Bişkekdən Bakıya poeziya
buketi
Bugünlərdə Bakıda gənc qırğız şeiri antologiyasi işıq üzü görüb. Layihə rəhbəri Millət vəkili Cavanşir Feyziyev, məsləhətçiləri - Millət vəkili, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, nəşrə məsul, baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı olan antologiyanın rəyçiləri AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və "Olaylar" qəzetinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuzdur.
"Gənc Qırğız şeiri antologiyası"nı qardaş ölkənin istedadlı gənc yazarları, DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib ediblər.
Kitaba Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov "Təqdim", Millət vəkili Cavanşir Feyziyev "Ön söz", Qırğız Respublikasının Mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov isə "Bişkekdən Bakıya poeziya buketi" adlı "Ürək sözü" yazıb.
35 gənc qırğız şairinin müxtəlif mövzularda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, Rəsmiyyə Sabir, Təranə Turan Rəhimli, Pərvanə Məmmədli, Gülnar Səma (Qasımlı), Xan Rəsuloğlu, Akəm Xaqan, Faiq Balabəyli, Elşən Əzim, Elməddin Nicat, Taleh Mansur, İntiqam Yaşar, Tural Turan, Günel Eyvazlı, Aysel Xanlarqızı (Səfərli), Sona Əli, Ümid Nəccari, Əkbər Qoşalı (ruscadan, Türkiyə və Qırğız türkcələrindən) çeviriblər.
Antologiyanın ilk yazısı olan "Təqdim"də Hidayət Orucov Azərbaycan və Qırğızıstan dövlətlərinin sosial və eləcə də mədəni müstəvidəki əməkdaşlığından, sıx bağlarından söz açıb. Yenicə işıq üzü görmüş antologiyanın bu bağlılığın ədəbiyyat müstəvisində də atılmış mühüm addımı kimi dəyərləndirib: "Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Bu xətt Azərbaycan və Qırğız Respublikasının Prezidentləri İlham Əliyevin və Sooronbay Jeenbekovun siyasətinin prioritet istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Biz kökü bir, dili bir olan xalqlarıq. "Manas"ın dili - bizim ümumi dilimizdir".
Azərbaycanda "Manas"ı, Çingiz Aytmatovu bilməyən, oxumayan, təsirlənməyən çox az adam tapmaq olar; qırğız qardaş və bacılarımız da Azərbaycan klassik və çağdaş ədəbiyyatını sevir, oxuyur, öyrənirlər. Çox xoşdur ki, artıq ən yeni ədəbi nəslin nümayəndələri estafeti məsuliyyət və qətiyyətlə ələ alır, müstəqillik dövrü yaranmış yaradıcılıq örnəklərinin oxuculara qazandırılmasına çalışırlar. Bu planda mərkəzi Bakıda olan Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) özünəməxsus təşəbbüs, ideya və planlarını alqışladığımı sözlərimə əlavə etmək istərdim. DGTYB 20 illik fəaliyyəti dövründə qardaş ölkə və topluluqların gənc (və orta nəsil) yazarları arasında çoxsaylı görüş, konfrans, simpozium təşkil etmiş, neçə-neçə nəşrlərlə çıxış etmişdir. Budur, artıq Azərbaycan oxucusu ən yeni nəsil qırğız şeirinin yaradıcıları ilə bir güldəstədə tanış olur".
Səfir qeyd edib ki, hər kitab bir təşəbbüsün sonu olduğu qədər, bəlkə həm də bir başlanğıcdır: "Məsələn, növbədə, Azərbaycan yeni nəsil yazarlarının antologiyasının Bişkekdə hazırlanması, daha çox iştirakçı ilə ikitərəfli ədəbi müzakirələrin təşkili və sair mümkün ola bilər... Ümid edirəm ki, "Gənc qırğız şeiri antologiyası" yalnız şairlər arasında əməkdaşlıq formatında qalmayıb, rəssamlar, bəstəçilər və digər incəsənət adamları arasında da işbirliyinə təkan verəcək".
Qırğız Respublikasının Mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov Azərbaycan-qırğız ədəbi əlaqələri, xüsusən də sözügedən antologiya ilə bağlı düşüncələrini "Bişkekdən Bakıya poeziya buketi" adlı məqaləsində qələmə alıb. O, gənc qırğız şairlərinin şeirlərindən ibarət antologiyanın məhz Azərbaycanda çıxmasını ən yeni tariximizin yaddaqalan mədəniyyət hadisələrindən biri hesab etdiyini vurğulayıb: "Biz iki qardaş ölkə olsaq da, ortaq sərhədlərimizin olmaması, bir-birimizdən məsafəcə xeyli uzaqda yerləşdiyimiz də faktdır. Bizim qardaşlıq bağlarımız, ruhumuz sərhədsiz olduğu, məsafə tanımadığı üçün bir-birimizi axtarır, arayırıq; qırğızlar azərbaycanlıların, azərbaycanlılar qırğızların sevincini bölüşüb çoxaldır, kədərini bölüşüb azaldır - bu, dünən də belə olub, bugün də belədir, sabah da belə olacaq”.
Nazir məqaləsinin sonunda növbəti təşəbbüs və xidmətlərdən birinin də Azərbaycan yeni nəsil yazarlarının yaradıcılıq örnəklərinin qırğızcaya çevrilib, Bişkekdə çap edilməsi olacağına inandığını vurğulayıb və təmsilçisi olduğu nazirliyin bu istiqamətdə çalışmaları məmnunluqla dəstəkləyəcəyinə də söz verib.
Qeyd edək ki, "Gənc Qırğız şeiri antologiyası"nın Bakıda və Bişkekdə təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Antologiya hər iki ölkənin aparıcı kitabxanalarına, mədəniyyət müəssisələrinə, o cümlədən, ədəbi qurumlarına paylanacaq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 3 may.- S.11.