Motivasiya
Söylədiklərin qədər deyil, etdiklərin qədərsən. Oxuduğun mahnıya
rəqs edə bilmirsənsə, kimsəyə
faydan olmaz. Xoşbəxtliyi axtarmaqla tükənər
ömrün. Xoşbəxt olmaq istəyirsənsə,
özündən başla.
Çünki sən özünü xoşbəxt
hiss etmədiyin müddətcə
kimsəni xoşbəxt
edə bilməzsən.
Ətrafındakılardan şikayətlənmək yerinə sən tərəfdən "6" görünəni
onların tərəfindən
"9" görməyə çalış.
Çıx qabığından, at zəncirlərini. Burax kürəyindəki daşları. Çarəsi olan heç nə üçün üzülmə. Çarəsizlərisə çıxart beynindən. Məcburiyyət əzaba hamilədir. Doğulan hər əzab böyüyəcəkdir mütləq. Yükləmə ürəyini. Sən özünü parçalasan da, bəzi şeyləri dəyişməkdə gücsüzsən. Ya vəziyyəti qəbul et, ya vəziyyətlə ayaqlaş. Ya da burax su axıb çuxurunu tapsın. Çuxurun önünə daşlar düzmə. Qırdılarmı? Parçalarını birləşdir. İncitdilərmi? Yaralarına məlhəm ol. Sənə olunan hər nankorluğun yeganə günahkarı elə sən özünsən. Başına tac etdiklərin, gün gələr, başın ölçüsündən şikayətlənər. Sən istəmədiyin müddətcə, kimsə səni üzə bilməz. Hər kəsi aid olduğu yerə qoy ki, sonra yerlərini yadırğamasınlar. Sən hər kəsi insan pilləsinə qoysan belə, sonra çoxunu yerində tapmaya bilərsən.
Qaçan qovalanır. Kimsənin
arxasınca düşmə. Sən getdikcə o, bir pillə qalxacaq. Və sənin ən
əlçatmazına çevriləcək.
Axarına burax hadisələri.
Qoy bir az da insanlar
sənin üçün
çabalasın. Səni itirməkdən
qorxsunlar. İncidiyinin, qırıldığının fərqinə varsınlar.
Yoxluğunu hiss etsinlər.
Unutma, sən
ən güclü yaradılışsan. Bacarmayacağın heç nə
yoxdur. İstəsən, öhdəsindən gələ bilməyəcəyin
heç bir çətinlik yoxdur.
Hər kəs hər şey edər. Kimsə mələk deyil.
Unutma, şeytan da bir zamanlar mələk
idi. Kimsəyə bütün varlığınla
güvənmə, şərtsiz
bir gün səni peşman edəcək. Qarşındakını bağışlamaq üçün
özünə bəhanələr
uydurma. Ürəyinə haqsızlıq etmiş
olarsan. Kimsənin
etdiklərinə don geyindirmə,
"etmək istədi
və etdi" - bu qədər bəsit. Dünyanı sən xilas
etməyəcəksən, burax
hər kəs səhvini anlasın.
Susmalısan bəzən, dinləmək
üçün. Hətta
daha da irəli
get. Öz güşənə çəkil. Kənardan izlə
hər kəsi. Hadisələrə üçüncü şəxsin gözüylə
baxmaq hər zaman ən doğru
üsuldur. İçindən gəldiyi kimi davran. Vicdanının və ya mərhəmətinin qurbanı
olma.
Mənfilərini gör, səhvlərini
qəbul et, peşmanlıqlarından dərs
al. Sənin ən yaxşı müəllimin
ən sonuncu səhvindir. Yeganə rəqibin dünənki
sənsən. Hədəflərini seç. Çox çalış, qazanacağına inan.
İnam uğurun yarısıdır.
Uğurun düsturunu həkk et beyninə:
1 faiz qabiliyyət + 99
faiz tər.
Özünütərbiyədən əsla vazkeçmə. Müdrikləşməyə
can at. Unutma, səni geyiminlə
qarşılasalar da, zəkanla yola salırlar. Ağıllarda qalmaq istəyirsənsə,
kamil ol.
Beynini fikirlərlə
bəzə, insanlarla yox. Boş insanlar ancaq
insanları müzakirə
edər. Sənsə işləri
düşün. Edəcəklərini və qazanacağın qələbələri. Ən böyük
qələbə insanın
özü özünə
qalib gəlməsidir.
Nə eşq acısı, nə dost xəyanəti, nə kimsənin yoxluğu, nə olunan haqsızlıq. Bunlar qaraltmasın könlünü,
bükməsin belini.
Yalanmı danışdılar? Ola bilər, insanlıq
halıdır. Təkrar güvənmə,
bu dəfə canın yanmayacaq. Xəyanətmi etdilər? Hər şey
insan üçündür
və sən də insansan. Bağışlama, çünki yalanın
və xəyanətin
təkrarlanmaq kimi çirkin adəti var. İkinci şans vermək, birinci güllə boşa çıxdı, buyur ikincini vur ürəyimə
deməkdir. İnsanlar əsla
dəyişməz, sadəcə
müəyyən zaman
üçün libaslarını
dəyişirlər. Hər
kəsi olduğu kimi qəbul et. Hər şeyin bir
sonu olduğunu əsla unutma. Sevinc də, kədər də əbədi deyil.
Uğur ən sancılı intiqamdır. Səni sevməyən hər
kəsi üzər.
Sənə palçıq atanlardan
narahat olma, sənə gəlib çatmasa da, onların əlləri kirlənmiş olacaq.
Fırtına nə qədər
sərt qoparsa qopsun, qayadan aparacağı tək şey tozdur. Bar verən ağac daşlanar. Sənə atılan daşlardan
pilləkən düzəlt
və zirvəyə qalx. Arxadan atılan daş
topuğuna belə dəyməsin. Hər sözə
veriləcək cavabın
olsa da, sus. Sözə deyil söyləyənə
bax. Sən ona cavab verməyə tənəzzül
etmə, qoy, o, səni susdurduğunu sansın. Ağıllı
adam axmaq
qarşısında hər
zaman susar. Çünki nağara səsi ney
səsindən bərk
çıxar. Sarımsaq qoxusu
ənbər qoxusunu üstələyər. Elə isə
sərf etdiyin nəfəs, israf etdiyin cümlələr heyif deyilmi? Üzünə qarşı cümlə
qura bilməyənlərin
arxanda keçirdiyi mətbuat konfransında iştirak etmə. Kənardakıların fikirlərinə əhəmiyyət vermə,
kənarda qalmaqları
onlara kifayətdir.
Boş qazan bərk danqıldayar. Hər nə
olur olsun, insan olduğunu düşün. Qarşındakı necə davranırsa davransın, sən özünü ləyaqətli
apar. Hər kəs özünə
yaraşanı edər,
keyfiyyət heç zaman təsadüfi deyil. Neqativ insanların sənin
haqqındakı düşüncələrinə
mane olma, bu, onların tək təsəllisidir. Əgər sən
özünə qarşı
nifrət, məhəbbət
və paxıllıq qazanmamısansa, deməli,
həyatını boşa
yaşamısan. Sənin
kimi ola
bilməyəcəyini anlayan
insanların nifrəti
səni qorxutmasın.
Təkəbbürü çıxart ürəyindən. Sən kimsədən
nə yuxarıdasan, nə aşağıda.
Olduğun yerdir zirvən.
Ancaq unutma, hamıya o zirvədən baxarsan, təzyiq səni yıxar. Hər kəsə eyni
mövqedən yanaş.
Bil ki, ən böyük
atəşləri belə
10 qəpiklik kibrit yandırır. Daima "mən"
desən, ayılanda
"mən" deyə
biləcəyin tək
insan güzgüdəki
olacaq.
İnsanları sevməyi öyrən. Mükəmməl
bir duyğudur ürəyində
sevgi daşımaq. Özündən başqa bir can üçün narahat olmaq, onu düşünmək. Xariqüladə bir daddır. Hər canlıya şəfqətlə
yanaş. Unutma, sevgi hovuza su
doldurmaq kimidir - nə
qədər çox doldursan,
o qədər tez
daşıb sənə tərəf qayıdar. Sevginin aça bilməyəcəyi
qapı yoxdur!..
Leyla
CAMAL
525-ci qəzet.- 2019.- 1 may.- S.19.