Daban mismarı
Onda hüquq fakültəsinin tələbəsi idi. Ölkənin
ən sayılıb-seçilən universitetində oxuması
ilə qəlbən öyünər, dünyanın ona məlum
olmayan gizli işlərindən hali olmağa
çalışardı. Yadındaydı... Respublika prokurorunun müavini onlara dərs deyirdi.
Prokurorluq işinin təşkilindən... Bu sanballı,
ağbaş, ağayana kişi auditoriyaya
girəndə özlərini yığışdırıb,
ona diqqət kəsilərdilər.
Bir
gün sual-cavab əsnasında dedi:
- Yox,
ölüm cəzası başqa yerdə yox, elə burada,
öz respublikamızda icra olunur.
Sonra da başladı bu məsələlərdən ətraflı
danışmağa. Hətta onun bir söhbəti daha təsirli oldu:
- Mən
bir vaxt türmələrə nəzarət edirdim də. İnanın, məhkum olub ki, gəlişimizdən
diksinərək gözlərimiz qarşısında
bütün saçları ağarıb. Axı
onlar hər an ölüm hökmünün icrasını
gözləyiblər.
Deməsinə görə, ölüm hökmü də
üç sutka ərzində icra olunurdu. Bir sutka ərzində
Moskvaya məlumat verilir, iki sutka ərzində onların
cavabı alırdılar: öldürülsün, yoxsa cəzası
on beş il həbslə əvəz
olunsun.
Üstəlik,
sakit halda bunu da dedi:
-
Özü də güllələnməmişdən əvvəl
onlar həkim müayinəsindən keçirilir, sağlamlq vəziyyətləri
müəyyən olunur.
Onda
prokurorun dediyi bu sözlər Əliyə çox qəribə
gəldi, dilləndi:
- Bəs
molla... Kinolarda görmüşük.
Ruslarda keşiş gəlir...
Tələbələr
pıçıldaşdılar:
- Ə, bu nə soruşur?
- Bizdə mollanı sayan var.
- Sən
onu demə, inancı, qəlb sakitliyi üçün
lazımdı.
Prokuror isə sanki onların bu söz-söhbətlərini
eşitmədi. Onu da nə qınayasan, dini inkar edən,
ateist bir ölkədə yaşayırdılar. Dostoyevskinin fikirləri, kitabları bir o qədər
rəğbətlə qarşılanmır, Belinski təbliğ
olunurdu. Onların fikir ziddiyyətləri
müstəqillik illərində çoxlarına əsl mənada
aydın oldu. İnqilabı ruh bəzən
heç də xeyir gətirmir. Bu gün
öldürülüb məhv edəni, sabah
da onun adamları öldürür... Necə ki,
Oktyabr inqilabında, sovetlərin dağılmasında bunu
gördülər. Hə, onda, bu mövzuda söhbətini
yekunlaşdırarkən, prokuror dedi:
- Həm
də ölmələrinə tam əmin olmaq
üçün, nömrəli məzarlıqda
basdırılanda onların dabanına iri bir mismar da vurulur.
Kimsə
pıçıldadı:
- Daban mismarı...
Əli isə
bu söhbətdən təsirlənmiş halda dilləndi:
- Bax da...
Ancaq görəsən bu mismar nə
böyüklükdə olur? Yüzlük, yoxsa
ikiyüzlük?
Tələbələr
səs-səsə verdilər;
- Adi mismar daa...
-
Böyüklüyünü neynirsən... Əsas odu ki,
vururlarmış...
-
Əzazilliyə bax ha...
Tənəffüs vaxtı çatdığı
üçün prokuror söhbətini yekunlaşdırıb
getdi. Onlarla
bir qrupda oxuyan boylu-buxunlu, gözəl-göyçək Dilarə
onu qınadı:
-
İş tapmırsan da... Suala bax... Mismar nə
ölçüdə olur?...
Yüzlükdü, yoxsa ikiyüzlük?...
Dilarənin xətrini hamısı istəyirdi. Qruplarındakı iyirmi beş nəfər tələbə içərisində
yeganə qız idi.
Bir dəfə
cinayət hüququ müəllimi zorlama maddəsindən
danışanda, ondan üzr istəyərək dedi:
-
Qızım, daha bağışla da ...Bu ixtisa
sı
seçib gəlmisənsə, istər-istəməz belə
mövzudakı söhbətləri də dinləməlisən.
Onda onun yaraşıqlı yanaqları istər-istəməz
allandı. Pörtmüş halda susub qaldı... İndi
odur ki, dedi:
- Hə,
bəs necə, bunu da bilməliyik ki, mismar nə
böyüklüyündə olur.
Bir dəfə də dəhlizdə həmin müəllimi
bu barədə sorğu-suala tutanda Dilarə eşitdi.
Müəllim harasa tələsirdi. Sualına cavab verməyib
dedi:
-
Qalsın... Başqa vaxt... Başqa vaxt bu məsələyə
aydınlıq gətirərəm. İndi
tələsirəm, gedəsi yerim var.
Pərt
halda dilləndi:
- Hə,
nolar ki...
Dilarə
gülə-gülə onu sancdı:
- Bu da sənin
sualın... Cavabını aldın da... Elə haqq elədi sənə...
Gör bunu nə maraqlandırır... Daban mismarı
yüzlük olur, yoxsa ikiyüzlük...
Pərtlikdən
çıxmaq üçün utanmaz-utanmaz dedi:
- Niyə
ki... Hər şeyin bir ölçüsü olur da...
Dilarə
sanki onun sözlərindəki bu gizli mənanı duymuş
kimi pörtmüş halda dedi:
- Tələsmə...
Sənə daban mismarını elə
özüm batıracam. Onda
ölçüsünü biləcəksən.
Xoşbəxt illər necə də tez gəlib
keçdi.
Prokuror müavinini bir daha görməsələr də, daban mismarı söhbəti şəxsən onun
yadından çıxmadı. Bir dəfə təzə
tikdirdikləri ev üçün mismar
almağa getmişdi. Çaşıb satıcıya dedi:
- Mənə
bir az daban mismarı lazımdı.
Satıcı
heyrətləndi:
- Müəllim,
mən bilmirəm... O necə mismar olur?..
Pərt
halda sözlərinə aydınlıq gətirməyə
çalışdı:
- Necə
yəni, sən hələ bunu bilmirsən? Ev
tikəndə, sutunların dabanına vurulan mismardan da.
- Hə,
başa düşdüm.
Əslində isə bu sözləri özü quraşdırıb,
vəziyyətdən çıxmaq üçün
demişdi.
Onda da satıcı mismarları ona qarışıq verdi. İçində hər
ölçüdə olanı vardı.
Bir də Dilarə yadından çıxmazdı. Eşitmişdi ki, ailə qurub, oğlu var. Bir gün də işdəki xidməti telefonu zəng çaldı. Onda dövlət notariusu işləyirdi. Dilləndi:
- Bəli, eşidirəm...
Dəstəkdə qız səsi eşidildi:
Qardaş, mən mediya nümayəndəsiyəm...
Əvvəl bu sözün mənasını yaxşı başa düşmədi:
- Medsinadansız?
- Yox ey... Mətbuatdan... Dördüncü hakimiyyətdən...
- Lap yaxşı, eşidirəm sizi...
- Sizin o suala cavab qəzetimizdə gedəcək. Hələlik hazırlıq, araşdırma işləri gedir.
Lap heyrət içində soruşdu:
- Siz nə danışırsınız?! Mənim hansı sualımı?!. Mən heç kimə sual verməmişəm!...
Qız gülməkdən uğundu:
- Yox, bir yaxşı-yaxşı fikirləşin. Daban mismarı, onun ölçüləri... yadınızdan çıxıb?!.
Onu yalnız indi tanıdı. Şən halda səsləndi:
- Hə, əziz bacım!... Bu sizsiniz... Dilarə xanım?!.. Səsinizi eşittim, məni nə qədər sevindirdiniz!... Uşaqlardan heç görürsünüzmü?!.
- Hərdən...- Dilarə maraqlandı:
- İşdəsiz, yoxsa evdə?
Dəniz kənarında olduğunu bilmirdi. İstirahət günü olduğu üçün, demə, onlar da ailəlikcə Nabran tərəfə keçirlərmiş. Bir yerdə əyləşəsi oldular. Kiçik oğlu, həyat yoldaşı da yanında idi.
Dilarə onda Respublika Prokurorluğunda işləyirdi. Görüşəndə əri
ilə onu tanış edib dedi:
- Manaf,
bunun beləcə cılız görkəminə baxma. Heç də özünə görə deyil.
Tələbə vaxtı o boyda prokuroru dəng eləmişdi:
daban mismarı nə boyda, hansı
ölçüdə olur...
- Dilarə daha əvvəlki məsum
baxışlı qız deyildi. Həyat onu dəyişən
kimi idi. Daha şən, hazırcavab
olmuşdu. - Bəlkə heç o kişi
özü də onun ölçüsünü bilmirdi. Bilsəydi
elə ilk dəfə soruşanda deyərdi də...
- Hə,
onu düz deyirsən...
- Bəs
sonradan da nə sorğu-suala tutmuşdun onu?
Bu vaxt
oğlu su hovuzuna yaxınlaşanda Dilarə həyəcanlı
halda onu səslədi...
Əyləşdikləri restoran dəniz kənarında,
mənzərəli bir yerdə idi. Onların stoluna baxan oğlan əlində
menyu ilə yaxınlaşanda gülümsər halda dedi:
-
Sifarişi özünüz verəcəksiniz.
Dilarə
ərinə dillənməyə heç imkan vermədi:
-
Çox da yox... Hərəsindən bir az...
Ancaq balıq hökmən olsun.
- Ağ
balıq, qara kürü də qoyun...
- Bəs
kabab?
-
Qarışıq gətirin də...
Bir də onunla çox-çox sonralar
görüşdü. Artıq həyat yoldaşı yox idi.
Vəfat etmişdi. Yenə də
Respublika Prokurorluğunda işləyirdi, özü də
sayılıb-seçilən bir şöbənin prokuroru idi.
Yerindən qalxmaq istəyəndə qoymadı:
- Hara tələsirsiniz.
Sizə çay gətirirlər.
- Mane
olmaq istəmirəm. İş adamısınız...
Bu vaxt boylu-buxunlu oğlu içəri girdi. Daha
doğrusu, onu tanımadı. Dilarə:
-
Oğlumdur, tanış olun, - deyəndə,
lap sıxılan kimi oldu. Soruşa bilərdi ki,
anasının yanındakı kişi
kimdi. Dilarə onu başa düşübmüş kimi dedi:
- Nəcəf,
sən Əli dayını tanıyırsan da. Dövlət
notariusu işləyir.
Əli gülümsər halda onunla
görüşdü, o illəri xatırlatdı.
- Hə,
onda az qalmışdı ki, su hovuzuna
düşüm.
Dilarə
dedi:
- Hərbi
həkimidi. Mənim ixtisasımı bəyənmədi də...
-
Çox yaxşı... Həkimlik çox şərəfli
peşədi. İnsanlara xidmət edir,
onların sağlamlıqları keşiyində durur, həyatlarını
uzatmağa çalışırlar.
Dilarə
atmacasından qalmadı:
-
Sözündən belə çıxır ki, biz kəsib-doğrayanlar,
ömrü qısaldanlar dəstəsinə aidik?..
- Hə,
xatırladım... Daban mismarları...
Gülüşdülər. Demə, Nəcəf də
artıq bu söhbəti bilirmiş. Diları
yanaqları allanmış halda ona baxdı, gözləri
yaşarmış halda dedi:
- Düz
deyirlər, ötən günə gün çatmaz... Nəcəfin toyuna səni dəvət edəcəyəm.
Nişanlıdı...
- Xoşbəxt
olsun. Hökmən iştirak edərəm.
Məni unutmayın.
Vaxtında zəng çalıb bildirdi də. Özü də
neçə gün əvvəl. Ailəliklə
bu toya getmək üçün hazırlaşırdılar.
Həyat yoldaşı Rəna bu münasibətlə
əyin-baş hazırlığında idi. Ondan neçə dəfə pul almışdı
buna görə. Verməyəndə də deyirdi:
- Sənin
üzağlığın üçün tikdirirəm də.
Tələbə yoldaşlarının
yanında pərt olmayasan.
Eşitmisən də, deyirlər ki, qadını kişinin köynəyinə, kişini isə qadının üz-gözünə görə tanıyırlar. Gərək makiyaj da olunum.
- Səndəki bu qırışlar çətin gedər. Qocalırıq da...
- Qoca özünsən...Mənə nə olub ki...
Ancaq yaxşı deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Toya bircə gün qalmış avtoqəzaya düşüb, beş ay yataq xəstəsi oldu, yerindən tərpənə bilmədi. Dilarənin oğlunun toyuna getmək də mümkün olmadı.
Aradan bir müddət keçdi. Bir gün işdə idi. Artıq hakim işləyirdi. Cəncəl bir cinayət işinə baxırdılar. Prokurorun mülki iddiası da vardı. Fasilə vaxtı birdən qapı döyüldü. Səsləndi:
- Gəlin...
- Olar da...
- Buyurun.
Gələn rayon prokurorluğunun katibi bir cavan oğlan idi, yaxınlaşıb bir mismar verərək dedi:
- Bizdə bir qonaq var... O göndərib sizin üçün. Deyib ki, desin... Əsl daban mismarı elə bu ölçüdə, belə olur.
Həyəcanlanmış halda soruşdu:
- O kim idi?!
- Bilmirəm...
- Qadındı, yoxsa kişi?!
- Vallah görməmişəm... Bu mismarı
prokuror verdi mənə...
Zəng çalanda içəridə şaqraq qadın
səsi eşidildi. Tanıdı, onun səsi idi... Görüşəndə
Dilarə onu qucaqlayıb üzündən öpdü.
- Ay
qardaş, nə qocalmısan belə?!. Saç-saqqalın da ağarıb, nuraniləşmisən.
Əl çək də bu xırdaçılığından...
Prokuror deyir ki, o əlindəki cinayət işini bir həftədir,
uzadır, baxıb qurtarmırsız...
-
İnsan taleyidir də...
- Daban
mismarı ilə tanış oldun da?..
Ölçü-biçisindən xəbəriniz oldu da?..
- Elə
bildim ki, bu sizin işinizdi.
Sonra da
başladı başına gələnləri
xatırladıb, ondan üzr istəməyə:
- Sən Allah bağışlayın da, onda xeyir işinizdə iştirak edə bilmədik. Xoşbəxt olsunlar...
- Çox sağ olun. Siz bizi bağışlayın ki, xəstə oldunuz, imkan edib baş çəkə bilmədik...
Bax, daban mismarı söhbəti beləcə yekunlaşdı.
Dilarə gedəndə ərkyana dedi:
- Nə
var ey burada?.. Köçüb gəlin
şəhərə, yaxın olaq... Gedib-gələrsiniz
də.
Həmin
"daban mismarı"nı o illərin
xatirəsi tək bu gün də yadigar olaraq saxlayır. Dilarəyə olan hörməti, qayğısı
ayrıcadır. Tələbəlik illərinin xoş
bir yadigarı kimi...
Bir də
o lənətə gəlmiş daban mismarı
haqqında danışmaq istəmir. Yaxşı
ki müstəqillik dövründə ölüm cəzasına
son qoyuldu. İndi o mismarlar daha lazım olmur... Heç ölçüsünü də bilmək
istəmir.
Əlisəfa AZAYEV
525-ci qəzet.- 2019.- 14 mart.- S.6.