"Ulduz"
jurnalının "Nəsimi" xüsusi
sayı təqdim olundu
Ötən gün Azərbaycan Yazıçılar Birliyinin
(AYB) "Natəvan" klubunda
"Ulduz" jurnalının
aprel sayının təqdimat mərasimi keçirilib.
Təqdimatda AYB rəhbərliyi, jurnalın
əməkdaşları, tanınmış
qələm adamları
və mətbuat nümayəndələri iştirak
ediblər.
Jurnalın baş redaktoru Qulu Ağsəs çıxış edərək
deyib ki, 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı olaraq jurnalın xüsusi buraxılışı dahi
şair və mütəfəkkirə həsr
olunub. Xüsusi buraxılış jurnalın
digər saylarından
tərtibat baxımından
fərqlənir, bütünlüklə
rəngli çap edilib. Burada oxuculara Prezidentin
Sərəncamı, o cümlədən,
son illər böyük
Azərbaycan şairi ilə bağlı ölkəmizdə görülən
işlərin fotoreportajı
da təqdim olunur.
Nəşrdə Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarın "Şairin
hünəri", Azərbaycan
Respublikası Nazirlər
Kabineti Aparatı Humanitar və sosial məsələlər
şöbəsinin müdiri,
professor Musa Ələkbərovun "Ədəbi-mədəni irsə,
milli sərvətə
böyük məhəbbətin
parlaq nümunəsi",
tədqiqatçı alim,
yazıçı-publisist, filologiya elmləri doktoru Abid Tahirlinin
"Nəsimi Azərbaycan
mühacirət mətbuatında",
professor Gülşən Əliyeva-Kəngərlinin
"Poetik fəlsəfənin
Nəsimi mərhələsi",
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Folklor İnstitutunun folklor və yazılı ədəbiyyat
şöbəsinin müdiri,
AMEA-nın müxbir üzvü, Əməkdar
elm xadimi Kamran Əliyevin "Nəsimi yaradıcılığında folklorizmlər" və digər elm xadimlərinin,
ziyalıların şair
haqqında məqalələri
dərc olunub.
Daha sonra Xalq yazıçısı Anar, tədqiqatçılar Abid Tahirli, Paşa Əlioğlu, Qüdsiyyə Qəmbərova və başqaları çıxış edərək Nəsiminin Azərbaycan və dünya ədəbiyyatındakı mövqeyindən, dövlət başçısı İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı Azərbaycanda 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıblar.
Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə də şairin irsinin dərindən araşdırılması və təbliği aktual olub. Böyük mütəfəkkirin 600 illiyinin UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunduğu dövrdən etibarən Nəsimi ilə bağlı ciddi tədqiqatlar aparılıb. Qüdrətli şairin yaradıcılığının hərtərəfli öyrənilməsi Azərbaycan ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açıb.
Sonda "Ulduz" jurnalı və "Vektor" Beynəlxalq Elmlər Akademiyasının birgə keçirdiyi, Nəsimiyə həsr olunmuş poeziya müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 3 may.- S.8.