"... Ya bir olar, ya iki"

 

 

Elşad da altmışa çatdı. Beşillik tələbə yoldaşım, qırx illik çörək dostum, ürək dostum, əməl dostum Elşad Qocanı (İsayevi) deyirəm.

 

"Dost" sözünü mən, ümumiyyətlə, çox az-az işlədirəm, çünki şəxsən mənim fikrimcə, hər adama dost demək olmaz, hər adamdan da dost olmaz. Amma kiminsə dostunun az olması heç onun insani keyfiyyətlərinin, mənəviyyatının kasadlığına dəlalət eləmir. Molla Cümə xalqın dilinin əzbərinə çevrilmiş məşhur şeirində "dost ya bir olar, ya iki" sözlərini havayı yerdən deməyib. Bax, Elşad da həmin o birlərdən, o ikilərdəndir mənim üçün.

Bəli, Elşad altıncı onilliyini o üzə adladı, altmışın kürəyini yerə vurub, ahıllıq, müdriklik dövrünə qədəm qoydu.

Altmış yaş sizə az gəlməsin. Bu yaş bir igidin yox, neçə-neçə igidin ömrüdür. Ancaq bu illər necə gəldi, necə getdi, heç özü bilmədi Elşadın. Bir gözünü açanda gördü ki, ay dadü-bidad, cavanlığı bir quş kimi öz kövrək qanadlarını çalaraq pərvazlanıb, əlindən uçub getdi. 60 yaş isə atını dördnala çaparaq gəlib, həyat qapısını döyəcləyir. O da dinməz-söyləməz hər iki əlini yuxarı qaldıraraq ürəyinin qapısını taybatay açdı, ömrünün yaz nəfəsli, bahar təravətli altmışıncı ilini gülərüzlə qarşılayıb, "xoş gəlmisiniz, ay mənim acılı-şirinli, sevincli-kədərli illərim!" - deyərək onu ürəyinin sükanı arxasında əyləşdirdi. yaşadığı illərin kövrək xatirələrinin ağuşunda ömrünün yeddinci onilliyinə üz tutdu...

Bu altmış ilin az, çox, düz qırx ilini bir yerdə keçirmişik Elşadla. Lap tələbəlik dövrümüzün ilk günlərindən birlikdə oturub-durmuşuq, dərdimizə-sərimizə şərik olmuşuq.

... Qrupumuzda iyirmi beş uşaq vardı: iyirmi oğlan, beş qız. Yaşca ən böyüyü mən idim. Fərman Atakişiyev, Ağasəf Məmmədov, Vahid İmanov, Etibar Babayev (Allah onlara rəhmət eləsin!), Cavanşir Cahangirov, Əli Həsənov mən universitetin jurnalistika fakültəsinə hazırlıq şöbəsindən gəlmişdik. Bir-birimizi artıq yaxşı tanıdığımızdan biz ilk günlərdən birlikdə olur, kinoya, teatra, kitabxanaya, ən çox da yeyib-içməyə bir yerdə gedirdik. Ümumi qəbuldan gələn uşaqlar isə bizimlə pərdə saxlayır, hələlik özlərindən yaşlılarla oturub-durmağa o qədər can atmırdılar.

Onların arasında qarabuğdayı, qara bığlı, gursaçlı, hündürboylu bir oğlan öz ədəb-ərkanı ilə bizim nəzərimizi daha çox cəlb eləyirdi. get-gedə o, bizə yaxınlaşır ünsiyyət yaratmağa çalışırdı. Tezliklə yaratdı da. Az bir vaxtda bizimlə qaynayıb-qarışdı, oldu bizim tay-tuşumuz. Daha doğrusu, başqa cür desək, su ki girdi qaba, oldu içməli. Rəhmətlik Ağasəfin, Cavanşirin, Elşadın mənim bugünədək davam eləyən heç vaxt pozulmayan, əbədiyaşar dostluğumuzun möhkəm özüllər üzərində təməl daşları qoyuldu (O əlçatmaz illərimiz, günlərimiz gözümün önünə gələndə özümü kövrəlməkdən saxlaya bilmirəm).

Universitetin digər fakültələrindən fərqli olaraq jurnalistika fakültəsində həftədə bir dəfə (gərək ki, tək günləri) yaradıcılıq günü olurdu. Yəni bölgüyə görə kimi müxtəlif qəzet-jurnal redaksiyalarında, kimi televiziya radio verilişləri komitəsində, kimi nəşriyyatlarda təcrübə keçirdi. Mən tərcümə üzrə ixtisaslaşırdım, Elşad isə nəşriyyat üzrə. Mən təcrübəyə redaksiyası "Azərbaycan" nəşriyyatında yerləşən "Molodyoj Azerbaydjana" qəzetində, sonralar isə "Azərinform"a gedir, o isə "Yazıçı" nəşriyyatında təcrübədə olurdu. Praktika keçdiyimiz ünvanlar bir-birindən xeyli uzaq olsalar da, biz uşaqlar bir-birimizlə demək olar ki, hər axşam çağı görüşür, günümüzü bir yerdə başa vururduq.

Üçüncü kursa keçəndə bizim 1002-ci qrupun tələbələrini könüllülük prinsipi əsasında müxtəlif rayon qəzetlərinə praktikaya göndərdilər. Elşad öz praktikasını mənimlə birlikdə Şuşada keçirməyi qərara aldı. Qrupumuzun yaşca ən kiçiyi, mərhum Aytən Qəhrəmanova, bir neçə gün sonra isə Namiq Əhmədov da Şuşaya praktikaya gəldilər. Lakin onların ikisi də vaxtından bir az əvvəl Bakıya qayıtdı. Elşadla mən sona qədər Şuşada qaldıq. Bu bir ay yarım ərzində müxtəlif rayonlarda təcrübə keçən qrup yoldaşlarımız Cavanşir, Amil, Tahir, Zamin (Allah rəhmət eləsin!) də Şuşaya bizi yoluxmağa  gəldilər. Biz şəhərin görməli yerlərini gəzdik, dəfələrlə Cıdır düzündə, Üçmıxda, İsa bulağında, Çanaqqalada, Səkili bulaqda... olduq. Elşadla Xocalıya etdiyimiz bir səfər də unudulmaz günlərimiz siyahısındadır. Malıbəylidə Hafizin (Allah rəhmət eləsin!) toyunda Cavanşirlə birlikdə necə oxuyub-çaldıqları da heç hafizəmdən silinmir və silinməyəcək də. Xoşbəxt gənclik günlərimizin bəzi pozulmaz, yaddaqalan səhifələri də burda - Şuşada yazıldı. Həmin o unudulmaz anları müxtəlif fotoşəkillərdə əbədiləşdirməyi də yaddan çıxarmadıq...

1979-cu il sentyabrın 1-də yenidən dərslərə başladıq. Günlərimiz, aylarımız, illərimiz əvvəlki kimi sürətlə ötüb-keçirdi. Nəhayət, universiteti bitirdik. Diplom müdafiəsindən sonra bizi Astara şəhərinə hərbi toplanışa apardılar. Burda da özümüzə korluq vermədik, günlərimiz kefdə-damaqda keçdi. Üçaylıq hərbi toplanış başa çatdı, Bakıya qayıtdıq. Lakin əsgərlikdə olmadıqlarına görə Elşadı və başqa tələbə yoldaşlarımızı - Şamili, Namiqi, Mehmanı da zabit kimi iki il müddətinə hərbi xidmətə apardılar.

Elşad NovosibirskSverdlovsk şəhərlərində hərbi borcunu verib, baş leytenant rütbəsində Vətənə - Bakıya qayıtdıq. Biz müvəqqəti olaraq fasilə verdiyimiz dostluğu yenidən davam elətdirməyə başladıq.

O vaxtlar ixtisas üzrə tapmaq o qədər də asan deyildi. Ona görə də Elşad işə düzəlmək üçün özünü oda-közə vurdu, xeyli əziyyət çəkməli oldu, bir neçə qəzet və jurnal redaksiyalarının qapılarını döydü. Nəhayət, güc-bəla ilə "Kənd həyatı" jurnalında kiçik bir vəzifəyə düzəldi. Çox çəkmədən mənim işlədiyim "Pioner" (indiki "Günəş") jurnalına dəyişildi. Tələbəlik yoldaşım indi də mənimlə yoldaşı oldu. Bir neçə il çiyin-çiyinə işlədik. Sonra o, yenicə nəşrə başlayan "Səhər" qəzetinə keçdi, daha sonra jurnalistik fəaliyyətini "Sərhəd" qəzetində davam etdirdi.

Elə bu vaxt ermənilərin yalnız özlərinə məxsus olan köhnə murdar xislətləri üzə çıxmağa başladı. Arxalı köpəklər azərbaycanlıları doğma el-obalarından didərgin saldılar. Körpülü camaatı da məcburiyyət qarşısında qalaraq doğma yurdunu tərk eləyib, pərən-pərən düşdü. Elşadın kənddə yaşayan ata-anası da Bakıya - oğlanlarının yanına pənah gətirdi. Onun doğmalarının başına gələnlər bir neçə ildən sonra mənim ata-anamın da başına gəldi. Elşad artıq qaçqın balası idi, indi mən də oldum köçkün balası.

Həmin vaxtlar qayğılarımız daha da çoxalır, başımızdan aşıb-daşırdı, həllinə gücümüz çatmayan problemlər bizi üzüb əldən salırdı. Lakin bu çətinliklər, problemlər heç birimizi sındıra, əzə bilmədi. O mürəkkəb və qalmaqallı dövrdə hər ikimiz öz mənliyimizi qoruyub saxlaya bildik və ən başlıcası isə oxşar taleyimiz dostluğumuzu, yoldaşlığımızı daha da möhkəmləndirdi, bizi bir-birimizə daha da yaxınlaşdırdı.

Çox çəkmədən Elşad jurnalistika sahəsindən ayrıldı, həyatını dövlət təhlükəsizlik orqanları ilə bağladı. Burda da səmimiliyi, dürüstlüyü, işə canıyananlığı ona böyük hörmət gətirdi, nüfuz qazandırdı. Elşad polkovnik rütbəsinədək yüksəldi. Amma ürəkdən seçdiyisevdiyi əsl peşəsini də unutmadı,  vaxtaşırı arxivlərə baş vurdu, bir-birindən maraqlı, sanballı tarixi yazılara imza qoydu, neçə-neçə kitab müəllifi oldu: "Cəllad etirafı", "Sibir dərsi", "Tariximiz, taleyimiz", "Azərbaycan kəşfiyyatı və əks-kəşfiyyat", "Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları", "Oğlum mənim, arxam mənim", "Yüz ilin işığında", "Körpülüdən gəlirəm" və sair.

Elşaddan danışırıqsa, ailəsindən də bir neçə kəlmə demək yerinə düşər. Hələ 1982-ci ildə hərbi xidmətə yola düşmək ərəfəsində o, həmkəndlisi Fatma xanımla ailə həyatı qurub. Allah-Təala vaxtlı-vaxtında ona iki övlad payı göndərib: Orxan və Əsmət! Elşad həyat yoldaşı ilə əl-ələ verərək balalarını böyüdüb, əllərini çörəyə çatdırıb. Hər dəfə də oğul, qız qapısını döyəndə onları təzəcə dil açan körpə səsləri, uşaq gülüşləri qarşılayır. Nəvələri "baba", "nənə" deyib, onların üstünə yüyürəndə isə hər ikisi özlərini dünyanın ən xoşbəxt bəndələri sayırlar.

Mən bu kiçik yazımda yubilyar haqqında bir neçə kəlmə dost sözü söylədim. Amma bu o demək deyil ki, Elşadın barəsində dediklərimə nöqtə qoyuram. Əsla yox! Özümü sonraya saxlamışam. Əsas sözümü, sağlıq olsa, yetmişində, səksənində, doxsanında... deyəcəyəm, amma ya Körpülüdə, ya da Şuşada. Buna şəkk-şübhə eləyən həmyaşıd dostlarımız öz-ləri də doxsana çatanda gözlərinin şahidi olacaqlar. Allah ağzımızdan eşitsin!

 

Vasif QULİYEV

 

525-ci qəzet.- 2019.- 1 may.- S.15.