Tarixi sənədlərin dili ilə...

 

"... BİR DAHA EHSAN XANIN ŞAİR QIZI QONÇABƏYİM HAQQINDA” YAZISI İLƏ BAĞLI DÜŞÜNCƏLƏRİM

 

 

(Əvvəli ötən sayımızda)

Hafiz əmi Makinski familiyasını yox, niyəsə Rəşidov familiyasını yazdırırdı. O, mənim atamın yaxın tanışı idi. Hərdən bir yerdə çay içirdilər. Şairə Qonçabəyimə ithaf etdiyim "Könül ahı" hekayəsini oxumuşdu və bizdə də bu haqda danışırdı. Mən heç vaxt bilmirdim ki, o, Şükür xan Makinskinin oğul nəvəsidir. Çünki sovet illərində ağsaqqallar cavanlara özlərinin keçmişləri haqqında təhlükəsizlik orqanların qorxusundan ətraflı məlumatlar vermirdilər. 1937-ci illərin dəhşətlərini yaşamışdılar. Elə onun atası Rəşid xanı 1925-ci ildə M.C.Bağırov Naxçıvanda olarkən həbs etdirmişdi. Bilmirəm o, bunları bilirdi, ya yox.

Bu haqda mən 2002-ci ildən başlayaraq arxivlərdə sənədləri öyrənərkən bildim. Ona görə təəssüf edirdim ki, artıq Hafiz əmi sağ deyildi. Mən tarixi arxiv sənədlərini araşdırarkən canlı arxiv olan Zərri xanım Muradhasilovanın, Matan xanım Nəsirbəyovanın, Tükəzban xanım Qardaşbəyovanın, şair Müzəffər Nəsirlinin (Nəsirbəyovun), tarixçi alim Əli Əliyevin və digərlərinin həyatdan köçmələrinə təəssüflənirdim. Bunlar hamısı təəssübkeş azərbaycanlı, naxçıvanlı idilər. Arxiv sənədlərini də işləmək üçün canlı arxivlər lazımdır. Mənim axtarışlarımda belədir, başqalarını bilmirəm.

Hafiz əminin dediklərinin hamısını yazmamışam o məqalədə. Hekayədə onun nənəsinin şairə olduğunu yazmağımı qəbul etmirdi. Buna görə də ona inanmamışdım. Çünki mən də hamı kimi şairə Qonçabəyimin Ehsan xanın qızı olduğunu bilirdim. 2004-cü ildə Moskvada Rusiya Dövlət Hərbi Tarix Arxivində işləyərkən Şükür xan Makinskinin sənədində oxudum ki, onun həyat yoldaşı I Ehsan xanın qızı Lalabəyim olub. Və çox dəqiqdir: Lalabəyim şairə olmayıb. Qonçabəyim onun təxəllüsü ola bilməz. Lalabəyim Ehsan xanın qızı olduğundan onun haqqında xeyli məlumatlarım var. Həyatda məntiq deyilən bir şey də var. I Ehsan xan vəfat edəndə (1846-cı ildə) Lalabəyimin ata nəvazişinə ehtiyacı vardı. Gürcü şairi Nikoloz Barataşvili Qonçabəyim adlı şairəni görəndə yazır ki, 18 yaşı var, ailəlidir. Nikoloz Naxçıvanda işləyərkən Lalabəyim 6 yaşlı bir qızcığaz idi. Lalabəyim Naxçıvanskaya haqqında ayrıca bir yazım olacaq.

Əgər Tbilisdəki Gürcüstan Milli Arxivindən tapılan sənəd olmasaydı, mən fikirləşərdim ki, Ehsan xanın qızı Sonabəyim bəlkə də yazdığımız şairədir və Qonçabəyim onun  təxəllüsüdür.

Amma rast gəldiyim arxiv sənədi hər şeyi dəyişdirdi. O sənəddən sonra iki istiqamətdə axtarışlarımı öz marağım daxilində apardım. Uzun-uzadı yazmaq istəmirəm. Çünki məqalələrimdə (I Ehsan xanla bağlı) bu məsələyə münasibətimi bildirmişəm. Paşa ağa ilə Paşa bəy Kəngərli eyni adamlar deyillər. Hər ikisi I Ehsan xanla yaxın münasibətlər saxlayıblar. Amma I Ehsan xanın şəriki Paşa bəy Kəngərlidir. Onlar Əlincə mahalının Aşağı Camaldın və Yuxarı Camaldın kəndlərinin şərikli sahibi olublar. Sənədlərdə Baş və Ayaq Camaldın yazılıb.

Arxiv sənədində adları çəkilən Ağabəyim və Qonçabəyim Paşa bəyin qızlarıdır. Həmin sənədində foto surətini çap etdirmişəm ki, mübahisələrə son qoyulsun.

Axtarışlarda heç bir ziyanlı ziddiyyət yoxdur. Gürcüstan arxivindən tapılan sənədin əhəmiyyəti ondadır ki, şairənin taleyinə doğru-dürüst işıq tutur, əgər orada yazılan Qonçabəyim şairə Qonçabəyimdirsə! Bunu mən Kəngərli tayfasının  xan və bəy (vəkil) qollarının nəsil şəcərələrini işləyərkən həmişə diqqətdə saxlamışam. Əgər müasir şəcərələri işləyənlər informatorlara istinad edirlərsə, biz əsasən arxiv sənədlərinə üstünlük vermişik. Bunun bir çox səbəbləri var. Həmin səbəbləri şəcərə yazanlar bilirlər.

Paşa ağa Kəngərlinin də nəsil budağı axtarılıb. Bunda pis heç nə yoxdur. Çünki tədqiqatçı alim, ədəbiyyatşünas, tərcüməçi D.Əliyeva 1969-cu ildə "Elm və həyat" jurnalında" (1969) "Qonçabəyim" adlı maraqlı məqaləsində fotonun Əsəd ağa Kəngərlinin məşhur, tarixi albomundan tapdığını yazıb. O alboma baxmaq mənə də qismət olub. Bu foto haqqında digər yazılarımda izahat vermişəm.

Bir çox arxivlərdə axtarışlar aparan tədqiqatçılar bəzi səhvləri görürlər və izahlı olaraq düzəldirlər. Məsələn, general İsmayıl xanın qızının adı Rusiyada olan arxivlərdə, "Xadır xanım" yazılıb. Mən özlüyümdə bununla razılaşmadım. Çünki Naxçıvanda yaşayıram. Burada Xadır adı qadınlara qoyulmaz. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində, Gürcüstanın Milli Arxivində tapılan sənədlərdə onun anasının adı Xırda xanım kimi yazılıb. Surətini yazımda yerləşdirdiyim arxiv sənədində oxucular "Xırda xanım" yazıldığını görə bilərlər. Deməli, onun qızının da adı anasının adını daşıyıb. Belə misallardan çox gətirmək olar.

Qayıdaq mətləbə. Paşa ağanın sənədləri ilə tanışlıq göstərdi ki, mənim ehtimalım özünü təsdiqləmir. Yəni şairə QonçabəyimPaşa ağanın qızı ola bilməz. Tutaq ki, onun elə adlı qızı olsa da, həm də Paşa ağanın  oğul və qızlarının sayı ikidən çoxdur. Arxiv sənədində var ki, Paşa bəy Kəngərli I Ehsan xanın şəriki olub. Çox sənədlərə baxandan sonra Paşa bəy Kəngərli adına rast gəldim. Özü də I Ehsan xanın yaşadığı dövrdə. Bu ad Əlincə mahalında yaşayan kəngərlilərin siyahısındadır. Vaxtım olduqca bunu da yoxlayırdım ki, kimin varisidir və s. Qeyd edim ki, əvvəldə söhbət açdığımız Paşa ağanın varisləri ilə mənim münasibətlərim var. Mərhum tədqiqatçı D.Əliyevanın həyat yoldaşının anası Günəş xanım da (Naxçıvanda hamının ehtiram bəslədiyi müəllimə olub) Əsəd ağanın qızıdır. Mənim ən yaxşı yazılarımdan biri Dilarə xanıma və onun rəfiqəsi gürcü alimi, şairə Leyla Eradzeyə ithaf olunub. Onların ikisini də şəxsən tanıyırdım.

I Ehsan xan siyasi xadimdir, məşhur hərbçidir. Və mən həyatımın çox illərini onun sənədlərinin axtarışlarına sərf etmişəm ki, həqiqət ortaya çıxsın. Ona atılan, yazılan böhtanlara son qoyulsun. Bunun üçün yüzlərlə arxiv sənədləri oxumaq, dövrü öyrənmək, digər sənədlərlə tutuşdurmaq və s. lazım gəlib. Yeri gəlmişkən deyim ki, I Ehsan xanın Azərbaycanda oğul varisləri yalnız Həbib xan Naxçıvanskinin övladlarıdır. Onlar Oğuzda və Bakıda yaşayırlar. Naxçıvanda, ümumiyyətlə, xan Naxçıvanskilərin oğul varislərindən heç kim yoxdur. Sovet hökuməti qurulan kimi Ehsan xanın varislərini Naxçıvandan sürgün etdilər, güllələdilər və s. Nə yaxşı ki, Həbib xan Oğuza gedə bildi və onların son yadigarı kimi Azərbaycandayaşadı. Tale Həbib xanla məni 2002-ci ildə Oğuzda görüşdürdü. Onda mən akademiyada işləmirdim. Sərbəst axtarışlar aparırdım. 3-4 saat onun qonağı oldum. Çox səmimi və mərd bir insan olan Həbib xan Naxçıvan həsrətini bölüşürdü. Və biz yerli operatorların köməyi ilə canlı müsahibəni də lentə ala bildik. Həbib xanla da bağlı yazımı çapa hazırlayıram. Onun övladları mənim məşhur hərbçilərin necə sədaqətli tədqiqatçısı olduğumu bilirlər. Məncə, fikrim aydındır. Sözarası deyək ki, Rusiya diplomatı A.S.Qriboyedov heç vaxt I Ehsan xanın qonağı olmayıb.  Onu  Ehsan xanın atası I Kalbalı xan da 1819-cu ildə sarayında qəbul etməyib. Yazıçı diplomat 1819-cu ildə özü Qazançı kəndindən yazdığı məktubda bu haqda qeyd edib. Seçilmiş əsərlərində bu məktub var.

Nikoloz Barataşvili Naxçıvanı da, Gəncəni də onu sıxan qürbət adlandırıb. İki il bundan əvvəl Gürcüstandan olan gürcü alim-ədədbiyyatşünaslar Nikolozun sorağı ilə Naxçıvana gəlmişdilər. Amma nədənsə ədəbiyyatçıların yanına yox, Naxçıvan Bölməsinin Tarix İnstitutuna  gəlmişdilər. Yazdığım məqalələrdə həmişə fikir bildirmişəm ki, şairə Qonçabəyim haqqında əsl həqiqəti Nikoloz Baratşvilinin ev-muzeyində, onun şəxsi arxivində axtarmaq lazımdır. Nikoloz Barataşvilinin dayısı Qriqol Orbeliani də 1828-ci ildə bir müddət Naxçıvanda Zaviyyə məhəlləsində yaşayıb. Onun gürcü əlifbası ilə divara qazaraq yazdığı cümlə yaşadığı qədim mülkdə 1980-ci ilədək qalırdı. Familiyasını da yazmışdı: Orbeliani (Hər ikisi haqqında "Qruzinskie romantiki" (Leninqrad, 1980) kitabında ətraflı məlumat almaq olar). Qeyd edim ki, "Naxçıvan-Gürcüstan ədəbi əlaqələri" adlı yazım 1984-cü ildə "Sovet Naxçıvanı" qəzetində işıq üzü görüb. Bunları ona görə yazıram ki, bu sahədə mənim axtarışlarım təsadüfi deyil. Məşhur gürcü şairi Simon Çikovani "Gəncə dəftəri" kitabında şairə Qonçabəyiməşeir ithaf edib: Qonçabəyimin mahnısı. Həmin şeiri 1967-ci ildə xalq şairi Nəriman Həsənzadə tərcümə edərək "Azərbaycan" jurnalında çap etdirib. ("Azərbaycan" jurnalı, 1967, ¹9, s.5).

Şairənin şəkli kimi təqdim edilən foto onun deyil. Çünki foto D.Yermakov tərəfindən 1894-95-ci illərdə Naxçıvanda çəkilib. MDB-nin bir çox muzeylərində bu fotoşəkil nümayiş etdirilir (Tatarskayabekşa adı ilə). Çoxunda tarix 1895-ci il kimi qeyd edilib. 1895-ci ildə şairə Qonçabəyim belə gənc ola bilməzdi. 1844-cü il hara, 1895-ci il hara.

Sadəcə bu fotoşəkildə olan Naxçıvanın əsilzadələrindən birinin qızıdır.Yeri gəlmişkən, son illərdə buraxılan ensiklopdiyalarda şairə Qonçabəyimə aid tamam ayrı bir fotoşəkil yerləşdiriblər. Başa düşmək olmur, haradan təsdiqini tapırlar bu fotoların? Məncə, ancaq həqiqəti yazmaq lazımdır, elə fotoşəkillər haqqında da. Bu axtarışlarımda həmin fotoşəklin əsl sahibini də tapmaq istəmişəm. Axtarışlarım var. Şairə Qonçabəyimin fotoşəkli 1844-cü ildə çəkilibmi? Əvvəlcə bu suala cavab tapılmalıdır.

Orta əsrlərdən gələn bir sıra adətlər Kəngərli tayfasında da hökm sürürdü. Yəni XVIII-XIX əsrlərdə ailədə dul qalmış qadını evin o birisi oğlu, yaxud qohumu alırdı. Ona görə də rus tarixçiləri o vaxtları xanları gah qardaş, gah da əmioğlu adlandırıblar. Səhv yazılanları indi də düzəltmək çox çətin olur. Çünki arxiv sənədləri, nikah kağızları və s. lazımdır.

Əsəd ağa Kəngərlinin albomunda olan fotoşəkil Kəngərli ailələrinin əksəriyyətində vardır. Mənim son versiyam bu olub ki, (sonuncu yazımda yazmışam) ola bilsin ki, sənəddə adı çəkilən Qonçabəyim Paşa bəy qızı Kəngərli şairə Qonçabəyimdir. Çünki Tiflis arxivindən tapılan məxfi sənəddə Paşa bəyin qızı Qonçabəyimin adı çəkilir.  Mənim fikrimcə, Ehsan xanın sarayına yaxın ola biləcək Qonçabəyim budur. Çünki Paşa bəyin ölümündən sonra onun qızları onlara miras qalan  kəndləri idarə ediblər.

Əvvəldə dediyim kimi şairə Qonçabəyimin Lalabəyim olması qətiyyən mümkün deyil. Bəzi səbəblərlə yanaşı, yaş məsələsi də var. Bir də Ehsan xanın ölümündən sonra Qüdsi Vənəndi onun oğlanlarından ehtiyat etdiyindən Lalabəyimə  məktub-tərifnamə yaza bilməzdi.

Ehsan xanın oğlanları və böyük qardaşı Nəzərəli xan ola-ola Fərrux ağa belə buyura bilməzdi. Məşhur sərkərdələrə aid nə yazılıbsa, hamısı arxiv sənədlərindədir. Və bunda heç bir günah yoxdur. Hər şey təbiidir. Başqa istiqamətlərə yozmaq lazım deyil. Ehsan xan çox ciddi bir insan idi və kənar adamlar onun ailə işlərinə qarışa bilməzdi. Və 1844-cü ildə artıq onun qızı Sonabəyimin iki oğlu vardı. (Bax: Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, V buraxılış Ə.Çingizoğlu Behbudəli ağanın törəmələri səh.18).

Deməli, şeirlərini Bəyim təxəllüsü ilə yazan Qonçabəyim Sonabəyim də deyil. İkincisi, Qonçabəyim Lalabəyim də deyil. Çünki Lalabəyim əvvəllər dediyimiz kimi, 1844-cü ildə hələ balaca idi. Hafiz Rəşidovun (Makinskinin) dediklərində bir həqiqət var ki, deyirdi nənəm Ehsan xanın qızıdır. Vəssəlam. Onun şairə Qonçabəyim olduğunu qələm adamları yazırdılar. Amma nə etməli ki, arxiv sənədləri hələlikdə bunu təsdiqləmir. Bəlkə gələcəkdə kimsə elə bir sənəd tapacaq.

Qüdsi Vənəndi də tərifnaməsində Qonçabəyim adını çəkir. Deməli, şairə Qonçabəyim haqqında Qüdsi Vənəndinin də arxivində axtarışlar aparmaq lazımdır. Ona məxsus hesab edilən "Mən Bəyiməm İbrahimin butası" - misrasında adı çəkilən gənc zabit İbrahim bəy Kəngərli mayor Baba bəy oğlunun sənədlərini Gürcüstan arxivindən tapmışam.

Bu haqda çox yazmaq olar. Məncə, kifayətdir.Yazımın sonunda görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərlinin 5 oktyabr 1909-cu ildə "Tərəqqi" qəzetində yazdıqlarını xatırladım... Onun fikirləri bu gün də çox aktualdır. Məncə, bəziləri orada yazılanlardan ibrət ala bilər. 2006-cı ildə yazdığım məqalədə əsasən o oxucuları nəzərdə tutmuşdum ki, dünya ölkələrinə səpələnmiş xan Naxçıvanskilərin varislərindən olsunlar və məsələyə aydınlıq  gətirməkdə fikir bildirsinlər.

Gürcü şairi Nikoloz Barataşvilinin məktubları və D.Əliyevanın da yazdığı məqalə qalmaqdadır. Onların oxucusu kimi mənim arxiv sənədləri əsasında yazdıqlarım da göz önündədir. Zaman özü gələcəkdə hər bir axtarışa əsl qiymətini verəcəkdir.

 

 

Musa Rəhimoğlu

 

525-ci qəzet.- 2019.- 3 may.- S.12.