Novruz Nəcəfoğlu: Ədəbiyyat adamı...  

 

 

 

May ayının ikisində yazıçı-publisist Novruz Nəcəfoğlunun 65 yaşı tamam olur. Bu elə bir rəqəmdir ki, ciddiyə almaq da olar, almamaq da...

Ciddiyə almamaq ona görə ki, həyat və yaradıcılıq şövqü ilə yaşayan adama rəqəmlər nə edəsidir axı?! Amma bir yandan da geriyə dönüb baxanda, yaşanan həyatı, görülən işləri və ən əsası, yazılanları düşünəndə bu rəqəm nəhəng görünür adama... Əlbəttə, bu haqda hamıdan yaxşı Novruz Nəcəfoğlu özü danışa bilər. Mənə görə, istənilən yuvarlaq rəqəm hesabat həvəsi yaradır insanda; nədən başladım, nələrdən keçdim və hansı məqama gəlib yetişdim. Yəqin hüznü də, bayram ovqatını da yaradan elə bu hesabatdır. Və elə bu günlərdə Novruz müəllimin kitablarını yenidən vərəqlədikcə, yaddaşımda qalan hekayələrini təzədən oxuduqca anladım ki, müəllif üçün hər şeydən vacib olan sadəcə yazmaq, düşündüklərini qələmə almaq yox, həm də ədəbiyyatla yaşamaqdır. Bu xasiyyəti yazdıqlarından və özünə tələbkar münasibətindən görünür. Eyni zamanda,  ardıcıl oxucu olması, müasir ədəbi mühiti yaxından izləməsi və ədəbi prosesə, qələm adamlarına xeyirxah münasibəti də bu ədəbiyyat adamı xarakterini bir daha təsdiqləyir.     

Novruz Nəcəfoğlu yaradıcılığında bir neçə istiqamət müəyyənləşdirmək olar. Portret əsərləri - "Nağıl adam", "Kəlbi əmi, yaxud Keçən cavan çağım ola" kimi povestləri, nəsr əsərləri, səfər qeydləri və şeirlər. Dostları, sevdiyi yazıçılar, şairlər, ictimai xadimlər haqqında qələmə aldığı məqalələri də bu silsilənin tərkibidir. Məncə, ayrı-ayrı janrlarda yazdığı bu ədəbi nümunələrə bütöv nəsər salsaq, hər şeydən öncə Novruz müəllimin portret ustası olması vurğulanmalıdır. Müxtəlif əsərlərini nümunə gətirərək söyləmək olar ki, yazıçı yaratdığı portretlərə öz müşahidələrindən gələn ştrixlər də əlavə edir ki, bu da qəhrəmanların daha da canlı, koloritli təqdimatına imkan verir. Böyük maraqla oxuduğum "Nağıl adam", "Kəlbi əmi", "Çarəsiz yolçu", "Bir qış gününün xatirəsi" və digər əsərləri bunu demək üçün əsasdır. Maraqlı olan budur ki, məsələn, "Nağıl adam"da hamımızın tanıdığımız, ədəbi mühitdə çox sevilən, yazıçı Aydın Tağıyevin portretini yaradır, "Kəlbi əmi"də çoxlarının tanımadığı, yəqin yalnız yaşadığı bölgədə söz, hörmət sahibi olan Kəlbi əminin, "Çarəsiz yolçu"da bəlkə əslində, real adam olmayan, ümumiləşdirilmiş qəhrəman Qıztamamın, Məmişin. Amma həmin qəhrəmanları real həyatda tanıyıb-tanımamasından, göstərilən  cizgilərə nə dərəcədə bələdliyindən asılı olmayaraq, bu adamlar oxucuya doğma gəlir. Sanki bunlar hər gün gördüyümüz, müşahidə etdiyimiz, ünsiyyətdə olduğumuz insanlardır.

Əsərləri ardıcıl oxuduqca düşünürəm ki, kənd ab-havasını bilən, ona yaxından bələd olan adamlar üçün doğma ştrixlər, ürəkdən xəbər verən detallar daha çoxdur. Məsələn, kənd qadınlarının boş bir şey üstündə "çoxpilləli" mübahisələrini oxuduqca Abşeron qəsəbələrində gördüyüm gülməli davalar yadıma düşür. Amma məsələ burasındadır ki, yazıçı fəhmi, istedad kənd mühitindən xəbərsiz oxucunu da təsirləndirməyə yetir.

Təxminən bir il öncə Novruz Nəcəfoğlunun "Yollar uzanan gün" və "Ağ qayadan atılan güllə" əsərlərinin əsasında, Qarabağ mövzusunda çəkilmiş filminin  təqdimatı idi. Həmin filmə  baxandan sonra bunu xüsusi qeyd etmişdim ki, Novruz müəllimin  yaradıcılığı ilə yaxından tanış olanda bir böyük ideyasını görə, duya bildim; Böyük insanlığı, Kişiliyi tərənnüm etməsini. Bir vaxt Seyran Səxavət "Çarəsiz yolçu" povestini təhlil edərkən  yazıçıya müraciətlə "Sən nə böyük kəndçisən" - demişdi. Məncə, əslində, bütün həyat, dünya kənddən başlanır. Həyat fəlsəfəsi ordan başlanğıc götürür. Ona görə Seyran Səxavətin sözünü "Sən nə böyük İnsansan" şəklində də yozmaq, qəbul etmək olar.

Yazıçının xüsusi resept verməsi, qayda diktə etməsi mümkünsüzdür. Ona görə Novruz müəllim də pafossuz danışır əsərlərində, sadəcə göstərir ki, adam belə olar... Kəlbi əmi kimi mərd, dönməz, Aydın Tağıyev kimi saf, Qıztamam kimi fədakar və s. Hətta adi həyat qanunlarına, normalara zidd, amma bu insanların xasiyyətində olan cəhətləri də bir az ironiya ilə, bir az gülümsəyərək elə yazır ki, adam bunu təbii, rahat qəbul edir. Məsələn, Kəlbi əminin yükünü xanımına daşıtdırması, yaxud Aydın müəllimin təyinatdan yayınması kimi... Və qəribədir ki, "Çarəsiz yolçu" povestinin qəhrəmanı, ilk baxışdan mənfi, ya qüsurlu görünə biləcək Məmişi də oxucu pis adam kimi qavramır. Bu da yazıçının uğurudur; insanı, qəhrəmanını hər cəhətiylə, bütün tərəfləriylə yazması...

İstər poeziyasında, istərsə də nəsr əsərlərində yazıçının ironiyası, yumoru nəzərə çarpır. Bəzən çox ciddi, ağır mövzular ironiya ilə, zarafat üslubunda elə yumşaq təqdim olunur ki, oxucu yorulmur. Bu cəhəti doğulub boya-başa çatdığı Cənub bölgəsinin adətlərindən, orda olan qeyri-adi hadisələrdən bəhs edən "Adi günlərin əhvalatları" silsiləsində daha çox yerinə düşür. Bu əsərləri oxuyub doyunca gülə bilərsən, amma o gülüşün də arxasındakı hüzn diqqətdən yayınmır. Və elə bu silsilə haqqında danışanda bir müşahidəmi də vurğulamaq istərdim... Novruz Nəcəfoğluya görə insan təbiətin bir parçasıdır. İlk baxışdan bonal səslənən bu fikrim  təəccübləndirməsin heç kəsi.

 

Sual oluna bilər, necə yəni məgər başqaları belə düşünmür? Əlbəttə, bu, çox mühüm və dərin fəlsəfədir. Bütün elm sahələrinin, üstəlik, ədəbiyyatın aşıladığı məqamdır. Canlılar birhüceyrəlilərdən başlanğıc götürüb və ən mükəmməl canlı olan insana kimi təkamül prosesi keçib. Texnika, elm inkişaf etsə də, dünya nə qədər qabağa getsə də, insan o ilkin başlanğıca meyllidir, təbiətə can atır. Ona görə bəzən heç fərqində olmadan təbiət qoynuna özünü daha yaxşı hiss edir, gümrahlaşır. Yəni bunlar aydın həqiqətlərdir. Amma nədənsə zaman getdikcə elm də, sənət də bu məlum həqiqətdən uzaqlaşmaqdadır. Xoş olan budur ki, Novruz müəllimin  yaradıcılığında bu, lap qabarıq şəkildə özünü göstərir. Yəni yazıçıya görə uzun ömür sürmüş ağac da insan qədər dəyərlidir və onun da dost kimi qədrini bilmək, qayğısına qalmaq lazımdır. Bu mənada "525-ci qəzet"də silsilə olaraq işıq üzü görən "Yuxuya gedib gecə" povesti xeyli düşündürücüdür. Adama elə gəlir ki, "Yuxuya gedib gecə" təbiətdən, torpaqdan, keçmişindən uzaq düşmüş insanın nostaljisindən yaranıb, ötən günlərin xiffəti kimi yazılıb. Amma bu əsərin qəhrəmanı Həbib keçmişinə ona görə can atmır ki, indi pisdir, çətin, ya daha qəliz həyat yaşayır, yox...

 

Yazıçı Həbibin simasında onu söyləyir ki, insan təbiəti budur; həmişə gözü arxadadır və qarşıdakı günlərindən nagümandır, nəyinsə daha yaxşı olacağına inanmır. Həbib ütülü, şablon adamları gördükcə keçmişdəki, kənddəki o qəribə adamlar üçün darıxır. Və nədənsə mənə elə gəlir ki, məhz bu əsər yazıçının həyata baxışlarını, ağrısını, gözləntilərini ən çox ifadə edənidir. Burda tənhalığın qəribə bir forması özünü göstərir. Gecə tənhaların qənimidir. Əsərin qəhrəmanı da heç bir "səbəbsiz" filansız tənhadır. Gecə yaddaşından gələn səslərin, "hay"ların, "huy"ların sədasına oyanır və olanları-keçənləri yadına salır. Bu olanlar, keçənlər bəlkə də ayrıca əsərlərin mövzusudur, amma Həbibin xatirələri, düşüncələri kimi üzvi bir şəkildə eyni ideya altında birləşə bilib. Əsərin məndən ötrü ən təsirli bölümü  "Qoytuləli körpüsü"dür. Qoytuləlinin başına gələn hadisənin özü sənətin əbədi və əzəli problemidir. Fəlsəfə isə bundan ibarətdir ki, xoşbəxtlik, yaxud insanın axtardığı elə öz yanında, yaxınındadır, sadəcə bunu görmək, ona çatmaq üçün əziyyət çəkməli, uzaqdan fırlanıb, dolanıb gəlməlisən. Qoytuəli hansısa cəhətləriylə Mirzə Cəlilin qəhrəmanlarını, daha çox Məhəmmədhəsən əmini xatırladır. Hətta uzunqulağın əlindən alınması məqamı ilə yazıçın bunu bilərəkdən etdiyini də düşünürəm... Yəni zaman gedir, qələm estafet kimi ötürülür və eyni mövzulara, problemlərə fərqli yanaşmalar meydana gəlir.

Novruz Nəcəfoğlunun yubileyi ərəfəsində əsərlərinə nəzər saldıqca, həm də şəxsən müşahidə etdiyim, dostlarının yazılarından öyrəndiyim cəhətlərini özlüyümdə götür-qoy etdikcə sənət sevgisinin gücünü anladım bir daha. Gəncliyindən bu yana müxtəlif vəzifələrdə çalışmış, hazırda Siyəzən rayon İcra hakimiyyətinin başçısı olan yazıçı sənətdən, ədəbiyyatdan bircə addım da uzaqlaşmayıb. Əksinə, uzun illər Şabran rayonunda icra başçısı işlədiyi müddətdə Şabranı ədəbiyyat mərkəzinə, sənət məbədinə çevirib. Əminəm ki, ən yaxın günlərdə sözlə, ədəbiyyatla bağlı tədbirlərin sədasını Siyəzəndən də eşidəcəyik. Məsələ burasındadır ki, sənət insanın içindədir, onun harda, hansı mövqedə olmasının bir əhəmiyyəti yoxdur. Və 65 yaşlı Novruz Nəcəfoğlu bu illər ərzində o sənət sevdasını hərdən bir cür ifadə edib - bəzən şeir yazıb, bəzən hekayə, hərdən sözlə dostlarının portretini cızıb, heç nə də olmasa, qələm əhlini başına yığıb söz məclisi, poeziya günləri, kitab təqdimatları keçirib... Və mənə görə, 65 ilin ən böyük qazancı elə budur.

Doğum gününüz mübarək olsun, əziz Novruz müəllim!

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 1 may.- S.11.