Yalançı

 

 

1964-cü ildə Kəleybər şəhərinin Uzu kəndində dünyaya göz açıb. Kənd məktəbində ibtidai təhsilini bitirdikdən sonra orta təhsil almaq üçün Təbrizə köçüb. "Pacarqard" məktəbində təhsilinə davam edərkən ölkədə şahlıq quruluşuna, istibdad rejiminə qarşı xalq hərəkatı vüsət alıb. Buna görə də, gənc vətənpərvər soydaşları kimi həmin hərəkata qoşulub və təhsilini yarımçıq qoyub. İran-İraq müharibəsi bölgələrinə yollanıb. Əsgərlik müddəti başa çatdıqdan sonra milli ordunun tərkibinə qatılıb və yenidən döyüşə gedib. Cəbhədə yanında partlayan qumbaradan bədəninin müxtəlif yerlərindən qəlpə yaraları alıb. 1986-cı ildən polis təşkilatında xidmət edir. 

 

Şair ədəbiyyata ana dilinə olan məhəbbətinin, ana dilində şeir yazmağa başlamasının tarixçəsini belə açıqlayır. "Uşaqlıq çağlarından ana dilimi sevmişəm. "Koroğlu", "Əsli və Kərəm", bayatılar və başqa xalq ədəbiyyatı nümunələrini böyük maraqla oxumuşam. Axı mən qaradağlıyam. Onun füsunkar təbiəti - uca dağları, yam-yaşıl çölü, düzləri, bütün bunlar mənim təbimi coşdurub və mən 23 yaşımda ikən ana dilində şeir yazamağa başlamışam. Amma bir yandan Güneydə türkdilli məktəblərin olmaması, digər tərəfdən də daşıdığım polis vəzifəsi türkcə yazıb-yaratmağıma çətinlik törədib. Bütün bunlara baxmayaraq, təbim coşduqca yazıb-yaratdım və onlarca şeir toplusu meydana gəldi. İlk şeirim "Füruği-azadi" qəzetində dərc olundu. Bu günədək 200-dən çox əsərim müxtəlif mətbu orqanlarda çap edilib".

 

Qoca tarix gözlərindən keçmiş, hey!

Qanadları qırılan quş uçmuş, hey!

Yol öz əski boxçasını açmış, hey!

Ayaq-ayaq qoçaqlar da yalançı!

Nə xəstədir qayalardan gələn səs,

Qısır qalmış nağılları basmış pas,

Odu sönmüş tüstülərdə yox nəfəs,

Duman-duman bu dağlar da yalançı!

Şeytan girmiş azanların rənginə,

Səhər olsa, bu Allahla cəngi ?

Köz camında işıq saxla son günə,

Qiblə qanlı çıraqlar da yalançı!

 

Yalanların mayası kitabda,

İnsan olan fikir-fikir əzabda,

Dərs-dərs hər bir mədrəsədə, məktəbdə,

Əlif boyda uşaqlar da yalançı!

Baş alimlər yalanların əzəli,

Bu durumla Tanrı dərd-dərd qocalı,

Təkbirlərin, Kəbələrin Bilalı,

Namaz-namaz dodaqlar da yalançı!

Yalanları yığ-cəm edən ey naşir,

Peyğəmbərlik Ay-Günəşə yaraşır,

Qüdrət tapa hər bir insan yol çaşır,

Dərya yapan bulaqlar da yalançı!

Ənsar dərdin kimə qılsın hakim, de!

El deyir bəs - o dərdmənd - həkimdi!

Başım darda, yazılsın hökm indı?

Yasalarda, yasaqlarda yalançı!

 

Ədalət

 

Eşqin, səadətin qızıl tel qızı,

Fikrin, düşüncənin parlaq ulduzu.

Barışmaz, barışmaz qara gecəylə,

Barışmaz qaranlıq boğan küçəylə.

Onun boğazında var Tanrı səsi,

Könlündə, gözündə işıq yuvası.

Hələ tac qoyacaq başına səhər,

İlahi qəsrində onun mələklər.

Qışı lap qocadır, baharı çağır,

Üşüyə-üşüyə günəşi çağır.

Gecə oğurlamış bilərziklərin,

Ondan bəxt evinə köçmüş o gəlin!

Saçın ayda axan çayda darayır,

Bu ay yox, başqa bir ayda darayır.

Hörəcək saçların axşam-səhərə,

Yoxsul bir komada yetim bir Sara.

Öpəcək, öpəcək əllərin inan,

Ana əlləri tək o qoca bağban.

Gəlin gedəcək qızılsaç sona,

O, ocaq quracaq həyat oğluna.

O, gəlin gedəli, mələklər sayaq,

Gəlin qalacaqdır gəlin qalacaq.

 

Vətən

 

Bir adın da yuva sənin,

Hər arzumuz göyərçin,

Yerlər uca, göylər dərin,

Olanmıram sən nəfəsdə,

Hər qanadım bir qəfəsdə!

Hara qonsa yuvasız quş,

Yetən daşlar onu qış-qış!

Vətənsizlik ağrı, qarğış,

Ömür xəstə, günlər xəstə,

Hər qanadım bir qəfəsdə!

Canım üçün qəfəs bəsdir,

Fikrim, duyğum vətən istir,

Mənsur eşqim məni asdır,

Dərsdən qaldım əlif üstə

Hər qanadım bir qəfəsdə!

Kərəm dərdli yanan aşıq!

O toyuma gələn işıq,

Soldış durdu yar-yaraşıq,

O dost indi həvəsdə?!.

Hər qanadım bir qəfəsdə!

Nədən umum, nədən duyum?

Dənizlər bir kasa suyum,

Gəlin atın ötmüş toyum,

Saç dağıtmış dəstə-dəstə,

Hər qanadım bir qəfəsdə!

Yuva dərdi, vətən dərdi,

Məni mənlə döyüşdürdü,

Qılıncıma kim can verdi?!

Borcum qaldı bir nakəsdə,

Hər qanadım bir qəfəsdə!

Qız kəhkəşanlar göz yaşı,

Vətənimin təməl daşı,

Özüm naşı, ustam naşı,

Qulaqlarım hələ səsdə,

Hər qanadım bir qəfəsdə!

 

Oxu insan!

 

İşıqların hər dərsini,

suların pöhrəsini

Öz qəlbini, öz səsini

Oxu insan, oxu insan!

Sən günəşdə axan bulaq

Kəhkəşansan çıraq-çıraq

Nədən anan qara torpaq?!

Ay-ulduzla ver imtahan,

Oxu insan, oxu insan!

İşıq içir dənizlərin,

Ulduz doğsun zər hünərin.

Tanrı öpən büt gözlərin,

Hər cövhərə, dərdə dərman

Oxu insan, oxu insan!

Günəşləri sağa-sağa

Köynək biçdir Tanrılığa,

Dərya axtar qız balığa,

Ney cinsisən, bir havalan,

Oxu insan, oxu insan!

Qaranlığın qəzəbindən

Ölən Tanrı sənimişsən.

Yandır tikan, ək yasəmən,

Həyat bağça, fikir bağban,

Oxu insan, oxu insan!

 

Dəli tərsa

 

Dəli tərsa özü kafir olarmış, demə bəs,

Şeri dillərdə onun əzbər olarmış, demə bəs.

Saqi, sağər təki sındırma sınıq qəlbimizi

Bizi məxmur qılan, Qeysər olarmış, demə bəs.

Bağlamış qolqola xaqanları şəmşirim üçün

Naşı əsgər ucalıb əfsər olarmış, demə bəs.

Yaraşır türreyi-gisusuna zərtaci-fələk,

Bu cahangiri cavan rəhbər olarmış, demə bəs.

Tövbə etmişdim onun kuyuna qılmam da nəzər,

Tövbəli gözlər üçün həmsər olarmış, demə bəs.

Eşqi danmam, vəli aşiqliyi dandım çarasız,

Baxın, insan da mələk mənzər olarmış, demə bəs.

Möhrü-Musayə yiyə, mehri-Məsihayə, əcəb

Fitnəgər, ədl olalı, davər olarmış, demə bəs.

Xətt çəkir məşqi gözəlliklərə xətti-qələti,

O qələmsiz, qələmə cövhər olarmış, demə bəs.

Söhbət olduqda sözü, söylə ədəb sultanının,

Sənin "Ənsar" qəzəlin gövhər olarmış, demə bəs.

 

 

Ənsar QARADAĞLI

 

525-ci qəzet.- 2019.- 3 may.- S.14.