Azərbaycan səhnəsindəki "Kəloğlan"
KUKLA
TEATRININ YENİ TAMAŞASI MARAQLI ALINIB
Abdulla Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrı ilə tanışlığım
hələ uşaqlıq
illərimə gedib çıxır. Elə teatrla
tanışlığım da bu şirin
və əcayib kuklalarla bağlıdır.
Ələkbər əminin (Ələkbər
Hüseynov) və Əməkdar artist Rəhman
Rəhmanovun əlinə
kuklaları götürüb
onları danışdırmağı,
onlarla danışmağı,
biz uşaqları da tamaşanın müəyyən
hissəsində oyuna daxil edib əyləndirməsi,
güldürməsi teatr
haqqında ilkin təəssüratlarla yanaşı,
bu qədim sənətə, sənət
ocağına sonsuz sevgi də yaratmışdı.
Yaş artdıqca başqa teatrlarla, daha doğrusu, böyüklər üçün
olan teatrlarla tanış olduq, müəyyən məqamda Kukla Teatrını özümüzdən
sonrakı nəsillərə
əmanət edib istiqamətimizi dəyişdik.
Amma təbii ki, uşaqlığımızın yadigarı olan sənət ocağından
tamamilə ayrı düşmədik. Ya mətbuatdan
uğurlarını izlədik,
ya da bəzi
tamaşalarına, premyeralarına
qonaq olduq.
Hər il martın
10-da Milli Teatr Gününü bütün
teatrlar premyeraları,
ya da özəl
tamaşaları ilə
yaddaqalan etməyə
çalışırlar. Bu il 10 mart Kukla
Teatrının repertuarında
yeni premyera ilə əlamətdar oldu. Həmin gün təkcə
balaca tamaşaçılar
deyil, gülmək, əylənmək, sənətdən,
teatrdan zövq almaq və əsrarəngiz
kuklaçı peşəsinin
baxımlı səhnə
performansını görmək
istəyən biz böyüklər
də həvəslə
Azərbaycan Dövlət
Kukla Teatrının yolunu tutduq. Bizi orada qədim türk xalq nağıllarının qəhrəmanı,
uşaqlığımızın cizgi film personajı Kəloğlan gözləyirdi.
Belə
ki, həmin gün teatrın səhnəsində məşhur
türk xalq nağıllarından "Kəloğlan
masalları" əsasında
"Kəloğlan" adlı
yeni, maraqlı, düşündürücü və əyləndirici tamaşa teatrsevərlərə
təqdim olunurdu.
Səhnə əsəri özündən
başqa teatrın repertuarına yeni daxil olan "Piter Pen" və "Maşa və Ayı" tamaşaları
ilə birgə sırf uşaqlar arasındakı sorğu nəticəsində hazırlanıb.
Belə ki, teatr artıq
bir ilə yaxındır ki, balaca tamaşaçıları
arasında repertuarda hansı tamaşaları görmək istədiklərilə
bağlı sorğu keçirirdi. Uşaqların seçimi bu üç məşhur cizgi filmi üzərində
olduğundan Kukla Teatrı da bu tamaşaları səhnələşdirdi.
Bu səhnə işində tamaşaçılar tarixi
çox qədimlərə
gedib çıxan milli gərdək oyunu, ulu şaman
ifası, klassik kukla sənətinin çağdaş tərtibat
(işıq və dekor) və səs çalarlarını
birlikdə izləmək
imkanı qazanmışdılar.
Səhnələşdirəni və quruluşçu rejissoru teatrın baş rejissoru, Prezident təqaüdçüsü Qurban Məsimov, quruluşçu
rəssamı Əfşan
Əsədova olan rəngarəng musiqi tərtibatlı tamaşada
Kukla Teatrının istedadlı aktyorlarından
Vüsal Hüseynov, Cavid İbrahimov, Aygül Ağayeva, Araz Həsənli və Sona Quliyeva
çıxış edirdilər.
Mexanika üsulu
ilə hazırlanmış
tamaşada şaman, ənənəvi gərdək
oyunundan istifadə olunub. Həm canlı aktyorların
oyunu, həm də kiçik ölçülü kuklardan
istifadə səhnə
əsərinə daha
rəngarəng və
cəlbedici ab-hava qatmışdı.
Ancaq səhnədə
bizim uşaqlığımızdan
baxdığımız, öyrəşdiyimiz,
tanıdığımız Kəloğlan deyil, tamamilə başqa Kəloğlan vardı. Rejissor bu
klassik nağılı
sanki sehrli toxunuşları ilə günümüzə uyğunlaşdıra,
çağdaş dövr
uşaqlarının marağına
səbəb olacaq tərzə gətirib çıxara bilmişdi.
Səhnə əsəri tamamilə
"Kəloğlan masalları"ndan
fərqli quruluşa, fərqli yozuma malikdir. Burada rejissorun əsas məqsədi odur ki, uşaqlar cizgi filmində gördükləri nümunəni
yox, Kukla Teatrı estetikasında klassik nağılın müasir çalarlarla işlənmiş versiyası
ilə tanış
olsunlar.
Eləcə də ənənəvi kukla oyunu işıq
effektləri, maraqlı
və fərqli səhnə tərtibatı
ilə zənginləşdirilərək
balaca tamaşaçıların
yaddaşında daha gözəl iz buraxmaq məqsədi daşıyırdı. İşıqlar və musiqilər hadisələrlə çuğlaşıb
qeyri-adi, gözoxşayan
mənzərə, dinamik
enerji, hərəkətlərlə
mətnin harmonik sintezini yaradır, balacaların anlamaqda çətinlik çəkəcəyi
məqamları belə
bu cür detallar vasitəsilə başa düşülən
edirdi.
"Kəloğlan" tamaşasını uşaqlar üçün hazırlanmış başqa səhnə əsərlərindən fərqləndirən bir cəhət də odur ki, bu tamaşa təkcə balacalar üçün deyildi. Ağıllı və bir az da şanssız Kəloğlanın başına gələn hadisələr, qarşılaşdığı fərqli personajlarla ibrətamiz söhbətləri böyüklərin də marağına səbəb olurdu. Burada tamaşaçı tanıdığı dünyaya bir də Kəloğlanın gözü ilə baxır. Bu saf, təmiz, hər kəsə inanan və bir o qədər də ağıllı qəhrəman bəzən uşaqlara tövsiyələrini də verməyi unutmur. Əsər boyunca Kəloğlan həyatdakı demək olar ki, bütün mövzular haqqında fikir yürüdür, söylədiyi kəlamları, xeyirsevərliyi, saflığı, ədalətliliyi, dürüstlüyü ilə insanlığa mesaj ötürür.
Düşünürəm ki, aramsız inkişaf edən,
texnologiyanın həyatımızın hər sahəsinə
sürətlə daxil olduğu
çağdaş dünyamızda hələ
ki, hər şeyi parlaq rənglərdə görən,
qayğısız uşaqların gələcək
inkişafında "Kəloğlan" tamaşası da daxil olmaqla,
Kukla Teatrının və onun
kimi uşaq
teatrlarının nümayiş etdirdiyi səhnə əsərlərinin
faydası əvəzsizdir. Sağlam gələcək
arzusunda olan
böyüklər bu sağlam
gələcəyi əvvəlcə öz
evindəki övladını sağlam
yetişdirərək əldə edəcəkdir. Buna görə də yeni
səhnə əsərinin məzmununa toxunmur,
onu canlı-canlı seyr
edib, nəticə
çıxarmağı hörmətli
oxucularımızın və balaca
balaların öhdəsinə buraxırıq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.-
14 mart.- S.7.