Əmanət qəbirlər
Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində ilk baxışda qəribə görünən qədim sərdabələr böyük maraq doğurur. Müsəlman sərdabələri olsalar da, onlara qəribəlik verən məhz yerləşmə istiqamətləridir. Belə ki, qəbirlərin üzü cənuba - müqəddəs ziyarətgahlarımıza tərəf deyil, tam əks tərəfədir. Belə qəbirlər təkcə Qalada deyil, Abşeron yarımadasının bir çox yerlərində də mövcuddur.
İslam aləmində insan dünyasını dəyişdikdən sonra mütləq torpağa tapşırılmalıdır. Torpağa basdırılan şəxs isə mütləq sağ çiyini üstündə üzü qibləyə tərəf, yəni Məkkədə yerləşən Kəbəyə tərəf dəfn edilməlidir. Bakının Buzovna qəsəbəsinin Cümə məscidinin axundu Hacı Soltanın söylədiklərinə görə, bu qəbirlər müsəlman qəbirləridir. İslami dönəmdə dünyalarını dəyişmiş şəxslərin bəziləri Kərbəla və ya Nəcəfdə dəfn olunmalarını vəsiyyət etdiklərindən, yaxınları onları el arasında "əmanət qəbirlər" adını almış qəbirlərdə müvəqqəti olaraq basdırmışlar. Şəriətimizdə isə "əmanət qəbir" məfhumu yoxdur. "Əmanət qəbirlər" el arasında, şiəlik məzhəbində sonradan yaranmış bir adətdir. Bu adətə görə, dünyasını dəyişən insanı arxası üstə torpağa dəfn edərdilər ki, cənazə çürüsün və müəyyən müddət keçəndən sonra, təkcə sümükləri qalsın. Sonra sümüklər xüsusi hazırlanmış qutulara və ya sandığa yığılar, vəsiyyət edilmiş yerə, ya Kərbəlaya, ya da Nəcəf şəhərinə aparılardı.
İslam dininə görə, bu kimi səhv istiqamətdə basdırılmış ölülər, qəbirdən çıxarılıb üzü qibləyə tərəf yenidən dəfn edilməlidirlər. Məlum olduğu kimi, Şüvəlan qəsəbəsində Mir Mövsüm Ağanın qəbri də "əmanət qəbir"dir. Vəsiyyətlərdə əsasən iki müqəddəs yer göstərilirdi: ya Nəcəf, ya da Kərbəla. Nəcəfdə dəfn edilməyi arzulayanlar Həzrət Əli (ə.s.) aşiqləri idilər. Məlum olduğu kimi, Həzrət Əli (ə.s.) Ramazan ayının 21-də, 63 yaşında Nəcəf şəhərində dəfn edilmişdir. O, çox elmli, mömin, igid, həm də əməli saleh bir şəxsiyyət olmuşdur. Həzrət Əli (ə.s.) Peyğəmbərin vəsiyyətindən 25 il sonra Xəlifə seçilmiş və beş il xəlifəlik etmişdir. Hədislərdən birində onun haqqında belə deyilir: "Vallahi, Əliyə elmin onda doqquzu verilmişdir! Qalan onda birinə də sizinlə ortaqdır".
Kərbəlada dünyaya göz açmış, sonradan Bağdadda, Nəcəfdə yaşamış dahi, mütəfəkkir şairimiz Məhəmməd Füzuli yaratdığı ölməz şeir nümunələrində müsəlmanların müqəddəs şəhərlərini böyük məhəbbətlə vəsf etmişdir:
Əhli-beyti laləzarindən nümunə istəsən,
Gör necə əlvan olub qan ilə dəşti Kərbəla.
Qəbrinin feyzilə qumları Nəcəf səhrasının
Qiymətə minmiş, olub xalqın gözündə tutiya.
Füzuli imam Əlinin qəbrinin Nəcəfdə yerləşməsi ilə əlaqədar, bu torpağın qiymətə mindiyini və müqəddəsləşdiyini, müsəlmanların bu torpağı gözə sürtülən dərman, bir tutya kimi dəyərləndirdiyini göstərmişdir.
Əmanət qəbirlərdə dəfn edilənlərin Kərbəlada torpağa basdırılmalarını vəsiyyət edənlər isə İmam Hüseyn aşiqləri idilər. Məlum olduğu kimi, İmam Hüseyn ibn Əli (ə.s.) 4-cü Hicri-qəməri ilində Şaban ayının 3-də Mədinə şəhərində dünyaya göz açmışdır. Atası Həzrət Əli, anası Peyğəmbərin qızı Fatiməyi-Zəhradır. O, bu ailənin 2-ci övladı olmuşdur. Məşhur ləqəbi Seyyidüş-şühəda, künyəsi isə Əba Əbdullahdır. İmam Hüseynin uşaqlıq çağları babası Peyğəmbərin qucağında keçmiş və 6 yaşında olanda babası vəfat etmişdir. İmam Hüseyn atasının xəlifəliyi dövründə qarşıya çıxan çətinliklərin həllində fəal iştirak etmiş, həyatı boyu zülm və haqsızlığa qarşı mübarizə apararaq şücaət və azadlıq örnəyi kimi tanınmışdır. İslamın şiə məzhəbindən olan insanların bəziləri məhz bu səbəbdən sonradan müqəddəs Kərbəla şəhərində dəfn edilmək arzusu ilə əmanət qəbirlərdə torpağa tapşırılmışlar.
Kərbəladə yatan hər halda ikən,
Torpağa dönsə də düşməz dəyərdən.
Torpağın götürüb təsbeh edərlər,
Keçər şərafətlə bir-bir əllərdən.
Füzuli demək istəyir ki, Kərbəla kimi bir yerdə dəfn edilmiş şəxs öldükdən sonra da dəyərdən düşməz. Sümükləri torpağa qarışsa da, bu, müqəddəs torpaqdır. Türbət adlı bu müqəddəs torpaqdan düzəldilmiş təsbehlər zikrlərdə şərafətlə əldən ələ keçərlər.
Əmanət qəbirlərə vaxtilə İçərişəhərin Sıratağlı Dini Memarlıq Kompleksində də rast gəlinmişdir. 1964-cü ildə Qız Qalası ətrafında aparılan arxeoloji tədqiqatlar zamanı ərazidən 52 qəbir aşkar edilmişdir. Bu qəbirlər müsəlman qəbirləri olmuşdur. Bəzi hallarda sümüklər qəbrin bir tərəfinə toplanmış vəziyyətdə tapılmışdır. Professor Kamil İbrahimov bu haqda belə yazır: "Bu abidə ümumi qəbiristanlıq deyil, dini əhəmiyyət daşıyan müqəddəs bir yer olmuşdur... Tağlar altında olan qəbirlər isə, yəqin ki, başqa yerdən gətirilən "əmanət meyit"lərə məxsus olmuşdur. Müsəlman adətlərinə görə, bəzi mötəbər şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirlər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda, meyiti əmanət olaraq yaxın yerdə basdırırdılar. Müəyyən müddət keçdikdən sonra vəsiyyət etmiş şəxsin qəbrini açıb, sümüklərini toplayaraq, müqəddəs yerə aparıb dəfn edirdilər". Belə qəbirlər Şirvanşahlar Sarayı Kompleksində, həmçinin, Bakının Əmircan, Balaxanı, Kürdəxanı, Buzovna kimi yaşayış məntəqələrində də olmuşdur.
Əmanət qəbirlər islam dininin şiə məzhəbinə xas bir adət olmuşsa da, bəzi müstəsna hallar istisna olunmaq şərti ilə, şəriətimizdə ölülərin qəbirdən çıxarılıb təkrarən torpağa tapşırılması yoxdur. Hətta bu barədə bir rəvayət də mövcuddur. Rəvayətə görə, bir nəfər ixtiyar çağlarında yaxın vaxtlarda dünyasını dəyişəcəyini düşünüb müqəddəs Nəcəf şəhərinə yola düşür. Onun niyyəti öldükdən sonra Həzrət Əlinin (ə.s.) dəfn edildiyi müqəddəs məkanda torpağa tapşırılmaq idi. Bir gün o, qəbiristanlığa gəlib bir yerdə əyləşir. Bir azdan bir nəfər ona yaxınlaşıb onunla söhbətə başlayır. Həmin adam məsələni başa düşüb, ona yaxşılıq etmək istədiyini söyləyir. Yeni gəlmiş zəvvara deyir ki, gecə yatmayıb oyaq qalsın, gördüklərini də səhər ona danışsın. Gecə ixtiyar adamı yuxu tutur və o, heç nə görmür. Səhəri gün də belə keçir. Həmin adam yeni zəvvara söyləyir ki, əlini kəssin, yarasına duz səpsin, təki gecəni oyaq qalsın. Bu dəfə ixtiyar adam yatmır və görür ki, haradansa ağ quşlar uçub gəldi, özləri ilə də bir ölü gətirdilər. Onlar başqa bir qəbri açıb, cənazəni oradan çıxardılar, yerinə isə gətirdikləri ölünü basdırdılar. Səhəri gün o, bunları həmin adama danışanda, bu sözləri eşitdi: "Sənin gördüyün ağ quşlar mələklərdir. Onların haradansa uzaq yerlərdən gətirdikləri və burada başqasının yerində dəfn etdikləri insan bu müqəddəs yerlərə layiq olandır. Burada qalıb burada da dünyanı dəyişmək hələ o demək deyil ki, sən buna layiqsən. Əgər bu dünyada nöqsansız yaşamısansa, əməli salehsənsə, dünyanın o başında da olsan, yerin bura olacaq. Allah-təala bunu bizlərdən daha yaxşı bilir". Rəvayətdən göründüyü kimi, əmanət qəbir adını almış el adətinə şəriətimizdə yaxşı baxılmamışdır.
Əmanət qəbirlər barədə elmi araşdırmalar olduqca azdır. Bu baxımdan İran alimlərindən Məhəmməd Bağır Əlizadə Əqdəm və Əsğər İzədi Ciranın ölümün antropologiyası barədə nəzəri müddəalara və çöl tədqiqatlarına əsaslanan geniş həcmli məqaləsi diqqəti cəlb edir. Mərənd yaxınlığındakı Köşksaray adlı qəsəbədə əmanət qəbirləri öyrənən müəlliflər həmin məqaləni "İran antropoloji araşdırmaları" jurnalının 2012-ci il birinci sayında dərc etmişlər.
Əmanət qəbirləri ictimai-mədəni bir fenomen kimi nəzərdən keçirən müəlliflər Cənubi Azərbaycanda bu ənənənin mövcudluğuna dair qiymətli faktları oxuculara təqdim etmişlər. Onların bildirdiyinə görə, haqqında danışılan bölgədə iyirmi il əvvələ qədər əmanət qəbirlər ənənəsi mövcud olmuşdur. Bu ənənəyə əsasən, ölü əvvəlcə müvəqqəti olaraq qəbiristanlıqda kiçik otaq şəkilli yerdə dəfn edilmiş, bir neçə il keçdikdən sonra isə payız fəslində yaxınları tərəfindən daimi dəfn olunmaq üçün Məşhəd və Qum kimi müqəddəs şəhərlərə aparılmışdır.
İran alimlərinin yazdığına görə, Mərənddəki əmanət qəbirlər yerin səthindən təqribən bir metr hündürlükdə kvadratşəkilli otaqlar kimi hazırlanırmış. Qəbirlərin eni 70-80 sm, uzunluğu isə 2 m olurmuş. Qəbirlərin divarları çiy kərpic və gildən, tavanı isə ağacdan düzəldilirdi. Yağış və qarın qəbir üzərində yığılıb qalmaması üçün onun üstündə novdan qoyulurdu. Ölünün yaxınları ildə bir dəfə qəbirə baş çəkir və onun vəziyyətini nəzərdən keçirirdilər.
Əmanət qəbirlərin nəzərdə tutulan müqəddəs məkana köçürülməsi 3-4 ildən 10-15 ilə qədər çəkirmiş. Müəlliflərin qeyd etdiyinə görə, bu müddət müxtəlif amillərdən, o cümlədən, ölü sahibinin iqtisadi vəziyyətindən asılı olurdu. Maddi durumu yaxşı olan ailələr adətən 5 il keçdikdən sonra vəfat etmiş və əmanət qəbirdə basdırılmış yaxınlarının sümüklərini bu və ya digər müqəddəs şəhərə aparırdılar.
Bu iş bir qayda olaraq, payız fəslində həyata keçirilmişdir ki, müəlliflər bunu Azərbaycan xalqının inancları ilə əlaqələndirmişlər. Belə ki, payız xalq arasında ölüm, ayrılıq, kədər məfhumları ilə bağlı olmuşdur. Bunu isbat üçün tədqiqatçılar folklora müraciət etmiş və belə bir bayatını misal gətirmişlər:
Əziziyəm xəzandır,
Bahar keçib xəzandır.
Səni məndən ayıran
Sərneveşti* yazandır.
(*sərneveşt - tale, alın yazısı)
Buradan anlaşılır ki, payızda təbiət solduğu, otlar, bitkilər məhv olub torpağa qarışdığı kimi, əmanət qəbirlərdə basdırılanlar da daimi dəfn yerinə qovuşurlar.
İranda mövcud olan digər əmanət qəbirlər sözügedən ənənənin çox qədim dövrlərə aid olduğunu göstərməkdədir. Bu baxımdan Cənubi Xorasan əyalətindəki Korit kəndində yerləşən qədim qəbiristanlıq barədə məlumatlar xüsusi maraq doğurur.
Karvan yollarının üzərində yerləşən bu kənd barədə məlumatlara məşhur İsveç səyyahı Sven Hedinin (1865-1952) əsərlərində rast gəlinir. Həmin kənddə "espordəni" ("tapşırılmalı") adlanan əmanət qəbirlərdən ibarət bütöv bir qəbiristanlıq vardır. Əhali arasında mövcud təsəvvürə görə, karvanla yola çıxan və yolda dünyasını dəyişən şəxslər bu cür müvəqqəti və yerüstü qəbirlərdə dəfn olunurmuş və karvan geri dönərkən onların daimi dəfn yerinə köçürülməsi nəzərdə tutulurmuş.
İran tədqiqatçısı Məhəmməd Haşım Moridanın dediyinə görə, əmanət qəbirlər bir neçə səbəbdən çiy kərpic və gildən yerin səthində düzəldilmişdir: 1) cənazə yerin səthində yaxşı havalandığı üçün daha tez çürüyürdü; 2) ölü yerə basdırılsaydı, qəbirin itmə ehtimalı böyük idi; 3) yerin səthindəki qəbri açmaq və sümükləri götürmək daha asan idi.
Əmanət qəbirlərin Korit kəndində qalmasının dəqiq səbəbləri məlum deyil. Adı çəkilmiş mütəxəssisin fikrincə, ya əmanət qəbirlərdə yatan şəxslərin varisləri də vəfat etmiş, ya da onların buna maddi imkanları çatmamışdır.
Beləliklə, aydın olur ki, əmanət qəbirlər təkcə müqəddəs məkanlarda dəfn edilmək arzusu ilə bağlı olmamışdır. Bunu erməni işğalı nəticəsində məcburi köçkün düşmüş soydaşlarımızın müvəqqəti məskunlaşdığı ərazilərdə torpaqlar azad edildikdən sonra dədə-baba yurdlarına köçürülmək üçün nəzərdə tutulan əmanət qəbirlərin mövcudluğu da təsdiq edir.
Sevil MƏMMƏDOVA
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsi "İçərişəhər" Muzey Mərkəzinin direktor
müavini
Məsiağa
MƏHƏMMƏDİ
AMEA Şərqşünaslıq
İnstitutu İran
filologiyası şöbəsinin müdiri
525-ci qəzet.- 2019.- 1 may.- S.18-19.