Dəniz, Mikayıl Müşfiq
və nida işarəsi...
Şəhərlərin, dağların, meşələrin,
dənizlərin, adaların,
çayların, göllərin
həmin ərazidə
yaşayan insanların
xarakterinə təsiri
çox böyükdür. Bəlkə də
yanılırıq, əksinə,
o ərazidə yaşayan
insanların xarakteri həmin coğrafi obyektlərə təsir edir.
İkinci fikir daha çox
utopiyaya bənzəsə
də, burda da bir həqiqət
tapmaq olar. Zaman-zaman o ərazilərdə
yaşayan fərdlərin
məişəti, əmək
qabiliyyəti, ya da mədəni təxəyyülü, düşüncə
tərzi, hətta inancı məlum məkanları dəyişə
bilir. Əslində, məkan anlayışı
o yerlərin sahiblərinin
ədəbi düşüncəsi
ilə birbaşa əlaqədədir. Bütün fizioloji
və xarakterik dəyişikliklər, xüsusən
də, poetik düşüncədə öz
əksini tapır.
Keçək yazının məğzinə.
Xəzər dənizinə aid yazılan
şeirlərdə qeyri-səmimilik
hiss etdim və bunun səbəbi mənə maraqlı gəldi. Axı niyə Kür,
ya da Araz
çayı haqqında
yazılan şeirlər
Xəzər dənizi
haqqında yazılan şeirlərdən daha güclü və daha səmimidir?
Məsələn, Xəzər dənizinə
aid yazılan şeirlərdə
"mavi Xəzər"
ifadəsinə çox
tez-tez rast gəlmək olar. Mavi Xəzər... Axı bu dənizin
mavi olduğunu görən olubmu heç? Xəzər dənizinə mavi
deyilməsini bir şərtlə qəbul edərəm ki, onun mavi olduğunu
heç olmasa hiss edəsən.
Hərdən mənə elə
gəlir ki, bu ölkədə heç kim
Xəzər dənizinin
mavi olduğunu görməyib, nəinki görməyib, heç
hiss etməyib, nəinki
hiss etməyib, heç
düşünməyib də.
Bu dəniz qaradır,
bu dəniz bozdur, bu dəniz
ən yaxşı halda tünd yaşıldır, amma heç vaxt mavi deyil. Bu dəniz vahiməlidir,
qorxuludur, kədərlidir,
amma heç vaxt ümidverici deyil.
İndiyə kimi üç
dənizin sahilində
olmuşam: Xəzər
dənizi, Ağ Dəniz və Qara Dəniz. Nə qəribədir ki, adlarından hiss olunmasa da, Ağ Dəniz
və Qara Dəniz Xəzərdən
daha mavidir.
Antalyada Ağ Dəniz sahillərində olanda dənizin nə qədər canlı, nə qədər ümidli və xoşbəxt olduğunu
ilk dəfə hiss etmişdim. Ləpirlərin səsi körpə qığıltısına bənzəyirdi.
Günəş şüaları bu körpənin süd dişlərini bizə gah göstərir,
gah da gizlədirdi.
Dənizə girəndə isə
elə bil üzmürdüm, həmin
körpə ilə oynayırdım.
Xəzər də uşağa bənzəyir, amma aldadıldığının fərqinə
varan uşağa. Biz Xəzəri aldatdıq, ona dəniz olduğunu dedik, onu inandırmağa çalışdıq ki,
dənizdir, amma özümüzü buna inandıra bilmədik.
Xəzər göl olduğunu
anlayandan belədir bəlkə. Bəlkə də
o vaxtdan küsüb bizdən. Aldadıldığını öyrənən uşaqla da barışmaq asan olmur.
Bilirsiniz,
bəlkə Xəzər
dənizi də mavi rəngə bürünür, amma heç kim
onun maviliyini hiss edə bilmir. Xəzər dənizi bizim üçün həmişə
dərdimizi danışdığımız
su olub. Elə bəlkə əsrlərdir
bu sulara dərdimizi danışmışıq
deyə maviliyini itirib. Xəzər dənizi indi
qaradır, bozdur, ən yaxşı halda tünd yaşıldır. Bu dəniz "ən böyük göl" adını "ən kiçik dəniz" olmağa dəyişdi deyə uduzdu.
İndi, o, bizə əsəbidir, küsüb. İndi, o, ən yaxşı
halda Qız Qalası əfsanəsindəki
şah qızının
xilas yeridir.
Qız Qalası əfsanəsini yada salmış ikən... Digər bir əfsanəyə
görə bu dənizin sahilində yaşayan kaspi və maq tayfalarının
kahinləri şairləri
lənətləyirmiş və
şairləri kahinlərin
əmri ilə dənizə atırlarmış.
Dənizə atılan
şairlər sudan çıxdıqda
şairlik vergilərini
itirib adi insana çevrilirdi.
Həmin şairlərin bu cəzadan sonra həyatlarını necə
davam etdirdiyi ilə bağlı heç bir şey deyilmir. Bəlkə
də bu əfsanəni həmin cəzalanan şairlərdən
biri uydurub deyə davamı yoxdur, ya da
əfsanə elə burada bitib...
Otağımın pəncərəsindən açılan
mənzərə mənə
Xəzər dənizini
göstərir. Düz qarşımda Nargin
adası dayanıb.
Nargin adası da çox
qəribədir. Baxırsan, baxırsan,
yaxında, ya uzaqda olduğunu anlaya bilmirsən. Bu ada Xəzərin
ögey övladına
bənzəyir. Dənizdən
küsdüyü və
də məğrurluğu
açıq-aşkar hiss olunur.
Nargin bir az da dənizin üzərindəki
nida işarəsinə
bənzəyir.
Hə, hə. Yəqin elə bu
ada Mikayıl Müşfiqin
"Oxu tar!"
şeirindəki nida işarəsidir, bu dənizin sularından silinməyən nida işarəsi. Mikayıl Müşfiq
isə həmin əfsanədəki cəzalanan şairlərin
növbətisi...
Ulucay AKİF
525-ci qəzet.- 2019.- 15 mart.- S.8.