Professor Yusif
Seyidovun 90 illik yubileyi keçirildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi
adına Dilçilik İnstitutunda görkəmli
alim, Əməkdar elm
xadimi, Dövlət mükafatı laureatı,
professor Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə
"Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri" mövzusunda
respublika konfransı keçirilib.
Konfransda çıxış edən
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli Azərbaycan
dilçilik elminin böyük simalarından
olan görkəmli alim Yusif Seyidovun
elmi fəaliyyətindən
söz açıb. Bildirib ki, professor Yusif
Seyidov Azərbaycan dilinin qrammatikasına, dil probleminə, tədqiqinə dair qiymətli əsərlər,
eyni zamanda, bir sıra orta
məktəb dərslikləri
yazıb. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsində
Azərbaycan dili və onun tədris
metodikası kafedrasının
əsasını qoyub,
1965-ci ildən ömrünün
sonunadək həmin kafedranın rəhbəri
olub.
Diqqətə çatdırılıb ki,
tənqidçi və
ədəbiyyatşünas kimi də tanınan
Yusif Seyidov Azərbaycan ədəbiyyatşünaslığı
və dilçilik elmi tarixində bir sıra sanballı
əsərlərə imza
atıb. Yusif Seyidov elmi məzmununa,
metodiki mükəmməlliyinə
görə qiymətli
olan "Müasir Azərbaycan dili" dərsliyinin əsas müəlliflərindən biri,
bir neçə dəfə nəşr edilmiş "Azərbaycan
dili" və "Azərbaycan dilinin qrammatikası. Morfologiya"
kimi ali
məktəb dərsliklərinin
müəllifidir. O, Azərbaycan
dilinin tarixinə dair də səmərəli
tədqiqatlar aparıb.
"Nəsiminin əsərləri
Azərbaycan ədəbi
dilinin tarixi abidəsi kimi", "Dastani-Əhməd Hərami"
haqqında bəzi qeydlər", "Kitabi-Dədə
Qorqud"un dilində
sadə cümlə (inkişaf səviyyəsi)",
"Kitabi-Dədə Qorqud"
dastanlarının dilində
tərkib və budaq cümlə paralelizmi", "Dövrün
(XII-XIX əsrlər) şeir
dilinə ümumi bir nəzər", "Ədəbi şəxsiyyət
və dil" və s. məqalələri,
habelə "Nəsiminin
dili" monoqrafiyası
böyük alimin ciddi müşahidə və axtarışlarının
məhsuludur.
Konfransda çıxış edən
akademik Nizami Cəfərov qeyd edib ki, Azərbaycan
dilçiliyində söz
birləşmələrini kompleks şəkildə
ilk dəfə araşdıran
məhz Yusif Seyidov olmuşdur. Alim "Müasir
Azərbaycan dilində
söz birləşmələri"
mövzusunda mükəmməl
bir doktorluq dissertasiyası müdafiə
etmişdir. Məşhur türkoloq A.N.Kononov Yusif Seyidovun bu əsərinə çox yüksək qiymət vermişdi.
Ümumiyyətlə, Yusif Seyidovun
"Azərbaycan dilində
söz birləşmələri"
adlı monoqrafiyası
Azərbaycan dilçiliyində
ən fundamental tədqiqat
işlərindən biri
sayılır.
Konfransda
Dilçilik İnstitutunun
direktoru, akademik Möhsün Nağısoylu "Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti", AMEA-nın
müxbir üzvü Kamran Əliyev "Yusif Seyidovun dil sevgisi", professor Sevil Mehdiyeva "Professor Yusif Seyidov və Nəsimi", BDU-nun Filologiya
fakültəsinin dekanı,
dosent Elçin Məmmədov "Yusif Seyidovun Bakı Dövlət Universitetində
fəaliyyəti", Dilçilik
İnstitutunun aparıcı
elmi işçisi, dosent Təranə Şükürlünün "Yusif Seyidov unudulmaz
müəllim kimi"
və digər mövzularda məruzələri
dinlənilib.
Bildirilib ki, alimin monoqrafiyaları,
dərslikləri gənc
nəslin maariflənməsində
hər zaman böyük rol oynamış və indi də öz
aktuallığını itirməmişdir.
Yusif
Seyidovun Ağamalı Həsənov və Əlövsət Abdullayevlə
birlikdə yazdıqları
"Müasir Azərbaycan
dili. Sintaksis" kitabı Azərbaycan
Respublikasının Dövlət
Mükafatına layiq görülmüşdür. Yusif Seyidovun əziz xatirəsi hər zaman xalqımız tərəfindən yad ediləcəkdir.
Sonra AMEA Naxçıvan
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutu ilə onlayn bağlantı yaradılıb. Bağlantı zamanı institutun direktoru, professor Əbülfəz
Quliyev "Naxçıvan
elmi-ədəbi mühiti
professor Yusif Seyidovun araşdırmalarında" və
dosent Zülfiyyə İsmayıl "Yusif seyidovun tədqiqatlarında
söz yaradıcılığı
məsələləri" mövzusunda məruzələri
dinlənilib.
Sonda alimin
qızı Vəfa Seyidova
çıxış edərək konfrans
iştirakçılarına öz təşəkkürünü
bildirib.
525-ci qəzet.- 2019.- 3 may.- S.8.