Qayıdışın və qayıda bilməməyin
poetik şərhi
Bizim nəslin
doğum payına düşən, "Böyük Vətən
müharibəsi" illərində K.Simonovun
yazdığı "Gözlə məni" şeiri, həqiqətən,
bomba kimi partladı. Nəydi bu "bomba"nın
gücü? Nə bir əsgərin taleyindən,
nə bir zabitin qəhrəmanlığından, nə də
bir generalın uzaqgörənliyindən
danışırdı.
Bu "üçlük" sosial-siyasi məsələ
idi və qələbə üçün gərəkli
amildi. Vətən
xilas edilməlidir: əsgər, zabit və generalın
şücaətilə. Amma bu övladlar o zaman, o anda qələbə
çalar, düşməni məhv edər - arxada qoyduğu
həyat yoldaşları - övladlarının anaları ərlərinin
namusunun keşiyini çəkməyi bacarsın və buna
iradələri çatsın! Ona görə ki, bu
qadınların vücudunda: hisslərində və qəlblərində
məhəbbət vardı. Bu munis anlamda, məfhumda
qeyri-adi güc-qüvvət yoxsa... o ərin, o əsgərin,
zabitin və generalın atdığı güllə boşa
gedəcək, hədəfdən yayınacaqdır. Belə bir psixoloji-fəlsəfi dəyəri otuz
yaşı belə olmamış rus şairi, milli
poeziyamızı dərindən sevən Konstantin Simonov
"Gözlə məni" şeirində əbədiləşdirdi.
Bu
ekskursiyanı əbəs xatırlatmadım: Kim və
hansı imicin sahibi olursan ol, yalnız ülvi məhəbbətin,
namuslu qadının önündə diz çökərsən!
Mühacirət
həyatını yaşamış Azərbaycan-türk
yazıçısı Baninin sözlərini xatırlatmaq
kifayət edər: "Məhəbbət - qızmış
filin gecə vaxtı uşaq beşiyi başında çəkdiyi
nərə kimi dəhşətli və əzəmətlidir".
Üç nöqtə. Və təxminən
70 ildən sonra məhəbbətin nəyə qadir
olduğunu: kişi idrakında necə
şırımlar açdığını, son anlarında
- həyatla vidalaşanda belə xatırlandığına
heyrətlənməyə bilmirsən. Bu hissləri
gözəl şairimiz Yusif Həsənbəyin yazdığı
"Qayıda bilmərəm, gözləmə məni"
("Ədalət" qəzeti, 14.11.2014) şedevr şeirində
yaşadım. Oxucu düşünə
bilər ki, bu mövzuda bu gün də yazılır, tamamilə
doğrudur. Lakin Məhəbbətdən
yazılan poetik nümunəyə bəzi rakurslardan
yanaşmaq lazımdır. Bəs məhəbbətdə
hansı mübhəm, yaxud açar (?) qüdrət var ki,
şairi bu şeiri qələmə almağa vadar edib - ixtiyar
yaşında Yusif Həsənbəyin bu şeirinin təkrarsızlığına
bir səbəbini burada axtarmalıyıq. Bəlkə
erosdur - qədim yunanların ifadəsidir. Bəlkə
iztirabdır? Bəlkə erotomiyadır -
ağılsız məhəbbətdir?
Hər
üçü! Məhəbbətin ölməzliyi
onun sosiallaşmasında deyil, mənəvi
iztirablığındadır, bir şərtlə, fiziki
tamlıq potensialını qorusun. Bir də
sakit "filia" anlaması var ki, söz feil şəklində
"fileo", yəni "mən sevirəm" ifadə edir.
Belə Məhəbbətin əsas spektri mənadır,
nəinki eros. Demək, Məhəbbətin
mütləq anlaması alınmır.
Filosof R.Dekart etiraf etmiş ki, birinci, məhəbbət
istəklə bağlıdır, sevimli qadına münasibətdir
(K.Simonovda olduğu kimi), digəri Məhəbbət yox,
iztirabdan adamın yanmasıdır, əlbəttə, sevgiylə
bağlı.
Müdrik filosof Platon (Sokratın şagirdi) Məhəbbəti
İlahi qüvvə sanmış və göstərmişdir
ki, qeyri-adi hissdir ki, insanı ömrü boyu əxlaqa və
gözəlliyə çağırmışdır. Və bu məhəbbəti anlamaqla,
düşünməklə insan həyatını fizioloji
instinktdən fərqləndirmişdir. Qayıdırıq
iztirab, əzab, özünüfəda hisslərinin
mövcudluğuna - şair bəlkə də məhəbbətini
nikbin əhvalla, görüş ümidilə
xatırlamış, yaxud haradasa sevdiyi o qadını
görmüş, üzbəüz tənha oturmaq ürəyindən
keçmişdir. Amma şair Məhəbbətinə xəyanət
etmək istəməmişdir:
Bahar da
qayıdar, qış da qayıdar,
Qayıda bilmərəm, gözləmə məni.
Uçqun
yuvasına quş da qayıdar,
Qayıda bilmərəm, gözləmə məni.
Proqnozumda zərif bir ümid işığı sezilməyə
bilməz, söhbət aşiqlə məşuqun o günlərə
qayıtmasından gedir.
Şair niyə imtina edir? İllərin həsrətindən
sonra Məhəbbətinə qovuşmaq səadət deyilmi?
Yox, şair Məhəbbət simvolunun qədimliyinə,
keçmişinə və indisinə xəyanət etmiş
olardı. Ona görə ki, bu məfhum təkcə
Sözdə ifadəsini tapmır, onda İztirab, Həvəs,
İnstinkt və nəhayət,
düşünülmüş Hiss mövcuddur.
Bəs qayıdaq necə?
Yusifə
Züleyxa qoynu zindandır,
Kərəm
Əslisinin eşqiylə yandı, -
deməklə çox incə mətləbləri: göz
yaşını, solan gülləri, parçalanan
daşları və sairi
xatırladır; bunları o özü
yaşamışdır. Belə
çıxır o, yenidən əzabları yaşasın?
Yox, Yusif Həsənbəy Məhəbbətinin bakirəliyini
qoruyur:
Axan
göz yaşımdan yollar islanar,
Sənə
qucaq açan qollar islanar!..
... Qayıda bilmərəm, necə qayıdım?
Qayıtsam
ürəyim sevincdən sınar,
Qayıda bilmərəm, gözləmə məni.
Yusif Həsənbəy sədaqətini, ülviliyini
qorumaq naminə, poeziyanın ən kövrək və kontrast
imkanlarını gerçəkləşdirmişdir. Epitetlər,
poetik assosiasiyalar, zərif nüanslar məhəbbətin bakirəliyini
işıqlandırır. Nüanslara da işarələr
yox deyil: Məcnunam ağıldan kənar (təhtəlşüur),
sönmüş ulduzların ahdan yanması (libido-enerji),
daşların parçalanması (Fərhad gücü) və
sonuncu münasibət: ürəyin sevincdən sınması
- qayıdarsa - mümkünsüz etiraf. Bir də... Mütəfəkkir Avreli Avqustin Məhəbbətin
formasından yazarkən müəyyənləşdirmişdir
ki, birincisi və mühümü Allaha məhəbbətdir;
yəni insanın məlum yolla Allaha can atmasıdır, ona
düşünmək, qərara gəlmək imkanı
vermişdir. O, Allaha istək yolundan başlayır, hərçənd,
Məhəbbətin predmeti haqqında aydınlıq yoxdur. Ona görə də ilkini Məhəbbətin həqiqi
predmetini və ona yolu tapmaqdır. Hansı
ki, ürəyə həm dinclik, həm də sakitlik vermir.
Və sual qoyur: İnsan axtarışında, onun mənəvi
ruhunda düzgün yolu tapılmalıdır, Allaha məhəbbət
çağırışını, çün Məhəbbətin
özü Allahı sevir. Yusif Həsənbəy başına
gələ bilən hadisələri keçici hesab etmir,
"andını" pozarsa, hər şeyə nöqtə
qoymuş olar; bu etirafı söyləməyə haqqı
çatdığını deyir:
Sevgilim,
üzməsin kədər,
Sənsiz günəşə də baxmaz bu gözlər.
Səhraya
çevrilən laləli düzlər
Quruyar könlümdə daşan dənizlər.
Sənsiz
vətənsizəm -
Ruhum da, qəlbim
də hey səni səslər...
Bu misralarla şair sevgilisini reallaşdırdı
oxuculara. Artıq Məhəbbətin ikinci mərhələsi
Sevgidir ki, şair varlığını, mənəvi
mövqeyini onda tapmışdır. Sevgisi
onun (şairin) instinktiv davranışı olaraq, onda
özünü reallaşdırmaq istəyir. Nə üçün Yusif Həsənbəy bu qədər
etiraf edir, inandırmağa çalışır? Məhəbbət - sevgi zirvəsinə qalxmayanda
fikir ayrılığı yarana bilər, şairsə
müxtəlif nəzərlərin xarakterini, cinsi meyldən
asılılığını sadalamır - lüzum
görmür.
Eşitsən
kiməsə bəndəm, inanma!
Kiməsə
şəkərəm, qəndəm - inanma!
Məni hərcayilər
həmdəmi sanma!
Səndən
özgə heç kəs yatmaz canıma,
Nazı sığal çəkməz həyəcanıma.
Qarışmaz, uyuşmaz qanı qanıma.
Bu misralar - şairin söyləmələri hələ
təsəllivericidir, aşiq adətən, bütün ifadələrə
əl atır, səsləndirir, oxucu şairin sevgisinə ləyaqətlə
yanaşmasına inanır. Amerikan psixoloqu Martin Breqman da bu
yanaşmanı bəyənmişdir: Bir incəlik də var
ki, məşuqun "barışmaq" istəyinə gəlirsən
- doğru qənaətdirmi?
Çəpərlər
ardından baxıb boylanma,
Səni
and verirəm ata-anama,
Yolunda
sadağa gedərəm, amma
Qayıda bilmərəm, gözləmə məni.
Deməli, şair ləyaqətini - həm sevgilisinin, həm
özünün, həm də Məhəbbətin ləyaqətini
gözləmişdir və bu səsi ömrü boyu eşidəcəkdir.
Yusif Həsənbəy
məhəbbətin fəlsəfəsini yalnız
özünün fərdi yaşantıları ilə
reallaşdırmaqla unikal şeirini təqdim etmişdir və
nəyi xatırlatmışdır qeyri-maddi baxımdan nəticə
çıxarırsan: Məhəbbətdirsə - sevirsən;
Məhəbbətdirsə - ayrıcadır; Məhəbbətdirsə
- sevgiyə özünü fəda verirsən. Məhəbbət
ehtiras, coşğunluq, həvəs, kövrəklik kimi
çəkisi maddiyyatla ölçülməyən hisslərsiz
real deyil, - desək yanılmarıq. Onda
bakirəlik müqəddəsliyi var ki, nə görür, nə
eşidir, nə də başqasının nəsihətini qəbul
edir. Onun üçün yeganə varlıqdır ki, fərdiliyi
yaşayır: O və Mən!
Şeirin
təəssüratında, qəlbin gizlinlərində nəyi
yozuruq, iki nəsnəni: "İstəyirəm mənə
yaxşı olsun", "İstəyirəm sənə
yaxşı olsun". Məhz buradan münasibətlərin
harmoniyası doğur. Yusif Həsənbəyin
hünəri ondadır. Məhəbbətinə, sevgisinə
qayıda bilməməsi sual oyadır oxucuda: - "Bizə
yaxşı olsun". Səmimidir və müəllifin fəlsəfəsinə
italyan şairi F.Petrarkanın ağrıyla
yazdığını xatırladım: "Əgər bu, məhəbbət
deyilsə, bəs hansı xəstəlikdir məni narahat
buraxmır? Əgər məhəbbətdirsə,
bəs məhəbbət nədir? Xeyr?
Lakin bu işgəncələr, ilahi, qəzəbli
alovdurmu? Bu işgəncələrin
şirinliyi isə!" Nə yaxşı
ki, Petrarka son nöqtəni qoymamışdır. Yoxsa məhəbbətin bakirəliyi itərdi.
Nöqtəni şair Yusif Həsənbəy də
yazmağa cəsarət göstərmir. Çünki
dediyini misralarda obrazlaşdırmışdı və son
pıçıltısını gizlətmədi,
yaşının tərsinə getmədi.
Y.Həsənbəy
poetik məharətiylə "üç nöqtə"nin yerini saxlayır və riskə yol vermir,
çün, özü təmənnasız bu məhəbbəti
elektrik cərəyanı kimi içərisində
saxlamışdır - yalnız möcüzə!
Y.Həsənbəy bu günün mürəkkəb
psixoloji-sosial tarazlığın pozulduğu şəraitdə
Məhəbbətin ölmədiyi həqiqətini birincisi
özündə - varlığında tapır. Sonra proseslərin
gələcək daşıyıcıları olan gənc nəslin
stereotipsiz böyüməsini istəmir. İstəmir
ki, Məhəbbətə ötüb-keçən, unudulması
mümkün, küsüb-barışmağı olan bir hiss
kimi yanaşılsın. Məhəbbətin
müqəddəsliyi ondadır, sirrini özü də bilmir,
suallar ortaya atır, cavabında acizləşir.
Böyük alman filosofu Hegel necə də səmimi
yazmışdır: "Məhəbbətin həqiqi mahiyyəti
ondadır ki, öz-özündən imtina edə biləsən,
özünü başqasının "Mənliyində"
unudasan. Lakin nəsə bu yoxluqda və unutmada
yenidən özünü tapasan, özünə yiyələnəsən".
Bu iqtibasın sonuna "üç nöqtə"
qoymaqda haqlı olarıqmı?!
Mən məşhur "Gözlə məni" şeiri barədə təəssüratımla başlamışdım, o illərin ruhunu yaşamaq istədimsə də, mümkünsüz cəhd oldu və başqa cür ola da bilməzdi. Döyüş - ölüm-dirim günlərində əsgər, zabit və general üçün topdan, avtomatdan və tankdan da güclü qüvvə arxada ərsiz qalmış qadınlara ölməz ruh bağışlamaq, namusla oturub ərlərini gözləmək idi və bunu böyük rus şairi bacardı, dahiyanə şeiri qələmə aldı, döyüş səngərlərində papiros kağızı qurtaranda, ümid qəzet parçasına yazılmış o şeirə qalanda belə - papiros bükülməmiş qaldı!..
Müqayisə aparmaq fikrində deyiləm. XXI əsrdə azərbaycanlı şair Yusif Həsənbəy "Qayıda bilmərəm, gözləmə məni" fenomen şeiriylə Məhəbbətin ölməzliyini sevənin cismində isti qəlpə kimi közərdiyini, yandırdığını poetik hünərlə sübuta yetirdi!
Mən sonuncu cümləni əllərimin tirtrəyişində
yazdım: ...Qayıda bilərəmmi o günlərə mən?
Allahverdi EMİNOV
Pedaqogika üzrə fəlsəfə
elmləri doktoru, dosent
525-ci qəzet.- 2019.-
14 mart.- S.8.