Xalq məhəbbəti
qazanmış xanəndə
DƏYƏRLİ
İFAÇIMIZ SƏTTAR NƏSİROVUN 65 YAŞINA
Azərbaycanın müasir ifaçılıq
- xanəndəlik məktəbinin
dəyərli nümayəndələrindən
biri də Səttar Nəsirovdur. O, özünün
şirin səsi, şaqraq zəngulələri
ilə sənətsevərlərin
dərin rəğbətini
çoxdan qazanıb.
Görkəmli muğam ustadı Xan Şuşinskinin tələbəsi olan gənc Səttar bacarıqlı tələbə
kimi Xan Əmidən muğamın
sirlərini öyrənərək
müəlliminə layiq
xanəndə oldu. Hələ
gənc yaşlarından,
o vaxtlar ən çox dəbdə olan, bal kimi
səsə malik Qulu Əsgərovla dostluq etməsi də onun ustad
xanəndə kimi formalaşmasına yardım
edir. Tanınmış və ustad xanəndələrlə birgə
çalışması gənc
Səttarın tamaşaçılar
tərəfindən erkən
tanınmasına və
sevilməsinə zəmin
yaradır. Məhz bunun
nəticəsidir ki, çox keçmir,
SSRİ Xalq artisti, görkəmli sənətkar
Rəşid Behbudov onu özünün yeni yaratdığı Dövlət Mahnı Teatrına dəvət edir. 11 il
bu teatrda çalışan Səttar
Nəsirov Rəşid
Behbudovla, demək olar ki, bütün
dünyanı gəzib-dolaşır.
Müxtəlif ölkələrdə yaddaqalan konsertlər verirlər. Və bu qastrol səfərləri nə vaxtsa İmişlinin Qaralar kəndindən Bakıya təhsil almağa gələn yeniyetmə Səttarın
bir şəxsiyyət
kimi kamilləşməsinə
vəsilə olur.
Əvəzolunmaz səsə və
ifaçılıq məharətinə
malik Rəşid Behbudovla bir səhnəni paylaşmaq səadətinə nəsib
olan Səttar bu illər ərzində
insan, xanəndə, müğənni və
dost kimi də püxtələşir. Günlərin
bir günü Rəşid Behbudov mərhum sənətkarımız
Rafiq Babayevdən soruşur:
- Bilirsənmi, mən bu Səttarı niyə çox istəyirəm?
Cavabında Rafiq Babayev belə deyir:
- Rəşid Məcidoviç,
Səttarı hamımız
çox istəyirik.
O, həm yaxşı
oğlandır, həm
də gözəl səsi var.
Rəşid Behbudov başı
ilə R.Babayevin fikrini təsdiq edərək: - Səttar doğrudan da dəyərli adamdır, -
deyir.
Bu, dünya şöhrətli
ustad sənətkarın
Səttar Nəsirova və onun ifaçılığına
verdiyi böyük qiymət idi. Ötən əsrin
70-80-ci illərinin tamaşaçıları
Səttar Nəsirovu ən çox Qulu Əsgərovun bəstələdiyi "Əziz
dostum" və Bəhram Nəsibovun "Qal, sənə qurban" mahnıları ilə xatırlayırlar.
Səttar bu mahnıları
xüsusi şövqlə
oxuyub. Elə indinin özündə də ayrı-ayrı dövlət tədbirlərində
ondan "Mənim anam", "Ay qız",
"Ömrün karvanı"
mahnılarını oxumağı
xahiş edirlər. Mərhum Qulu Əsgərov da Səttarın ifaçılığını çox bəyənər
və dəyərləndirərdi.
Qulu Əsgərov o vaxtlar M.Əliyev adına
Azərbaycan Dövlət
İncəsənət İnstitutunda
müəllim işləyirdi.
Xoşbəxtlikdən Səttar Nəsirov
onun kursuna düşmüşdü və
demək olar, Qulu Əsgərovun bəstələdiyi bir çox mahnıların
ilk ifaçılarından biri məhz Səttar Nəsirovdur.
Uzun müddət Azərbaycan ifaçılıq sənətində unudulmayacaq mahnılar, təsniflər və muğamlar ifa edən Səttar Nəsirov artıq 30 ilə yaxındır ki, Azərbaycan Milli Televiziyasının - AzTV-nin Ali Kateqoriyalı Solistidir. O, bu gün də oxuyur və öyrədir.
Gənc ifaçılar tez-tez
onunla görüşür,
muğamın və ifaçılıq sənətinin sirlərini
ondan öyrənərək bəhrələnməyə
çalışırlar. Xalqın məhəbbətini
qazanmış gözəl insan,
etibarlı dost, bal kimi səsə malik, Həzrəti
Əli (ə.s.) və İmam Hüseyn sevdalısı olan
Səttar Nəsirovun bu gün
65 yaşı tamam olur.
Ona uzun ömür, can
sağlığı və yeni
yaradıcılıq uğurları arzulayırıq.
Aydın AĞAZADƏ
525-ci qəzet.- 2019.- 1 may.- S.12.