Tarixi sənədlərin dili ilə...
"... BİR DAHA EHSAN XANIN ŞAİR QIZI QONÇABƏYİM HAQQINDA” YAZISI İLƏ BAĞLI DÜŞÜNCƏLƏRİM
Əvvəlcə onu deyim ki, mən ədəbiyyat tarixinin tədqiqatçısı deyiləm. Amma ədəbiyyatı çox sevirəm. Özü də
məktəb illərindən.
O vaxtlar
"SSRİ Xalqları Ədəbiyyatı” deyilən zəngin
ədəbiyyat xəzinəsi də vardı. Bir
çox xalqların ədəbiyyatlarını öz dillərində
oxuyurdum. Hələ institutda oxuyanda əsərləri
xoşuma gələn yazıçılarla, şairlərlə,
tərcüməçilərlə məktublaşmışam,
qiyabi dostlaşmışam və bəziləri ilə sonralar
görüşmüşəm. Ədəbiyyat
aləmində korifey sayılan yazıçıların,
şairlərin əsərlərini, müsahibələrini
maraqla oxumuşam. İndi də eləyəm.
Ona görə də "525-ci qəzet"in
uzun illərdir hər gün oxucusuyam. Onun səhifələrində
yazıçı Anarın məqalələrini, müsahibələrini,
milli tariximizlə bağlı orijinal tədqiqat
yazılarını, ədəbiyyatşünas alimlər
İsa Həbibbəylinin, Vilayət Quliyevin, Rəfael
Hüseynovun, Fərman Xəlilovun və digərlərinin elm
və duyğu ilə dolu məqalələrini
həmişə gözləyirəm.
Mən yazıçı Anarın böyük ustad Mirzə
Cəlilə ithaf etdiyi "Anlamaq dərdi" essesini
çox sevirəm və tez-tez oxuyuram. Hər dəfə
saflaşma gedir məndə. Və Anar
çox məktublaşdığım
yazıçılardan biri olub. Böyük
şairlərimiz Rəsul Rza və Nigar xanım Rəfibəyli
yaradıcılığı mənə çox
doğmadır. Yazıçı Anarla
şəxsən görüşməsək də, məndə
məktubları var. Bir neçəsini mənə əzizlərimi
itirəndə yazıb. Özü də
şəxsən tanımadığı oxucusuna. Elə
doğmalıqla yazıb ki! Görmüşəm ki,
"Anlamaq dərdi"ni yazan
yazıçı ən ucqar kəndlərdə belə
yaşayan oxucularına qarşı nə qədər həssasdır.
Yeri gəlmişkən, yazıçı
"Sizsiz" əsərində mənim yazdığım məktubu
məşhur yazıçıların məktublarından əvvəldə
yerləşdirib. Bütün bunlar mənə ədəbiyyatı
çox doğmalaşdırıb. Necə
deyərlər, tarixi məqalələrimi yazanda, vaxt tapanda ədəbi
mövzulara da dönmüşəm. Və bu istiqamətdə
müxtəlif yazılarım çap olunub:
Naxçıvanda, Bakıda, Tbilisidə, Kazanda və digər
yerlərdə...
Orta məktəbdə oxuduğum illərdə ədəbiyyatşünas-alim,
tədqiqatçı Dilarə Əliyevanın
"Qonçabəyim" adlı yazısını
oxumuşdum və həmin məqaləni bu günədək
saxlayıram ("Elm və həyat" jurnalı. 1969).
1980-ci ildən başlayaraq naxçıvanlı şairə
Qonçabəyimlə bağlı araşdırmalar
aparmışam. Həmin illərdə
naxçıvanlı ağsaqqalların və ağbirçəklərin
bu şairə haqqında maraqlı söhbətlərinə
qulaq asmışam, qeydlər etmişəm. Amma eşitdiklərim Dilarə xanımın
yazdıqlarından fərqli olmayıb.
Tədqiqat sahəm "Naxçıvan
xanlığı" olduğundan Kəngərli tarixi ilə
daha dərindən məşğul olmuşam. Bu gün də
elədir. Məşhur sərkərdə
I Ehsan xan Naxçıvanskinin həyat və fəaliyyətini
araşdırarkən Rusiyanın və Gürcüstanın
arxivlərində, muzeylərində və gümanım
çatdığı bütün yerlərdə elmi
axtarışlar aparmışam. Rusiya
Dövlət Hərbi Tarix Arxivində I Ehsan xanın şəxsi
işi tapılmasa da, Gürcüstan Milli Arxivində (indi belə
adlanır) onun 44 səhifəlik şəxsi işi
tapılıb. İstəmişəm ki, sənədlərin
köməyi ilə sovet illərində yazılan və
doğru olmayan bəzi yanlışlıqlara (çünki o
vaxtlar arxivlərin bəzi fondları tədqiqatçıların
üzünə bağlı olub) aydınlıq gətirim.
General-mayor I Ehsan xan Naxçıvanski-Kəngərlinin
hərbi fəaliyyətini araşdırarkən onun ailə
üzvlərinin də adlarına rast gəlmişəm. Və
görmüşəm ki, moskvalı tədqiqatçıların
mənə irad tutduqları məsələ doğrudur.
Yəni onun övladları sırasında
Qonçabəyim adlı qızının adı qeyd olunmayıb.
Bu səbəbdən mən 2005-ci ildən etibarən
təkrarən Qonçabəyimlə bağlı
araşdırmalarıma qayıtmışam. Buna qədər
bütün yazılarımda I Ehsan xanın övladları
sırasında şairənin də adını
yazmışam ("Yeni Azərbaycan" qəzetinin
"Ədəbiyyat" əlavəsində, "Sovet
Naxçıvanı", "Sovetskaya Naxçıvan" və
"Şərq qapısı" qəzetlərində). Söykəndiyim mənbə məndən əvvəl
yazılan kitablar olub. Xüsusilə Dilarə
Əliyevanın yazdıqları. Çünki bu günə
qədər (heç kim inciməsin) ondan
başqa kimsənin yazdıqlarında yeni heç nə
görməmişəm. Ona görə də
bir daha D.Əliyevanın Azərbaycan ədəbiyyatşünaslığında
ilk dəfə yazdığı "Qonçabəyim"
adlı məqaləsinə qayıdıram. Qeyd edək ki, bu məqalədən əvvəl o,
1958-ci ildə yazdığı monoqrafiyada da bu haqda yazıb.
1968-ci ildə nəşr olunan "Ürək
bir-dilək bir" kitabında (təkrar nəşr 1981)
şairə Qonçabəyim haqqında məlumat verib.
Amma 1969-cu ildə "Elm və həyat"
jurnalında xüsusi olaraq şairəyə "Qonçabəyim"
məqaləsini ithaf edib və ilkin olaraq onun fotoşəklini
də çap etdirib. D.Əliyeva
Qonçabəyimlə bağlı axtarışlarında bir
vaxtlar Naxçıvanda məmur işləmiş
gürcü romantik şairi Nikoloz Barataşvilinin
yazdığı məktublardan istifadə edib.
Dilarə
xanımın məqaləsindən həmin hissəni
olduğu kimi verirəm: "Şairə Qonçabəyim
haqqında ilk məlumatı biz məhz Barataşvilinin 1845-ci
ildə Naxçıvandan dayısı qızı Maiko
Orbelianiyə yazdığı məktubdan alırıq:
İndi Naxçıvanda Qonçabəyim adında on səkkiz
yaşlı bir qızın mahnıları məşhurdur. O,
xan qızıdır, çox gözəl və cazibədardır.
Yazıq öz ərindən çox
yanıqlıdır, ondan ayrılmaq istəyir. Binəvanı 12 yaşında ikən ərə
vermişlər. Əgər onların həyatını
bilsəydiniz, gözəl bir romandır".
Bəlkə də Qonçabəyimin həyatı
doğrudan da, kədərli bir romandır. Ancaq
Barataşvilini maraqlandıran onun məhz şairə
olması idi. Romantik təbiətli şair mənəvi əzab
çəkən şairəni görmüş və onun
taleyi ilə maraqlanmışdır: "Öz şeirində
o, öz halına ağlayır, bir yerdə deyir: Mənim
gözəl bağçam, gəlib sənin qoynunda fəvvarə
və güllərinlə söhbət etmək istəyirəm,
ancaq qorxuram ərim orada ola. Bu
şeiri yazdırıb tərcüməsi ilə göndərəcəyəm".
Qonçabəyimin taleyi Maiko Orbelianiyə böyük təsir
etmiş, tez-tez məktublarında Nikolozdan onun haqqında
soruşurmuş. Məktublarının birində Maiko yazır: "Sən
Allahı sevirsən, o qızı ərindən xilas et".
Barataşvili
də dayısı qızını sakit etmək
üçün məktublarının birində yazır:
"Əziz bacım Maiko! Çox təəssüf
ki, bütün hadisələrlə səni tanış edə
bilməyəcəyəm, ancaq ər-arvadı
barışdırdım". Qeyd etmək yerinə
düşər: N.Barataşvili Naxçıvanda 1844-cü
ilin payızından
gimnaziyada oxuduğu illərdən dostu olan Levan
Melikoşvilinin (o, qəza rəisi
idi) köməkçisi vəzifəsinə təyin edilib.
Dilarə Əliyevanın rəsmi olaraq verdiyi məlumat
yuxarıda yazdığımız qədərdir. Məqalənin
qalan hissəsində Tədqiqatçı alimin öz
versiyaları (variantları), ehtimalları (gümanları,
mülahizələri) əsasında apardığı
axtarışları vardır. Yəni Nikoloz şairə
Qonçabəyimlə necə tanış
ola bilərdi və s. O, sonrakı axtarışlarında
naxçıvanlı tədqiqatçılar M.Nəsirlinin və
L.Hüseynzadənin dediklərinə əsaslanıb.
D.Əliyeva
öz məqaləsində davam edərək yazır:
"Çox təsssüf ki, şairənin ədəbi irsi
hələ əlimizdə yoxdur, hələ şairə tədqiq
edilib Azərbaycan ədəbiyyatı xəzinəsinə
salınmamışdır. Biz güman edirik ki,
Salman Mümtazın "El şairləri" kitabında Bəyim
təxəllüsü ilə yazılmış qoşmalar
Qonçabəyimindir. Bunu M.Nəsirli
yoldaş da təsdiq edir".
Gördüyümüz
kimi, D.Əliyevanın da burada ehtimalı var: "Güman
edirik ki". Tədqiqat aparanlar bilir ki, bu, təbiidir.
Ona görə də, yeri gəlmişkən, bu
sahənin tədqiqatçıları olmayanları heç nə
çaş-baş salmasın.
Sonralar tərtib edilən "Azərbaycanın
aşıq və şairə qadınları" kitabında
Qonçabəyimin yaradıcılığından toplanan
qoşmaları çap edilib.
Və heç kimin, o cümlədən, mənim də
Qonçabəyimin şairə olmasına bir şübhəm
olmayıb. Çünki ordubadlı şair Qüdsi Vənəndi
şairə Qonçabəyimə məktub-tərifnamə
yazıb. Bu haqda bir az sonra. Uzun illər kəngərlilərlə bağlı
arxiv sənədlərini araşdırarkən şairə
Qonçabəyimin I Ehsan xanın qızının
olub-olmaması diqqətimdə olub. İstəmişəm
ki, bu məsələyə də aydınlıq gətirilsin.
Çünki onun I Ehsan xanın qızı
olmasını ilk dəfə D.Əliyeva yazıb. Əgər Nikoloz 1845-ci ildə Naxçıvandan
yazdığı məktubda bunu qeyd etsəydi, məncə, əlavə
axtarışlara ehtiyac olmayacaqdı. Amma təəssüf
ki, gürcü şairi məktublarında onun atasının
adını yazmayıb.
Tədqiqatçı-alim
D.Əliyeva yazır: "Qonçabəyim Kəngərli nəslindəndir.
O, Naxçıvanın axırıncı xanı Ehsan
xanın qızıdır. Ehsan xan 1828-ci il
Türkmənçay müqaviləsindən sonra bütün
şimali Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra
Naxçıvanın xanı (naibi) kimi öz hüququnda
qalmışdı".
Tədqiqatçı 1969-cu ildə Naxçıvan
xanlığı ilə bağlı ciddi araşdırmalar
olan kitablara rast gəlməmişdi. Çünki bunlar
bağlı fondlarda idi. Arxivlərin də
qapısı müəyyən imtiyazlı qeyri-azərbaycanlı
araşdırıcıların üzünə açıq
idi. Bu səbəbdən elə bilirdilər
ki, Naxçıvan xanlığının axırıncı
xanı Ehsan xan Kəngərli olub. Amma
tapılan arxiv sənədləri bunun doğruluğunu təsdiqləmədi.
Arxiv sənədlərinə əsasən
aydın olur ki Naxçıvanın axırıncı
xanı Kərim xan Kəngərli olub. I
Ehsan xanın yaxın qohumu və qayınatası.
Əgər sənədlər sübut edirsə ki,
Naxçıvan xanlığı 1828-ci ildə işğal
edilərək ləğv olunub, onda xanlıq hakimiyyətindən
danışmaq yersizdir. Sadəcə, formal olaraq, hərbçi Kəngərli
süvarilərinə verilən bəzi güzəştlər
qalmışdı. İllər
ötdükcə, bütün imtiyazları Rusiya
çarı ləğv edirdi. Bütün
bunlar haqqında tarixlə bağlı məqalələrimdə
sənədlər əsasında söhbət
açmışam. Məqamındaca deyək
ki, xan sözü ilə naib sözü eyni deyil.
"Xan" türk sözüdür, hökmdar mənasındadır. Azərbaycanda
VIII-XIX əsrlərdə bu titul rəsmi olaraq işlənib.
"Naib" isə ərəb
sözüdür - "canişin" deməkdir. Çar Rusiyasında əyalətlərin, dairələrin
rəhbərlərinə naib adı verilirdi. I Ehsan xan da 1828-ci ildən Naxçıvanın
naibi, qardaşı Şeyxəli bəy isə Ordubadın
naibi təyin edilmişdi. I Ehsan xanın
naibliyi Naxçıvan qəza idarəsinin rəisinə tabe
idi.
Müxtəlif illərdə I Ehsan xanla bağlı yazılarımda qeyd etmişəm ki, sənədlərdə onun iki qızının adı qeyd olunub: Sonabəyim və Lalabəyim. Yeri gəlmişkən, həmin sənədlərin fotosurətlərini də yazıda yerləşdirirəm. Sənədsiz heç nə yazmıram. Çünki hər fikrin arxasında arxiv sənədi durmalıdır. Bir də ki, heç bir yazımda şairə Qonçabəyimin ruhunu incidəcək bir cümlə yazmamışam. Sadəcə I Ehsan xanın övladları haqqında öz tədqiqatlarımın gələcəyi üçün yazmışam. Siyahıda kim var onu da yazmışam. Çünki hərbçi xan Naxçıvanskilər haqqında olan sənədləri bizi sevməyən tədqiqatçılar da oxuyur, araşdırır. Bunu görmək üçün sadəcə Tbilisi arxivlərinə, muzeylərinə, milli əlyazmalar institutuna və digər yerlərə baş çəkmək lazımdır. O arxiv sənədlərinin "ətri"ni udandan sonra başqasının işinə qiymət vermək lazımdır.
Mən 1983-cü ildə, hələ çox gənc ikən, şairə Qonçabəyimə aid "Könül ahı" hekayəsini çap etdirmişəm. Orada onu Ehsan xanın qızı kimi vəsf etmişəm. Həmin hekayədə mən bilərəkdən (gənc olsam da) Qonçabəyimlə Nikolozu dost kimi təsvir etmişəm. Orada mənim özümün də romantikam var. Hekayədir. Elmi yazı deyil. Məqalələrimdə bir maneranı gözləyirəm: Tapılan sənədlər əsasında yeni yazını yazıram və orada da səbəbi qeyd edirəm ki, gələcək tədqiqatçılar bizim çəkdiyimiz əziyyətləri çəkməsinlər. Mən məhz hərbçi-döyüşçülərdən yazıram. O döyüşçülərdən ki, xoşbəxtliklərini, həyatlarını Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın türk yurdu kimi qalmasına qurban veriblər. Başqa sözlə, kəngərli tarixini öyrənirəm, araşdırıram və yazıram. Tarixi isə şəxsiyyətlər yaradır. Bu səbəbdən həm də Kəngərli sərkərdələrini - xan Naxçıvanskilərin həyat və fəaliyyətini tədqiq edirəm.
(Ardı var)
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 1 may.- S.16.