Gülərüz insan
haqqında yazı
Bəzən elə insanlara rast gəlirik ki, onları sadəcə görmək
belə kefimizi duruldur. Hey istəyirik ki,
bu insanlarla birlikdə olaq, hardasa təsadüfən rastlaşaq, bir-iki kəlmə kəsək, şansımız gətirsə,
lap birlikdə işləyək.
Ki, hər gün görə bilək belə insanları.
Hələ bu cür insanlar
görüb-götürmüş, təcrübəli olanda onlara daha çox
ehtiyac duyuruq.
Özümü çox təcrübəli
və çox da yaşlı biri saymasam da,
həyatda belə adamlarla qarşılaşdığım
az olmayıb.
Görmüşəm, kampaniyalarında olmağa şad olmuşam o insanların.
Belələrindən biri də Vidadi Xəlilovdur.
Biz onunla xanımım Almaz Həsrətin vasitəsilə tanış
olmuşduq. Onlar birlikdə işləyirlər.
Almaz xanım bu işıqlı insan haqqında həmişə xoş sözlər deyir, işdən gələndə
mütləq onun da salamını mənə çatdırır.
Əlbəttə, belə bir
insanın kimliyi şəxsimi istər-istəməz
maraqlandırmalı, məni
onunla görüşə
cəlb etməli idi.
Biz ilk dəfə Vidadi
müəllimlə onun
75 illik yubileyində görüşə bildik. Sağ olsun, bizi birlikdə
dəvət etmişdi.
Həvəslə qatıldıq yubiley
tədbirinə. Keçmiş təhsil naziri Misir Mərdanov da daxil günümüzün
ən sayılıb-seçilən
elm və sənət
adamlarının qatıldığı
tədbirdə bizə
də yer ayrılması könlümüzcə
idi.
2017-ci ilin dekabrına təsadüf etmiş o yubiley tədbirindən sonra Vidadi müəllimi
bir də iş yerində ziyarət edib sadəcə söhbət
eləmək keçmişdi
könlümdən. Həm
də o cür insanın iş yerini görmək maraqlı idi. Ona görə də vədələşdik,
bu günlərdə bu işıqlı insanı Təhsil İnstitutundakı iş otağında ziyarət etdim.
Gülərək, həvəslə qarşıladı
məni. Bir az da utandım ki, şəxsən özü
heç bir təkidimə baxmayaraq, mənə çay süzdü. İş günü yeni
başlasa da, çox gümrah, enerjili görünməsi
elə mənim də yuxudan ayılmağıma vasitəçi
oldu.
Biz xeyli söhbət
etdik. Musiqidən danışdıq, dildən danışdıq.
Qarşımda oturan şəxs
sözün bütün
anlamlarında ağsaqqal,
ziyalı, pedaqoq idi.
Milləti düşünür Vidadi
müəllim. Ən adi insanları
düşünür, ölkənin
taleyini düşünür.
Gəlmiş keçmiş elm və sənət adamlarına sayğılıdır.
Onların xatirəsini hələ
də ayaqda tutur.
Kimləri xatırlamadıq biz qısa
söhbət əsnasında? Akademik Mehdi Mehdizadə, bəstəkar Süleyman Ələsgərovdan tutmuş,
günümüzün sənət
ulduzları Səkinə
İsmayılova, Mənsum
İbrahimov, Arif Babayevə qədər böyük insanlar haqqında danışdıq.
Muğamdan danışdıq, milli musiqidən söz açdıq bu işıqlı şəxsiyyətlə. Ana dilimizə edilən hücumları dilə gətirdik.
Mən, nisbətən
gənc və müqayisədə xeyli təcrübəsiz biri olaraq Vidadi müəllimlə
söhbəti özüm
üçün fürsət
bildim. Maarifləndim xeyli. Və sevindim.
Sevindim ki, bu şəxsiyyəti
- işıqlı insanı
şəxsən tanıyıram,
onunla üzbəüz
oturub söhbət edirəm.
Təvazökar insandır Vidadi müəllim. Bir az da yaxşı mənada köhnə kişidir. İş otağına göz gəzdirəndə bunu görməmək, sezməmək
mümkün deyil.
Buranı hətta kiçik
bir muzey də adlandıra bilərik.
Divarlarda müxtəlif şəxsiyyətlərin
şəkilləri asılıb. Bir tərəfdə
qrammofon valları qalaqlanıb. Hamısı işləkdir. Patefon da
öz yerində.
Digər
tərəfdə kasetli
iri bir maqnitofon
var.
Kitablar, qəzetlər,
müxtəlif təsvirlər də nəzərdən
qaçmır. Balaca bir otaqdır, amma nəhəng bir yer təsiri bağışlayır. Yəqin ki,
Vidadi müəllimin aurası, bir də keçmişə sayğılı olub yeniliklərə açıqlığıdır
bu darısqal otağın belə nəhəng təsiri bağışlamasına səbəb.
Xeyli söhbət
etdik. Vaxtımız uçub getdi.
Xəbərimiz belə olmadı.
Ayrıldıq, mən işimə
yollandım. Bakının
tıxaclarından keçib
birtəhər özümü
iş yerimə çatdırdım.
Həmin günüm çox şən keçdi. Özümü çox çevik, həvəsli, yaradıcı
hiss etdim. Əslində, hər gün beləyəm. Amma o gün
daha qıvraqdım, daha çevikdim. Sadəcə
Vidadi müəllimlə
görüşüb kəlmə
kəsmək şəxsimi
bir qədər də motivə etmişdi.
Hə, oxucu sual edə bilər
ki, kimdir axı bu Vidadi
müəllim? Heç şübhəsiz, belə
sual verəcək şəxslərin sayı
az olar.
Hər nə qədər olmasa, bu təvazökar
və gülərüz
insan yetərincə tanınan birisidir. Amma yenə də kimdəsə o sualın yarana biləcəyini nəzərə alıb Vidadi müəllim haqqında qısa bilgiləri təqdim etməyi gərəkli sandım.
Vidadi Cəmil
oğlu Xəlilov 25 dekabr 1942-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində
anadan olub. Pedaqogika üzrə
elmlər doktoru, professordur. Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının
həqiqi üzvüdür.
1977-ci ildə Azərbaycan SSR-in
"Qabaqcıl maarif xadimi" adına
layiq görülüb.
1982-ci ildə isə "SSRİ maarif əlaçısı" kimi
yüksək dəyərə
layiq bilinib. Elə həmin il "Respublika
Lenin komsomolu mükafatı
laureatı" adını
qazanıb. 1997-ci ildə "Akademik Mehdi Mehdizadə mükafatı laureatı",
2006-cı ildə isə
"Azərbaycan Respublikasının
Əməkdar müəllimi"
kimi fəxri adlara layiq görülüb.
Vidadi müəllim bu zəngin həyatında musiqi, təsviri incəsənət, estetika,
estetik tərbiyə üzrə 40 adda monoqrafiya, proqram və dərslik, 200-dən
çox məqaləyə
müəlliflik etmişdir.
Sözardı: Vidadi müəllim
həm də bir ailə
başçısı, ata olaraq gözəl əsərlər müəllifidir.
Bu gün Azərbaycanda
və ondan kənarda tanınan, milli geyim məsələlərimizdə
həssaslığıyla seçilən modelyer
Gülnarə Xəlilova da bu gözəl insanın övlad
əsərlərindən biri, ailəmizin
yaxın dostudur.
Azər HƏSRƏT
525-ci qəzet.- 2019.- 14 mart.- S.4.