Bir monoqrafiyanın təəssüratı  

 

Bu məqaləni yazmaq fikrində deyildim, böyük şairimiz, mərhum Məmməd Araz haqqında monoqrafiyanı oxumasaydım.

 

Kafedrada idim, bəzi kitabları vərəqləyirdim. Qapı açıldı, gələn mənim köhnə dostum, məndən həmişə xəbər tutan, tanınmış pedaqoq-alim, analitik qələm sahibi Allahverdi Eminov içəri girməsəydi və "Məmməd Arazın poeziyası" (Bakı, "Elm və Təhsil" nəşriyyatı, 2018. 366 səhifə) kitabını avtoqrafı ilə bağışlamasaydı...

 

Oxuyur, uzaq illərə qayıdıram. Xüsusilə, atalı vaxtlarıma. Atam Manaf müəllimin lirik şairimiz Məmməd Arazla və onun böyük qardaşı İbrahimlə - onlar institutda bir yerdə oxumuşdular - səmimi dostluğu vardı. Məmməd Arazın dərin fəlsəfi şeirlərini, lirikasını çox bəyənirdi, onun şeirləri dilinin əzbəridi.

 

Azərbaycan, qayalarda bitən bir çiçək,

Azərbaycan, çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı vəsf eyləyərək,

Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan, mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər.

Azərbaycan deyiləndə ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

 

Atam böyük fəxrlə dostunun şeirini əzbərdən söylər, sonra da üzünü mənə tutub deyərdi:

- Nizami, Məmməd Arazın şeirləri mənə ona görə doğmadır ki, onun gəzib dolaşdığı yerləri mən də qarış-qarış gəzmişəm, onun sonsuz məhəbbətlə vəsf etdiyi bulaqları, meşələri, dağları, dərələri, qayaları, yamacları mən də doyunca seyr etmişəm. Mənim şair dostum Vətən sevgisini oxucusuna hər kəsin deyə bilmədiyi tərzdə çatdırır. Onun Vətən sevgisi, onun bu sevgini oxucuya aşılamaq qabiliyyəti bənzərsizdir. Görünür, Məmməd Araz kimi şair olmaq üçün xalqın bütün maddi, mənəvi sərvətlərini təkcə bilmək yox, həm də incədən-incəyə duymaq, sevmək lazımdır.

 

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Səndən, məndən ötən zərbə,

Vətən, Vətən, sənə dəydi...

 

Vətən sevgisini hər bir insan öz taleyi ölçüsündə: sənətində, peşəsində, əməlində, bir sözlə, duyğularında, hissiyatında yaşayır və yaşadır. Belə düşünürəm ki, orijinal qələmə, tematikasına malik ədəbiyyatşünas, pedaqoq, sanballı monoqrafiyalar müəllifi Allahverdi Eminovu nədənsə lazımınca tanımırıq, qiymətləndirmirik. Çünki o, son dərəcə təvazökar insandır, onu yaxından tanıdığım üçün israrımda qalıram. Xüsusən, Məmməd Arazın poeziyasının poetikasına dərinliyi ilə, estetik meyarı ilə yanaşan müəllif tamam fərqli üslubda mövzunu araşdırmışdır. Bunu məhz kitabına yazdığı ön sözündən hiss etmək çətin olmadı mənim üçün. M.Arazın şeir dünyasının mühüm çalarlarını: gözlənilməz məqamları, sətiraltı nüansları, poetik "kodu"nu və sairi açıqlayır, sanki deyəcəyinin fabulası hesab edir: "Məmməd Arazın poeziyasında zamanın nəbzi döyünür, onunla dövr arasında adekvatlıqla qeyri-adekvatlıq arasında bir harmo-niya qurulur, öz yaradıcılığını subyektiv illuziyalardan kənarda saxlayır. Əlbəttə, belə hallarda şeir janrına xas rəmzləşdirmə daha qabarıq üzə çıxır..."

 

Mən mərhum şairimiz Əli Kərimin "Vəsiyyət" şeirini dəfələrlə oxumuşam, bir insan itkisnin ağırlığını dadmışam. Şairin uşaqlarına öyüdüdür. Atam ağır xəstə olanda, son dəqiqələrində bizə vəsiyyət elədi. Müəllim-pedaqoq vəsiyyəti idi. Məmməd Arazın "Vəsiyyət"ində fəlsəfi motiv qara rəngi işıqlandırır, kədər bu rəngə boyanır və elə bil şairin ömründən keçmişdir. Allahverdi Eminov sual verir: - Bəs nə üçün qara rəng? Bəlkə rəmziləşdirilmişdir bu rəng? Bəlkə qara torpağa haçansa qovuşacağı üçündür? Həqiqətən, bu sualların məna yükü vardır.

 

...Mən o rəngi sevərdim,

Boynu bükülü dərdim,

Pardaxlı sevincim

O rəngdə geyinərdi.

Mən o rəngi sevərdim.

 

Rəngdən danışan A.Eminov şairdə "gecə" məfhumuna öz münasibətini bildirir və yazır ki, Məmməd Araz poeziyasında "gecə" nə sirdir qırmızı xətlə keçir? Gündüzlər daim hərəkətdə, insanlar qaynaşmada, beyinlər düşüncədə - bu "üçlük"dən sonra gecə həyatı başlayır. Gecə növbəsində çalışanlar üçün nə fərqi: qaranlıqdakı ulduzlar, bədirlənmiş, Ay, haralardasa uçan quşların mürgüsü hey təkrarlanır, şairin gecəsi isə romantik ovqat gətirir, qələm vərəqləri görüşə çağırır...

 

"Məmməd Arazın poeziyası"nda birinci fəsli müəllif "Məmməd Araz: şeirdən poeziyaya yol" adlandırmışdır. Belə təxmin elədim ki, şeir ayrılıqda, ümumi kontekstdə götürəndə hələ poeziya deyil. Poeziya ötəri hisslərin misralarda inikası deyil - bu, şeir nümunələridir. Poeziya bütöv ədəbiyyatın tərkib hissəsidir, ən kübar sənətdir. Allahverdi Eminov Məmməd Araz poeziyasında bu nüansı axtararaq, "Ömür" şeirini xatırladır:

Bir gün həyatımda yellər qopacaq,

Ömür öz tağından salacaq məni.

Neçə il üstündə gəzdiyim torpaq

Bir gün də qoynuna alacaq məni.

Qəbrimdə göyərən otları külək,

Yayıb göyərdəcək dərədə, düzdə.

Bəlkə sinəm üstə bitən bir çiçək,

Gəzəcək nə qədər sinələr üstə.

Ömür də bir borcdur əlli il, yüz il,

Bədbəxtdir az yazıb, çox yaşayanlar.

Şair dost, ömrünü yaşında deyil,

Yazdığı nəğmənin özündə axtar.

 

Məmməd Araz poeziyasını öz tənqidi - analitik üslubunda təhlil edən müəllif şeirdə assosiasiyanın əsas psixoloji faktor olduğunu nümunələrlə oxucuya çatdırır: bu cəhətə hər ədəbiyyatşünas diqqət yetirmir, ona görə ki, poetik qavrayışın tələbindən az məlumatlıdırlar, yaxud xəbərsizdirlər. Allahverdi Eminovun qeydi: "Bu amil keçmişi xatırladır, qavrayış zamanı qonşuluq, oxşarlıq, əksilik bağlılıqların formalaşması təşkil edir. Şübhəsiz, poetik qavrama aparıcıdır. Belə ki, poetik qavrayışın məzmunundan asılı olaraq faktlar, hadisələr başqa bir cisimlərlə, əhvalatlarla qarşılaşdırılır, müqayisələr aparılır". Və şairin "Mən tələsmirəm", "Unudulmuş tək məzar", "Şair, nə tez qocaldın sən" kimi - unikal Səməd Vurğun poeziyasından təsirlənmiş, gözəl şeirlər qələmə almışdır. "Sən tələsmədin", "Müqəddəs məzar" şeirləri bu gün də poetikliyini saxlamışdır.

 

Məmməd Araz poeziyasında İnsan fenomen varlıq kimi tərənnümünü tapır, o, hansı peşədə, sənətdə olursa xalqına xidmət etməyə borcludur. Belə hisslərdən "Tarixçi alimə" adlı şeirini 1983-cü ildə çap etdirdi. Şeirin poetikası xeyli mətləblərdən soraq verir. Xatırlayıram ki, Məmməd Araz geoloq olsa da, savadlı, mütaliəçi, elmlə maraqlanan idi, sözünü alimlərlə bölüşürdü, ideyalarını poetik dilə çevirirdi. Filosof Helvetsinin fikridir ki, aydın və səmimi ideyaların sahibi olmaq azdır, bu ideyaları başqalarına çatdırmaq üçün həm də aydın ifadə bacarığı lazımdır. Bəli, şair bu şeirində bu tələbi gözlədi:

 

Tarixə dəyməsin yalan barmağı,

Haqqım yox quşun da haqqını danam.

Mən öz keçmişimə heykəl yonmağı

Alnıma yazdıran oğullardanam...

 

Şeiri oxudum A.Eminovun təhlilindən sonra. Mən onu da sezdim ki, Məmməd Arazı ən çox narahat edən tariximizə qara yaxan tarixçilərdir və quraşdırılan "tarixçə"dir ki, məsələ beynəlxalq səviyyəyə qaldırılmışdır. 1983-cü il, daşnak xülyaları hələ ortaya atılmamışdı, amma iş qeyri-leqal formalaşırdı, "sapı özümüzdən olanlar"da yox deyildi.

 

Allahverdi Eminov kütləviləşən biganəliyin Məmməd Arazın poeziyasında tənqidini qabarıq verib, şairin "Biganələr iqlimində", "Məndən ötdü, qardaşıma dəydi", "Ərim gəldi qalası", "Ağ şəhərli qapılar" və başqa şeirlərinin poetikasına varır.

 

Monoqrafiya müəllifinin Məmməd Araz yaradıcılığına verdiyi qiymət obyektivdir, bəzi ədəbiyyatşünaslar kimi tərəfgirlik yoxdur: "Məmməd Araz üçün poeziya bir taledir, ürəyinə sirlərini açmasıdır, ənənəvi mənada istiladır! Poeziya insanla dünya, kainat və təbiəti oyadan möcüzədir. Poeziya insanları insanlığa çağırır" - yazır və şairdən "Bir axşamım balladası" şeirindən son misraları nümünə gətirir:

 

Ey ilham pərisi, varsansa əgər,

Bu axşam üstümə qanadını gər.

Mənə məhəbbətli bir nəğmə gətir,

Məhəbbət imzalı bir namə gətir.

 

Oxuyum, oxuyum, o yarım üçün,

Onu cehiz verim qızlarım üçün.

İlahi, qəlbimə bir sevgi göndər,

İlahi, yazıqdır məni sevənlər...

 

"Bu hissi necə verər adi bir şair? Mümkünsüzdür! Bu şeirin "xasiyyəti" elə səslənir - o, oxucuları ilə sərt davranmağı bacarmaz, hakimiyyətinə diktə etməz. Şeir bitmir axı, son nöqtə formaldır, keçmişini dartıb gətirir və gələcəyə aparır". - A.Eminovun poeziyaya həssas münasibəti. Xatırlayıram ki, yalnız bu şeirin poetikası haqqında bir neçə il əvvəl o, "Ədalət" qəzetində silsilə məqaləsini çap etdirmişdi. Bu o deməkdir ki, Allahverdi müəllim böyük şairimizin poeziyası ilə çox-çox əvvəllər də maraqlanmış, nəhayət, "Məmməd Arazın poeziyası" fundamental monoqrafiyasını hasilə gətirmişdir.

 

Allahverdi Eminovun elmi təhkiyəsi orijinal üslubu ilə seçilir, bir şeirin fəlsəfəsinin incəliyinə qədər gedir, hər halda oxuyuruq. Eləsi də olur ki, gücü çatmayan şairə xüsusilə, girişir, kiçik məqalədə 80-100 və daha çox misralar verir, bəs tənqidçi sözü? Məncə, birinci olaraq şairin xarakterini, mövzusunu, üslubunu "tutasan" ki, obyektiv fikir deyəsən. Sonra paralellər aparasan. Mənim tədqiqat sahəm dilimizin tarixindən müasir dövrümüzə qədər poeziya nümunələrilə tutuşdurmalar zəminində aldığım nəticələrdir. Şairlərin poetikasını fərqləndirirəm. Belə yanaşma imkan verir ki, poeziyanın ilahi vəh olduğunu fikrən təsdiq edəsən. Məsələn, tənqidçi - müəllif, Məmməd Arazda insan konsepsiyasına şairin fəlsəfi yanaşması baxışı ilə yanaşır və yazır: "Məmməd Arazın poeziyasında insan konsepsiyasını yaratmaq (elmi aspektdə yox) arzusu (məqsədi) ilk yaradıcılığından özünü göstərmişdi və çalışmışdı insan davranışının məntiqini daha yaxşı dərk etsin, amma o da bəllidir - bu, başdan-ayağa sirdir, xislətindən doğulur. Şair insanı dünyəvi dəyərlərdə: xeyirxahlıq, səmimilik, nəfsi tox... kontekstində görürdü". Və şairin poeziyasının bəzi nüanslarını açıqlayır: "Mən səni taparam", "Professor Gilə məktub", "Nobel mükafatı", "Qarabağ düzü", "Araz üstə Çinar gördüm", "Azərbaycan dünyam mənim" və sair şeirlərin nümunələrində babaların uzaq əsrlərdən gələn hayqırtısını eşidirik:

 

Qoy bu günün düşməni də

At çapmasın harın-harın.

Torpaq altda gizlətmişik,

Gur səsini babaların.

 

Monoqrafiyada Allahverdi Eminovun Məmməd Arazla bağlı bir ədəbi tezisilə qarşılaşdım: "Məmməd Arazın poeziyası polifonik olduğu qədər də "modern"dir, əgər sənət və ədəbiyyat ölməzdirsə, onun bir qolu-budağı olan poeziyaya da həmin səlahiyyət verilmişdir... Şair onun üçün gerçək, gözəl və ölməzlik pəncərəsindən görünmüşdür. Belə baxış heç zaman "modern" naminə əsər üçün darıxmamışdır. Şeirdirsə insan adına, cəmiyyət adına, inkişaf adına yazılmalıdır. Başqa necə olardı, əgər poeziya sənət üçündürsə cəmiyyətdən, insan fenomenindən bəhs etməməlidir, reallıqdan uzaq olmamalıdır. Belə əsərlər dövrlər üçün moderndir". Tamamilə haqlıdır.

 

Müəllif hər iki anlayışla əlaqədar ədəbi mübahisə açmır, lakin şairin yaradıcılıq mizanlarını təhlilə cəlb edir. "Şeirim", "Şeirə gətir", "Şair vüqarı", "Poeziya, poeziya", "Mən bir zaman şair idim" və s. şeirləri geniş, poetik aspektdə təhlil edir. Mən bu şeirlərdə onu da hiss etdim ki, poeziyanın poetik obrazı şairdir, şairin "Mən"idir.

 

Allahverdi Eminov Məmməd Arazın poeziyasının dili və üslubu haqqında, mövzu dairəsi barədə geniş danışmışdır, orijinallığını xüsusi vurğulamışdır. Plastiklik, proporsiyalılıq xüsusi səslənir. İlk dəfə olaraq şairdə "patetiklik" anlayışının mahiyyətini müsbətə əsaslandırır: "Patetiklik estetik kateqoriyadır və həyəcanlı, ehtiraslı mənanı verir, həyatın dönüş anında mühüm qərar etməsilə bağlı yaranan güclü hisslərin təsir bağışlaması kimi də səciyyələnir". Bu qənaətlə bir dilçi olaraq ra-zılaşıram, alimin ədəbi-bədii dünyagörüşünün üstünlüyü ilə əlaqələndirmək istərdim.

 

"Məmməd Arazın poeziyası" monoqrafiyası şairin yaradıcılığı haqqında ilk geniş tədqiqat əsəridir, ümumiyyətlə, şairin poeziyası kontekstində atılan layiqli addımdır. İntəhasız və gərgin zəhmətin nəticəsidir.

Etiraf edim ki, son illərdə belə səpkili monoqrafiya oxumamışam, yazılanlar da seyirçi, qeyri-estetik, biçimsiz əsərlərdir.

 

İndi, həqiqəti deyən yaşımız və zövqümüz yetişib.

 

 

 

 

Nizami XUDİYEV

Professor, Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2019.- 1 may.- S.17.