Akademik Məmməd Cəfər
böyük Cavidşünas kimi
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Dövlət
mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd
Cəfər Cəfərovun xatirəsinə və zəngin
elmi yaradıcılıq irsinə yüksək qiymətin təzahürüdür.
Akademik
M.Cəfər ömrünün 60 ilə yaxın bir
dövrünü ölkədə ədəbi-nəzəri
fikrin inkişafına həsr edib, ədəbiyyatın tarixi və
nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə
də estetikanın aktual məsələlərinə dair
fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını
əhəmiyyətli dərəcədə zənginləşdirib.
Onun geniş əhatəli elmi irsində
yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini
dünya ədəbi təcrübəsi ilə vəhdətdə
dolğun şərh edən "Hüseyn Cavid"
monoqrafiyası xüsusi yer tutur. Azərbaycan
ədəbiyyatında romantizm cərəyanının təşəkkülü
və inkişafının ilk müfəssəl tədqiqi Məmməd
Cəfər Cəfərovun adı ilə bağlıdır.
Onun 1960-cı ildə çap olunan "Hüseyn
Cavid" monoqrafiyası Cavidşünaslığın bir elm
kimi formalaşmasında mühüm rol oynadı. Sonrakı illərdə
H.Cavid yaradıcılığına müraciət edən əksər
tədqiqatçılar üçün bu kitab etibarlı mənbəyə
çevrildi.
M.Cəfərin
"Hüseyn Cavid" monoqrafiyası çap olunana kimi,
1957-1959-cu illərdə H.Cavid yaradıcılığı ilə
bağlı "Böyük şair-dramaturq",
"Hüseyn Cavidin sovet dövrü
yaradıcılığı", "Hüseyn Cavid" məqalələri
dərc edilmişdi. "Hüseyn Cavid"
monoqrafiyası çap olunandan sonra da M.Cəfər H.Cavidlə
bağlı tədqiqatlarını davam etdirdi.
"Hüseyn
Cavid" monoqrafiyası Giriş və beş
fəsildən ibarətdir. Birinci fəsildə
H.Cavidin həyatı, ədəbi mühiti və ilk qələm
təcrübələri haqqında danışılır.
Tədqiqatçı "Şeyx Sənan"da
daxil olmaqla bu dövrü onun yaradıcılığının
birinci dövrü kimi səciyyələndirir. İkinci
fəsil "Yaradıcılığının ikinci
dövrü" adlandırılır və bu fəsildə,
müəllif Cavidin imperialist müharibəsi əleyhinə
yazdığı şeirləri, "Şeyda",
"Uçurum" və "İblis" faciələrindən
söz açır. M.Cəfərin
"Məfkurəvi tərəddüd illəri"
adlandırdığı üçüncü fəsildə
"Peyğəmbər", "Afət" və "Topal
Teymur" əsərləri tədqiq olunur. "Cavid
yaradıcılığının yeni dövrü"
adlı dördüncü fəsildə "Azər"
dastanı, "Knyaz", "Səyavuş", "Xəyyam",
"İblisin intiqamı" əsərləri təhlil
obyektinə çevrilir. Nəhayət,
beşinci fəsildə Cavid dramlarında sənətkarlıq
xüsusiyyətlərindən söz açılır.
Monoqrafiyanın "Giriş" hissəsində müəllif,
Cavid yaradıcılığına ümumi bir nəzər
yetirir, 20-30-cu illərdə onun əsərlərinə
marksist tənqidin münasibəti üzərində
dayanır.
Monoqrafiyanın "Cavidin həyatı, ədəbi
mühiti və ilk qələm təcrübələri"
adlı birinci fəsil fikrimizcə, Cavidşünaslıqda
böyük sənətkarın tərcümeyi-halının
tam və dolğun şəkildə hazırlanmasında (hərçənd
ki, M.Cəfər məlum səbəblərə görə
Cavidin həbsindən, repressiya qurbanı olmasından söz
aça bilməzdi) ilk təşəbbüs kimi qiymətləndirilməlidir. Cavidin bir ədəbiyyat
adamı kimi yetişməsində kimin rolu olub, onun
dünyagörüşünün formalaşmasında
hansı təhsil sistemi və digər amillər öz
sözünü deyib. İranda, Türkiyədə,
Tiflisdə yaşadığı illər onda hansı təsirləri
yaradıb? İyirminci-otuzuncu
illərdə bir çox tənqidçilər Cavidin
Türkiyədə təhsil almasını ona irad tuturdular.
M.Cəfər isə belə bir faktı nəzərə
çarpdırır ki: "Məktublarda Cavidin Türkiyədə
olduğu illərdə daim öz vətəni haqqında
düşündüyünü, mümkün qədər təhsili
tez bitirib, vətənə qayıtmaq arzusunda olduğunu
göstərən parçalar da çoxdur. Şair başqa
ölkələrdən Türkiyəyə gəlib, tamamilə
"osmanlılaşan", "türkiyəli olub gedən"
və öz vətənlərini unudan ziyalılara, onların
aqibətinə gülür, bu yolun yanlış olduğunu
söyləyir. Q.Şərifova yazılmış bir məktubda
deyilir: "Burada mən 3-4 sənə qədər dəxi
oxuya bilərəm... Lakin validəm, vətənim,
vətəndaşlarım bütün-bütün unudulacaq
bir hala gəlir. Şimdi burada minlərcə iş
başında tatar, türküstanlı, qafqazlı və
krımlı var ki, təhsillərini ikmal etdikdən sonra
istanbullu...olub getmişlər. Bu, məncə, pək
gücdür... İndi əsl məqsəd vətənə
xidmət, həm də layiqincə xidmət etməkdir".
M.Cəfər H.Cavidin ilk ədəbi təcrübələrindən
də söz açır və deyərdik ki, bu da
Cavidşünaslıqda birinci təşəbbüsdür. Farsca ilk şeirlərini
"Gülçin" təxəllüsü ilə qələmə
alan H.Cavid sonralar müəllimi M.T.Sidqinin
təsiri altında azərbaycanca da şeirlər yazır.
Daha sonralar, İstanbulda oxuduğu illərdə "Rəqs",
"Hər yer səfalı", "Çəkinmə,
gül", "Pənbə çarşaf",
"Xuraman-xuraman", "Uyuyur", "Mən istərəm",
"Kiçik bir lövhə", "Şeir məftunu",
"Dəniz pərisi", "Son baharda", "Yadi
mazi", "Ah, yalnız sən!", "Hali-əsəfiştimalimi
təsvirdə bir ahi-məzlumanə" şeirlərini qələmə
alır. Bunları M.Cəfər qəzəlləri ilə
müqayisədə irəliyə addım kimi qiymətləndirir. Amma
ümumilikdə həmin şeirləri belə səciyyələndirir:
"Məzmun cəhətindən həyəcanlandırıcı
xəyallar, fövqəladə, mücərrəd mənəvi
səadət həsrəti, forma cəhətindən isə
süni pafos, dəbdəbəli üslub, fars və ərəb
sözləri, tərkibləri ilə
ağırlaşdırılmış qəliz dil bu şeirlərin
çoxunun əsas xüsusiyyəti idi".
H.Cavidin ilk şeirlərindəki bədbinlik,
küskünlük motivlərinə gəlincə, tədqiqatçı
haqlı olaraq, bunları daha çox tənzimat ədəbiyyatından
sonrakı Türkiyə ədəbiyyatında güclənən
bədbinliklə əlaqələndirir.
Əlbəttə, hər hansı bir şairin
yaradıcılığına ictimai mühitin çox
böyük təsiri olur və bu faktı da danmaq olmaz ki, Vətənə
qayıtdıqdan sonra Caviddə də həyata, ictimai mühitə
qaynayıb-qarışmaq meylləri qüvvətlənir. Tədqiqatçının
doğru qeyd etdiyi kimi, yeni şeirlərində Cavid bədbinliyi,
ümidsizliyi pisləyir, məsələn, qadınları
örtükdə görmək istəyən Cavid
"Qadın" şeirində onları öz
hüquqları uğrunda mübarizəyə səsləyir.
Burada qeyd etməyi vacib sayırıq ki, M.Cəfərin
tədqiqatına qədər H.Cavidin şeirləri
haqqında heç bir yazıda belə genişliyilə
söz açılmamışdı. M.Cəfər Cavidin
süjetli şeirlərə meyl etdiyini də xüsusi olaraq nəzərə
çarpdırır. "Öksüz
Ənvər" və "Bakıda Balaxanı neft mədənlərinə
gedərkən Məsud ilə Şəfiqə arasında bir
müsahibə" şeirləri üzərində ayrıca
dayanan tədqiqatçı, bu şeirlərin təkcə
formasının, ifadə tərzinin deyil, məzmununun da
yeniliyini göstərir.
Hüseyn
Cavidin lirikasında heç şübhəsiz, onun bir moralist
və mütəfəkkir kimi çıxış etdiyi 330
misradan ibarət "Bir xatirə", yaxud "Sən nəsən,
kimsən?" deyən ariflərə!" şeiri
mühüm yer tutur. Bu şeirdə şair, tədqiqatçının
doğru qeyd etdiyi kimi, öz tərcümeyi-halını
deyil, öz görüşləri, müxtəlif dinlər,
dini təriqətlər, tanış olduğu siyasi-fəlsəfi
sistemlər, müasir cəmiyyət, insan, bəşərin
çağdaş durumu və gələcəyi barədə
fikir və düşüncələrini oxucularla
bölüşür.
"Şeirdə barışmaz, narahat və narazı
bir ruh, kəskin bir inkarçılıq ruhu var idi" - deyən
M.Cəfər bunu doğru sezmişdi və Cavidin həmin
şeirdə dini təəssübkeşliyi qəzəbli
şəkildə qamçılayıb millətləri
sülhə, qardaşlığa çağırması onun
humanizmindən doğurdu.
"Hüseyn Cavid" monoqrafiyasında M.Cəfər öncə qeyd etdiyimiz kimi problemlərdən əsərə doğru deyil, əsərlərdən problemlərə doğru gedir. Bunun sadə izahı belədir ki, o, Cavidin hər bir pyesinə ayrıca diqqət yetirir, haqqında söz açdığı pyesin ideya-məzmun xüsusiyyətlərini təhlil edir, başlıca problemi müəyyənləşdirir. M.Cəfər haqlı olaraq yazır ki, Cavidin ilk pyesi olan "Ana"da gərgin dramatik konfliktlər və xarakterlər yaratmaqda onun xüsusi istedada malik olduğu meydana çıxdı. Cavidin sonrakı pyesi - "Maral"da isə ədibin həyat müşahidələrinin zənginliyi, ictimai konfliktlərin daha aydın göstərilməsi diqqəti cəlb edir. Bu əsərdə Cavid romantizmi "Ana" mənzum dramındakı sadə formulədən tamamilə fərqlənir, "Maral" təkcə bir ailə dramı deyil, cəmiyyət həyatının bir çox problemlərini özündə əks etdirən bir əsərdir. Cavid realist ədəbiyyatdan gələn bir ənənəni-atalar və oğullar qütbləşməsini konfliktin mahiyyətinə çökdürmüşdür. Mühafizəkar Turxan bəy N.B.Vəzirovun, Ə.Haqverdiyevin əsərlərindən bizə tanış olan "atalar"ı xatırladır. Heç bir yenilik, insaniyyət adına olan müsbət keyfiyyətlər onu fikrindən döndərə bilməz: "Məncə, gözəllik zövqə aid bir şeydir. Sərvət isə, düşündüyünüz kimi, insanı pək məsud edəməz... Əvət, hər şey para ilə əldə edilir, illa fəzilət və insaniyyət! Fəzilət də paradadır, insaniyyət də.." - bu, Turxan bəyin həyat amalıdır. Ona qarşı çıxan qüvvələr-yeni nəslin nümayəndələri Cəmil bəy, Humay, Aslan və Maraldır. "Onlar turxanbəylər mühitində dolaşsalar da, əslində, bu mühitin tələbləri, adət-ənənələri ilə deyil, başqa bir həyat, gələcək arzusu ilə yaşayan romantik gənclərdir".
M.Cəfər bu romantik gənclərin şirin arzuları, gələcək haqqında xoş düşüncələri ilə yaşadıqları mühit arasında böyük bir ziddiyyət olduğunu nəzərə çarpdırır.
Cavid "Maral"dan sonra "Şeyx Sənan", "Uçurum", "Şeyda", "İblis" əsərlərini qələmə aldı. "Hüseyn Cavid" monoqrafiyasında M.Cəfər bu əsərlərin hər birini romantik əsər kimi səciyyələndirir. Bu əsərlərin tematikası, janr xüsusiyyətləri, obrazları nəzərdən keçirilir. Burada görkəmli ədəbiyyatşünasın başqa bir əsərini - "Azərbaycan ədəbiyyatında romantizm" monoqrafiyasını xatırlatmaq lazım gəlir. Bu əsər 1905-1917-ci illərdə Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının keçdiyi yolu işıqlandırır, Azərbaycan ədəbiyyatında romantizmin kökləri, tədqiq olunan dövrdə məxsusi cəhətləri, nəzəri məsələləri, tematikası, janr və üslub xüsusiyyətləri, obrazlar qalareyası barədə geniş təsəvvür yaradır. Təbii ki, bu monoqrafiyada H.Cavid yaradıcılığına da xüsusi diqqət yetirilir. M.Cəfər yazır ki, Cavid bütün əsərlərində romantik olmuşdur.
Romantizm ədəbi cərəyanının özünəməxsus tematikası Cavidin yaradıcılığında da bariz nəzərə çarpır. "Şeyx Sənan" dini təəssübkeşliyə qarşı yazılan bir əsər kimi səciyyələnirsə, "Şeyda"da milyonerlər Bakısında mətbəə işçilərinin və yoxsul ziyalıların, mühərrirlərin faciəli həyatı təsvir olunur. "Uçurum" isə romantik üslubda yazılmış ailə faciəsidir. "İblis"isə, M.Cəfərin fikrincə, müharibə əleyhinə yazılıb, insanlığın tarixi faciələrini əks etdirir. Əlbəttə, Cavidin əsərlərinin mövzusunu belə sadə bir sxemlə izah etmək bəlkə də çoxlarına qəribə gələ bilər. Ancaq M.Cəfər bu sadə sxemdə Cavidin əsərlərinin obrazlar aləmini, janr-üslub xüsusiyyətlərini açmağa müvəffəq olur.
"Şeyx Sənan"və "İblis" faciələri Cavid dramaturgiyasına xas olan bir cəhətiylə də seçilir. Hər iki əsərdə fikir və ideya nöqteyi-nəzərindən qüvvətli təsir bağışlayan və bu mənada Baş Qəhrəmanla yanaşı dura biləcək obrazlar diqqəti cəlb edir. Baş Qəhrəmanla müqayisədə onların fəaliyyət dairəsi, meydanı dar və məhduddur, lakin onların hər birinin öz fəlsəfəsi və məntiqi var. "Şeyx Sənan"da Şeyx Kəbir və Dərviş, "İblis"də Arif və İblislə yanaşı, Qoca Şeyx və Elxan belə obrazlardandır. Şeyx Sənan Şeyx Kəbirin yetirməsidir. M.Cəfərin fikrincə, o, panteist bir mürşüddür, islam dininin bir çox ehkamlarına, rəvayətlərinə şübhə ilə yanaşır və Şeyx Sənanı da bu ruhda tərbiyə edir:
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası...
Şeyx Kəbirdən sonra Cavid bütün dini ehkamlara şübhə ilə yanaşan, səhranişin, təriqətçi bir mütəfəkkir surətini - Dərvişi səhnəyə gətirir. O, öz fikirlərinə görə Şeyx Kəbirdən daha kəskindir, bütün dinləri mənasız hesab edir, həmişə "ənəlhəqq" deyir. Tamamilə dinsiz, etiqadsız olan bu obraz Şeyx Sənanın fikri inkişafında böyük təbəddülat yaradır. Amma M.Cəfər Şeyx Sənanı Dərvişdən ayıran, fərqləndirən xüsusiyyətləri də nəzərə çarpdırır. O da bundan ibarətdir ki, Şeyx Sənan sonda Dərvişi və onun mövhumi təbliğatını rədd edir.
(Ardı var)
Gülbəniz BABAXANLI
Filologiya üzrə elmlər doktoru, Əməkdar
incəsənət işçisi.
525-ci qəzet.- 2019.- 3 may.- S.13.