Ali məktəblərdə
"Multikulturalizmə giriş" əsas fənn kimi tədris
olunacaq
Yeni tədris
ilindən etibarən ali təhsil
ocaqlarında "Multikulturalizmə giriş" əsas fənn
kimi tədris olunacaq. Əslində,
bu fənn 2015-ci ildən ali məktəblərdə
seçmə fənn kimi tədris edilir. Lakin
indi bu fənlə bağlı ciddi dəyişikliklər
baş verəcək.
Fənnin
tədrisində əsas məqsədlərdən biri də tələbələrə
bütün dinlər, xüsusilə İslam dini barədə
məlumat vermək, dini radikalizm, radikal dini cərəyanlar,
onların təbliğat metodları, milli-mənəvi dəyərlərimiz,
onların qorunmasının zəruriliyi, Azərbaycan dövlətinin
bu istiqamətdə siyasəti ilə bağlı minimum məlumatları
çatdırmaqdır.
Bu fənnin
tədrisi üçün dərslik vəsaiti Azərbaycan
Respublikası Prezident Administrasiyasının Millətlərarası
münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi ilə birgə
hazırlanır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən
(DQİDK) verilən məlumata görə, hazırda dərs
vəsaiti üzərində işlər davam edir. Dərslik iki hissədən
ibarətdir: multikulturalizm bölməsi və dinlər, dini
durum, milli-mənəvi dəyərlərimiz və sair
mövzuları əhatə edən digər bölmə. Kitabın müəllifləri
arasında dövlət qurumlarının əməkdaşları,
ilahiyyatçılar, ali məktəb
müəllimləri və bu sahənin digər peşəkar
mütəxəssisləri də var.
Orta məktəblərə gəlincə, Komitədən
bildirilib ki, böyüməkdə olan nəslin milli-mənəvi
dəyərlərimizə uyğun formalaşması istiqamətində
bütün zəruri tədbirlər görülür. Eyni zamanda,
neçə illərdir ki, orta məktəblərdə "Həyat
bilgisi" adlı fənn tədris olunur. Bu
fənn çərçivəsində şagirdlərə
dinlərlə bağlı məlumatlar da verilir.
Hazırda "Həyat bilgisi" fənninin
proqramında dinlər haqqında məlumatların genişləndirilməsi
məqsədilə işlər görülür. Ümumiyyətlə,
məqsəd dinlər barədə şagirdlərə məlumat
vermək, onların bu istiqamətdə
dünyagörüşünü artırmaqdır. Bir sözlə, söhbət orta məktəblərdə
dinin tədrisindən yox, dinlərlə bağlı ilkin
biliklərin verilməsindən gedir. Bu sahənin
təkmilləşdirilməsi istiqamətində gələcəkdə
də işlər davam etdiriləcəkdir.
TƏHSİL
NAZİRLİYİ DƏRSLİKLƏRİ İCTİMAİ
MÜZAKİRƏYƏ ÇIXARIB
Təhsil
Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun
müdiri Cəsarət Valehovun sözlərinə əsasən,
2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin
dini biliklərin daha geniş şəkildə yer
aldığı təkmilləşdirilmiş "Həyat
bilgisi" dərsliklərindən istifadə etməsi nəzərdə
tutulur. Hazırda həmin dərsliklər Təhsil
Nazirliyi tərəfindən ictimai müzakirəyə
çıxarılıb. Nazirlik rəsmisi
bildirib ki, hazırda istifadə olunan "Həyat bilgisi" dərsliyində
dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş
variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin
sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə
tutulur.
Ali təhsil
müəssisələrinə gəldikdə, C.Valehov deyib ki,
təhsil naziri Ceyhun Bayramovun "Bakalavriat səviyyəsi
üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik
barədə" əmrinə əsasən, 2019-2020-ci tədris
ilindən etibarən bakalavriat səviyyəsi üzrə
"Multikulturalizmə giriş" fənninin proqramına
"Dinlər tarixi" adlı mövzuların daxil edilməsi
təmin ediləcək. "Dinşünaslıq" və
"İslamşünaslıq" ixtisaslarının yer
aldığı ali təhsil müəssisələrində
isə "Dinlər tarixi" fənni ayrıca fənn kimi tədris
olunur.
DİNİN
DÜZGÜN VƏ ELMİ MƏNBƏLƏRDƏN
ÖYRƏNİLMƏSİ ƏSLİNDƏ,
QÜVVƏTLİ BİR BİLİYƏ SAHİB OLMAQ
DEMƏKDİR
Qafqaz
Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı deyir ki, cəhalət,
xurafat, mövhumatı din deyil, dinsizlik yaradır. Onları dəf
etmək üçün bilik sahibi olmaq lazımdır:
"Din milli ideologiyanın tərkib hissəsidir. Dini siyasət hər dövlətin ideoloji
konsepsiyasında yer alır. Hazırda Azərbaycan
dünyada multikulturalizmin məkanı, müxtəlif dinlərin
və məzhəblərin birgəyaşayış yeri kimi
tanınır və təbliğ olunur. Ölkəmizdə
dini etiqad azadlığı tam təmin olunub, dinlərarası
və məzhəblərarası qarşılıqlı ehtiram
münasibətləri var. Hətta İslamın iki məzhəbinin
birgə namaz qılması faktı bütün dünyaya
örnək kimi göstərilir. Belə bir nadir modelin daha ətraflı
öyrənilməsi və öyrədilməsi ilk növbədə
təhsil müəssisələrinin prioritetidir".
Onun
fikrincə, dini biliklərin tədrisini zəruri edən xeyli
səbəb var: "Hər şeydən əvvəl, din əxlaq
məktəbidir, imanın əxlaqa təsirini zamanında
Spinozadan Freydə, Nizamidən Qəzaliyə qədər dahi
saydığımız bütün korifeylər təsdiq
etmişlər. Cəmiyyətlərin əxlaq
deqradasiyası yaşadığı bir zamanda gənclərimizə
milli-mənəvi dəyərlərə qayıdış
prosesini yaşatmaq üçün dindən qüvvətli
vasitə yoxdur. Din bir çox sosial problemlərin -
intihar, yadlaşma, ekstremizm, psixoloji aqressivlik kimi ictimai bəlaların
qarşısının alınmasında ən təsirli vasitədir.
Din cəmiyyətləri formalaşdıran və inteqrasiyaya
yardım edən bir fenomendir. Bu mənada, dinin
düzgün və elmi mənbələrdən öyrənilməsi
əslində, qüvvətli bir biliyə sahib olmaq deməkdir.
Bilikli bir cəmiyyət isə faktiki olaraq
güclü dövlətin əsasıdır. Dini biliklərin
tədris edilməsi haqqında dövlətimizin verdiyi qərarı
müsbət bir irəliləyiş kimi dəyərləndirir,
düşünürük ki, bu zəruri addımın səmərəli
nəticələri cəmiyyətimizin mənafelərinə
və mənəvi yüksəlişinə xidmət edəcək".
ŞAGİRDLƏRƏ,
GƏNCLƏRƏ İLKİN BİLİKLƏRİ BİZ
VERMƏLİYİK, RADİKAL QÜVVƏLƏR
YOX
DQİDK-nin
sədr müavini Gündüz İsmayılovun sözlərinə
görə, dini
tərbiyəni yalnız ailə verə bilər, dövlət
dini tərbiyə verə bilməz: "Dövlət dinlə
bağlı tədrisi həyata keçirə bilər. Bu bilikləri dövlət verməsə,
başqaları verəcək, amma dövlətin maraqlarına
zidd şəkildə".
G.İsmayılov
bildirib ki, burada söhbət orta məktəblərdə dinin
və şəriətin tədrisindən getmir: "Söhbət
dini biliklərin tədrisindən gedir. Şagirdlərə, gənclərə
ilkin bilikləri biz
verməliyik, radikal qüvvələr yox". Komitə
rəsmisinin fikrincə, bu təklifə verilən reaksiyalar
onu göstərdi ki, orta məktəblərdə dini biliklərin
tədrisi aktual və zəruri məsələdir: "Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
mövqeyi dəyişməyib. Sentyabrdan etibarən ali təhsil ocaqlarında "Multikulturalizmə
giriş" fənni tədris ediləcək. Əvvəlkindən
fərqli olaraq, əsas fənn kimi tədris olunacaq. I hissədə multikulturalizm, II hissədə dinlər
və dinlərin tarixi tədris olunacaq. Bu
fənnin tədrisi yeni məsələ deyil. 2015-ci ildən tədris olunur. Sadəcə,
sentyabrdan əsas fənn kimi olacaq".
Orta məktəblərə
gəlincə, G.İsmayılov deyib ki, neçə illərdir
"Həyat bilgisi" fənni tədris olunur: "Məktəblərdə
dinin tədrisi müzakirə mövzusu deyil.
"Həyat bilgisi" fənni yalnız dini biliklərdən
ibarət deyil, həm də dinlərin tarixi barədə məlumat
verilir. Beynəlxalq təcrübədə
dini biliklər 3 yolla verilir. Dini tərbiyəni
ailə verir. Dini təhsili dini təyinatlı
mədrəsələr və təhsil ocaqları verir. Dini tədris isə bizim təklif etdiyimiz dini tədrisdir.
Məktəbdə riyaziyyatı, fizikanı ona
görə keçmirlər ki, hamı riyaziyyatçı
olsun".
ORTA
MƏKTƏBLƏRDƏ DİNİ BİLİKLƏRİN
DÜNYƏVİ TƏHSİL
ÇƏRÇİVƏSİNDƏ TƏDRİS OLUNMASI
FAYDALI OLCAQ
Mənəvi Dəyərlərin Təbliği Fondunun
icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan
dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən,
təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu, bir mənalıdır və dəyişməzdir.
Lakin bu, dünyəvi təhsil çərçivəsində
ali və orta məktəblərdə dini
biliklərin tədris olunmasına mane deyildir. Onun sözlərinə
görə, bir çox ölkələrin, o cümlədən,
əksər Avropa ölkələrinin məktəblərinin
dərs proqramlarında dini biliklərin müxtəlif
formalarda tədrisi həyata keçirilir: "Ümumiyyətlə
dinin və ya dini biliklərin tədrisi ilə bağlı bu
gün dunyada əsasən üç model mövcuddur: 1.Dinin
təlimi. 2.Din haqqında maarifləndirmə.
3.Dindən öyrənmə. Birinci model adından da göründüyü kimi,
dinin birbaşa tədrisi ilə bağlıdır. Bu modeldə dini tədris edənin həmin dinin
daşıyıcısı olması və qarşı tərəfin
də öyrədilən dinə bağlılığının
gücləndirilməsi məqsədi güdülür.
Birinci model konfessional siyasət yürüdən
ölkələrdə tədris olunur. İkinci
və üçüncü modellərə gəldikdə, bu
modellər bir-birini tamamlayır. Bu modellərə
görə dini tədrisdə məqsəd şagird və ya
tələbələrin din və ya dinlərin mahiyyəti barədə
düzgün məlumat əldə etmələri, eyni zamanda,
tədqiqi baxış qabiliyyəti qazanmalarıdır. Yəni ikinci və üçüncü modellərin
hədəfi qarşı tərəfin (şagird və ya tələbələrin)
tədqiqi baxış sayəsində din mövzusunda müstəqil
qiymətləndirmə və seçmə bacarığı
əldə etmələridir.
Məsələyə
bu gün dünyada mövcud olan dini zəmindəki
qarşıdurmalar, dinin siyasətə alət edilməsi,
Yaxın Şərqdə baş verən proseslər, dini
radikalların çağırışları və sair kimi
prizmalardan baxdıqda, orta məktəblərdə dini biliklərin
dünyəvi təhsil çərçivəsində tədris
olunmasının faydalı olcağını görərik. Hətta mən deyərdim ki, bu, dünyəvi
dövlət modelinin və milli maraqlarımızın
qorunması baxımından əhəmiyyət kəsb edən
məsələdir. Xüsusilə də,
gənclərimizin dini radikalizm, dini fanatizim, dini ekstremizm kimi bəlalardan
qorunması vacibdir. Azərbaycanda orta məktəblərdə
"Həyat bilgisi" fənnində dini bilikərə yer
verilib. Bu fənnin kitablarında həmin biliklər dinin
təlimi yox, din haqqında maarifləndirmə modelinə
uyğun hazırlanıb. Lakin bu biliklər yetərsizdir
və onların genişləndirilməsinə ehtiyac var".
BU YOLLA
BAŞQA DİNLƏRƏ MÜNASİBƏTDƏ
İNSANLARIN DAHA TOLERANT YANAŞMASINI TƏMİN ETMƏK
OLAR
Millət vəkili Fazil Mustafa düşünür ki, multikulturalizm adı ilə dinin tədris edilməsi normaldır: "Dinlərarası münasibətlərə aqressiv formada yanaşmamaq, yaxud da, daha humanist yanaşma üçün dində olan müsbət təzahürlərin uşaqlara öyrədilməsinin heç bir zərəri yoxdur. Sadəcə, bunun ayrıca din dərsi kimi uşaqlara keçirilməsi məqsədəuyğun deyil. Multikultural formada keçirilməsi daha məqsədəuyğundur. Bu yolla başqa dinlərə münasibətdə insanların daha tolerant yanaşmasını təmin etmək olar. Təbii ki, İslam dininin də zəruriliyi göstərilməlidir. Qətiyyən İslam tarixi ilə bağlı müqayisəli məqamlara yol vermək olmaz. Hansısa müzakirələrin aparılmasına imkan yaratmaq doğru deyil. Tarixdə o qədər ziddiyyətlər var ki! Çalışmalıyıq ki, bunu Azərbaycan əhalisinin müəyyən formatına uyğunlaşdıraq. Hansısa ölkələrin ideologiyasının təbliği məsələsi gündəmdə olmamalıdır. Dini tədrisin ayrıca multikultural ad altında keçirilməsi normaldır".
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 3 may.- S.10.