Yazıçı-publisist Rafiq Hacıyevin
65 yaşı qeyd olundu
Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin "Keçmişə
ehtiramla, gələcəyə
inamla!" layihəsi
çərçivəsində növbəti tədbiri keçirilib. Budəfəki tədbir tanınmış
yazıçı-jurnalist Rafiq
Hacıyevin 65 illik yubileyinə həsr olunub.
Ötən gün Beynəlxalq Mətbuat Mərkəzində
baş tutan tədbirdə millət vəkilləri, tanınmış
ictimaiyyət nümayəndələri,
jurnalistlər, sənət
adamları və yubilyarın qələm dostları iştirak ediblər.
Mərasimdə çıxış edən
Azərbaycan Mətbuat
Şurası Ahıl Jurnalistlər Məclisinin
sədri Məzahir Süleymanzadə layihə
haqqında geniş məlumat verib. Daha sonra
Rafiq Hacıyevin həyat və yaradıcılığından danışarkən onu Azərbaycan jurnalistikasında
özünəməxsus dəsti-xətti,
yazı duyumu olan qələm sahibi kimi dəyərləndirib.
Qeyd edib ki, Rafiq Hacıyev
1975-1980-ci illərdə indiki
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil
alıb. Tələbə ikən "Kommunist"
qəzetində çalışan
R.Hacıyevin imzası
da məhz burada tanınmağa başlayıb. Uzun illər
qəzetdə müxbir,
baş müxbir, məsul katib müavini və məsul katib vəzifələrində çalışıb.
Eyni zamanda, "Səhər"
qəzetinin də məsul katibi olub.
Rafiq Hacıyevin
illərdən bəri
Azərbaycan jurnalistika
və publisistika sahəsində yorulmadan çalışdığını deyən M.Süleymanzadə
onun portret yazılarını xüsusi
vurğulayıb. Qeyd edib ki, yubilyar
publistik və ədəbi-bədii yazılarına
görə müxtəlif
zamanlarda "Həsən
bəy Zərdabi",
"Cəfər Cabbarlı",
"Rəsul Rza" Ədəbi mükafatlarına
layiq görülüb.
Mətbuat Şurasının sədri,
millət vəkili Əflatun Amaşov çıxışında Rafiq
Hacıyevin yaradıcılığı
haqqında fikirlərini
bölüşüb. R.Hacıyevi ən
məhsuldar jurnalistlərdən
biri kimi dəyərləndirən Ə.Amaşovun
çıxışından sonra yubilyara "Azərbaycan mətbuatının
inkişafındakı xidmətlərinə
görə və 65 illik yubileyi münasibətilə" Mətbuat
Şurasının diplomu
təqdim olunub.
Millət vəkili Çingiz Qənizadə deyib ki, R.Hacıyev istedadı, peşəkarlığı
ilə yanaşı, zəhmətkeşliyinə görə
də seçilir. Onun vətənə,
millətə, milli-mənəvi
dəyərlərə, muğama,
musiqimizə sevgisi, diqqəti hər zaman gənclərə örnək olmalıdır.
Millət vəkili, yazıçı
Aqil Abbas çıxışında R.Hacıyevin
muğama, musiqiyə sevgisindən danışaraq
bildirib ki, onun yazılarında muğamın ecazkar səsi, Azərbaycan musiqisinin gözəlliyi eşidilir. Aqil Abbas çıxışında
yubilyara "Əməkdar
jurnalist" adının
verilməsini təklif
edib.
Rafiq Hacıyevi jurnalistikanın
"təmiz nəfəsi"
adlandıran professor Qulu
Məhərrəmli çıxışında
onun yaradıcılığını
sistemli şəkildə
oxuduğunu deyib:
"Hərdən Rafiq
Hacıyevin yazılarını
toplayıb birdən oxuyuram. Onun publisist yazılarını
bu cür sistemli şəkildə oxuyanda sanki bir roman, iri həcmli bədii əsər oxuyursan. Onun yazılarının özünəməxsus
dili var. Bu cür bədii, obrazlı dil jurnalistikamızın uğurudur".
Daha sonra qonaqlardan Şəmsiyyə Kərimova,
İlqar Həsənov,
Oqtay Rza, Adil Cəmil, Maşallah Məftun, İlham Abbasov, Ramiq Muxtar, Şahin
Abbasov, Əhməd Məmmədov, Tofiq Kərimov, Tahir Aydınoğlu və başqaları çıxış
edərək Rafiq Hacıyevin yaradıcılığı,
şəxsiyyəti haqqında
xoş sözlərini
çatdırıb, onu
yubileyi münasibətilə
təbrik ediblər.
Sonda söz alan
yubilyar ona göstərilən bu diqqətə görə Azərbaycan Mətbuat Şurasına, şuranın
Ahıl Jurnalistlər
Məclisinə, tədbirdə
iştirak və çıxış edənlərə
təşəkkürünü bildirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 1 may.- S.12.