, Anar öz əsərlərində düşdüyü vəziyyətlə barışan insanların taleyini daha çox əks etdirməyə meylli idi.

Anar nəsrinin personajlarının və qəhrəmanlarının özlərinin özlərinə xəyanət etmələri ən çeşidli situasiyalarda görünməkdədir. Bəzən bizə elə gəlirsə ki, zahiri baxımdan bu insanlar heç də pis yaşamırlar, bunun özü də bizə sanki onu deyir ki, belə mahiyyət onların daxili tənhalığı, düşdükləri dairədən çıxış yolu tapa bilməmələri ilə bağlıdır. Anarın qəhrəmanlarının yaşadığı ümumi qeyri-əxlaq mühiti, personajların təbiətinə zidd olan situasiyalar ilk növbədə onların özü tərəfindən qaçılmaz bədlik olmaqla, həm də həyat qanunu kimi göstərilir. Çünki bu tipli personajların və qəhrəmanların düşüncəsində qarşılıqlı ictimai münasibətlər sisteminin köklü şəkildə dəyişilməsi onların təfəkküründə yer ala bilmirdi. Bax elə buna görə də onları bu "dairə"nin sakinləri kimi yaşayıb kənara çıxmağa istiqamətli deyildilər.

Mənəvi vəziyyətin belə xüsusiyyəti Anarın xeyli sayda aparıcı qəhrəmanları üçün tipik və səciyyəvidir. Bununla belə, Anarın belə tipləri sırasında yazıçının ən parlaq qəhrəmanlarından və qadın obrazlarından olan Təhminənin yeri xüsusilə fərqlidir. Təhminə yazıçının portretlər qalereyasında zaman keçdikçə özünəqayıtma instinktinə məcbur edilir. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə Təhminə əsas qəhrəman, romanın mənəvi skripkası kimi çıxış etməklə əsərin nəinki bir-birinə yaxın, həm də Təhminə ilə heç bir bağlılığı olmayanlarla orta dayanan personaj rolunu oynamaqdadır.

Anar yaradıcılığında Təhminə milli xarakter və tip səviyyəsinə çatmaqla özünün böyüyüb boy atdığı bütün güclü və zəif cəhətləri ilə tərbiyə olunduğu mühitin yetirməsi kimi görünməkdədir. Bununla belə, onun yetişməsi zamanın "iştiləşmə", "yumşalma" dairəsinə düşməsi ilə bağlıdır. Çağdaş zaman müstəvisindən həmin dövrə nəzər saldıqda gözümüz önündə o illərin neqativ portreti yaranmaqla, həm də dünənlərimizdə dəyişilməsi mümkün olmayan qeyri-adi mənzərə ortaya gəlir. Təhminə ənənəvi mühitdə tərbiyə olunsa da, həmin dövrlərdə yaranmış azadlıq işartılarını öz fərdi, şəxsi, daxili, azad mənəvi seçim imkanı kimi qəbul edirdi. Eyni zamanda, bunu belə də dərk etmək düzgün olmazdı ki, Təhminə belə məsləki ardıcıl və şüurlu olaraq seçmişdir. Bəlkə də onun intuisiyası qəhrəmanın şəxsi ardıcıllığına dəstək verirdi. Eyni zamanda, o, vəziyyətdən çıxış yolu axtardıqca daha çətin sınaqlara məruz qalır. Lakin bu sınaqlar onu heç də qəlbinin səsinin əksinə getməkdən usandırmır. Bəs belə olduqda Təhminənin faciəsi nə ilə bağlıdır? Bu, əlbəttə, onun yaşadığı sosial-mənəvi mühitdə, cəmiyyətdə mövcud olan ehkamlara qalib gələ bilməməsini özü üçün təhqir hesab etməsi ilə bağlıdır. Lakin dövr eləydi ki, Təhminənin belə volyuntarizmi, sərbəstliyi, müstəqil düşüncəsi də ona bağışlana, ona güzəştə gedilə bilməzdi. Təminə özünün sındırılmasını qəbul etmirdi. Buna görə də ətrafındakılar onu dərk etməsələr də, o, öz davranışında axıra qədər ardıcıl olub, öz daxili acı rahatlığında qalmağı daha üstün tuturdu. Burada biz Anarın Təhminə kimi igid qızın öz yerini tapmaq uğrunda nübarizəsinin özünəməxsus konturlarını uğurla ortaya qoyduğunu görürük.

Təhminəni Anarın digər qəhrəmanlarından fərqləndirən ilk növbədə odur ki, o, onlardan fərqli olaraq həmin dairənin çərçivəsindən çıxmağa ciddi şəy göstərməsə də, mübarizəsini həmin "dairə" də özünün sonuna qədər davam etdirir.

Anarın yazıçılıq məharəti isə ondadır ki, o, "dairə"dən çıxışın dalana tuş gəlmə motivini, daxili tənhalığı orijinallıqla və inandırıcı şəkildə təsvir edir. Anarın "Dairə"sinin fəlsəfi-estetik mahiyyəti onun "Seytnot" romanındakı Fuadın taleyində də maraqlı ştrixləri ilə yaddaşlara çökür. Yazıçının bu tipli əsərlərində şəxsiyyətin mənəvi dəyərləri və onun tapdalanması sanki tamamilə fərqli zamanın və fərqli ənənələrin qammalarını yaradır.

Anarın qəhrəmanları xarakter - kompromis kimi təqdim olunsalar da, onları həyatın monotonluğu, "dairə"nin sonsuzluğu didib-dağıdır. Məsələn, "Dairə" povestinin qəhrəmanı Nemət öz həyatını evinin pəncərəsi qarşısındakı mənzərə ilə müqayisə edir, nəqliyyatın konkret marşrut üzrə hərəkəti də onun şəxsi həyatına bənzəyir. Lakin o, bütün bunu dəyişməyə özündə güc tapmır. Neməti nəzərdə tutulmayan ən xırda şeylər, hərəkətlər belə narahat edir. Dadaş müəllim, Fuad Mehdiyev də təxminən belələrindəndir. Onları, hər şeydən öncə, şəxsi mənfəət, varlanma maraqlandırmaqda, davranışlarını istiqamətləndirməkdədir.

Anarın əsərlərində digər məsələlərlə yanaşı, uğursuz ziyalı obrazı da məharətlə yapılır. Bu baxımdan Anarın əsərlərinin şəhər silsiləsini tamamlayan, əsərindən birində Məmməd Nəsirin ailəsi olmadığı, onun tənha insan olduğu göstərilir. Yazıçı, Məmməd Nəsir obrazını konkret etnomədəni mühitə salmaqla onu daha çox həqqiqətə uyğun, realist cizgilərlə yaradır. Eyni zamanda, burada Məmməd Nəsirin ailəsizliyi də öz motivirovkası ilə ortaya gəlir. Anar türk etnik-milli düşüncəsində ailənin necə bir məkan, birlik olduğunu, onun qorunulmasının müqəddəsliyini vurğulayır. Anarda müasir ziyalı obrazı müasir şəhər ziyalısı fonunda görünür. Onun personajlarının bir sırası eqoizm prinsiplərinə üstünlük verməklə daha çox merkantil maraqları ilə ön plana çıxır. "Seytnot" romanındakı öz obrazı ətrafında əfsanə yaratmış Şövqünü də buraya aid etmək olar. Anarda ev "mifologemi" öz qaydaları ilə pozulmaz şəkildə yaşayan cəmiyyəti simvolizə edir. Buna görə də onun qəhrəmanları üçün ev motivi şəhər kəsimində "başqa həyat" motivi ilə sıx bağlıdır. Çünki "başqa həyat" axtarışı həm də burada müasir insanın psixoloji problemləri kimi çıxış edir. Təsadüfi deyildir ki, "başqa həyat" problem gerçəkliyin real çərçivələrindən çıxıb fantastik səviyyəyə qədər yüksələ bilir. Buna görə də Anar nəsrində təqdim olunmuş personaj və qəhrəmanlar çeşidli rakurslardan səciyyələndirilməli, onlar öz obyektiv bədii-estetik dəyərini almalıdır.

 

 

Nizami TAĞISOY

Professor

nizami.mamedov@mail.ru

 

 

525-ci qəzet.- 2019.- 14 mart.- S.7.