"Bir nəğmədir şeirlərim"

 

GƏNC ŞAİR FUAD BİLƏSUVARLININ KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR

 

 

Çox sevindirici haldır ki, bu gün ədəbi mühitdə istedadlı gənclik yetişir. Mən istedadlı gənclik deyəndə öz xətti, öz üslubu olan, heç kəsi təkrar etmədən, yalnız öz ilhamının, öz beyninin məhsulu olan yaradıcılıqla tanınanları nəzərdə tuturam. bunu təkcə ədəbiyyata, poeziyaya deyil, incəsənətin bütün sahələrinə aid edirəm.

Gələcəyinə ümidlə baxdığım belə gənclərdən biri Fuad Biləsuvarlıdır.

Bu yaxında Fuadın üçüncü kitabı işıq üzü gördü. Azərbaycan Yazıçılar Birliyində şair Dayandur Sevginin kitab təqdimatında Fuad Biləsuvarlı "Bir nəğmədir şeirlərim" adlı kitabını mənə hədiyyə etdi. Üzündə xoş bir təbəssüm, işıq vardı. Bu işıq onun ürəyindən, qəlbindən gəlirdi. Əslində, şair qəlbi işıqlı olmalıdır ki, yazdıqları da işıqlı alınsın.

Evə gəlib kitabın ilk səhifəni açanda müəllifin özü haqqında yazdıgı ön sözləri diqqətimi çəkdi. "Hər şeir insan ömrünün bir anıdır. Bu anı yaşamasan, duymasan yazdıqların adi söz yığını olacaq. Zorla şair olmaq olmur. Əgər yazdıqların ürəkdən gəlmirsə,ürəklərə təsir etməyəcək".

Əslində, Fuad bu sözlərlə əsl şair qələminin gücünü göstərir. "Əgər səndə istedad yoxdursa, ha çalış, ha vuruş, səndən şair olmayacaq! Get başqa bir sahədə çalış, xalqına xeyir ver", - demək istəyir.

Fuadı hələ gənc ikən həyatın ən ağır zərbəsini alıb: 23 yaşında atasını itirən Fuadın dərdini sevimli şair Afaq Şıxlı ona həsr etdiyi şeirində kövrək misralarla çox gözəl verib. Özgə atalarının "can, ay oğul!" sözündən üşüyüb, üşüyüb bir küncə çəkiləcək, xəyalları ilə baş-başa qalacaqdı. Nənəsinin himayəsində böyüyən Fuad uşaqlığını da düz-əməlli yaşamadı. Yaşaya bilmədi.

"Sən uşaq olmamısan yaddaşlarda qalalı,

Böyük kimi düşünüb, böyüktək davranmısan.

Sənə ümid ediblər, sənə buyurublar.

Elə səndən küsüblər, elə səndən umublar...

Heç zamanın olmayıb dəcəlliklər etməyə,

Öyrəşmisən tək-tənha xəyallarda itməyə..."

Bu bir həqiqətdir ki, şair ağrı-acılarla yaşayır. Mən bir dəfə bu barədə yazmışam yenə deyirəm: insan o vaxt yazıçı olur, o vaxt əlinə qələm alır ki, həyatında o ağrı-acıları yaşayır... Gecələr o dərdlərlə baş-başa qalır...

Görəsən, məhkum idin sən böyük doğulmağa?

Yoxsa həyat qoymayıb səni uşaq olmağa?

Ürəyində kədəri, qəmləri, həyatında acıları çox olsa da, Fuad bunları özünə dərd etmir, bu dərdləri böyük qəlblə qarşılayır, uca Allaha, onun ədalətinə sığınır, "İlhamı dərdimdən almışam!" - deyir:

Dualar edərək çıxdım sabaha.

Düz oldum, batmadım heç bir günaha.

Qurbanam o dərdi verən Allaha,

İlhamı dərdimdən almışam belə.

Şairlik, yazıçılıq bax budur! Dərdlərə sinə gərib o dərdi özününkü edə bilmək. Bədbinləşməmək! Sabaha daha da ümidlə boylanmaq.

Ancaq evinin sakit bir guşəsində kiçik yazı masasının arxasında özünü daha rahat hiss edir Fuad. "Bir mən oluram, bir düşüncələrim... Bəzən yerinə düşən qafiyəni tapa bilməyəndə, fikrimlə az qala dağa dırmaşıram..." - deyir şair.

Bir qələm sahibi kimi onu bu gün cəmiyyətdə, dünyada baş verən əyintilər, haqsızlıqlar narahat edir. Torpaqlarımızın işğal altında olması, Qarabag, Şuşa, Laçın... dərdi qəlbini sızladır. Dəyərli yazıçı şairimiz Rəşad Məcidin dilindən yazdığı "Laçın" şeiri mənim qəlbimi sızlatdı...

Daha əsmir, mehi yoxdu,

Güllərinin şehi yoxdu.

Küsüb bizdən, kefi yoxdu,

Gözü nəmdi, dolub Laçın.

Şair burada metafora yaradaraq Laçını canlı insan kimi təsvir edir. sanki bu təsvirin simasında biz insanların qəlbindəki Laçın, Şuşa, Kəlbəcər, Ağdam... həsrətini görürük.

Səhər-axşam fikrimdədi...

İndi görən gündədi?

Yağıların əlindədi,

Talan-talan olub Laçın!

- deyən şairin dərdi hamımızın öz dərdimizdir, öz yanğımızdır.

Fuadın qələmi get-gedə püxtələşir, yenilənir. O, yeni ifadə deyimləri, yeni qafiyələr axtarışındadır. Böyük zəhmət hesabına yazıb-yaradır. Necə yazır? Bu suala Fuad özü cavab verir:

"Mən necə yazıram? Bu suala cavab vermək, bəlkə mənim üçün çox çətindir. Amma "yazmaya bilərəmmi?" - sualına cavab vermək mənim üçün daha asandır. Hər gün nəsə yazmaq mənim üçün artıq ciddi məsələdir. Çünki yazmaya bilmərəm!"

Bəli. Yazmaya bilməz! Çünki ürəyi doludur. Çünki Allah ona istedad, yazmaq bacarığı verib. bu bacarığı xalq üçün, ədəbiyyatımızın gələcəyi üçün sərf etməlidir Fuad. Bunun üçün hələ çox zəhmət çəkməlidir. İnanıram heç şübhəsiz ki, belə olacaq.

Hələ körpəlikdən onun əziyyətini çəkən nənəsi Xalidə xanım Fuad üçün müqəddəs bir varlıqdır. Ona hörməti bütün yaradıcılığı boyu qırmızı xətt kimi keçir:

Lap çətinə düşəndə ürəyin qan ağlayıb,

Sənin qəlbindəkinə bir nənən ağlayıb...

Yuxarıda qeyd etdiyim kimi, Fuad daim ədəbi axtarışdadır. Yeni fikirlər sorağındadır. Onun sevgi şeirləri çox səmimidir.

Qəlbimdən qəlbinə çəkdiyim yola,

Hər gün xalı salıb naxışlayıram.

ulum yox, daş-qaşa gümanım gəlmir,

Mən sənə qəlbimi bağışlayıram.

Qəlbdən gözəl ola bilər, Fuad? O gün olsun ki, o gözəl qəlbini bütün sevdiklərinə, oxucularına bağışlayasan.

O qız məni bəyənmədi,

Yoxdu cibdə param, yoxdu.

Heç siqaret çəkmirəm.

Elə işlə aram yoxdu.

Bu şeirdə Fuad necə səmimidir... Özüdür! Mövlananın bir kəlamı var: "Ya göründüyün kimi ol, ya da olduğun kimi görün". Fuad olduğu kimi görünən insanlardandır tövsiyəm budur ki, onu pulu-parası olmadığına görə saymayan insanlardan özünü qorusun.

yaxşı ki, bu gün Fuadın ətrafında çox dəyərli insanlar var. Ona dəstək olan insanlar. Tanınmış söz sənətkarımız Dəmir Gədəbəyli, dəyərli şair həkim Afaq xanım Şıxlı, həmçinin başqaları. Yeri gəlmişkən, "Bir nəğmədir şeirlərim" kitabının redaktoru da Afaq xanımdır.

Fuadın gözəl şeirləri çoxdur. Sözlərinə mahnılar bəstələnib. O nəğmələri tanınmış sənətkarlar oxuyurlar. Bu yaşda bu uğuru qazanmaq Fuadın böyük xoşbəxtliyidir. Çünki hər şairin şeirlərinə nəğmə bəstələmək mümkün deyil.

Bu yığcam qeydlərimin sonunda bu sözləri tam səmimiyyətlə deyirəm: Uğurlar, Fuad! İnanıram ki, sənin gələcəyin daha da uğurlu olacaq. Bu çətin və məsuliyyətli yollarda büdrəməyərək həmişə düz yolla getməyini arzulayıram!

 

Südabə SƏRVİ

Yazıçı-publisist, AYB-nin üzvü

 

525-ci qəzet.- 2019.- 15 mart.- S.8.