"Döyüşə qızlar gedir" filmi təqdim olundu

 

 

Mayın 1-də "Azərkitab" Kitab Təbliğatı Mərkəzində tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin Qarabağ mövzusunda kitablarının motivləri əsasında çəkilmiş "Döyüşə qızlar gedir" filminin təqdimatı keçirilib.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rza Zemfira Məhərrəmlinin yaradıcılığı, Qarabağ müharibəsinə həsr etdiyi kitabları yeni film haqqında məlumat verib. Qeyd edilib ki, "Aranfilm" Yaradıcılıq Mərkəzinin istehsalı olan bu sənədli filmin ssenari müəllifi Zemfira Məhərrəmli, bədii rəhbəri, rejissor Tahir Əliyev, rejissor-operatoru Əminə Həsənli, prodüseri Qənirə Qurbanlıdır.

Təqdimatda çıxış edən AYB hərbi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu diqqətə çatdırıb ki, hər bir xalqın tarixində onun qan yaddaşına çevrilən dərdləri, yaraları olur. Qarabağ xalqımızın qan yaddaşıdır: "Biz imkan verməməliyik ki, gələcək nəsillərimiz bunu unutsunlar. Mən inanıram ki, qəhrəman qızlarımızın təbliğ olunmasında təqdimatını etdiyimiz bu film önəmli rol oynayacaq".

Milli Məclisin deputatı Qənirə Paşayeva belə filmlərin çəkilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, biz qəhrəman, qazi oğullarımızı təbliğ edirik, bu, belə olmalıdır. Ancaq unutmamalıyıq ki, Vətən darda olanda istər arxa, istərsə ön cəbhədə oğullarımızla çiyin-çiyinə döyüşən qızlarımız da vardı.

Filmin ideya ssenari müəllifi Zemfira Məhərrəmli filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür edib. O, savaş meydanında odun-alovun caynağından dirigözlü keçmiş, cəbhə bölgələrində neçə-neçə Vətən övladına arxa-dayaq olmuş, əsgərlərin həyatını xilas etmiş döyüşçü qızlarımızın ən yüksək hörmətə, ehtirama layiq olduğunu vurğulayıb. Sonra film nümayiş olunub. Filmin qəhrəmanları - Qarabağ müharibəsinin odundan-alovundan keçmiş Xanımzər Həsənova, Aliyə Piriyeva, Kəmalə Qəhrəmanovadır.

Sənədli filmdə qəhrəmanların tarixən Azərbaycan qadınına xas olan məziyyətləri - cəsurluq, ismətlilik, yenilməzlik Vətənə sədaqət öz əksini tapıb.

Filmin nümayişindən sonra Radə Abbas, Nəzakət Məmmədova, Qabil Umudlu, Zəminə Xınalı, Fərqanə Mehdiyeva başqaları çıxış edərək Qarabağ müharibəsi onun xalqımızın tarixindəki yerindən danışıb, yaradıcı işə görə əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 3 may.- S.11.