O ocağın istisi
... Müharibənin başlanması xəbəri gəlib
Füzulinin Böyük Pirəhmədli kəndinə də
çatdı. Böyük Vətən
Müharibəsi hər bir evi, hər ocağı, hər yurdu
sınağa çəkirdi. Çünki
bu elə bir sınaq idi ki, vətən, torpaq faşistlər
tərəfindən işğal oluna bilərdi.
Bax, onda Rəşid Mənsim oğlu Qasımovun
heç 18 yaşı da tamam olmamışdı. 18 yaşı
tamam olmasa da ona çağırış vərəqəsi
gəlmişdi. Və bu
çağırış vərəqəsi onun ata
ocağında hamını silkələmişdi. Ancaq gənc Rəşid müharibənin xofundan, dəhşətindən
həyəcanlanan doğmalarına təsəlli vermişdi.
Demişdi ki, biz faşistlərin
qabağından qaçan deyilik. Çantasını
hazırlamışdı və çağırış məntəqəsinə
yollanmışdı. Qatarla bir başa cəbhəyə
getmişdi...
... Qatarın fiti və yavaş-yavaş hərəkəti
doğma yerləri, obaları arxada qoydu. Rəşid
özü getsə də, qəlbi və ürəyi doğma
yurdunda qaldı. Çox çətin və
ağır döyüşlərdə iştirak elədi.
1942-ci ildən 1943-cü ilin sonuna qədər
Kerçi uğrunda gedən döyüşlərdə
gözünü qırpmadan faşitlərin payını
verirdi. Elə bir döyüş
olmazdı ki, orda onun nəfəsi, onun gücü, onun
qüvvəsi hiss olunmasın. O, topçu idi və
toplardan da düşmənin mövqeyini darmadağın eləyirdilər.
Nə müharibənin qorxusu, nə də
faşistlərin həmləsi heç vaxt Rəşidi
qorxutmazdı. Və hər an, hər dəqiqə
özünün dili ilə demiş olsaq, "qara poyezə”
minib cəbhəyə qaynar xəttə gəlməyini
xatırlayırdı. Və bir də
doğmalarını, əzizlərini yada salırdı.
Və onları yada saldıqca ona güc,
qüvvə gəlirdi. Düşünürdü
ki, o, qalib kimi nə vaxtsa doğma kəndinə - Böyük
Pirəhmədliyə qayıdacaq və qayıtdı da.
Ancaq ağır döyüşlərin birində
ayağını itirdi. Kəndə
dönəndə hamı onu sevgiylə qarşıladı.
Hətta doğmaları onun ayağını
itirdiyini görüb kövrəldi də. Rəşid
isə onlara təsəlli verdi. Dedi ki,
ayağımı itirdim, vətənimi xilas elədim...
... Müharibədən sonra doğma kəndi
Böyük Pirəhmədliyə döndü. Çünki Rəşid Qasımov çox
bacarıqlı, çox zəhmətkeş və çox da
elini, obasını sevən adamdı. Ailə
qurdu, övladları dünyaya gəldi, 6 oğul, 2 qız
atası oldu. Və kənddə də
hamı onu halal, zəhmətkeş, gecəsi-gündüzü
olmayan bir insan kimi tanıyırdı. Rəşid kişi başqalarından fərqli olaraq
çörəkli adam idi. Onun süfrəsi
qonaq-qara üçün həmişə açıq idi.
Evinə-ocağına kim gəlsəydi,
onu yedirtmədən, içirtmədən yola salmazdı. Həmişə
də xanımına deyərdi:
- Azz,
bilirsən nə var, heç vaxt qonaq-qara üçün
verilən yeməyə daralma?! Çünki
Allah-Təala qonağın ruzisini ondan əvvəl göndərir.
Elə
xanımı da onun kimi mərd-mərdanə, qonaq sevən,
bir tikə çörəyini də camaatla bölən adam idi. Rəşid kişi
həmişə çöldə, bayırda, ormanda,
örüşdə olub. At belində o qədər
Füzulinin, Qubadlının, Laçının
yaylaqlarında gəzib ki... Yaylağa da
gedəndə tək getməyib ey, elə xanımını
da götürüb. Bəlkə də Rəşid kişi Füzulinin meşələrini,
dağlarını, bulaqlarını qarış-qarış
gəzib, onun hər cığırını, hər yolunu
tanıyır. O, elə bir kişi olub ki,
başına gülləni sıxsa da haqqı deməkdən,
düz sözü söyləməkdən heç vaxt
çəkinməyib.
Füzulinin yaxşı günlərində təsərrüfatla
məşğul olub. Çoxlu qoyun-quzu, mal-qara saxlayıb.
Qapısına qonaq gələn kimi, o dəqiqə
bıçağı götürüb qoyundan, quzudan birini kəsib.
Yəni Rəşid kişinin çox
böyük ürəyi olub, bu gün də var. Rayonda ferma
müdiri, briqadir işləyib. Sonralar isə
kooperativ təsərrüfat yaradıb. Rayon
Sovetinin deputatı olub. Hətta
yoldaşlıq məhkəməsinə sədrlik edib.
...
1993-cü ilin avqustunda Füzuli işğal olunanda Rəşid
kişi də ordan məcburi
köçkün düşüb və gəlib
Göyçay rayonunun Xəlidli kəndində ailəsilə
sığınacaq tapıb. Bir əhvalatı
danışaq ki, onun xalası oğlu Gorazılı kəndi
1993-cü ilin iyununda işğal olunanda Rəşid
kişinin yanına gəlir. Deyir
ölmüşəm, məni yerdən götür, bəs
bütün pulum, qızılım kənddə qalıb.
Kəndə də ermənilər girib. Rəşid
kişi bir aşağı baxır, bir
yuxarı, deyir, gəl min mənim atımın tərkinə,
gedək kəndə. Xalası oğlunun rəngi
ağarır. Rəşid kişi təzədən
dillənir: "Deyir ə, ağciyər olma, gedəcəyik
kəndə, erməni olmur, lap erməninin dədəsi olsun,
evə girəcəyik, sənin də pulunu götürəcəyik”.
Tanıdıqları gizli yolla kəndə girirlər.
Uzaqdan ermənilərn BTR-ni görsələr də
ağacların arasıyla evə yaxınlaşırlar.
Evə girib pulları, qızılları götürür və
ordan da çıxırlar...
Rəşid
kişi Göyçaya gəldiyi ilk
gündən bu kəndin adamları ilə elə qaynayıb
qarışır ki, sanki çoxdandı elə Xəlidlidə
yaşayırmış. Və kəndin
camaatı da onun ağayana və ağsaqqal hərəkətlərindən
razı qalırlar. Görəndə həmişə
"ağsaqqal, hərvaxtınız xeyir olsun” – deyirlər.
Burda özünə yeni bir həyət
alır, ağac əkir və bu ağacların da mer-meyvəsi
olur. Hətta təndir də düzəldirlər
həyətdə. Və o təndirdə həyat
yoldaşı xəmir qatıb çörək bişirir.
Və bu çörəyin ətri də həmişə
qonşulara yayılır. Füzulidə gözəl bir
adət var: təndirdə çörək
bişirəndə həmişə ondan qonşulara da pay
verirsən. Çünki çörəyin ətri adamın
burnuna dəyəndə elə bil özünü cənnətdə
hiss edirsən. Rəşid kişinin
xanımı da elə Füzulidəki kimi bu kənddə də
çörək bişirəndə qonşulara verib. Qonşular da "bərəkətli olsun” deyiblər.
Rəşid Qasımov çox maraqlı bir adamdı. Daha
doğrusu, ağayanə bir el ağsaqqalıdı. Füzulidə ocağı necə
qonaqlı-qaralıdırsa, elə burda da elədir. Bir gün Seyran Səxavət, Ramiz Rövşən,
Rəşad Məcid və onun oğlu Nofəl kəndə
gedirlər. O dəqiqə Rəşid kişi
bir qoyun kəsir, kabab çəkir, qonaq-qarasına bir
süfrə açır. Soruşurlar ki, Rəşid kişi, yəqin içməyə bir şeyin
də var. O da deyir niyə yoxdur? Özünün
hazırladığı alça və tut arağını
ortaya qoyur və gedəndə də hərəsinə bir pay
verir. Və sonra da deyir ki, heç ürəyinizi
sıxmayın, Rəşid kişi elə
Füzulidəki adamdı.
O, vətəninə,
torpağına, doğma kəndi Böyük Pirəhmədliyə
bağlı adamdı. Deyir ki, düzdür,
burda camaat bizə böyük hörmət eləyir, çox
səmimidir və istiqanlı insanlardı. Amma doğma ocaq başqa bir şeydi. Çox vaxt kəndimizi, dünyalarını dəyişmiş
doğmalarımı yuxumda görürəm. İstəyirəm bu 95 yaşımda əlimə
silah alım, o alçaqlarla vuruşam. Vallah, bir adam getsə, dalınca getməsəm kişi
deyiləm. Baxmayın 95 yaşım var ha! Yenə əlim
silah tutur, yeriyə bilirəm! Bu
gününün özündə də at minirəm. Bir oğul lazımdır ki, bizi aparsın o
torpaqlara. Donuz heç vaxt öz xoşuna
xırmandan çıxmaz. Gərək onu
dəyənəklə çıxarasan. Bu
ermənilər də donuz kimi bir şeydi. O torpaqları
biz sülhlə yox, müharibəylə azad edə bilərik.
Mənim bu gün 5 nəvəm orduda xidmət
eləyir. İçi mən qarışıq
hamımız bu gün müharibə başlasa,
döyüşə getməyə hazırıq!
Bir ağsaçlı oğlan var ey, ağdamlı
balası (millət vəkili Aqil Abbası nəzərdə
tutur – F.Q.), o tez-tez döyüş bölgəsinə gedir. Televizorda
gördüm ki, mövqeyimizi keçib erməni tərəfə
addımlayır. Ürəyimdən
keçdi ki, nə orda olaydım?! Elə mən də
qoşulub onunla birgə gedəydim üzü Ağdama,
üzü Füzuliyə, üzü Şuşaya, üzü
Laçına sarı...
Mən öz vətənimin hər qarış
torpağını, hər bulağını, hər
cığırını sevirəm. Gecələr həmin yerlər
yuxuma girəndə dik atılıb yerimdə otururam, tay yata bilmirəm. Səhəri diri gözlə
açıram və durub həyətdə var-gəl eləyirəm...
Prezident
bizə çox köməklik eləyir, çox sağ olsun!
Təqaüd alıram, müharibə
veteranı kimi 1000 manat pul verirlər. Amma
onun bəzi məmurları yalançı
çıxırlar. Məsələn,
Göyçayın əvvəlki icra başçısı
mənə dedi ki, öz pensiya pulunla ev
tik, sənə kömək edəcəyik. Mən də ev tikdim, kömək etmədilər. Sonra eşitdim ki, onu vəzifədən
çıxarıblar. Əvvəllər
müharibə veteranı kimi mənə maşın
vermişdilər. O da xarab olub sıradan
çıxıb. İndi qalmışam piyada.
Gözləyirəm ki, görüm Nazirlik mənə
maşın verəcəkmi? Axı
müharibə veteranlarının hüquqları var. Mənim
də ayağımın biri yoxdu. Amma
maşınım olsa rahat əyləşib ora-bura, xeyrə-şərə
gedə bilərəm. Yəqin ki, yaxşı bir kişi çıxacaq, o maşını mənə
nə vaxtsa verəcək.
Rəşid
kişi Göycayın Xəlidli kəndinin
camaatı barəsində o qədər ürəkdolusu
danışır ki, bu sevgiyə və bu istəyə adam məəttəl
qalır. Deyir ki, mən və mənim ailəm
o camaatdan yer və göy qədər razıyıq. Bir
hadisə danışım, qulaq asın: həyat
yoldaşım gecə vaxtı rəhmətə getmişdi. Övladlarım gələnə qədər kənd
camaatı hamısı qapıya gəldi və nə
işimiz vardı hamısını yoluna qoydu. Oğlanlarım gəlib gördü ki, dəfnlə
bağlı heç bir çətinlik yoxdu. Çadır da qurulub, samovarlar da gətirilib və
digər şeylər də nə vardısa hamısı
hazır idi. Bax, belə camaatdan mən necə
razı qalmayım. Allah bu kəndi, onun camaatını
qorusun! Çox səmimi, çox istiqanlı və
etibarlı adamlardı. Sən Allah, oğul, bir şey
deyəcəm, onu da yaz. Burda bir doxtur var ey, Telman doxtur,
çox gözəl adamdı! Sən də
bilirsən da, mən qoca kişiyəm, tez-tez təyziqim
qalxır. Telman doxtura zəng eləyən
kimi o dəqiqə özünü çatdırır. Gecə saat 4-də də zəng eləsəm, fərq
eləməz. Görəcəksən ki,
5-10 dəqiqəyə bizə gəldi, təyziqimi
ölçdü, dava-dərman verib getdi. Allah belə
insanları qorusun!
Rəşid Mənsim oğlu Qasımov
ömrünün 95-ci ilini yaşayır. Onun gözlərində
və ürəyində böyük bir ümid var. Ümid
var ki, doğma ocağı Füzuliyə, böyüyüb
boya-başa çatdığı Böyük Pirəhmədliyə
nə vaxtsa qayıda biləcək. Çünki
Vətən uğrunda döyüşənləri, qan tökənləri
Allah da çox istəyir. Və biz Allah-Təaladan arzu
edirik ki, ömrünü, gününü bu vətən, bu
torpaq üçün qurban verən Rəşid kişilərin
arzusu çin olsun və günlərin bir günündə o
isti ocağına dönsün, torpağına ayaq bassın və
bir rahatlıq tapsın...
Faiq
QİSMƏTOĞLU
Adalet.az
525-ci qəzet.- 2019.- 4 may.- S.23.