QAYIDA BİLMƏRƏM, GÖZLƏMƏ MƏNİ

 

Bahar da qayıdar, qış da qayıdar,

Qayıda bilmərəm, gözləmə məni.

Uçqun yuvasına quş da qayıdar,

Dalımca atdığın daşlar qayıdar!

Küləyə verdiyin saçlar qayıdar!

Gözündən sellənən yaşlar qayıdar!

Dalımca atdığın daşlar qayıdar,

Qayıda bilmərəm, gözləmə məni.

"Bilmərəm", "Gözləmə" demək asandır,

Dil söylər, nə var ki, dil pəhləvandır.

Ancaq ay əzizim,

Ay iki gözüm!

Qayıda bilməyən, dönə bilməyən,

Kamansız bir oxdur, simsiz kamandır,

Qayıda bilməyən, nəfəssiz candır.

Səsləmə, çağırma məni, amandır,

Qayıtmaq yollarım çəndir, dumandır, -

Qayıda bilmərəm, gözləmə məni.

Bəs qayıdan necə?

Yusifə Züleyxa qoynu zindandır,

Kərəm Əslisinin eşqiylə yandı.

Axan göz yaşımdan yollar islanar,

Sənə qucaq açan qollar islanar!

Saçına düzdüyüm güllər islanar.

Daşlar parçalanar, qumlar tozlanar

Sənsiz bir köləyəm şahımdan kənar,

Ümmanım selimdən, dalğamdan kənar.

Bir dəli Məcnunam ağlımdan kənar,

Bülbüləm gülümdən, bağımdan kənar!

Yer göyə qarışar, fəryad çəkərsəm,

Sönmüş ulduzlar da ahımdan yanar.

Qayıda bilmərəm, necə qayıdım?

Qayıtsam ürəyim sevincdən sınar.

Qayıda bilmərəm, gözləmə məni.

Sevgilim, könlünü üzməsin kədər,

Sənsiz günəşə baxmaz bu gözlər.

Səhraya çevrilər laləli düzlər

Quruyar könlümdə daşan dənizlər.

Sənsiz vətənsizəm -

Ruhum da, qəlbim hey səni səslər.

Eşitsən kiməsə bəndəm, inanma!

Kiməsə şəkərəm, qəndəm, inanma!

Qurumaz o şirin dodaqlarından,

Yanağıma qonan şəbnəm, inanma!

Zərgərəm, - məni zər xiridarı say!

Vəfasız Leylalar vəfadarı say!

Eşqimi Şahdağın zirvə qarı say!

Məni hərcayılar həmdəmi sanma!

Sənsiz qəzəblərim sığmaz qınıma!

Səndən özgə heç kəs yatmaz canıma,

Nazı sığal çəkməz həyəcanıma,

Qarışmaz, uyuşmaz qanı qanıma.

Çəpərlər ardından baxıb boylanma,

Səni and verirəm ata-anama,

Yolunda sadağa gedərəm, amma

Qayıda bilmərəm, gözləmə məni.

Ah, necə təşnəyəm çılğın busəyə,

Könlümə od salan yanğın-busəyə.

Həsrətəm busəmlə könlümə axıb

Yanğıma su səpən o buz kuzəyə.

Qayıda bilmərəm, dönə bilmərəm!

İnanma, bu söhbət şərdi, yalandır!

Sevdanın hər anı bir imtahandır...

Eşqimiz əbədi yaşasın deyə, -

Qayıda bilmərəm, gözləmə məni!

 

May, 2013

 

 

Yusif HƏSƏNBƏY

 

525-ci qəzet.- 2019.- 14 mart.- S.8.